"Doing Business 2013" hesabatında Azərbaycan iqtisadiyyatına yüksək qiymət verilmişdir

 

Hazırda ölkəmizdə əldə edilən sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq institutları tərəfindən yüksək qiymətləndirilir. Bu qurumlar Azərbaycanda iqtisadi və maliyyə siyasətinin düzgün aparıldığını, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələdiyini, neft gəlirlərindən səmərəli istifadə olunduğunu xüsusi vurğulayırlar.

 

Fikrimizin təsdiqi kimi oktyabrın 23-də Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business 2013" hesabatına diqqət yetirək.Hesabatda 185 ölkə arasında 67-ci yerdə qərarlaşmış Azərbaycan bir sıra göstəricilər üzrə yenə də qabaqcıl ölkələr sırasındadır. Belə ki, keçənilki hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 117 iqtisadiyyatını geridə qoyurdursa, builki hesabatda belə ölkələrin sayı 118-dir.

Sözügedən hesabatda "müəssisənin yaradılması" göstəricisi üzrə Azərbaycan 18-ci, "əmlakın qeydiyyatı" üzrə 9-cu yerdə qərarlaşmışdır. Hesabatda "əmlakın qeydiyyatı" göstəricisi üzrə Azərbaycan ilk onluğa daxil edilmiş və bu sahədə Böyük Britaniya, Malayziya və Yeni Zelandiya kimi qabaqcıl ölkələrlə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunmuşdur. "İnvestorların maraqlarının qorunması" göstəricisi üzrə 25-ci pillədə olan Azərbaycan hesabatın dərc edildiyi tarixdən, bu göstərici üzrə öz mövqeyini köklü surətdə yaxşılaşdırmış və bu sahədə islahatlar aparan ölkə kimi ilk onluğa daxil olmuşdur. "Müqavilələrin icrasının təmin edilməsi" göstəricisi üzrə 25-ci yerdə qərarlaşan Azərbaycan kommersiya mübahisələrinə baxılma müddətinə görə Sinqapur, Yeni Zelandiya və Koreya ilə yanaşı, dünyada 7-ci iqtisadiyyat kimi qeyd olunmuşdur. "Vergilərin ödənişi" göstəricisi üzrə Azərbaycan mövqeyini köklü surətdə yaxşılaşdıraraq, uğurlu islahatlar aparan ilk beş ölkə sırasına daxil edilmişdir.

"Doing Business 2013" hesabatında biznes mühitin yaxşılaşdırılması sahəsində 2005-ci ildən etibarən Azərbaycanın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilmiş, ölkəmiz bu sahədə məqsədyönlü islahatlar həyata keçirən 15 ölkə sırasına daxil olaraq, bir çox ölkələri geridə qoymuşdur.

Xatırladaq ki, Azərbaycan hökumətinin, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə ölkəmizdə iqtisadi artımın davam edəcəyi gözlənilir. Dünya Bankının açıqladığı son iqtisadi xülasədə Azərbaycan üzrə iqtisadi artımın cari və gələn ildə də davam edəcəyi bildirilmişdir. Təşkilat ölkə üzrə iqtisadi artımın 2012 və 2013-cü illər üçün müvafiq olaraq 3,1 faiz və 3,5 faiz, o cümlədən qeyri-neft sektoru üzrə hər iki ildə 5,5-6 faiz artacağını proqnozlaşdırır. Bütövlükdə BMT, BVF, AYİB və DB-nın proqnozları 2012-ci ildə ölkədə iqtisadi artımın ortalama 3,5 faiz olacağını göstərir.

Yeri gəlmişkən, bir məsələyə də toxunaq. Beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi sistemin düzgün qurulmasını, qeyri-neft sektorunun inkişafını qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə göstərirlər. Bu barədə "Bloomberg" agentliyində dərc olunan materialda deyilir. Orada qeyd olunur ki, 2012-ci ilin əvvəlinə olan statistikaya görə, dünyanın inkişaf etmiş ölkələrinin ümumi borcu 7,6 trilyon ABŞ dolları təşkil edir. Dünya iqtisadiyyatına böyük təsir imkanına malik olan ABŞ-ın 2,8, Yaponiyanın isə 3 trilyon xarici borcu vardır. Azərbaycanda isə iqtisadi inkişaf davamlı xarakter daşıyır. Ölkənin strateji maliyyə ehtiyatları onun xarici borcundan qat-qat çoxdur. İri dövlət investisiyaları hesabına yeni iş yerləri açılır, bu da öz növbəsində işsizliyi əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri, nəqliyyat infrastrukturunun yenilənməsi, sahibkarlara və iş adamlarına dövlətin güzəştli kreditlər verməsi sənaye və kənd təsərrüfatının inkişafına səbəb olur. Həyata keçirilən bütün bu tədbirlər hökumətin böhrana qarşı səmərəli tədbirlərindən xəbər verir. Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir.

Avropa ölkələrində isə dövlətin xarici borcunun ödənilməsinin ağırlığı vətəndaşların çiyninə düşür. Müəssisələr bağlanır, minlərlə işsizlər ordusu yaranır. Azərbaycanda əmək haqlarının ildən-ilə artdığı halda, Avropada vergilər artırılır, sosial ödənişlər isə azaldılır.

Yuxarıda adıçəkilən materialda o da vurğulanır ki, həqiqətən də milli iqtisadiyyatın inkişafı üçün maliyyə resurslarına malik olmaq heç də işin hamısı deyildir, əsas məsələ bu maliyyədən necə istifadə etməkdir. Neftlə zəngin ölkə olmaq da inkişafın zəruri olacağına dəlalət etmir. Azərbaycandan da çox neft ehtiyatına malik olan ölkələr var, lakin bu ölkələrdə nəinki inkişaf müşahidə edilmir, əksinə, bir çox hallarda həmin ölkələrdə yüksək inflyasiya, qeyri-sabit ictimai-siyasi vəziyyət, vətəndaş müharibələri baş verir. Belə hallar isə inkişafa yox, geriləməyə aparır.

Son illərdə regionların, qeyri-neft sektorunun inkişafı məsələsi dövlət büdcəsinin formalaşdırılması prosesində də diqqət mərkəzində saxlanılır. Bu, 2012-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı da nəzərə alınmışdır.Belə ki, 2012-ci ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri də yüksəlmişdir - bu məqsədlə 5777,1 milyon manat vəsait ayrılmışdır. Mütəxəssislərin fikrincə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxmışdır. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası, yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir.

Bütün həyata keçirilən sosial-iqtisadi tədbirlərin nəticəsidir ki, bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1,1 faiz, yaxud müqayisəli qiymətlərlə 435,1 milyon manat artaraq 39,8 milyard manata çatmışdır. ÜDM-in 67,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 51,3 faizi sənayedə, 9,8 faizi inşaat kompleksində, 6,1 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin ÜDM-də xüsusi çəkisi 26,6 faiz, o cümlədən nəqliyyatın 4,7 faiz, ticarət və pullu xidmətlərin 8 faiz, rabitənin 1,7 faiz, sosial və digər xidmətlərin 12,2 faiz təşkil etmişdir. ÜDM-in 6,2 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4340,2 manat (5522,6 ABŞ dolları) olmuşdur. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10,3 faiz artmış, neft sektorunda isə 6,9 faiz azalmışdır.

Həyata keçirilən uğurlu investisiya siyasəti ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının həcmini də artırmışdır. İlin əvvəlindən inşaat kompleksində 9,9 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 60,3 faizi və ya 5,9 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2011-ci ilin yanvar-sentyabr aylarına nisbətən əsas kapitala yönəldilən investisiyanın həcmi 27,4 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin miqdarı isə 27,3 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 79,4 faizini daxili investisiyalar təşkil edərək 32,1 faiz artmışdır. Vəsaitlərin 74 faizi qeyri-neft bölməsinin inkişafına sərf edilmiş və 31,2 faiz artmışdır.

Aparılan məqsədyönlü işlər nəticəsində əldə olunan nailiyyətlər əhalinin gəlirlərinin atmasında təzahür etmişdir. Belə ki, 2012-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,6 faiz artaraq 24,2 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12 faiz artaraq 2644,7 manata (orta hesabla ayda 293,9 manata) çatmışdır. Gəlirlərin 62,9 faizi son istehlaka, 8,7 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

Qeyd olunanlar bir daha göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə real bəhrələrini verir. Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan bu strategiya Azərbaycanın sosial-iqtisadi həyatında da mühüm nailiyyətlərə imkan yaratmışdır. Respublikamız postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk ölkə olaraq, bununla əslində, yürütdüyü sosial-iqtisadi islahatların dünyada ən mükəmməl inkişaf modellərindən biri olduğunu təsdiq etmişdir. Bu gün dünyanın tədqiqatçı-mütəxəssisləri, həmçinin iqtisadiyyat elmi "İnkişafın Azərbaycan modeli"ni inkaredilməz fakt kimi qəbul edir, araşdırır və öyrənir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 25 oktyabr.- S. 1.