Türkiyə -
Azərbaycan dostluğu və
qardaşlığı əbədidir
Bu gün
Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun
aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz
Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə
sevinir və bundan fərəh
hissi keçiririk.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Dünən bütün türk
dünyası üçün əlamətdar bir hadisə -
Türkiyə Cümhuriyyətinin yaranmasının 89-cu
ildönümü yüksək səviyyədə qeyd olundu.
Qardaş ölkənin siyasi və hərbi rəhbərliyi
cümhuriyyətin qurucusu Mustafa Kamal Atatatürkün Anıtqəbrini
ziyarət etdi, Türkiyə Prezidenti Abdullah Gül
Çankaya köşkündə rəsmi qəbul təşkil
etdi.
Cümhuriyyətin
yarandığı 1923-cü il oktyabrın 29-dan bu günədək
böyük tarixi yol keçən Türkiyə Avropanın ən
qüdrətli ölkələrindən birinə
çevrilmişdir. Dünyanın ən güclü 16-cı
iqtisadiyyatına malik olan qardaş ölkənin qüdrətli
ordusu özünün döyüş qabilliyyəti, yüksək
hazırlığı və say tərkibinə görə
dünyanın süpergücü ABŞ-dan sonra NATO-da ikinci
yeri tutur. Türkiyə bölgədə sülhün, təhlükəsizliyin
və tarazlığın qorunmasında mühüm rol
oynayır. Rəsmi Ankara NATO-da və digər beynəlxalq təşkilatlarda
əhəmiyyətli və strateji tərəfdaş kimi
böyük nüfuza malikdir. Bu gün o, Avropa Birliyi yolunda qətiyyətlə
irəliləyir, regional və qlobal məsələlərdə
öz siyasi iradəsini diktə etməkdən çəkinmir,
fəal, etbarlı tərəfdaş kimi dünyanın
bütün ölkələriylə əlaqələrini
genişləndirir. Türk dünyasının böyük
oğlu Mustafa Kamal Atatatürk də məhz qüdrətli
Türkiyənin var olması üçün
çalışmış, siyasi-diplomatik, hərbi vasitələrdən
faydalanaraq Türkiyə Cümhuriyyətini
yaratmışdır.
1923-cü
ildə yaradılan gənc türk dövlətinin
çağdaş sivilizasiyaya qovuşması istiqamətində
böyük işlər görülmüşdür. O
dövrdə çağdaşlığı özündə
əks etdirən bir sıra qanunlar qəbul edilmiş, elmin, mədəniyyətin
inkişafına ciddi əhəmiyyət verilmişdi. Türk
tarixini dərindən araşdıran və türk dilinin
formalaşmasında xüsusi rol oynayan təşkilatlar
yaradılmış, türk millətinin genefonduna dair elmi əsərlər
hazırlanmışdır. Mədrəsələr ləğv
olunaraq, yerinə müasir dünya standartlarına uyğun
"Cümhuriyyət məktəbləri"
açılmış, təlim-tədrisdə dünyəvi
və milli əsaslar mənimsənilmişdir. Ərəb əlifbasından
imtina edilərək latın əlifbasına
keçilmişdir. Bu dəyişikliyin yaratdığı
rezonans o qədər güclü olmuşdur ki, buna tarixdə
"Hərf inqilabı" adı verilmişdir. Universitetlərdə
təhsil müasirləşdirilmiş və tələblərə
cavab verən müasir fakültələr
yaradılmışdır. Miladi təqvimi qəbul edilmiş,
türk qadınına seçmə və seçilmə
hüququ verilmişdi. Gənc Türkiyə dövlətində
bütün bu işləri xarizmatik lider, türk
dünyasının dahi şəxsiyyəti Mustafa Kamal
Atatürk həyata keçirmişdi.
Türk
xalqının Atatürkə olan sonsuz məhəbbətinin
bir səbəbi də odur ki, Mustafa Kamal Türkiyənin xarici
dövlətlərin müstəmləkəsinə
çevrilməsinə imkan verməmişdi. Birinci Dünya
müharibəsində məğlubiyyətə uğrayan
Osmanlı hökuməti 1918-ci il oktyabrın 30-da qalib Antanta
dövlətləri ilə Mudros müqaviləsini imzalayaraq,
Türkiyəni qeyd-şərtsiz həmin dövlətlərə
təslim etmişdi. Ermənilər və yunanlar isə xarici
ölkələrin təşviqi və köməyi ilə
onun torpaqları hesabına dövlət qurmaq xülyasına
düşmüşdülər. Yunan ordusu Anadolunun qərb
bölgələrini işğal edirdi. Erməni hərbi birləşmələri
isə Türkiyənin şərq əyalətlərində
dünyada analoqu olmayan qətllər törədirdilər.
Antanta dövlətləri də hərəsi bir istiqamətdən
Anadoluya qoşun yeridirdi. Artıq ölkə ərazisinin əksəriyyətində
xarici dövlətlərin bayraqları dalğalanırdı.
Düşmən bütün bunları edərkən,
unutmuşdu ki, türk millətinin azadlıq sevgisi, yurdsevərliyi,
böyüklüyü və qətiyyəti bir gün
sıyrılmış qılınc kimi onun başına enəcəkdir.
Bunun üçün türk xalqının iradəsini əks
etdirən, hər bir türkü ətrafında birləşdirən,
onu mücadiləyə, savaşa ruhlandıran liderə ehtiyac
var idi. Bu lider böyük öndər və sərkərdə
Mustafa Kamal Paşa oldu.
Mustafa
Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək,
Anadolunun düşmən işğalından azad edilməsi
üçün türk millətini səfərbər etməyə
başladı. Həmin il iyunun 22-də Mustafa Kamal imzası ilə
Amasyadan bütün Anadoluya yayılan müraciətdə
deyilirdi: "Vətənin bütövlüyü, millətin
istiqlalı təhlükədədir. Millətin
istiqlalını yenə millətin əzmi və qərarı
xilas edəcəkdir..." Bu çağırış
artıq Anadoluda vüsət almağa başlayan milli
azadlıq hərəkatını daha da alovlandırdı.
1919-cu il iyulun 23-də Atatürkün təşkilatçılığı
ilə Türk Milli Qurtuluş Savaşının ilk təməl
daşı sayılan Ərzurum Konqresi öz işinə
başladı. Burada milli mücadilənin ilkin prinsipləri təyin
olundu. 1920-ci il aprelin 23-də isə Ankarada Anadolunun hər tərəfindən
gələn təmsilçilərdən ibarət Türkiyə
Böyük Millət Məclisi (TBMM) öz işinə
başladı. Mustafa Kamal milli iradəni təmsil edən bu məclisə
və onun etimad etdiyi hökumətə başqan seçilərək,
türk millətinin siyasi və hərbi liderinə
çevrildi. Və Türk Milli Qurtuluş Savaşı
başlandı. Düşmənlər diz
çökdürüldü, ölkədən qovuldu.
1923-cü
il iyulun 24-də Lozanna sülh müqaviləsi imzalandı. Bu
müqaviləyə əsasən, Türkiyə dövləti
bütün dünya dövlətləri tərəfindən
tanındı. Həmin il oktyabrın 29-da TBMM Anayasanın 1-ci
maddəsinə dəyişiklik edərək "Türkiyə
dövlətinin hökumət formasının cümhuriyyət
olduğunu" bəyan etdi. Elan edilən cümhuriyyətin
ilk Cümhurbaşqanı da Mustafa Kamal Atatürk özü
oldu. 1924-cü ildən etibarən keçirilməyə
başlayan bayram Türkiyənin bütün şəhərlərində,
Şimali Kipr Türk Respublikasında (KKTC) və
dünyanın bütün ölkələrindəki
Türkiyə səfirliklərində və dost dövlətlərdə,
o cümlədən Azərbaycanda qeyd edilir.
Türkiyə
Cümhuriyyətinin yaradılmasında azərbaycanlılar da
var qüvvəsini əsirgəməmişdir. Türk
Qurtuluş Savaşının başlandığı 1919-cu
ildə Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib
bəy Yusifbəyli 1,5 milyon fransız frankı məbləğində
pul yardımını göstərən çeki və neft qəbzlərini
Türkiyəyə göndərmişdi. Bundan başqa,
Anadoluda milli mücadilənin başlandığını
eşidən analarımız, bacılarımız
qulaqlarındakı sırğaları, əllərindəki
üzükləri çıxararaq ayrı-ayrı şəxslər
vasitəsiylə Türkiyəyə göndərmişdilər.
Kazım Qarabəkir Paşa "İstiqlal hərbimiz"
adlı əsərində yazır ki, Nəsib bəy Yusifbəyli
Anadoluya vurduğu teleqramda Rauf bəy Orbayın Türkiyədən
Azərbaycana gəlməsini və nə qədər tələb
olunursa silah, sursat verməyə hazır olduqlarını
bildirmişdi.
AXC
süquta uğradıqdan sonra isə sayı tam məlum
olmayan silahlı müsavat dəstələri polkovnik Səməd
Sayqının komandanlığı ilə Cənubi Azərbaycanın
ərazisindən keçərək Ərzuruma gəlmiş,
Anadoluda müharibədə iştirak etmişlər. Bu barədə
ilk məlumat 1920-ci il aprelin 23-də fəaliyyətə
başlayan Türkiyə Böyük Millət Məclisinin
(TBMM) həmin il iyulun 8-dəki iclasında yeni millət vəkillərinə
çatdırılır. İclasda çıxış edən
Silahlı Qüvvələrin Baş Qərargah rəisi
İsmət İnönü bildirir ki, kömək məqsədi
ilə Azərbaycandan silahlı dəstələr gəlir.
Onların yanlarında türk ordusunun çox böyük
ehtiyac duyduğu səhra topu kamaları (çaxmaqları) da
vardır. Döyüşən türk ordusu daxilində
könüllü olaraq müharibədə iştirak edən
azərbaycanlıların sayı da az olmayıb. Onların
önəmli bir qismi savaşdan sonra türk ordusunda xidməti
davam etdirmiş və ali zabit rütbəsinədək
yüksəlmişdir. Bunlar arasında generallar - Cahangir Berker,
Hüseyn Turqut, Nuri Berköz, Mahmud Berköz, polkovniklər -
Yusif Xəzərli, Mehmed Akpolad, Salih Aksoy, Hüsameddin
Topaç və digərlərini göstərmək olar.
Azərbaycan
istər AXC dönəmində, istərsə də ölkə
bolşevik işğalına məruz qalandan sonra qardaş
Türkiyədən heç nəyini əsirgəməmişdir.
Həmişə böyük miqdarda pulla yanaşı, ən
çox ehtiyac duyulan şeylər, o cümlədən neft,
benzin və maye qaz Anadoluya göndərilmişdir. Məsələn,
İnönü savaşlarında qazanılan zəfərdən
(1921-ci ilin yanvar və mart aylarında) sonra Azərbaycan bu
sevincə şərik olduğunu bildirmək məqsədilə
Bakıdan təmannasız olaraq 32 vaqon mazut və benzin, 8 vaqon
isə maye qaz göndərmişdir. Bu xəbər həmin
illərdə dərc olunan qəzetlərdə də
yayılmışdır. Türkiyənin "İkdam" qəzeti
2-ci İnönü savaşından dərhal sonrakı
sayında yazırdı: "Azərbaycan hökuməti Qarsa
40 vaqon neft göndərdi".
Həmin
illərdə Azərbaycandan Ankara hökumətinə göndərilən
məktubda deyilirdi ki, milli qurtuluş savaşı qələbəylə
sona çatanadək hər ay Bakıdan 62 vaqon neft və
benzin, 3 vaqon maye qaz göndəriləcəkdir. Bununla
yanaşı, 1922-ci ildə savaşın taleyini həll edən
böyük hərbi hücumdan sonra Azərbaycan Batumi yolu ilə
Anadoluya 350 ton neft və kifayət qədər maye qaz göndərmişdir.
Bu kimi faktlar onlarca deyil, yüzlərcədir.
Bütün
bunlar bir daha belə deməyə əsas verir ki, əvəzsiz
müttəfiqlər olan Türkiyə - Azərbaycan
dostluğu, qardaşlığı tarixi köklərə
söykənən, çətin sınaqlara sinə gərən,
eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki
xalqın arasındakı ən təbii hisslərdən bəhrələnir,
ondan güc alır. Göründüyü kimi, tarixin
bütün dövrlərində iki qardaş xalq
arasındakı sevgi hissləri tükənməmiş, əksinə,
gün keçdikcə artmış, güclənmişdir. Azərbaycan
- Türkiyə münasibətləri türk
dünyasının iki böyük şəxsiyyəti Mustafa
Kamal Atatürkün və Heydər Əliyevin "Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və
"Bir millət, iki dövlət" kəlamları ilə
həmahəng səslənir. Bu gün ulu öndərin yolunu
uğurla davam etdirən Prezident İlham Əliyev Türkiyə
ilə ölkəmiz arasında mövcud münasibətlərin
strateji tərəfdaşlıq səviyyəsində davam
etdirilməsinin qarantıdır. Cümhuriyyətin
yaranması münasibəti ilə Türkiyə Prezidenti
Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana
ünvanladığı təbrik məktubunda Azərbaycanın
dövlət başçısı bu həqiqəti bir daha
ifadə edərək demişdir: "Xalqlarımızın
yekdil iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə
birliyi, müttəfiqliyi və tərəfdaşlığı
qardaşlıq duyğularımızı bariz şəkildə
təcəssüm etdirir. İkitərəfli əməkdaşlıq
zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər
ölkələrimizin tərəqqisinə, qardaş
xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın
bərqərar olunmasına dair niyyətlərimizin gerçəkləşən
ifadəsidir. Əminəm ki, xalqlarımız arasında dərin
tarixi kökləri olan möhkəm tərəfdaşlıq
münasibətləri bundan sonra da bütün birgə
işlərimizdə yeni uğurlara yol açacaq".
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 30 oktyabr.- S. 10.