Qusar - böyük
arzularıngerçəkləşdiyi məkan
Tələbəlik
illərindən mətbuatla sıx əlaqələrim var. Elə "Xalq qəzeti"ndə
də dəfələrlə yazılarım, rəhbərlik etdiyim sahələrdən müxtəlif səpkili
materiallar dərc olunub.
Qusar rayonunun ən iri toxumçuluq təsərrüfatı olan Urva sovxozuna
rəhbərlik etmiş, rayon
icraiyyə komitəsinin sədri, icra
hakimiyyəti başçısının müavini,
respublika Nazirlər Kabinetində
aparıcı mütəxəssis vəzifələrində
çalışmışam. Üç
ilə yaxındır ki, pensiyadayam.
Bununla belə, ölkəmizin, rayonun ictimai, mədəni-quruculuq
həyatından kənarda dura bilmirəm.
Xüsusən hər kəndinə, yoluna,
cığırına, dolayına yaxından bələd olduğum doğma
Qusarın günü-gündən dəyişməsi,
abadlaşması məni olduqca fərəhləndirir.
Fikir və
düşüncələrimi oxucularla,
xüsusən gənclərlə bölüşməyi,
ölkəmizdə gedən mühüm quruculuq işlərini, insanlarımızın
rifahı naminə dövlət başçımız tərəfindən
aparılan siyasəti dəstəkləməyi özümə
borc bilirəm.
Azərbaycan
hazırda dünyanın ən sabit və davamlı inkişaf
edən dövlətlərindəndir. Son 8 ildə həyata
keçirilən düzgün və
düşünülmüş siyasətin nəticəsidir
ki, ölkəmizdə qeyri-neft sektoru sürətlə
inkişaf etmiş, valyuta ehtiyatları artmış, əhəmiyyətli
sosial proqramlar reallaşdırılmışdır. Ölkəmizin
iqtisadi qüdrətinin artması bölgələrimizin
inkişafına da dəyərli töhfələr verir.
Xüsusən də regionlarda infrastruktur layihələrinin həyata
keçirilməsi, bir milyona qədər yeni iş yerinin
açılması, əhalinin maddi rifahının durmadan
yaxşılaşması buna misaldır.Prezident İlham Əliyevin
bölgələrə ardıcıl səfərlər etməsi,
əhalinin problemləri ilə maraqlanması regionların
sürətli inkişafına göstərilən diqqət və
qayğının bariz nümunəsidir. Oktyabrın 10-da Azərbaycan
Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında ölkə
başçısı demişdir: "Regionlara səfərlərim
mənə imkan verir ki, həm vəziyyətlə yaxından
tanış olum, həm əlavə göstərişlər
verilsin və əlavə vəsait ayrılsın.
Bütün bölgələrdə canlanma, inkişaf,
infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin
açılması prosesi gedir".
Doğrudan
da belədir. Regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramının uğurla icra edilməsi bölgələrimizin
sürətli inkişafından xəbər verir. Bütün
sosial infrastrukturun yaradılması layihəsi uğurla
reallaşdırılır-xəstəxanalar, məktəblər,
idman kompleksləri, mədəniyyət ocaqları müasir tələblər
səviyyəsində tikilərək istifadəyə verilir.
Bir sözlə, ölkə rəhbərinin həyata
keçirdiyi düzgün və
düşünülmüş siyasət məhz
xalqımızın milli maraqlarına, onun daha yaxşı
yaşamasına xidmət edir. Bu istiqamətdə həyata
keçirilən genişmiqyaslı proqram və layihələr
insanların yaşayış səviyyəsinin daim yüksəlməsinə,
işsizlik probleminin aradan qaldırılmasına yönəlmişdir.
Prezident
İlham Əliyev respublikaya rəhbərlik etdiyi müddətdə
8 dəfə Qusarda səfərdə olmuşdur. Bu ilin
fevralında növbəti dəfə Qusarda olan dövlət
başçısı bir sıra obyektlərin, o cümlədən
Heydər Əliyev Mərkəzinin və rayon mərkəzi xəstəxana
binasının, şahmat mərkəzinin
açılışında iştirak etmişdir.Hər səfəri
zamanı dövlət başçısının
tapşırıq və tövsiyələri rayonda icra
orqanlarının fəaliyyət proqramına çevrilib.
Bütün rayonu əhatə edən geniş abadlıq,
quruculuq və yaşıllaşdırma işləri məhz
bu istiqamətdə qurulub.
İyirmi
beş-otuz il qabaq macal tapıb Kislovodskə, Soçiyə,
Yaltaya istirahətə gedib-gələn tay-tuşlarım təəssüratlarını
bölüşərkən təəssüflə deyərdilər:
"Vallah, bizim dağlarımıza, təbiətimizə
çatmaz... Suyu, bulaqları, havası... Hayıf ki,
buraları qiymətləndirən yoxdur..." Elə
özüm də bu qənaətdə idim.
Dağlarımızın mənzərələri nəinki
sadaladığım istirahət məkanları, hətta Alp
kurortları ilə müqayisə oluna bilərdi...Bu gözəlliyi,
bu məkanı dəyərləndirən, qiymətləndirən
ümummilli liderimiz Heydər Əliyevin siyasi, iqtisadi kursunun
layiqli davamçısı, möhtərəm Prezidentimiz
İlham Əliyev oldu.2006-cı ildə bilavasitə
Prezidentimizin göstərişi ilə ölkəmizin ən
böyük infrastruktur layihələrindən olan
"Şahdağ" Qış-Yay Turizm Kompleksinin
yaradılmasına start verildi.Kompleksin tikintisinə 2009-cu ilin
sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə
başlanmışdır. Rayon mərkəzindən 32 kilometr
məsafədə yerləşən kompleksin ümumi ərazisi
2 min 58 hektardır. Kompleks dəniz səviyyəsindən
1300-2351 metr hündürlükdədir. Turizm kompleksinin əsas
hissəsi isə dəniz səviyyəsindən 1640 metr
hündürlükdəki təbii yaylaqda yerləşir.
Tikinti işləri başa çatdıqdan sonra bu kompleksdə dağ-xizək idmanı və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar olacaqdır. Bununla yanaşı, turistlərin yayda burada dincəlmələri üçün gözəl şərait yaradılacaqdır. Şahdağ Qış-Yay Turizm Kompleksi dünyada olan bu tipli komplekslərdən öz nadirliyi və universallığı ilə fərqlənəcək, bütün il boyu fəaliyyət göstərəcəkdir. Kompleks Azərbaycan və dünya turizm sənayesində ən möhtəşəm layihələrdən biri olmaqla, dağ-xizək idmanının və digər qış idman növlərinin əsas, lakin yeganə olmayan məkanı kimi fəaliyyət göstərəcəkdir.
Dövlət başçısı rayona səfəri zamanı söylədiyi nitqdə infrastrukturun yenidən qurulması sahəsində həyata keçirilən proqramlarla bağlı demişdir: "Şahdağ" Qış-Yay Xizək Mərkəzinin tikintisi sürətlə və uğurla gedir. Qeyri-neft sektorunda ən böyük sərmayə Azərbaycanda Qusar rayonuna qoyulur. "Şahdağ" Qış-Yay Xizək Mərkəzi dünyanın ən gözəl mərkəzlərindən birinə çevriləcəkdir. Buraya gələcək turistlərin sayı hesab edirəm ki, minlərlə ölçüləcəkdir. Təbii ki, bu, rayonun inkişafına çox böyük təkan verəcək, yüzlərlə, bəlkə minlərlə yeni iş yerləri açılacaq və Qusar rayonu Azərbaycanın turizm mərkəzinə çevriləcəkdir".
Bir vaxtlar qartallar yuvası, qoyun-quzu oylağı, çobanlar məskəni olan dağlarda sakitlik pozulub. Həftədə bir-iki dəfə maşın görünən yollarda onlarca texnika-yük maşınları, ekskavatorlar, traktorlar hərəkətdədir. İri qaldırıcı kranların uzaqdan görünən siluetləri burada nəhəng tikintinin getdiyindən xəbər verir. Görülən işlərin miqyası insanı heyrətə gətirməklə bərabər, qürurlandırır da: dövlətimizin maddi durumu belə nəhəg layihələri həyata keçirməyə imkan verir!
Yol abadlıq, mədəniyyətdir, - deyirlər. Qusar kimi dağlıq rayonda isə yol həyatdır, - desəm, yanılmaram. Bunu şəxsi təcrübəmdən bilirəm. Təsərrüfat rəhbəri kimi hər gün sovxozun aranda yerləşən əkin və fermalarına getməkdən ötrü 2-3 saat vaxt sərf edir, 70-80 kilometri iki dəfə qət etməli olurdum. Rayonda obaları 75-100 kilometr uzaqda yerləşən kəndlər də vardır. Möhtərəm Prezidentimiz İlham Əliyev 2010-cu ilin avqustunda Qusarda olarkən bir sıra obyektlərin açılışında, o cümlədən 6,5 milyon manat vəsait hesabına başa gələn Samur-Həzrə yolunun açılışında iştirak etdi. Uzunluğu 23 kilometr, hərəkət hissəsinin eni 7 metr olan, 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirən bu yol yerli sakinlərin arzusuna uyğun yenidən qurulmuşdu. Arzu arzudan doğar, - deyiblər.Növbəti illərdə də Qusar rayonunun problemlərinin həlli üçün bütün lazımi tədbirlərin görüləcəyinə, yeni yolların çəkiləcəyinə söz verən dövlət başçısı 22 kilometrlik Həzrə-Zuxul avtomobil yolunun yenidən qurulması məqsədi ilə vəsait ayrılması barədə sərəncam imzaladı.Artıq Həzrə-Zuxul yolunun əsaslı təmiri, asfaltlanması başa çatmışdır. Eni 3-4 metr olan yol 10-12 metrədək genişləndirilmiş, kənarlarında küvetlər qazılmış, eniş və yoxuşlarda sel və qrunt sularının axıdılması üçün qurğular, borular quraşdırılmış, Uqur və Nəcəfkənd çaylarının üstündəki körpülər əsaslı təmir edilmiş, Zuxul çayı üzərində bütün tarixi ərzində ilk dəfə körpü salınmışdır.Eyni zamanda, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin, ötən ildə başlanılmış beton əsaslı Bakı-Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun rayon ərazisindən keçən 16 kilometrlik hissəsinin və 39 kilometrlik Qusar-Əniğ-Ləzə avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir.
Dövlətimizin önəm verdiyi gənc nəslin təhsili, sağlamlığı, vətənpərvərlik ruhunda tərbiyəsi məsələləri rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.Respublika rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, rayonumuzda təhsil müəssisələrinin maddi-texniki bazası yenilənmiş, son illər müxtəlif maliyyə mənbələri hesabına 4232 şagird yerlik 18 məktəb inşa olunmuş, 3720 şagird yerlik bir neçə məktəb əsaslı şəkildə təmir edilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın qayğısı və təşəbbüsü ilə tikilib istifadəyə verilmiş Balaqusar, Yuxarı Zeyxür, Xürel, Əvəcuq, Suvacal, Xuray, Yuxarı Ləgər, Aşağı Ləgər, Kirig kənd məktəblərinin sırasına daha səkkiz kənd əlavə olunmuşdur. 15 Sentyabr - Bilik Günündə rayonda 8 təzə məktəbin təntənəli açılışı olmuşdur. Əniğ, Urva, Gədəzeyxür, Gican, Əcəxür, Yuxarı Kalunxür, Cağarqışlaq və Ləgərqışlaq kəndlərinin məktəbliləri təhsillərini müasir, işıqlı, hər cür şəraitə malik məktəblərdə davam etdirəcəklər.Bundan əlavə, ümumi şagird sayı 1720 olan daha doqquz məktəbin-Piral, Həsənqala, Bədişqala, Düztahir, Zindan Muruq, Çiləgir, Kuzun, Köhnə Xudat Qazmalar və Uqur kənd məktəblərinin tikintisi davam edir.
Dövlət başçısının gənclərimizə hədiyyəsi olan Qusar Olimpiya İdman Kompleksi nəinki yerli idman həvəskarlarının sevimli məkanı, eyni zamanda mühüm beynəlxalq idman yarışlarının keçirildiyi arenadır. Burada üç dəfə universal döyüş üzrə Avropa çempionatı, dəfələrlə cüdo üzrə beynəlxalq turnirlər, nəhayət, bu ilin iyul ayında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələr arasında 500 nəfər idmançının iştirakı ilə Respublika Şahmat Olimpiadası keçirilmişdir.
Qusarda tikinti quruculuq, abadlıq işlərinin rəvan getməsinin, aqrar sahədə, turizmin potensialından istifadə olunmasında yaxşı nəticələrin qazanılmasının aşkar səbəblərindən biri rayon rəhbərliyinin, qusarlıların dövlət başçısının yürütdüyü siyasəti, xalqın rifahının yüksəlməsinə yönələn layihələri dəstəkləməyi, onların həyata keçirilməsinə yardımçı olmalarıdır.RİH başçısı Şair Alxasovun camaatla sıx təması, yerlərdə keçirilən səyyar görüşlər, "açıq mikrofon" tədbirləri ictimai rəyi öyrənməyə, camaatın arzu və təkliflərinə həssaslıqla yanaşmağa, bəzi məqamlarda onları sağlam məcraya yönəltməyə imkan verir. Bütün bunlar bəzi problemləri vaxtında həll etməyə, əhalinin güzəranını daha da yüksəltməyə imkan yaradır.Rayon rəhbərliyi tez-tez ağsaqqallarla, ahıl, həyat təcrübəsinə malik insanlarla görüşür, onların təklif və tövsiyələrini dinləyir, məsləhətləşmələr aparır. Rayon Müharibə və Əmək Veteranları Şurasının üzvləri Qusarda keçirilən hər bir tədbirin, məclisin fəal iştirakçılarıdır. Bir sözlə, Qusar ölkəmizin digər rayonları kimi inkişaf, tərəqqi yolundadır. Tərəqqinin bəhrələri göz önündədir. Biz bunları görür, təqdir edir, uğurlarımıza sevinir, belə bir ölkənin vətəndaşı olmağımızla fəxr edirik.
Mayıl BAĞIROV,
Qusar rayonu
Xalq qəzeti.- 2012.-
31 oktyabr.- S. 6.