Oğuz: görülən işlər ürəyi sevindirir, gözü güldürür...

 

Aradan illər keçib. Lakin universitet illərində keçirilən oxucu konfranslarından birində olmuş bir hadisə heç vaxt yadımdan çıxmır. O vaxt cavan alimlərdən biri demişdi ki, mən hər dəfə Naxçıvana gedəndə nədənsə yadıma düşən ilk sima Koroğlu olur. Bəlkə təcrübəsizlikdən, bəlkə də elə-belə cavanlıqdan idi ki, mən həmin alimə gözləmədiyi bir sualı verdim: - Nə üçün? O da nəinki mənim, heç kimin gözləmədiyi cavabı qaytardı: - Bilmirəm. Kimi güldü, kimi də bu qənaətin əsassız olmadığını bildirdi.

 

Neçə il bundan əvvəl olan bir hadisəni təsadüfən xatırlamadım. Oğuza gələndə mənim yadıma düşən ilk sima Dədə Qorqud olur. Bu qeyri-adi halı təkrar-təkrar yaşayandan sonra mən də bunu bir dostuma danışdım və həmsöhbətim mənə 8-10 il əvvəldən tanış olan sualı verdi: - Nə üçün? Dedim - Bilmirəm. Həqiqətən o sualın cavabını bilmirdim. Oğuzda Dədə Qorqud haqqında yazılmış kitablardakı qayaların oxşarlarını gördüyümə görəmi? Yoxsa bu torpağın övladlarının Dədə Qorqud öyüd-nəsihəti eşitmiş insan kimi özünün, sözünün yerini bildiyinə görə? Bəlkə bu rayonun başı üstündə olan qarlı dağlar gözümə Dədə Qorduqun obrazı kimi görünür? Bilmirəm...

Neçə illərdir, demək olar ki, hər ay Oğuz elinə gedirəm. Müxtəlif yaşda olan insanlarla görüşürəm, neçə-neçə oğuzlu ilə həmsöhbət oluram. Bu torpaq, həqiqətən oğuz yurdudur, bu diyarın insanları, həqiqətən, dədəmiz Qorqudun Vətən, xalq, torpaq haqqında söylədiyi öyüd-nəsihətlərin işığını əsrdən-əsrə ötürərək bugünkü nəsillərə çatdırıblar. Dədə Qorqud nə deyirdi? Deyirdi Vətəni, yurdu qoru - bu gün Oğuzun Vətəni, yurdu qoruyan şəhid övladlarının adı rayonun ən nüfuzlu simaları kimi daim iftixarla yad edilir. Dədə Qorqud deyirdi torpağı ək, biç, eli, obanı abad elə, düşmənə əl açma. Bunların hamısı Oğuzda günün reallığıdır. Dədəmiz Qorqud bir də onu deyirdi ki, yol göstərənin yoluyla gedin, iş bacaranın əməlini davam etdirin. Bu gün Oğuzda yol göstərənin yolu yaşayır, iş bacaranın əməlləri hamı tərəfindən, elliklə davam etdirilir. Onlardan biri - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Oğuzda doğulub böyüyüb, əsas təhsilini burada alıb, əmək fəaliyyətinə burada başlayıb, kamil mütəxəssis kimi burada yetişib. Mən onun doğulduğu yurdun torpağıyla, daşıyla, ağacıyla, gülüylə, hətta yağışıyla, qarıyla fəxr etdiyini çox görmüşəm. Burada mənim üçün hər şey əzizdir, - deyir. Deyir torpaq yaddaşdır, tarixdir, təbiət hər il öz baharıyla insanları cavanlaşdıran sehirli qüvvədir. Torpaq, dağ, daş, təbiət və insanlar isə birlikdə Oğuzdur ki, biz onu sevirik, yaşadırıq, inkişaf etdiririk".

Eyvaz Qurbanovun "Sevərək yaşatdığı, inkişaf etdirdiyi " Oğuzun girişini indi görsəniz... Əliniz üzünüzdə qalar. İnanın, neçə vaxtdır gəlib gedirəm və Oğuzun indiki cah-cəlalını heç zaman görməmişəm. Yəqin ki, bu diyarın qonaqlarının hamısı mənim kimi düşünür. Bəlkə də ölkənin üç-dörd, uzaq başı beş-altı rayonunun əsas yolu bu şəkildə müasirləşdirilmiş olar.

Mən bu uğurlu göstəricilər barədə danışarkən Eyvaz müəllim çox maraqlı bir fikir söylədi: - Gəlin, görülmüş işləri bir adamın və ya, bir rayonun adıyla bağlamayaq. Bu gün Azərbaycanın bütün guşələrində inkişaf eyni templə, eyni sürətlə davam etdirilir. Bu, Heydər Əliyev dövlətçilik prinsiplərinin, İlham Əliyev idarəçilik təcrübəsinin təntənəsidir. Yadınızdadırsa, Nazirlər Kabinetinin cənab dövlət başçısının sədrliyi ilə keçən sonuncu iclasında möhtərəm Prezident qeyd etdi ki, ilin altı ayında ölkəmizin qeyri-neft iqtisadiyyatı böyük sürətlə, yəni 11,3 faiz artıb. Biz qətiyyətlə deyə bilərik ki, həmin göstəricidə hər bir oğuzlunun da payı vardır. Çünki Oğuz tamamilə qeyri-neft sektoruna aid olan rayonlardandır. Həmin toplantıda cənab dövlət başçımız qeyd etdi ki, regionda gedən quruculuq işləri artıq ənənəvi xarakter daşıyır. Prezident xatırlatdı ki, bu gün Azərbaycan rayonları arasında sağlam rəqabət gedir. Həm rayon rəhbərləri, eyni zamanda ictimaiyyət, həm də hər bir şəxs istəyir ki, onun rayonu daha gözəl, abad və inkişaf etmiş olsun. Cənab Prezidentin həmin qənaətinin təsdiqini bu gün Oğuzda görürük. İnanırsınızmı, adi çilingər, daşyonan və ya daşdüzən, hətta, yaşıllaşdırma işləri ilə məşğul olan bağban da arzu edir və çalışır ki, Oğuz başqa rayonlara nisbətən daha gözəl, daha abad olsun. Əlbəttə, bunu rayonun hər bir sakininin arzulaması tamamilə təbiidir. Ancaq hər bir sakinin buna çalışması o qədər də adi hal deyil. Ona görə də biz oğuzluların ümumxalq əhəmiyyətli tədbirlər zamanı nümayiş etdirdikləri yekdillikdən çox məmnunuq.

Bəs, oğuzlular ölkənin ümumi inkişafına hansı göstəricilərlə töhfə verməyi bacarırılar? Bu ilin ilk yarısında rayon mərkəzindəki Heydər Əliyev prospektində inşa edilən mədəniyyət və istirahət parkı əhalinin istifadəsinə verilib. Babək küçəsində təməli 2010-cu ildə qoyulan Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yeni inzibati binasının tikintisi yekunlaşıb. Həmin küçədə təməli ötən il qoyulan Rayon Maliyyə İdarəsinin yeni inzibati binasında da inşa işləri başa çatmaq üzrədir. Şəhərin girişindəki birinci dərəcəli yolun inşasının başa çatması barədə isə yazının girişində məlumat verdik. Qumlaq-Xalxal yolu da yenidən qurulub. Şəhərin "kənd arxı" deyilən su qurğusunun üstündə 4 yerdə körpü tikilərək istifadəyə verilib. Səməd Vurğun küçəsinin başlanğıcında salınan yeni parkda işıqlandırma və su təchizatı sistemi qurulub. Artıq park sakinlərin istifadəsinə verilib. Şəhərin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə gedən yola daxili imkanlar hesabına asfalt çəkilib. Elə cənub hissədəki yaşayış binalarının yaxınlığında tikilən "Xeyir-Şər" evi də daxili imkanlar hesabına ərsəyə gəlib. Şəhidlər Xiyabanında isə təmir-tikinti işləri davam etdirilir və bu işlər də yaxın vaxtlarda başa çatdırılacaq.

Şəhərin su-kanalizasiya sisteminin tikintisi davam etdirilir. Eləcə də kəndlərin içməli su problemi aradan qaldırılır. Xaçmaz, Kərimli, Bayan, Muxas, Bucaq, Baş Daşağıl, Böyük Söyüdlü kəndlərində su anbarları tikilib. Artıq kənddaxili su xətlərinin çəkilişi də başa çatıb. Padar, Yemşənli və Dəymədərə kəndlərinə içməli su xəttinin çəkilməsi və kənddaxili şəbəkələrin qurulması üçün layihə sənədləri hazırlanıb. Yaxın vaxtlarda bu istiqamətdə də əsaslı işlər görüləcək. Su sistemi barədə söz düşmüşkən qeyd edək ki, Oğuzda su təkcə həyat kimi deyil, həm də bir çox hallarda təhlükə mənbəyi kimi qiymətləndirilir. Ona görə də şəhər ərazisini sel sularından mühafizə etmək üçün 2 yerdə beton bənd tikilib. Bu məqamda "su suyu vurur" deyimi də yada düşür. Belə ki, şəhəri içməli su ilə təmin edən hər biri min kubmetrlik iki su anbarının sel sularından qorunması üçün də xüsusi beton bənd tikilib.

Əhalinin fasiləsiz və təhlükəsiz olaraq təbii qazla təmin edilməsi məqsədilə Səməd Vurğun küçəsində orta və aşağı təzyiqli qaz xətlərinin yeri dəyişdirilərək yenidən dayaqlar üzərinə qaldırılıb. Heydər Əliyev küçəsində aparılan abadlıq işləri ilə əlaqədar orada yeni qaz xətti çəkilib. Dairəvi qaz sisteminin yaradılması məqsədilə yeni orta təzyiqli qaz xəttinin çəkilişi davam edir. Sakinlərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə 25 ədəd transformatorda qoruyucu qurğular təmir olunub, Oğuz şəhərinin girişində, Bayan, Qumlaq və Tayıflı kəndlərində köhnə elektrik dayaqları dəmir-beton dayaqlarla əvəz olunub. Təkcə bu il məcburi köçkünlərin enerji təminatını yaxşılaşdırmaq məqsədilə 440 ədəd yeni sayğac dəsti quraşdırılıb.

Təbii ki, Oğuz ölkənin kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Son zamanlar isə rayonda kartof və tərəvəz istehsalı da artır. Bu da sahibkarlıqla məşğul olanlara və fermerlərə göstərilən qayğının nəticəsidir. Təkcə bu il vətəndaşlara lizinqlə 45 ədəd yeni texnika verilib və 218 ton azot gübrəsi güzəştli qiymətlərlə satılıb. Oğuzlu sahibkarları Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında tez-tez görürük. Onların satışa çıxardığı məhsullar ekoloji baxımdan daha keyfiyyətli mal kimi yüksək qiymətləndirilir.

Ölkənin hər yerində olduğu kimi, Oğuzda da sosial yönümlü tədbirlər günbəgün intensivləşir. Təkcə bu ilin geridə qalan aylarında 250-dən çox ailə ünvanlı sosial yardım alıb. Rayon məşğulluq mərkəzi tərəfindən 129 nəfər işlə təmin olunub, 23 nəfərə müavinət təyin edilib. Məktəb, bağça və səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilib.

... Bu yazını Oğuz-Qəbələ-Bakı su kəmərinin paytaxt ictimaiyyətində yaratdığı xoş əhval-ruhiyyə barədə təqdiredici fikirlərlə tamamlamaq istəyirdik. Ancaq yadımıza düşdü ki,yazının əvvəlini Dədə Qorqud dastanının ab-havası üstündə qurmuşduq. Qoy elə, həmin ab-hava ilə də yekunlaşdıraq. Dastanda deyilir ki, Oğuz elinin başbilənləri bir yerə yığışaraq söz söylədilər, qərar qəbul etdilər. Elə Oğuz rayonunun başbilənləri də elədir. Rayon icra hakimiyyətinin başçısı bu il 25 dəfə kəndlərdə səyyar qəbullar keçirib, 2500-dən çox sakinlə görüşüb. Lap elə adını çəkdiyimiz dastanda olduğu kimi...

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 1 sentyabr.- S. 6.