"Bənzərsiz
toplu", yaxud Natəvan
salnaməsi
Son
2 əsrdə "Xan qızı"
adı ilə tanınan və sevilən Xurşidbanu
Natəvanın anadan olmasının 180 illiyi barədə Azərbaycan Prezidentinin
sərəncamı şairənin həyat və
yaradıcılığına çağdaş
oxucularda böyük maraq doğurmuşdur. Qarabağın sonuncu hakimi Mehdiqulu xanın varisi olan bu
ağıllı, istedadlı və xeyirxah
xanımın zamanın ağır sınaqlarına məruz
qalmış həyatı, işıqlı əməlləri
və dillər əzbəri olan
yaradıcılığı barədə nə qədər
deyilib-yazılsa da, heç
də hər şey günün oxucusuna
çatdırılmayıb.
Mədəniyyət
və Turizm Nazirliyindən Natəvan barədə
yubiley nəşri hazırlamaq sifarişi almış istedadlı
yazıçı-publisist, görkəmli mədəniyyət
adamları barədə maraqlı kitablar ərsəyə
gətirmiş naşir Mustafa
Çəmənli bu boşluğu
doldurmağa çalışmışdır. Kifayət qədər
əhatəli bir toplu
ortaya qoymaq üçun tərtibçi bu
vaxta qədər işıq üzü görmüş
mənbələrdən əlavə, arxivlərdə və yaddaşlarda qorunan, kənarda
qalan xeyli yeni materialı da kitaba daxil etmişdir.
Xan
qızını həmişə kövrək bir məhəbbətlə xatırladan,
şairənin sevimli oğlu
Mir Abbasın ölümündən doğan kədəri bəşəri bir itkinin poetik
obrazı səviyyəsinə qaldırmış məşhur
qəzəlinin rədifi "Neçin gəlməz"
toplunun uğurlu və təsirli
adı kimi diqqəti cəlb edir. Əslində isə, Xurşidbanu
barədə bu vaxta qədər
buraxılmış ən mükəmməl nəşr kimi bu kitabı "Natəvan
salnaməsi" də adlandırmaq olar.
"Təhsil" nəşriyyatının bu
günlərdə nəfis tərtibatla buraxdığı bu ensiklopedik kitab şairə, el xadimi Natəvanın yubileyinə çağdaş qədirbilənliyin layiqili töhfəsidir.
Mustafa
Çəmənli kitabın əvvəlində verdiyi "Tərtibçidən"
başlıqlı geniş izahında özünün və müasirlərinin qəlbində
ehtiramla cilvələnən "Xan qızı" sevgisini
açıqlayır, kitab üzərində
zərgər dəqiqliyi və təşnəliklə
apardığı yaradıcı işdən
danışır, toxuduğu söz çələnginin ayrı-ayrı
ilmələrinə də, ilkin olaraq, özü bələdçilik
edir. Bu maraqlı təqdimatı
Natəvan irsinin bilicilərindən filologiya elmləri doktoru Paşa Əlioğlu "Xurşidbanu
Natəvanın irsi" adlı geniş məqalə ilə davam
etdirir. Alim Xan qızının yüksək
estetik dəyər daşıyan çoxcəhətli
bədiiyyatı, Azərbaycan qadınlığını
şərəfləndirən şəxsiyyəti barədə
ətraflı məlumat verməklə yanaşı, şairə
xanımın irsinin bu
vaxtadək az məlum olan
tərəflərinə də işıq salır.
Toplunun ilk materialı kimi
seçilən Natəvanın qız nəvəsi Əkbər
xan Naxçıvanskinin "Xurşidbanu haqqında xatirələr"i Cəlil
Məmmədquluzadənin arxivindən götürülərək
ilk dəfə çap
olunur. Bu material şairənin şəxsi həyatı
barədə bilgilərə yeni çalarlar gətirməsi ilə
maraqlıdır.
Bundan sonra kitabda Xan
qızının incə qəlbli ana və
zərif söz ustası olduğunu
əsr yarımdan artıq bir dövrdə
neçə-neçə nəsilə anlatmış qəzəllər
yer almışdır. Tərtibçi
mütəxəssislərlə sıx əlaqədə və
kölgədə qalmış mənbələri dövriyyəyə
gətirməklə ayrı-ayrı qəzəllərin daha mükəmməl variantını oxucuya təqdim edir.
Şairənin məlum qəzəlləri sırasına yenisi də əlavə edilməklə
onların sayı bu nəşrdə 44-ə
çatdırılmışdır.
Kitabın
"Məclisi-üns" xatirələrdə" bölməsində
Natəvanın yaradıb rəhbərlik etdiyi
bu şeir məclisinin
fəal üzvü olmuş
Mirzə Rəhim Fənanın, şairənin oğulluğu
Mir Həsənin söz
yadigarları da ilk dəfədir
ki, çap olunur. "Natəvan irsinin
sorağında" başlığı altında isə Zülfüqar bəy Hacıbəyovun, tərcüməçi
Hüseyn Şərifin və jurnalist Novruz İbrahimoğlunun şəhadətverici
yazıları verilmişdir. Bu bölməni isə Natəvan tədqiqatçılarından
olmuş K.Məmmədovun və B.Məmmədovun
topladığı materiallardan nümunələr
tamamlayır.
Kitabın ən
maraqlı cəhətlərindən biri
Natəvanın öz əli ilə
çəkdiyibu vaxtadək yalnız adını eşitdiyimiz və arxivdə qorunan
"Gül dəftəri" adlı gül rəsmləri albomunun
ilk dəfə bütövlükdə oxuculara çatdırılmasıdır. Oxucu Natəvanın poetik
ocağı olmuş "Məclisi-üns"
və "Məclisi-fəramuşan"ın 12 məşhur
iştirakçısının fototəsvirləri ilə bu nəşrdə tanış olmaq imkanı qazanmışdır. Ayrı-ayrı dövrlərdə Natəvan
adına xitab etmiş,
onun poetik
obrazını yaratmış Q.Zakir, M.Yüzbaşov, S.Vurğun,
M.Rahim, H.Arif, Ə.Kürçaylı,
H.Billuri, Ə.Məftun kimi
şairlərin şeirləri, A.Abdullayev,
O.Sadıqzadə, A.Nağıyev, A.Ələkbərov, Ö.Eldarov, N.Əliyev kimi
rəssam və heykəltəraşların
yaratdıqları Xan qızı təsvirləri
kitabda Natəvan barədə təsəvvürləri
genişləndirir və dolğunlaşdırır.
Bu bənzərsiz
toplu tərtibat yenilikləri və əhatə
genişliyi ilə kitab
mədəniyyətimizdə yeni bir cəhd kimi oxucu tələbatını maksimum
cavablandıra bilən mənbədir.
Tahir AYDINOĞLU
Xalq qəzeti .- 2012.- 15 avqust.- S. 7.