İntizam və
təşəbbüskarlıq təhsildə uğurların
təminatıdır
Ölkəmiz
müstəqillik yoluna qədəm qoyduğu 2 onillik müddətdə
bütün sahələr üzrə yüksək uğurlar
qazanmış, Azərbaycan inkişaf etmiş ölkələr
sırasına çıxmışdır. Ulu öndər
Heydər Əliyevin həyata keçirdiyi əsaslı
islahatlar respublikamızı sivil, demokratik inkişaf yolu ilə
irəli aparır. Prezident İlham Əliyevin rəhbərliyi
ilə son 9 ildə ölkənin hər yerində
sosial-iqtisadi və mədəni quruculuq işləri geniş
vüsət almışdır.
Ölkə əhalisinin rifahı əsaslı surətdə yaxşılaşmış, elmi-mədəni səviyyəsi yüksəlmişdir. Həyata keçirilən proqram tədbirlərin nəticəsidir ki, şəhərlərimizin, rayon mərkəzlərinin siması tanınmaz dərəcədə müasirləşmişdir. İndi Azərbaycan iqtisadi və hərbi cəhətdən regionda qüdrətli bir dövlətə çevrilmişdir.
Təhsil sahəsində də yeniləşmə, islahatlar ciddi dəyişikliklər yaratmışdır. Təhsil islahatının qarşıya qoyduğu əsas məqsəd sağlam, hərtərəfli biliyə, geniş dünyagörüşə, saf əxlaqa malik olan vətənpərvər vətəndaşlar formalaşdırmaqdan ibarətdir. Bu sahədə yüksək nəticələr əldə edilməsi idarəetmənin elmi cəhətdən düzgün və səmərəli təşkilindən çox asılıdır. Təhsilin idarə olunması siniflərdə dərslərdən başlayaraq, dövlətin bu sahəni himayə etməsinə qədər müxtəlif mərhələlərdən keçir. Təhsilə dövlət nəzarəti və qayğısını biz sahə işçiləri hər gün hiss edirik. Mövcud məktəblərdə şəraitin daim yaxşılaşdırılması, yeni təhsil ocaqlarının tikilməsi, onların şəbəkəsinin genişləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, illik büdcədə təhsil sahəsinə kifayət qədər vəsaitin nəzərdə tutulması və s. bu sahəyə dövlət qayğısının bariz nümunəsidir.
2011-ci ilin mart ayından etibarən rayonumuzda təhsil sahəsinin idarə olunmasında əsaslı dəyişikliklər edilmişdir. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev fəaliyyətə başladığı ilk gündən təhsil müəssisələrində mövcud olan qanunsuz hərəkətlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirmiş, pedaqoji kollektivlərdə işgüzar və təşəbbüskar mühit yaradılmasına nail olmuşdur.
Rayon üzrə 80 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 74-ü tam orta, 5-i ümumi orta, 1-i isə ibtidai məktəblərdir - 44-ü rayon ərazisində, 15-i Bakı, 5-i Sumqayıt, 1-i Şirvan şəhərlərində, 2-si Sabirabad, 5-i İmişli və 8-i Beyləqan rayonlarında fəaliyyət göstərir. Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsi nümayəndələrinin tez-tez pedaqoji kollektivlərdə olmasının, onlara əməli kömək göstərməsinin işə müsbət təsiri olmuşdur. Bu qayğı və nəzarətin nəticəsidir ki, rayonun 74 tam, 5 ümumi orta və 1 ibtidai məktəbində, 5 məktəbdənkənar və 30 məktəbəqədər uşaq tərbiyə müəssisəsində pedaqoji kollektivlərin məsuliyyət hissi artmış, tədris və təlimin keyfiyyəti xeyli yüksəlmişdir. Ali məktəblərə qəbul olan məzunların sayı da son 2 ildə artmış, şagirdlərin və valideynlərin təhsilə münasibəti dəyişmişdir.
2011-2012-ci dərs ilində məktəblərdə aparılan təlim-tərbiyə işlərinin təşkili səviyyəsinin daha da yüksəldilməsi, kontingentin sabit saxlanılması, müəllimlərlə aparılan metodiki işlərin səmərli olması, şagirdlərin fənn olimpiadalarında, müxtəlif bilik yarışması və müsabiqələrdə daha fəal iştirakı üçün məqsədyönlü iş görülmüşdür. Məktəblərdə kompleks və tematik monitorinqlər keçirilmişdir.
Rayonun bütün məktəblərində ibtidai sinif müəllimləri, elecə də hər bir fənn üzrə müəllimlər test imtahanlarından keçirilmişlər. İmtahanlarda zəif nəticə göstərən müəllimlərə müvafiq tövsiyə və tapşırıqlar verilmişdir. IX və XI buraxlış siniflərində həm Təhsil Nazirliyi, həm də təhsil şöbəsi tərəfindən yoxlama imtahanları keçirilmişdir. Əvvəlki illərdən fərqli olaraq carı dərs ilində şagirdlər respublika səviyyəsində keçirilən fənn olimpiadaları, müsabiqə və yarışlarda daha fəal iştirak etmiş və mükafata layiq yerlər tutmuşlar. Müvəffəqiyyət faizi yüksəlmiş, qeyri-kafi qiymət alanların, o cümlədən, XI sinfi arayışla bitirənlərin sayı azalmış, attestat alanların sayı artmışdır.
Bu ilin iyun ayında TQDK-nın qrafikinə uyğun olaraq, IX və XI siniflərdə buraxılış imtahanları keçirilmişdir. Məqsəd şagirdlərin əldə etdikləri biliklərin hansı səviyyədə olduğunu müəyyənləşdirmək və növbəti dərs ilində nöqsan və çatışmazlıqları aradan qaldırmaq üçün lazımi tədbirlər görməkdir. IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarında mütəşəkkil surətdə iştirak etmələri üçün lazımi tədbirlər görülmüşdür.
Bu günlərdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, təhsil şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin ali məktəblərə qəbul zamanı yüksək bal toplayan məzunlar, onların valideynləri, müəllimləri və ictimaiyyət nümayəndələri ilə görüşü təşkil edilmişdir. Məzunlara hədiyyələr təqdim olunmuşdur.
Rayon icra hakimiyyətinin tələbkarlığı nəticəsində yeni 2012-2013-cü dərs ilinə hazırlıqla əlaqədar təhsil sahəsində xeyli işlər görülmüşdür. Cari ildə birinci sinfə qəbul ediləcək uşaqlar müəyyənləşdirilmişdir. I və V sinifdə dərs deyəcək müəllimlər kurslara cəlb olunmuş, ehtiyacı olan şagirdlərə məktəbli forması paylanmışdır. Təhsil Nazirliyinin bölgüsü əsasında rayona ayrılmış vəsait və dərsliklər məktəblərə çatdırılmışdır. Ev şəraitində dərs keçiləcək uşaqların sənədləri yoxlanılmış, yol verilmiş qanunsuzluqlar aradan qaldırılmışdır. Əvvəlki illərdə rayon üzrə 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. Şərait olmadığı halda, qanunsuz açılmış qruplar müəyyənləşdirilərək ləğv edilmiş, 418 qrupdan 74-ü saxlanmışdır.
Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbdə əsaslı , qalan məktəblərdə isə cari təmir işləri aparılmışdır. Rayonun bütün məktəbləri lazımi kadrlarla təmin edilmişdir. I-XI siniflərdə 12094 nəfər şagird təhsilə cəlb olunmuşdur ki, onların da təlim-tərbiyəsi ilə 2247 nəfər müəllim məşğul olur. Müəllimlərin 1556 nəfəri və ya 69 faizi ali təhsillidir.
Məktəblərimizdə şagirdlərin, müəllim və texniki işçilərin şəxsi işləri əsaslı yoxlanılmış, çatışmazlıqlar aşkar edilərək aradan qaldırılmışdır.
İstedadlı şagirdləri müəyyənləşdirmək, onlarla lazımi işlər aparmaq məqsədilə fənn olimpiadalarının məktəb və rayon turları keçirilmişdir. Nəticələr göstərir ki, şagirdlərin bilik səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşmışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin riyaziyyat, təbiət fənləri, idman, bədii və texniki yaradıcılıqda xüsusi istedadı ilə seçilən VI -X sinif şagirdləri arasında keçirdiyi müsabiqədə 6 şagirdimiz, "Azərbaycanı sev və öyrən" yarışmasında 2 şagirdimiz, Azərpoçt Dövlət Müəssisəsinin Təhsil Nazirliyi ilə birgə keçirdiyi inşa müsabiqəsində isə 1 şagirdimiz qalib olmuşdur. Sərhəd Qoşunları tərəfindən keçirilən inşa müsabiqəsində daha 2 məktəblimiz bizi sevindirmişdir. Təhsil Nazirliyinin "Xocalı faciəsi şagirdlərin gözü ilə" rəsm müsabiqəsində yaradıcı qabiliyyətlə 2 şagirdimiz seçilmişdir. Heydər Əliyevin anadan olmasının 89 - cu ildönümü münasibəti ilə keçirilən " Heydər Əliyev məktəblilərin gözü ilə" inşa müsabiqəsində də 1 yetirməmiz qalib olmuşdur. Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması respublika baxış-müsabiqəsində Horadiz şəhər 2 nömrəli tam orta məktəbi I yerə çıxmışdır. Çalışacağıq ki, məktəblərimizin və şagirdlərimizin nailiyyətləri daha da çox olsun.
Təhsilə göstərdikləri qayğı və diqqətə görə ölkə Prezidenti İlham Əliyevə, YUNESKO və İSESKO -nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya rayon təhsil işçilərinin minnətdarlığını bildiririk. Rayonumuzun müəllimləri, pedoqoji kollektivləri bundan sonra da ən məsul vəzifələrin öhdəsindən layiqincə gələcəklər. Yeni dərs ilində də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.
Almaz HƏŞİMOVA,
Füzuli Rayon Təhsil
Şöbəsinin müdiri
Xalq qəzeti.- 2012.- 9 sentyabr.- S. 6.