Astara sürətli
yüksəliş dövrünü yaşayır
Bir yanı dəniz,
bir yanı isə meşəli dağlar olan gözəllik
ünvanı Astara hər kəsi heyran edir. Təbii özəllikləri
ilə bərabər, hüsnünə insan əlləri ilə
vurulan naxışlar Astaranı tanınan parlaq bir diyara
çevirib.
...Bir dəfə Astaradan olan balıqçı dostumuz Bəhrəmin qayığında açıq dənizə çıxmışdıq. Bəhrəmgil balıq ovu qayğıları ilə məşğulkən, mən ləpələri günəş şüalarının ucunda saysız-hesabsız güzgü parçalarına dönüb bərq vuran cilvəli Xəzərə, sahildən boy göstərən Astaranın gülümsər çöhrəsinə baxıb fərəhlənirdim. Saatların necə ötməsindən xəbərim belə olmadı. Bir də gördüm ki, uğurlu ov sevinci ilə avar çəkə-çəkə sahilə qayıdırıq. Əslində, mənim dənizə çıxmaqda məqsədim çətin balıqçı həyatı ilə tanış olmaq idi, amma gözəlliklərə "aldandığım üçün" Bəhrəmgilin əziyyətlərindən yenə də tam xəbərsiz qalmışdım.
Subtropik iqlim qurşağında yerləşən Astara başabaş aydınlığa qovuşan bir diyardır. Dənizi, çayları, "göz yaşı" qurumayan kövrək buludları var. Bunlar azmış kimi, ana təbiət Astaraya bir "Yanar bulaq" da bəxş eləyib. Hər dəfə Astaraya gedəndə həmin bulağın çağladığı Ərçivanda maşını əyləyib yanan sularla həsbihal edirəm.
Prezident İlham Əliyevin Astaranın inkişafına diqqəti xüsusilə böyükdür. Dövlət başçısının rayon haqqında söylədiyi fikirlər hər kəsə yeni ruh verir: "Azərbaycan xəritəsində Astara rayonunun çox vacib yeri vardır. Astarada bütün işlər yüksək səviyyədə görülməlidir".
Astarada sərhəd-keçid məntəqəsi olduğundan buradan çoxlu əcnəbilər keçib gedirlər. Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı barədə onların məxsusi təsəvvürləri, təəssüratları məhz burada yaranır. Ona görə də Astaranın səliqə-sahmanı daimi diqqətdə saxlanır. Regionların inkişafı Dövlət Proqramı Astaranın sürətli inkişafını təmin edir. Son vaxtlarda təvəllüd tapmış Dövlət Bayrağı Meydanı, Olimpiya İdman Kompleksi, xəstəxana şəhərciyi, Gənclər Mərkəzi, YAP-ın inzibati binası, digər yaraşıqlı tikililər, rahat yollar, zövqlə inşa olunub boyanan hasarlar, güllü-çiçəkli yaşıllıqlar göz-könül oxşayır.
Doğrusu, bir neçə ay öncə Qəzənfər Ağayev Astaraya icra hakimiyyəti başçısı təyin ediləndə düşünmüşdüm ki, burada onun işi xeyli asan olacaq. Çünki rayon yetərincə abad, gözəl, yaraşıqlı vəziyyətdədir. Amma qısa vaxtda həyata keçirilən tədbirlər, şəhərin infrastrukturunda edilən zəruri dəyişikliklər fikrimdə yanıldığımı göstərdi. Astarada görülməsi vacib olan və ardıcıl olaraq görülən işlər də var, həvəs də, təpər də. Məsələn, hazırda Heydər Əliyev prospektində hasarlar ağlay daşlarla üzlənir. Tranzit yük maşınlarının şəhərdənkənar hərəkəti üçün Gənclər küçəsində bir kilometrədək məsafədə yeni yol çəkilib. Şəhərin beş min metrə yaxın suötürücü kanalı lildən təmizlənib və s. Rayon rəhbərliyinin təşəbbüsləri, sakinlərin işgüzarlığı sayəsində şəhər, qəsəbə və kəndlərdə geniş quruculuq və abadlıq işləri səngimir.
Dövlətimizin başçısı Ilham Əliyev
vaxtaşırı Astaraya səfərlər edir,
abadlıq-quruculuq işlərinin davamlı olması
üçün sərəncamlar imzalayır. Bu il 16 mart və
18 aprel tarixlərində verilən sərəncamlar buna bariz
misaldır. Rayonun giriş qapısı olan Telman kəndində
əsaslı şəkildə yenidənqurma işləri
aparılır. Zəngin memarlıq üslubunda aparılan
tikinti işləri rayonun girəcəyini daha da baxımlı
edəcək.
Heydər
Əliyev prospektində görülən quruculuq işləri
sakinlərin böyük razılığına səbəb
olub. Nəqliyyat sıxlığının ciddi narahatlıq
doğurduğu mərkəzi bazarın qarşısından
keçən ərazidə genişləndirmə işləri
aparılmış, işıqlandırma sistemi yenidən
qurulmuş, həmin ərazidəki yolda nəqliyyat hərəkətinin
birtərəfli olması təmin edilmişdir. Prospekti əhatə
edən divarların üzlüklərinin müasir tələblərə
uyğun yenilənməsi diqqəti cəlb edir. Əsas
prospektdə yerləşən 5 ikimərtəbəli
yaşayış binasının fasad hissələri daha
yaraşıqlı və zövqoxşayan formaya
salınmışdır. Azərbaycan küçəsindəki
binalarda təmir işləri davam etdirilir.
Şəhərin
mərkəzində ümummilli lider Heydər Əliyevin
adını daşıyan mədəniyyət və istirahət
parkının ərazisi bir qədər də genişləndirilmiş,
yeni fəvvarə quraşdırılmışdır. Burada
işıqlandırma sistemi tamamilə yeniləşdirilmiş,
yeni girişdə qoşa qəndil qoyulmuş, ətrafdakı
səkilərə tamet plitələr düzülmüş,
parkdakı skamya-oturacaqların sayı
artırılmışdır. Parkın ərazisinə
düşən üçmərtəbəli inzibati
binanın əsaslı təmiri və fasadının yeniləşdirilməsi
işləri də sürətlə aparılır. Şəhərin
təəsübkeş sakinləri Xəzər dənizinin
sahilində əvvəllər mövcud olmuş yolun bərpa
edilməsinə, ağır tonnajlı yük
maşınlarının həmin yolla hərəkətinin təmin
olunmasına, bununla da şəhərdaxili yolların
dağılmasının qarşısının
alınmasına ürəkdən sevinirlər.
Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə ayrılmış vəsait hesabına Mərkəzi
Rayon Xəstəxanasının üçmərtəbəli
korpusu yenidən qurularaq əsaslı təmir olunmuş,
hazırda isə əlavə vəsait hesabına xəstəxananın
poliklinika şöbəsinin tikintisi davam etdirilir. Dörd
korpusda və infeksion xəstəliklər şöbəsində
bir neçə briqada tikinti işləri ilə məşğuldur.
Xəstəxananın
I korpusu inzibati və təcili yardım, II korpus poliklinika, III
korpus Gigiyena və Epidemioloji Mərkəzi və Pediatriya, IV
korpus stasionar, rentgen, qəbul şöbələri
üçün nəzərdə tutulmuşdur. Ayrıca ərazidə
yerləşən yoluxucu xəstəliklər şöbəsinin
əvvəlki binası tamamilə yenidən qurulur. Rayonda 11
yeni məktəb binası inşa olunur ki, bunlardan 360 yerlik
şəhər 7 saylı, 220 yerlik Telman, 220 yerlik
Şağlazüzə tam orta və 180 yerlik Rüdəkənar
ümumi orta məktəblərinin ilin axırına kimi
istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Rayonda əhalinin təbii qazla və fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Artıq otuzdan artıq kəndə mavi yanacağın verilməsi bərpa olunmuşdur. Hazırda Şuvi, Sərək, Siyətük, Şovaş, Züngüləş, Sekəşan, Vəznəş, Səlivə və Deqədi kəndlərinin qazlaşdırılmasından ötrü polietilen borulardan, Şiyəkəran və Şahağacı kəndlərinin qazlaşdırılması üçünsə metal borulardan xətlər çəkilmişdir. Leysan yağışlarının və sel sularının vura biləcəyi ziyanın qarşısını almaq üçün Astara Suvarma Sistemləri idarəsi tərəfindən Astara şəhəri, Təngərüd, Şahağacı, Kakalos, Artupa və digər təsərrüfatlarda 45,5 kilometrlik suvarma və suötürücü kanallar təmizlənmiş, işlək vəziyyətə gətirilmişdir. Həmçinin Pensərçayda Siyakü kəndi ərazisində 300 metrdən çox sahilbərkitmə işləri, Ərçivançayda 1500 metr məsafədə təmizləmə və genişləndirmə işləri aparılmışdır.
...Yazının əvvəlində adını çəkdiyim Bəhrəm Əliyev hazırda yerli idarəetmə orqanında çalışır. Kakalos bələdiyyəsinin sədridir. Onun dedikləri:
- Sizinlə birlikdə açıq dənizə çıxdığımız vaxtdan on yeddi il keçir. O zaman Astaranın gözəlliyinə heyran qalmışdınız. Özünüz də görürsünüz ki, indiki Astara o vaxtkından qat-qat gözəldir. Dövlət müstəqilliyimiz möhkəmləndikcə həyatımızın bütün sahələrində, ölkəmizin bütün bölgələrində möhtəşəm nailiyyətlər qazanılır. Rəhbərliyin ən ucqar yaşayış məntəqələrinə belə qayğını artırması fərəh doğurur. Bir neçə ay öncə Qəzənfər müəllimlə kəndimizdə keçirilən görüş çox işgüzar xarakter daşıması ilə yadda qalmışdır. Biz qazanılan uğurlardan, problemlərdən ətraflı danışdıq. Görüşdən sonra konkret əməli işlər reallaşmağa başladı. Suvarma və suötürücü kanalların təmizlənməsinin, abadlıq işlərinin genişləndirilməsinin müsbət nəticələri göz önündədir. İcra hakimiyyəti başçısının göstərişi ilə kənd mədəniyyət evinin foyesindən ulu öndərin abidəsinin binanın qarşısına çıxarılması və ətrafının abadlaşdırılması bizi hədsiz sevindirmişdir. Hazırda Kakalosa təbii qaz çəkilişi də tamamlanmaq üzrədir. Bir sözlə, rayon rəhbərliyinin gündəlik dəstəyini hiss etdikcə ruhlanırıq. Doğma yurdumuzun daha da çiçəklənməsinə yeni-yeni töhfələr vermək istəyirik.
Bəli, Astara indi özünün sürətli yüksəliş dövrünü keçirir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 9 sentyabr.- S. 5.