Vətənpərvər
zabit
Keçən əsrin
90-cı illərinin əvvəllərində Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü başlayanda ən vətənpərvər
oğullarımız Vətənin müdafiəsinə
qalxıb. Azərbaycanın ərazi bütövlüyü
və suverenliyi uğrunda
birinci Qarabağ
müharibəsində xalqımızın ən qeyrətli, ən
mübariz oğulları canlarını fəda
ediblər.
Azərbaycan
torpaqlarının bütövlüyü uğrunda şəhid
olmuş vətənpərvər oğullarımızdan biri də
Nəsib Mikayıl oğlu Məlikovdur. O, 1994-cü il
sentyabrın 11-də qəhrəmancasına həlak olub. Bu il
şəhidin ölümündən 18 il keçir. Anası
Lətifə Xəlilova, demək olar ki, hər gün
oğlunun məzarına baş çəkir, onun xatirəsini
yad edir.
Nəsib
Məlikov 1969-cu il yanvarın 8-də Bakıda anadan olub.
1988-1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi
xidmətdə olub. Sonrakı həyatını da hərb
işinə bağlamaq istəyərək Azərbaycan
Müdafiə Nazirliyinin Bakı ətrafındakı hərbi
hissələrindən birində kiçik komandir kimi xidmətə
başlayıb. Bu günlərdə redaksiyamızda olan
anası Lətifə xanım bildirdi ki, Nəsib fiziki cəhətdən
sağlam, uca boylu, enli kürəkli, eyni zamanda, mənəvi
cəhətcə mətanətli, cəsur bir gənc olub. Elə
bu xüsusiyyətlərinə görə Müdafiə
Nazirliyi 1992-ci ildə onu hərbi təhsilini davam etdirmək
üçün qardaş Türkiyə Respublikasına
göndərib. Nəsib Məlikov Ankara Hərbi Akademiyasında
mükəmməl hərbi təhsil alaraq Azərbaycana
qayıdıb və doğma Vətənində xidmətini
davam etdirib.
Nəsibin
hərbi xidmətinin əsas dövrü Ermənistan-Azərbaycan
cəbhəsində qızğın döyüşlərin
getdiyi zamana təsadüf edib. Ulu öndər Heydər Əliyevin
hakimiyyətə ikinci dəfə qayıdışından
sonra ordumuzun əsgərləri düşmənə
qarşı daha böyük inamla döyüşürdülər.
Hətta cəbhənin bəzi istiqamətlərində qələbələr
də əldə olunub, bəzi şəhər və kəndlərimiz
işğaldan azad edilib. Tükiyədə hərbi təhsil
almış Nəsib Məlikov da bu və ya digər cəbhələrdə
döyüşlərin fəal iştirakçısı
olub.
Nəsib Qarabağın azadlığı uğunda döyüşlərə Ağdərə cəbhəsində qoşulub. Bu cəbhədə qəhrəman Azərbaycan oğulları həm düşmənin ərazilərimizin daxilinə doğru irəliləməsinin qarşısını alır, həm də ona ağır zərbələr endirirdi. Türk hərb sənətinin dərinliklərinə yaxşı bələd olan Nəsib də erməni hərbi birləşmələrinə dəfələrlə istər ağır texnika, istərsə də canlı qüvvə cəhətdən ciddi zərbələr endirib, onu ağır itkilər verməyə məcbur edib. O, özünün qorxmazlığı və şücaəti ilə bir neçə döyüşdə fərqlənib. Qazanılmış mövqeləri axıradək əldə saxlamaq, yaralanmış döyüş yoldaşlarını düşmənə əsir düşməkdən xilas etmək üçün Nəsib sinəsini sipər etməyi bacarır, eyni zamanda, bəzən fiziki imkanlarına, uca boyuna, qüvvətli qollarına güvənərək az qala ölümlə oynamaqdan qorxmurdu. Elə bu ehtiyatsızlığı üzündən döyüşlərin birində-1994-cü ilin sentyabrında o, nankor düşmən gülləsinə tuş gəldi...
Sonradan Vətən bu cəsur oğlunun xatirəsini əbədiləşdirməyi unutmadı. Hazırda Bakının Sabunçu rayonundakı küçələrdən biri Nəsib Məlikovun adını daşıyır. Ankara Hərbi Akademiyasındakı şəhidlər lövhəsində Nəsibin də şəkli var. Ən vacibi isə Nəsib kimi mərd oğlulların Vətən yolunda candan keçərək yeni nəsillər üçün unudulmaz örnək qoymasıdır.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2012.- 11 sentyabr.- S.
9.