"Bərdə
nə gözəldir..."
Böyük
Nizaminin dillər əzbəri olan bu misrası gör neçə
əsr bundan əvvəl yazılıb. Qədim Bərdənin
o zamankı binaları, küçələri , səkiləri,
bir sözlə, görkəmi necə olub? Bu yerdə köməyinizə
böyük şairlərimizin ölməz misraları, bir də
tarixçilərimizin tədqiqatları gəlir. Bəli, əsrlərin arxasından
süzülüb gələn səslər, sədalar
bunlardır və biz 3 min illik tarixi olan, müəyyən
dövrdə hətta ölkə paytaxtına çevrilən
bu şəhərin tarixi, keçdiyi şanlı və şərəfli
yolla haqlı olaraq fəxr edirik.
Bəs,
indi? Düzdür, indi də Bərdənin tarixinə, bu
gününə aid onlarla şeir yazılıb. Ancaq... Qəribədir
ki, Bərdədən, onun tarixindən, keçdiyi yoldan,
bugünkü gözəl, maraqlı və heyrətamiz həyatından
söhbət düşəndə daha çox yadımıza
düşən böyük şairimiz Nizaminin misraları
olur. Əlbəttə, buna əsas səbəb dahi şairin
istedad möcüzəsidir. Bununla bərabər, bizcə,
burada başqa bir səbəb də var. Məsələ
burasındadır ki, böyük şairin bu ölməz
misraları Bərdənin bu gününə, yaradılan
gözəlliyə, görünməmiş inkişaf və
yüksəlişə daha çox yaraşır,
çağdaş mənzərəni dəqiq ifadə edir.
Bölgə
müxbiri kimi xidmət etdiyim rayonlardan biri də Bərdədir.
Ancaq nədənsə, daha çox bu bölgəyə üz
tuturam, buradan daha çox yazıram. Həmişə də bu
materiallarda bir təəssüf, ötən dövrlərin
xiffəti olub. Ona görə ki, bu qədim və şöhrətli
diyar yaxın keçmişdə öz əvvəlki
şöhrətini itirmişdi, respublikamızı
bürüyən və gündən-günə yeni vüsət
alan inkişaf və yüksəlişlə heç cür
ayaqlaşa bilmirdi.
Bərdədən indi də yazıram. Özü də etiraf edirəm ki, böyük həvəslə, qürur hissilə yazıram. Bir vaxtkı arzularımız həqiqətə, görmək istədiklərimiz reallığa çevrildiyinə görə. Bəli, Bərdə indi də öz tarixinə, adına, çəkisinə, sanbalına uyğun bir sürətlə inkişaf edir.Yerli sakinlər də, elə qonaqlar da qürur və iftixar hissilə deyirlər: Bu yerdə qoca Bərdəni də, müasir Bərdəni də görmək olar. Qədim Bərdə qayğı və həssaslıqla qorunub saxlanıldığı, bərpa edildiyi kimi, cavan Bərdə də müasir üslubda, özü də sürətlə inkişaf edir. "Sürət" sözünü bu yazıda tez-tez işlədirik. Bu, əlbəttə, təsadüfi deyil. Düzdür, respublikamızın bütün bölgələrində inkişaf və yüksəliş, tikinti-abadlıq və quruculuq işləri aparılır. Ancaq cəsarətlə deyə bilərəm ki, heç yerdə Bərədədəki sürətin şahidi olmamışam. Bu sözləri ona görə belə qətiyyətlə yazıram ki, görülən işlərin əksəriyyəti bizim gözlərimiz qarşısındadır. Əvvəllər, az qala, bir ilə görülüb-başa çatdırılan işlər indi bir neçə həftənin, hətta bir neçə günün içində başa çatdırılır.
Alimlər, sosioloqlar, tarixçilər əsasən müqayisələri illərlə, ayrı-ayrı dövrlərlə aparırlar. Bərdədə isə vəziyyət bir qədər fərqlidir. Burada hər hansı müqayisə illərlə yox, ayrı-ayrı həftələrlə, hətta günlərlə aparılır. Bayaqkı sözün üstünə gəldik: "sürət". Şübhəsiz ki, Bərdədə görülən işlərə qeyri-adi sürət verən bir çox amillər var. Mən burada olanlardan yalnız biri üzərində dayanmaq istəyirəm: təəssübkeşlik, öz yurdunun, öz kəndinin, öz şəhərinin keçmiş şöhrətini qaytarmaq, onu daha abad və gözəl görmək istəyi.
Dəfələrlə şahidi olmuşam: şəhərdə aparılan hər hansı abadlıq-quruculuq, səliqə-səhman işlərinə ən ucqar kəndlərdən də insanlar gəlirlər. Onları bura heç kim dəvət etməyib. Ürəklərinin hökmü ilə gəlirlər. Ona görə də hərəsi bir işin qulpundan yapışır, həmin işin sürət və keyfiyyətlə getməsinə çalışırlar. Bu birlik, bu səfərbərlik, mənəvi-psixoloji mühit, əlbəttə, öz-özünə yaranmayıb.
Bu yerdə yadıma təxminən bir il bundan əvvəl şahidi olduğum bir məsələ düşdü. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin Həsənqaya kəndində səyyar qəbulu keçirilirdi. Çox çıxışlar oldu, həllivacib məsələlərdən danışıldı, arzu və təkliflər söylənildi. Qaytaran kişinin dediyi sözlər isə eynilə yadımdadı:
- Hərdən şəhərə yolum düşür. Həmişə də əsəbləşirəm. Bu boyda şəhərdə nə dincəlməyə, istirahət etməyə əməlli-başlı park, nə bir qurtum su içməyə bulaq var. Axı belə vəziyyət Bərdəyə yaraşmır.
İcra başçısı elə bil ki, bu anı gözləyirdi:
- Elə ona görə də sizinlə görüşə, götür-qoy etməyə gəlmişik. El gücü, sel gücü deyiblər. Gəlin birlikdə, əl-ələ verib rayonumuzu qaldıraq, tikək, quraq, gözəlləşdirək. Hərə öz həyət-bacasından, kəndindən başlasa yaxşıdır. Dayanıb baxmaqla iş olmaz. Heç kim kənardan gəlib bu məsələləri bizim əvəzimizə həll etməyəcək.
- Siz başlayın, səhərisi yanınızdaydıq. Bərdəlilər qədirbilən, qoçaq, sədaqətli adamlardır. Təki qabağa düşən, yol göstərən ola...
Aradan ildən artıq bir müddət keçib. Bizcə, indi
rayon icra hakimiyyətinin başçısı Vidadi
İsayevin Həsənqaya kəndindəki səyyar qəbulu
zamanı Qaytaran kişinin arzusunda olduğu məsələləri
gerçəkləşdirən bəzi faktları sadalamaq
yerinə düşərdi. Ötən müddət ərzində
4,5 hektar ərazidə "Qəhrəmanlar", 0,7 hektar ərazidə
Nüşabə, 2 hektar ərazidə mərkəzi istirahət
parkları salınmışdır. Əzəmətli
Bayraq meydanı inşa edilmiş, 21 bulaq, 8 fəvvarə
tikilmişdir.
Bəli, indi rəhbərlik etmək özünə təmtəraqlı
kabinet düzəltmək, bahalı maşınlarda gəzmək,
yerli-yersiz əmr və göstəriş vermək deyil. Adamlar sənə
inanmalı, ardınca getməli, hörmət və ehtiram bəsləməlidirlər.
Bu isə yalnız görülmüş işlərin
nəticəsi ilə ölçülür.
Sözsüz ki, Bərdə Rayon İcra Hakimiyyətinin
iş üslub və metodlarında, təşkilat-idarəetmə
məsələlərində nümunə götürməli,
örnək olası çox cəhətlər var. Biz isə
burada onlardan yalnız biri - adamlarla aparılan iş, onları
inandırmaq, səfərbər etmək, inam və ehtirama əsaslanan
mənəvi-psixoloji ab-hava yaratmaq barədə müşahidələrimizi
bölüşdük.
Vidadi
İsayev bir vacib məqama da toxundu:
- Ötən
əsrin 70-80-ci illərində xalqımızın
böyük oğlu, ümummilli lider Heydər Əliyevin ən
çox səfər etdiyi rayon Bərdə idi. Həmin
səfərlər, görüş və söhbətlər
bu gün də bərdəlilərin qəlbində əziz və
unudulmaz bir xatirə kimi yaşamaqdadır. Ulu öndər
rayona tarixi səfərlərinin birində demişdi: "Mən
ürəkdən istəyirəm ki, Bərdə
respublikamızın ən gözəl şəhərlərindən
biri olsun". Bəs Bərdənin il
yarım bundan əvvəlki görkəmi, inkişaf və
yüksəliş tempi ulu öndərin həmin müqəddəs
arzuları ilə nə dərəcədə səsləşirdi?
Əlbəttə, müsbət cavab vermək
çətindir. Yaxud ölkə Prezidenti
İlham Əliyev dəfələrlə Bərdəyə gəlmiş,
bir sıra obyektlərin açılışında, təməlqoyma
mərasimində iştirak etmişdi. Dövlət
başçısı arzu və təkliflərini, göstəriş
və tövsiyələrini vermişdir. Bəs
bu gündəlik diqqət və qayğı müqabilində
işlərin gedişini qənaətbəxş hesab etmək
olardımı? Yenə də yox!..
Son il yarım ərzində Bərdədə
görülüb-başa çatdırılmış,
görülməkdə olan genişmiqyaslı
tikinti-abadlıq və quruculuq işlərinin, əsaslı
yüksəliş və inkişafın ana xəttində məhz
bunlar - göstərilən yüksək inam və etimadı
konkret əməli işlə doğrultmaq cəhdi dayanır,
desək, heç də səhv etmərik.
Nəticələr isə, doğrudan da, fərəhləndiricidir
və qürur hissi doğurur. Gələcək daha
böyük layihələrdən və planlardan xəbər
verir. Əvvəlcədən onu qeyd edək ki, son il yarım ərzində iqtisadi, sosial və mədəni
sahədə əsaslı inkişaf və yüksəliş əldə
edilmiş, şəhər və kəndlər öz
simasını tanınmaz dərəcədə dəyişmişdir.
Rayonda ümumdaxili məhsul dəfələrlə
artmış, adambaşına düşən orta aylıq əmək
haqqı çoxalmışdır.
Rayon mərkəzində 31 kilometr küçələr
yenidən qurulmuş, divarlar müasir memarlıq üslubunda
tikilmiş, üzlənmişdir. Mühəndis-kommunikasiya
xətləri texniki normaya gətirilmiş, piyada yolları
tametlə üzlənmişdir. Heydər Əliyev
prospekti Yevlax şəhəri istiqamətində 2 kilometr,
Ağdam rayonu istiqamətində isə 2 kilometr
uzadılmışdır. Bir çox yerlərdə
səkilər və piyada yolları tikilmiş,
yaşıllıq zolaqları yaradılmışdır.
Həzi Aslanov küçəsi Tərtər
rayonu istiqamətində 2 kilometr genişləndirilmiş, ətrafda
istinad divarları çəkilmişdir. Zümürxan
kəndinin girişində park salınmışdır.
Küçə
və meydanlara 31,6 kilometr gecə
işıqlandırılması verilmişdir. Ümumiyyətlə,
239 obyekt yenidən qurulmuşdur. Bakı,
H.Aslanov və Koroğlu küçələri tam
asfaltlaşdırılmış, Bərdə-Mirzalıbəyli,
Qaradəmirçi-Alpoud yolunun xeyli hissəsi
abadlaşdırılmış, piyada yolu salınmış, ətraf
ərazi yenidən qurulmuşdur.
Gündəlik gücü 45 ton olan çörək
zavodu müasir texnologiya əsasında yeniləşdirilmişdir. Gündəlik
gücü 30 ton olan yeni çörək zavodu, 15 tonluq
soyuduculu ətkəsmə müəssisəsi tikilmişdir.
Təhlə kəndi ərazisində müvəqqəti
məskunlaşmış məcburi köçkünlər
üçün 195 ailəlik qəsəbə tikilmişdir. Həsənqaya
kəndi ərazisində 866 ailəlik qəsəbənin
tikintisinə başlanmışdır. Ərazidə
beton zavodu, 528 başlıq broyler fabriki yenidən
tikilmişdir. Hazırda Mehdili kəndində
2 min başlıq ətlik və 1000 başlıq südlük
istiqamətli heyvandarlıq kompleksi tikilir.
Artıq
ikinci Hacallı kəndində 220 şagird yerlik, Şahvəlilər,
Zümürxan və Soğanverdilər kəndlərinin hər
birində 360 yerlik məktəb binaları hazırdır. Mirzalıbəyli və Qullar kəndlərində isə
hər biri 220 yerlik məktəb binaları ucaldılır.
Pasport-Qeydiyat
Xidməti, Maliyyə İdarəsi, Qaradırnaq kəndində
həkim məntəqəsi, Baytarlıq İdarəsi
üçün inzibati binalar tikilmişdir. Əmirli
kəndində baytarlıq məntəqəsinin, Əmlak komitəsinin
inzibati binasının, 1 saylı Uşaq musiqi məktəbinin
tikintisində isə işlər sürətlə davam
etdirilir. Mərkəzi xəstəxananın
2 korpusu əsaslı təmir edilmiş və müasir tibbi
avadanlıqları ilə təmin edilmişdir.
Lənbəran, Qaradırnaq kəndlərində və
rayon mərkəzində içməli su üçün
artezian və subartezian quyular vurulmuş, suvarma məqsədilə
42 subartezian quyusu bərpa edilmişdir. Küçə
və meydanlarda ulu öndər Heydər Əliyevin 15 pannosu
ucaldılmış, Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün 17 fərdi
yaşayış evi tikilmişdir. 19 kommunal bina əsaslı
təmir edilmiş, 4 kommunal binanın ətrafı
abadlaşdırılmış, 7 istirahət güşəsi
yaradılmış, 351 obyektə gecə
işıqlandırılması verilmiş, 258 obyektdə
müasir reklam quraşdırılmışdır.
Təkcə
Həzi Aslanov küçəsinin ardı olaraq Bərdə-Tərtər
avtomobil yolu boyunca 4000 paqonometr bardür
düzülmüş, 9400 kvadratmetr istinad divarları
hörülmüşdür. 700 kvadratmetr istinad
divarları ağlayla, 800 kvadratmer istinad divarları dağ
daşları ilə üzlənmişdir. Cəmi 16500
kvadratmetr tamet döşənmiş, küçələrə
53991 kvadratmetr asfalt, meydanlara 2100 kvadratmetr qranit, 79700 kvadratmetr
ağlay üzlük çəklimiş, 1690 kvadratmetr
yaşıllıq zolaqları salınmışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə 24 min nəfərdən çox əhali yaşayan 14 kəndi
birləşdirən Alpoud - Mustafaağalı - Qaratəpə-Nazırlı
avtomobil yolu əsaslı təmir və bərpa olunmuşdur.
Bundan başqa, 21,4 kilometr kəndlərarası
yollar əsaslı təmir edilmişdir. Magistral
avtomobil yollarının keçdiyi Əliyanlı, Kətəlparaq,
Şirvanlı, Soğanverdilər, Şahvəlilər, Cəyirli,
Divanlı, Qaradağlı kəndlərinin giriş yolları
yenidən tikilmiş, yolkənarı divarlar müasir
memarlıq üslubunda qurulmuşdur.
Yolların
kənarlarında 275,3 min ədəd
ağac və gül kolları əkilmiş,
yaşıllıqlara xidmət etmək üçün 34
kilometr suvarma sistemi çəkilmişdir. Daha dəqiq desək,
rayonda 2,3 milyondan çox ağac və
gül əkilmiş, 7 kəndə giriş qapısı
tikilmişdir. Həyata keçirilmiş bütün bu
kompleks tədbirlər nəticəsində son ilyarım ərzində
rayonda 4853 yeni iş yeri açılmışdır ki, bunun
da 1850-si daimidir.
Bəli, Bərdənin son ilyarım ərzindəki, əgər
belə demək mümkünsə, möcüzəsi bax
bundan ibarətdir. Ancaq nə sadaladığımız fakt
və rəqəmlər, nə verdiyimiz fotoşəkillər
Bərdənin bugünkü gur, yaradıcı həyatını
tam əks etdirə bilmir. Görülüb
başa çatdırılmış genişmiqyaslı
tikinti-abadlıq və quruculuq işləri, inkişaf və
yüksəlişin yüksək dinamikası gərək
yaxından, gözlə görünsün. Bir sözlə,
qoca Bərdəni, onun tarixini, keçdiyi qəhrəmanlıq
yolunu, yeni Bərdəni, onun bu gününü, son dövrdəki,
az qala, əsrə bərabər inkişaf yolunu, heyrətamiz
gözəllik və yaraşığını görmək
istəsəniz mütləq yolunuzu buradan salın.
Necə deyərlər, yüz dəfə eşitməkdənsə,
bir dəfə görmək daha yaxşıdır.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2012.-15 sentyabr.- S.
10.