15 sentyabr - Bakının işğaldan azad edildiyi gün

 

XX əsrin əvvəlləri. Osmanlı dövlətinin ən böyük tənəzzülü dövrü artıq başlanmışdı. Daxildən çürüməyə başlamış saray üsul-idarə sistemi çökmək üzrə idi. Nə sultan əvvəlki sultanlardan idi, nə də dövlət. Müharibələr, dalbadal məğlubiyyətlər ölkəni ağır vəziyyətə salmışdı.

 

1914 - cü ildə beynəlxalq münasibətlərin kəskinləşməsi ilə çoxdan bəri bir-birinə meydan oxuyan, ərazi iddiları ilə çıxış edən bir sıra Avropa dövlətləri, nəhayət ki, əsas bəhanəni tapdılar. Avstriya-Macarıstan imperiyasının vəliəhdi Frans Ferdinandın serb millətçisi tərəfindən öldürülməsi I Dünya müharibəsinin başlanması üçün bəhanə oldu. Dünya iki qütbə "Antanta" və "Üçlər İttifaqı" adlı siyasi-hərbi bloklara bölündü. Bir-birinə qənim kəsilən bu blokda dünyanın, demək olar ki, bütün dövlətləri müharibəyə qoşulmuşdu. Osmanlı dövləti də həmin vaxt "Üçlər ittifaqı" blokuna qoşulmaqla müharibədə aktiv iştirak hüququnu bir növ təsdiqlədi.

Bu vaxt onsuz da istənilən hadisəyə duruş gətirməkdə çətinlik çəkən Osmanlı dövləti üçün bu müharibə sanki ölüm mələyinə çevrildi. Sinəsi ordenmedallarla dolu Osmanlı paşalarının əksəriyyəti müharibədə uğursuz nəticələr göstərir və torpaqlar tədricən itirilirdi. Doğrudur, o dövrdə Mustafa Kamal paşa, Kazım Qarabəkir paşa, Camal paşa, Ənvər paşa və qardaşı Nuru paşa kimi cəsur sərkərdələr də yetişmişdi. Güman da onlara idi.

O vaxt Azərbaycanda milli qüvvələrlə sosialist-bolşevikdaşnak qüvvələri arasında hakimiyyət mübarizəsi baş qaldırmışdı. Bakıda hakimiyyəti ələ keçirmiş Şaumyanın başçılıq etdiyi komissarlar şəhər və şəhərətrafı rayonlara nəzarət edirdi. 1918-ci ilin 28 Mayında Azərbaycanın müstəqilliyi Tiflisdə toplanmış Milli Şura üzvləri tərəfindən elan edildi. Bakı şəhəri bolşevik-daşnak hökumətinin əlində olduğu üçün Azərbaycan milli hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərirdi. Müvəqqəti hökumətin Gəncədə fəaliyət göstərdiyi dövr cümhuriyyətin ən çətin günləri idi. Dövlətimizin taleyi "ölumyaxud olum" məsələsinə çevrilmişdi. Ermənilərin ölkəmizdə törətdiyi qətliamlar getdikcə kütləvi xarakter alır və saysız - hesabsız soydaşımız vəhşiliyə məruz qalır və günahsız olaraq öldürülürdü. Artıq milli ədavət qızışmış və bunun qarşısını almaq mümkünsüz hal almışdı. Bakı Sovetinin rəhbərliyi nəinki bu hadisələrin qarşısının alınmasında maraqlı deyildi, hətta hadisələrin daha da qızışmasında və müsəlmanların qətlində birbaşa iştirak edirdi. Stepan Şaumyan Lalayevi Şamaxıya, Hamazaspı isə Qubaya göndərmişdi. O göstərişlərini digər komissarlarla, demək olar ki, müzakirə etmirdi. 1918-ci ildə Azərbacanda baş verən qırğınlarda təxminən yüz mindən çox insan həyatını itirmiş, əhaliyə külli miqdarda maddi ziyan və mənəvi zərbə vurulmuşdu. Artıq Gəncənin taleyi təhlükə altındaydı. Bir tərəfdən, bolşeviklər şəhərə yaxınlaşmaqda ikən, digər tərəfdən də Şərqi Anadoluda dinc əhaliyə divan tutmaqda məşhur olan qaniçən Andronik Zəngəzur, Göyçə və Qarabağ ərazilərində sürətlə irəliləyir, qırğınlar törədir və Şaumyanın qüvvələri ilə birləşməyə can atırdı. Belə olan təqdirdə yalnız bir dövlət - Osmanlı dövləti Azərbaycana yardım əlini uzada bilərdi. Bəzi məmurlar, ordu generalları Osmanlının özünün çox çətin vəziyyətdə qaldığı bir məqamda belə bir köməyin qeyri-mümkünlüyünü dilə gətirsə də turançılıq, türkçülük ideyaları ilə yaşayan hərbi nazir Ənvər paşa Azərbaycanın yardım məktubuna müsbət cavab verən ilk dövlət xadimi olur. O, Azərbaycana yardım məqsədilə ordu göndərmək barədə dərhal əmr verir. İlk olaraq Azərbaycana göndəriləcək ordunun komandanı Kazım Qarabəkir paşa seçilir. Amma onun Qarsda və Ərdahan ətrafında erməni quldur birləşmələrinə qarşı apardığı əməliyyatların hələ bitmədiyi əsas götürülərək bu qərardan daşınılır. Belə olduqda Mosul cəbhəsində ad-san qazanmış qardaşı Nuru paşanın cəsarətini və yüksək hərbçi xarakterini, eyni zamanda, dönməz milli əqidəsini nəzərə alan Ənvər paşa onu bu yürüşə komandan təyin edir.

Beləliklə, təxminən əlli minlik Türk Qafqaz İslam Ordusu Azərbaycana doğru istiqamət alır. İlk olaraq türk qoşunu Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə gəlib çatır. Türk Ordusu Gəncədə böyük cosqu ilə qarşılanır. Gəncəlilər, nəhayət ki, çoxdan bəri gözlədikləri qardaş Osmanlı əskərlərini görürdülər. Bu əskərlər onları mənfur Şaumyanın quldur ordusundan xilas etməyə gəlmişdi. Nuru paşanı Gəncədə rəsmi olaraq Azərbaycan Milli Şurasının üzvləri qarşıladılar. Hamı yaxşı anlayırdı ki, onların nicat yolu, qurtuluş yolu yalnız qəhrəman Türk əskərinin köməyi ilə mümkündür.

Gəncəyə yerləşən Osmanlı ordusu ilk növbədə şəhərin erməni məhəllələrinin tərkisilah edilməsi ilə məşğul oldu. Əvvəlcə onlara xəbərdarlıq edildi. Lakin onlar bu xəbərdarlığa atəş açmaqla cavab verdilər. Erməni silahlıları müqavimət göstərsələr də darmadağın edildi və tərkisilah olundu. Onu da qeyd edək ki, Türk Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarında ilk şəhidlərini məhz Gəncədə vermişdir. Ordunun Gəncəyə gəlməsi münasibətilə istiqlal şairimiz Əhməd Cavadın qələmə aldığı şeir, zənnimizcə qardaşlığa verilən böyük dəyər idi.

 

Qardaşlığın fərmanına baş əyib,

Məzlumların imdadına yetişdin.

Qaranlıqda süngü sənə yol açdı,

Sən o yolda muradına yetişdin.

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan Günəş sözünə.

 

Daha sonra Gəncədə qərarlaşan ordu Bakıya doğru istiqamət almağı hədəf götürdü. Əvvəla, Azərbaycanın sərhədlərinin bərpası əhalinin tam təhlükəsizliyi təmin edilməliydi. Bundan savayı, Nuru paşa qoşunlarının mayın 25-də Gəncəyə çatması Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bakı Sovetini vahiməyə salmış öz çirkin niyyətlərini həyata keçirmək üçün birbaşa Gəncəyə hücum planları qətiləşdirilmişdi. Bolşeviklər iki istiqamətdən - Şamaxı-Ağsu Hacıqabul-Kürdəmir istiqamətlərində yürüşə çıxmaqla Yevlaxa çatmaq istəyirdilər. Yolboyu bütün kənd qəsəbələr yenidən dağıdıldı, əhalinin mal-mülkü amansızcasına qarət olundu. Belə olduqda Nuru paşa artıq həlledici döyüşlərin labüd olduğunu bildirdi bolşevik-daşnak quldur birləşmələrinə layiqli cavab vermək barədə hücum əmrini verdi. Bakıya doğru yola çıxan Qafqaz İslam Ordusu Göyçay Qaraməryəm ətrafında gərgin döyüşlərə atıldı. Burada daşnak-bolşevik qoşunlarını darmadağın edərək, xeyli sayda əsir, top, silah-sursat qənimət götürdü. Bundan sonra türk qüvvələrinin bir qismi Kürdəmir, Ağsu, Şamaxı, Salyan, digər qismi isə Şəki, Quba, istiqamətlərində ağır döyüşlər keçirərək bolşevik qüvvələrini pərən saldı nəhayət, Bakını mühasirəyə aldı. Onu da qeyd edək ki, Bakıya gəlib çatana kimi, Qafqaz İslam Ordusu xeyli canlı qüvvə itirdi. Azərbaycan torpağında, özlərinə ikinci Vətən hesab etdikləri bu məmləkətdə torpağa tapşırılan türk əskərlərinin sayı-hesabı yox idi. Sonralar 1920-ci ilin aprelində sovet işğalından sonra bu torpaqlardakı türk əskərlərinin xalq tərəfindən ziyarətə çevrilmiş məzarları dağıdıldı yerlə-yeksan edildi.

Azərbaycandakı hərbi-siyasi vəziyyəti bütünlüklə nəzarətdə saxlayan Ənvər paşa orduda lazım olan bütün çatışmazlıqları tez bir zamanda aradan qaldırır, ingilislərin, rusların, hətta dünya müharibəsində onlara müttəfiq olan almanların belə təzyiqlərinə baxmayaraq, Nuru paşaya yazdığı məktublarda "Yapılması gərək olan şey gecikdirilməməlidir. Hədəfə yetişmək, Bakını azad etmək lazımdır",- deyə qəti şəkildə bildirirdi. Turana körpü olan Azərbaycanın paytaxtı Bakını almaq türklük üçün bir namus məsələsi idi bunu Ənvər paşa Nuru paşa qardaşları yaxşı dərk edirdilər.

Bakını mühasirəyə alan türk ordusu şəhərin dörd bir yanından bolşevik xuntasının qoşunlarına qarşı hücuma keçdi. Artıq bolşeviklərin bütün ümidləri tükənməkdəydi. Onlar sadəcə təslim olmaq istəmirdilər. Amma müzəffər Qafqaz İslam Ordusunun qarşısında dayanmaqda aciz idilər. Şəhərin müsəlman əhalisi böyük sevinc içərisində idi. Qardaş türk ordusu qərargahına dəstək imdad məktubları gəlməkdə idi. Belə məktubların birində deyilirdi:

"Ürəkaçan bu gözəl şəhəri zəbt etməsəniz, türkün ordusunun şərəfini indi içində olduğunuz xəndəklərdə basdıracaqsınız. Əgər siz bu sərvət qızıl şəhərini ələ keçirməsəniz, sevgili böyük Vətənimizə ən qiymətli bir hədiyyəni vermək fürsətindən məhrum olacaqsınız.

Əgər siz mavi dənizin bu məşhur şəhərini ələ keçirməsəniz, Qafqaz türkləri Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhərli xəncərin üzərinə "eyvah, türk bizə imdada gəlmədi" cümləsi yazılacaqdır...

Ey türk əskəri, əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən paltarı düşmən geyinəcəkdir. Sənin ayağın altında kəsilməli olan qurbanlar düşmənə qalacaq. Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək İslam qanları qızıl şərab kimi vəhşi işgəncələrlə axıdılacaqdır."

Məktubdan da göründüyü kimi, Bakı camaatı artıq türk ordusunun, nəhayət, vaxt şəhərə daxil olacağı intizarında idi.Və bu intizarın nəticəsi sevindirici oldu Bakını almaq uğrunda ağır mübarizə zəfərlə yekunlaşdı. Son dərəcə gərgin döyüşlərdən, çoxsaylı şəhid verdikdən sonra Osmanlı dövlətindən yardıma gəlmiş qardaş türk ordusu Azərbaycan Cümhuriyyətinin silahlı birləşmələrinin köməyi ilə mənfur Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik menşevik birgə qüvvələrini ağır məğlubiyyətə uğradaraq Bakıya daxil oldu. Yuxarıdakı məktubda yazılanlara uyğun olaraq şəhərin türk-müsəlman əhalisi küçələrə axışaraq türk ordusunu alqışlar dualarla qarşıladılar. O vaxt Bakının dini-ictimai mərkəzlərindən biri sayılan Təzəpir məsçidində Nuru paşa xalqın xilaskarı kimi təbrik nitqi söylədi. Azərbaycanın maraqlarını öz marağı bilən Nuru paşa haqlı olaraq deyirdi: "Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Azərbaycanın maraqları naminə yeni qurbanlar tələb olunarsa ona da hazırıq."

Ənvər paşanın qədim Oğuz yurdu Azərbaycana göndərdiyi müzəffər türk ordusu qəhrəman Nuru paşanın, Xəlil paşanın, Mürsəl paşanın, Rüşdü bəyin digər zabitlərin başçılığı ilə Bakını düşmənlərdən alıb Azərbaycan Cümhuriyyətinə hədiyyə etdi. Bu qədim şəhərimizi Türk dünyasına, İslam dünyasına yenidən bağışladı. Bakı əhalisini tamamilə qırılmaqdan, soyqırımından xilas etdi. Azərbaycanın aborigen, yerli əhalisi olan türkləri məhv olmaqdan, yox olmaqdan qurtardı. Bu gün minlərlə türk əskərinin məzarı xalqımızın əsas ziyarət yerinə çevrilmişdir. Bu ziyarətgahlar, xiyabanlar vaxtılə sovet hakim dairələri, dövlət işçiləri tərəfindən dağıdılsa da, bu gün müstəqil Azərbaycan dövləti onları yenidən bərpa etdirir. Azərbaycanın müstəqilliyinin qorunmasında, Bakının işğaldan azad edilməsində danılmaz xidmətləri olan Qafqaz İslam Ordusunun müzəffər əsgərlərinin xalqımızın tarixində hər bir azərbaycanlının qəlbində əbədi yeri var.

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2012.- 15 sentyabr.- S.7.