İMİŞLİ: qədim Mil-Muğan düzünün abad diyarı

 

Ulu öndərin diqqət və qayğısı unudulmur

 

İmişli Azərbaycanın ən gözəl rayonlarından biridir. İmişlililərin isə qonaqpərvərliyinə, işgüzarlığına, dövlətə sədaqətlərinə heç bir söz ola bilməz. Rayon Kür-Araz ovalığında, Mil-Muğan düzündə, Mərkəzi - Aran zonasında yerləşir, ərazisi 1890 kilometr, əhalisi 120 min nəfərə yaxındır. Rayonda 1 şəhər, 1 qəsəbə, 47 kənd olmaqla 49 yaşayış məntəqəsi vardır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə İmişli rayonuna xüsusi diqqət göstərmişdir. Ulu öndər 5 dəfə İmişli rayonunda səfərdə olmuşdur. Dövlət başçısı İlham Əliyev bununla bağlı demişdir: "Ulu öndər Heydər Əliyev İmişli rayonunda dəfələrlə olmuşdur. O, İmişli rayonunun inkişafına böyük diqqət yetirirdi".

 

Bu sözlərin nə dərəcədə həqiqəti ehtiva etdiyini İmişli əhalisi hamıdan yaxşı bilir. Çünki hələ sovetlər dönəmində rayonda tikinti-quruculuq işlərinin geniş vüsət alması, min bir zəhmət bahasına şoran torpaqların münbit vəziyyətə salınaraq sahələrdən bol məhsul götürülməsi, bir sözlə, böyük vüsətlə aparılan əmək yarışlarında imişlililərin həmişə qabaqcıllar sırasında olması yaxın keçmişimizin yaddaşlardan silinməyəcək xoş xatirələridir. Bu, həm də iftixar duyulacaq bir ənənənin mövcudluğundan xəbər verir. Bütün bunlar həm də , sözsüz ki, bilavasitə ulu öndər Heydər Əliyevin bütün postsovet məkanını lərzəyə salan yüksək idarəetmə məharətinin, təşkilatçılıq və insanları bir məqsəd və məram ətrafında səfərbər etmək, birləşdirmək kimi məhz əsl liderlərə məxsus xüsusiyyətlərinin bariz nümunəsi idi. Çox işlədilmiş bir kəlam var: heç nə unudulmur, heç kim yaddan çıxmır. Bundan sonra da neçə-neçə illər keçsə də, qədirbilən imişlililər böyük şəxsiyyətin bu rayon üçün etdiklərini unutmayacaq, həmişə minnətdarlıq duyğuları ilə xatırlayacaqlar.

 

Dövlət başçısı ənənəni davam etdirir

 

Bütün ölkə sakinləri kimi, imişlililəri də sevindirən, necə deyərlər, ürəklərini qurub-yaratmaq arzusu, gələcəyə güclü inam hissi ilə dolduran və yaşadan ulu öndərin müəyyənləşdirdiyi tərəqqi və inkişaf yolunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən eyni dəqiqliklə, eyni məharətlə davam etdirilməsidir. Dövlət başçısı 3 dəfə İmişli rayonunda olmuşdur. Bunu qətiyyətlə söyləmək mümkündür ki, bu səfərlərin hər biri rayonun sosial-iqtisadi inkişafına güclü təkan vermişdir. Prezident ilk dəfə İmişli rayonuna 2006-cı ilin mart ayının 23-də səfərə gəlmiş və İmişli Şəkər Zavodunun, Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev adına 8500 yerlik şəhər stadionunun və yenidən qurulmuş 2 saylı şəhər orta məktəbinin açılışında iştirak etmişdir. Növbəti dəfə 2010-cu ilin noyabr ayının 1-də İmişliyə gələn ölkə başçısı daşqınlardan zərər çəkmiş insanlar üçün yeni salınmış Allahmədətli qəsəbəsinin açılışında iştirak etmişdir. Prezident 2011-ci il may ayının 5-də də İmişliyə gələrək Olimpiya İdman Kompleksinin, İmişli-Qaravəlili-Mirili avtomobil yolunun, Araz çayının yeni qolu üzərində salınmış körpünün, Qarışıq Yem Zavodunun, Bitki Yağları Zavodunun, 40 min tonluq Xammal anbarının, Çuğundur Yem Qurutma Zavodunun açılışlarında və Kəllə Qənd Zavodunun təməlqoyma mərasimində iştirak etmişdir. Məhz ölkə başçısının qayğısı sayəsində Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri başa çatmaq üzrədir.

Göründüyü kimi, bütün bu səfərlər rayonun inkişafına xüsusi töhfə verməklə yanaşı, həm də İmişlinin ənənəvi kənd təsərrüfatı rayonundan sənayeyönümlü bölgəyə çevrilməsi prosesinin sürətlənməsinə təkan vermişdir.

 

Kənd təsərrüfatı: inkişaf təbiidir

 

Ancaq bu hal kənd təsərrüfatının sıxışdırılıb sıradan çıxması anlamına gəlmir. Çünki İmişlinin relyefinin tarixən kənd təsərrüfatının inkişafı üçün əlverişli olması öz növbəsində bu istiqamətdə möhkəm ənənələrin yaranmasına və formalaşmasına səbəb olmuşdur. Yəni, sözün qısası, təbii şərait burada sənayenin də, kənd təsərrüfatının da paralel inkişafı üçün olduqca əlverişlidir. Sözsüz ki, bu əlverişli şəraitdən düzgün istifadə yaxın illər ərzində İmişlinin istənilən səviyyədə sosial-iqtisadi tərəqqisini, layiq olduğu yeri tutmasını və tarixi şöhrətini qaytarmaq əzmini dəfələrlə gücləndirəcəkdir. Araz Damazlıq Quşçuluq MMC-nin və 50 min tonluq taxıl anbarının istifadəyə verilməsi və bu kimi obyektlərin sayının çoxalması, şübhəsiz ki, bu məsələnin həllində müstəsna rol oynayacaqdır.

 

Yeni mərhələ: abadlıq-quruculuq prosesi geniş vüsət alır

 

Obyektivlik hissini itirmədən, ədalət naminə qeyd etmək lazımdır ki, İmişli son illər respublikamızda baş verən dəyişikliklərlə, regionların sosial-iqtisadi inkişafını təmin edən Dövlət proqramları çərçivəsində həyata keçirilən nəhəng abadlıq-quruculuq prosesi ilə ayaqlaşmaqda çətinlik çəkirdi. Bu da sözsüz ki, rayonun sosial-iqtisadi inkişafını, tərəqqisini yubatmaqla yanaşı, insanların əhval-ruhiyyəsinə də mənfi təsir edir, sağlam ab-havanın yaranmasına və işgüzar mühitin formalaşmasına əngəl olurdu. Şükürlər olsun ki, bu məsələ də, necə deyərlər, artıq öz yoluna qoyulub - aprelin 14 - də ölkə başçısının sərəncamı ilə rayon rəhbərliyi təzələnib, İmişlini "sürətli inkişaf qatarına" çatdırmaq vəzifəsi Vilyam Hacıyevə həvalə olunub. Aradan keçən beş aylıq zaman məsafəsində rayonda planlı şəkildə həyata keçirilən tikini-quruculuq işləri ölkə başçısının bu qərarının düzgün və zəruriliyini bir daha təsdiqləyir.

Çünki məhz 14 aprel tarixindən sonra İmişlinin hər yerində sözün əsl mənasında yeniləşmənin ilıq nəfəsi açıq-aşkar şəkildə duyulur, insanların üzündəki donuqluq təbəssümə çevrilir, necə deyərlər, əl işə yatır, baxışlar daha da işıqlı sabahlara dikilir. Ola bilsin, kimsə bu dediklərimdə mübaliğəyə yol verdiyimi düşünə bilər. Elə bəri başdan bu düşüncədə olanlara məşhur "yüz eşitməkdən bir görmək yaxşıdır" atalar məsəlini xatırlatmaq yerinə düşür.

Müəyyən obyektiv səbəblərə görə, təxminən dörd aylıq fasilədən sonra İmişliyə gələndə mən də bu hissləri yaşadım və bir daha bu məsəlin yerinə düşdüyünə inandım. Çünki öz gözünlə görəndə yaşadığın təəssürat da bambaşqa olur. Budəfəki təəssürat isə doğrudan da qeyd olunmağa dəyər: rayonun demək olar ki, eyni zamanda hər tərəfində yeni binaların və sosial obyektlərin tikintisi və təmiri, park və meydançaların, küçə və yolların salınması və abadlaşdırılması, mişar daşlarının havaya qarışmış tozuqoxusu qəribə ahəng yaradır. Bu isə hər şeydən əvvəl görülən işlərin ürək yanğısı, böyük coşqu və həvəslə görüldüyünə dəlalət edir. Bir az da konkretləşdirsək, istənilən qədər misal çəkə bilərik. Ancaq oxucunu yormadan bir neçə misalla da kifayətlənmək olar.

Məsələn, bu fakt xüsusi vurğulanmalıdır ki, İmişli rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına Heydər Əliyev adına istirahət parkında abadlıq, yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Parkın ərazisi genişləndirilərək 18 min kvadratmetrə çatdırılmış, 3 giriş qapısı inşa edilmiş, 10 min kvadratmetr əraziyə tamet plitələr döşənmişdir.

Parkda 60 ədəd müasir oturacaq qoyulmuş, eyni zamanda, xaricdən gətirilən hündürlüyü 2 metr olan birplafonlu 60 ədəd, 3-5 plafonlu 20 ədəd işıq dirəyi quraşdırılmışdır.

Bundan əlavə, 7070 kvadratmetr ərazidə yaşıllıq zolaqları salınmış, 930 kvadratmetr ərazidə isə müasir üslübda fontan kompleksi quraşdırılmışdır.

Parkda əhalinin asudə vaxtını səmərəli keçirməsi üçün mədəni- kütləvi tədbirlərin təşkili məqsədilə 500 nəfərlik oturacaqdan ibarət konsert kompleksi tikilmiş və gələcəkdə daha da genişləndirilərək 1000 nəfərlik nəhəng konsert kompleksinə çevrilməsi nəzərdə tutulmuşdur.

Həmçinin 20 Yanvar və 31 mart soyqırımı abidə komplekslərinin əsaslı təmir işlərinə başlanılmışdır. Bu komplekslərdə beton örtüklər sökülərək götürülmüş, əraziyə çınqıl qatı verilərək hamarlanma işləri aparılmışdır. Hazırda həmin ərazinin ağlay tavaları ilə üzlənilməsinə başlanılmış, 346 kvadratmetr ərazidə yaşıllıq zolağının salınması, müasir elektrik fanarlarının quraşdırılması, eyni zamanda, elektriksu təchizatının yenidən qurulması nəzərdə tutulmuşdur.

Bu işlərlə yanaşı, əraziyə dekorativ tamet tavaların döşənməsinə də başlanılmışdır. Qeyd edək ki, abidə komplekslərinin divarlarının mərmər tavalarla üzlənilməsi də nəzərdə tutulmuşdur.

Ümummili lider Heydər Əliyevin abidəsinin ərtafına mərmər üzlük daşların döşənilməsini, yaşıllıqların suvarılması üçün müasir suvarma sisteminin quraşdırılmasını, parkın bütövlükdə hasara alınmasını rayon sakinləri böyük razılıq hissi ilə qarşılamışlar.

Hazırda İmişli şəhəri, sözün əsl mənasında, geniş tikinti meydançasını xatırladır. Belə ki, Heydər Əliyev prospektində, S.Fətəliyev, Əzizbəyov, A.Şadlınski, Ağamalıoğlu, 20 Yanvar, H.Aslanov küçələrində, SabirNizami adına istirahət parklarında geniş abadlıq-quruculuq işləri görülür.

Şəhərin giriş qapıları yenidən inşa edilir, hasarlar çəkilir və ağlay tavaları ilə üzlənir, küçələrdə müasir işıqlandırma sistemləri qurulur. Zənnimcə, rayonda abadlıq və yenidənqurma işlərinə cəlb edilmiş 40-a yaxın briqadanın səylə çalışmasını, tapşırıqların öhdəsindən vaxtında və keyfiyyətlə gəlmək üçün gecələrini gündüzlərinə qatdıqlarını xüsusi vurğulamaq yerinə düşər. Uzun illərdən bəri imişlililərin intizarında olduqları bir məsələnin də öz həllini tapması çox sevindiricidir. Söhbət, əlbəttə ki, Heydər Əliyev Mərkəzinin tikintisinə başlanılmasından gedir. Ən müasir layihə əsasında tikilən bu mərkəz, sözsüz ki, yaxın vaxtlarda rayonun simasını gözəlləşdirən, qonaqların diqqətini cəlb edən, sakinlərin zövqünü oxşayan möhtəşəm bir memarlıq abidəsinə çevriləcəkdir.

Hazırda rayon Tarix Diyarşünaslıq Muzeyində əsaslı təmir işləri aparılır, yeni Şahmat məktəbi inşa edilir.

Şəhərin Dəmiryol Vağzalının qarşısında bölgədə ən böyük Bayraq Meydanının salınmasına başlanılmışdır.

Yuxarıda qeyd olunan küçələrdə ticarət və xidmət obyektlərinin fasad və dam örtükləri müasir memarlıq üslubuna uyğun dəyişdirilir. Eyni zamanda, ictimai yaşayış binalarının dam örtükləri müasir tipli dam örtükləri ilə əvəzlənir, fasad hissələri isə müxtəlif ornamentli ağlay daşlarla üzlənir. Həmçinin rayonun əksər küçələrində vətəndaşlara məxsus darvazalar dəyişdirilərək eyni formalı müasir və yaraşıqlı darvazalarla əvəz edilir. Həmin küçələrin və Bayraq Meydanının işıqlandırılması məqsədilə sifariş edilmiş 350 ədəd ən müasir işıqlandırma dirəyinin 100-ü artıq quraşdırılmışdır.

Şəhərin ərazisində yeni "Novruz Meydanı"nın salınması da nəzərdə tutulmuşdur.

Qeyd edək ki, uzun onillər boyu rayonda çox ciddi şəkildə ehtiyac duyulan bir məsələnin - sukanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına da başlanılmışdır. İlkin olaraq Beyləqan rayonu istiqamətindən 29 kilometr məsafədə magistral su xəttinin çəkilişi artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda şəhər ərazisində içməli su xətlərinin və kanalizasiya sisteminin çəkilişi işlərinə də başlanılacaqdır. Layihə tam həyata keçdikdən sonra İmişli şəhərinin 35 min nəfərdən çox əhalisi keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Gələcəkdə magistral su kəməri vasitəsilə bir çox kəndin içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

...Göründüyü kimi, rayonda başlanmış işlərin demək olar ki, hamısı tamamlanmaq üzrədir. Alın tərinin qarışdığı bu işlərin hər biri barədə bəlkə də ayrıca söz açmağın, daha ətraflı bəhs etməyin zərurəti bax, o zaman yaranacaq. Hələliksə bizim öhdəmizə düşən qurub-yaratmaq amalı ilə yaşayan insan oğluna bu niyyəti diləməkdir: qəlbin təpərdən, gözün nurdan düşməsin, ürəyin arzudan, əlin işdən soyumasın!

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2012.- 16 sentyabr.- S. 6.