"Əsrin
müqaviləsi" - Azərbaycanın neft
strategiyasının şanlı səhifəsi
Əsrin müqaviləsi ilə
qoyduğumuz təməl XXI əsrdə Azərbaycan
xalqının inkişafı, firavan həyatı, müstəqil
Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi
üçün gözəl imkanlar yaradır və
inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti
üçün ən xoşbəxt dövr
olacaqdır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Heydər Əliyevin 1993-cü ildə
xalqın iradəsi və təkidli xahişi ilə yenidən
hakimiyyətə qayıdışı Azərbaycanın
siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin
başlanğıcının əsasını qoydu. Müstəqillik
yolunda öz kövrək addımlarını atan ölkəmizi
labüd fəlakətlərdən xilas edən ulu öndər
Heydər Əliyevin qarşıya qoyduğu prioritet məsələlərdən
biri də iqtisadi yüksəlişi təmin etmək idi.
Müdrik şəxsiyyət bunun üçün ciddi tədbirlər
görməyə başladı. Həmin dövrdə
respublikada ümumi daxili məhsul istehsalında orta hesabla 20 -
23 faiz geriləmə baş verirdi. Ölkədə
yaranmış geriliyin aradan qaldırılması
üçün bütün imkanlardan səmərəli
istifadə olundu. Həyata keçirilən islahatlar və tədbirlər
nəticəsində iqtisadiyyatda yaranmış tənəzzül
tədricən aradan qadırılırdı.
Azərbaycan
iqtisadiyyatının dirçəldilməsində əsas
vasitələrdən birini xarici sərmayələrin ölkəmizə
cəlb olunmasında görən ulu öndər bu sahədə
qətiyyətli addımlar atdı. Bundan ötrü ilk
növbədə ölkədə davamlı ictimai - siyasi
sabitlik yaradılmalı idi. Ölkədə
yaradılmış ciddi nizam - intizam ictimai - siyasi sahədə
sabitlik yaradılmasından xəbər verirdi. Bu da xarici
şirkətlərin diqqətindən yayınmırdı .
İlk növbədə isə Heydər Əliyevin dövlət
idarəçiliyindəki zəngin təcrübəsi və
siyasi uzaqgörənliyi xarici şirkətlərdə ölkəmizə
sərmayə qoymaqda böyük inam yaratmışdı. Yeni
neft strategiyasının hazırlanmasının və
uğurla həyata keçirilməsinin ən fəal
iştirakçılarından biri olan, həmin dövrdə
ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı
İlham Əliyev danışıqlar prosesinə cəlb
edildi. Onun bütün fəaliyyətinin mərkəzində
özünün qeyd etdiyi kimi, möhkəm ideya dururdu. O,
özü bu barədə demişdi:"Bizim məqsədimiz
təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait
əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz
neftdən gələn bütün mənfəətləri həm
siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri
Azərbaycan xalqının gələcək mənafeyinə,
rifahına yönəltməkdən ibarətdir".
"Əsrin
müqaviləsi" ilə bağlı
danışıqların 1994-cü ilin yazında və
yayındakı İstanbul və Hyustondakı son mərhələləri
xüsusilə ağır keçdi. Bəzən böhran
anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi
ucbatından danışıqlar dayandırılma məqamına
çatırdı. Həmin anı cənab İlham Əliyev
belə xatırlayır: "Biz xarici şirkətlərə
deyirdik: siz ayrı-ayrı şirkətlərin
maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin
və Azərbaycan xalqının maraqlarını müdafiə
edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin
şirkətin yalnız bir layihəsində öz əksini
tapacaq, əgər biz səhv etsək, bu səhv bütün
Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir.
Başqa sözlə, biz heç cür heç bir səhvə
yol verə bilmərik". Bütün çətinliklərə
baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə
uyğun hazırlandı.
1994-cü
il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin
Azərbaycan sektorundakı "Azəri",
"Çıraq", "Günəşli"
yataqlarının dərin sulu qatlarındakı neftin birgə
işlənməsi haqqında "hasilatın pay
bölgüsü" tipli müqavilə imzalandı.
Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə
görə sonralar "Əsrin müqaviləsi"
adlandırılmış, təxminən 400 səhifə həcmində
və 4 dildə öz əksini tapmışdıır. "Əsrin
müqaviləsi"ndə dünyanın 8 ölkəsinin -
Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə,
Norveç, Yaponiya və Səudiyyə Ərəbistaının
- 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott,
Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Eksson, Türkiyə
Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak
etmişdir. Bununla da "Yeni neft strategiyası" və
doktrinası uğurla həyata keçirilməyə
başlandı.
"Əsrin
müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən ratifikasiya edildi və 1994-cü il
dekabrın 12- də qüvvəyə mindi. İlk dəfə
hesablanmış çıxarıla bilən neft ehtiyatı
511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə
görə bu ehtiyat 730 milyon tona çatmışdır.
Bununla əlaqədar yataqların işlənilməsinə tələb
olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları
qəbul edilmişdir: ümumi təmiz gəlirdən Azərbaycanın
payına 80 faiz, sərmayəçilərin payına 20 faiz
düşürdü.
Ölkəmizin
beynəlxalq aləmdə nüfuzunu artıran bu zəruri sənədin
imzalanması ilə Azərbaycan Xəzər dənizi və
onun enerji ehtiyatlarını bütün dünyanın
üzünə açdı. Bu tarixi hadisənin ölkənin
gələcəyi üçün nə dərəcədə
əhəmiyyətli olduğu barədə hələ bundan
sonra da çox dəyərli fikirlər səsləndiriləcək.
Ən başlıcası ona görə ki, bu müqavilə
Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya
blokadası şəraitində olduğu bir vaxtda
imzalanmışdı. Həmin dövrdə ölkəmiz
haqqında dünyada geniş təsəvvür belə yox
idi. Azərbaycan üçün həyati əhəmiyyətli
olan bu müqavilə həm respublikamızın daxilində
sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə
böyük uğurların əldə olunmasında müstəsna
əhəmiyyət kəsb edirdi. Bu tarixi hadisə
xalqımızın yaddaşında əbədi yaşayacaq.
Çünki məhz bu tarixi addımla müstəqilliyini bir
daha sübut edən Azərbaycan öz sərvətlərinə
tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib.
Milli sərvətlərimizdən müstəqil dövlətimizin
və xalqımızın rifahı naminə istifadə
olunması, illərlə imperiya maraqlarına xidmət
etmiş karbohidrogen ehtiyatlarının qüdrətli və
inkişaf etmiş Azərbaycanın formalaşması
üçün istismarı, bu məqsədlə xarici
investisiyaların cəlb olunması üçün cəsarətli
siyasi addımlar atılıb.
"Əsrin
müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan
Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və
təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə
işlərə başlandı. Bu saziş sonradan
dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə
30-dək sazişin imzalanması üçün yol
açmış və həm karbohidrogen ehtiyatlarının
miqdarına, həm də qoyulan sərmayələrin həcminə
görə dünyada bağlanan ən iri sazişlər
siyahısına daxil olmuşdur. Üç il sonra, 1997-ci ilin
noyabrında "Əsrin müqaviləsi"nin
iştirakçılarından ibarət Azərbaycan Beynəlxalq
Əməliyyat şirkəti "Çıraq"
yatağının ilk quyusundan neftin fontan vurmasına nail oldu.
Bu andan
başlayaraq həmin yataqdan 24,5 milyon ton
neft və 3,5 milyard kubmetr qaz hasil edilmişdir.
İmzalanmış neft sazişləri üzrə Azərbaycanın
neft sənayesinin inkişafı üçün nəzərdə
tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6
milyardı dəniz yataqlarının mənimsənilməsinə
və perspektivli strukturlarda axtarış-kəşfiyyat
işlərinin aparılmasına yönəldilmişdir.
Müqavilənin həyata keçirilməsinə
başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında əsaslı
dönüş yarandı və böyük işlərə
başlandı. Bu, ulu öndər Heydər Əliyevin
siyasi uzaqgörənliyinin bariz nümunəsi idi.
Dünyanın ən böyük neft şirkətləri
ilə neft müqaviləsinin Azərbaycanda imzalanması beynəlxalq
aləmdə böyük əks - səda doğurmuşdu. Düyanın
tanınmış neft mütəxəssisləri və ictimai
- siyasi xadimləri bu tarixi hadisəni Heydər Əliyevin
siyasi iradəsinin və uzaqgörənliyinin məhsulu kimi dəyərləndirirdilər.
Həmin dövrdə bp -nin prezidenti
olmuş lord Con Braun Prezident Heydər Əliyevlə
görüşərkən demişdi: "Həqiqətən
Sizin qətiyyətiniz, əzminiz nəticəsində bir
vaxtlar yuxu kimi, yalnız arzu kimi görünən məsələlər
indi həqiqətə çevrilmək üzrədir. Sizin neft və qaz strategiyanız, siyasətiniz
uğurla həyata keçir və dünyada əfsanə kimi
görünən neft kəməri (Bakı - Tbilisi - Ceyhan)
artıq reallığa çevrilir. Hazırda
işlər gedir və bu işlərin hamısı bir vaxtlar
Sizin əkdiyiniz toxumlardır ki, indi cücərməyə
başlayır. Bütün bu işlərin
hamısına Sizin qətiyyətiniz sayəsində
müvəffəq olmuşuq".
1999-cu
ilin noyabrında Türkiyənin İstanbul şəhərində
keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə,
Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan
prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC)
"Əsas İxrac Neft Kəməri"nin çəkilişi
haqqında dövlətlərarası Müqavilə
imzalanmışdır. 1999-cu ilin dekabrında Azərbaycanın
"mənfəət nefti" ilə doldurulmuş ilk tanker
dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən
valyuta ümummilli liderimiz Heydər Əliyev tərəfindən
yaradılmış Azərbaycan Respublikası Dövlət
Neft Fonduna daxil oldu və ölkəmizin iqtisadi qüdrətinin
artırılması ilə yanaşı əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasına da sərf olundu.
2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal
terminalında ümummilli liderimiz Heydər Əliyevin,
Türkiyə və Gürcüstan prezidentlərinin
iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin
təməl daşı qoyulmuş və tikintisinə
başlanmışdır. BTC-nin Azərbaycan
hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi
2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan
şəhərində XXI əsrin ən böyük enerji
layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəmərinin təntənəli
açılış mərasimi keçirildi. Hamıya
əfsanə kimi görünən əsas ixrac neft kəməri
möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin fəaliyyəti
və siyasi iradəsi nəticəsində reallaşdı.
Bundan sonra ölkəmiz dünya birliyində iri
infrastruktur layihələrin reallaşdırılmasına
qadir dövlət kimi tanındı.
Əsas ixrac neft kəmərinin texniki-iqtisadi əhəmiyyətindən
başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri
dünya dövlətləri ilə Azərbaycan dövlətinin
yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan
xalqının əlaqələrinin yenidən qurulmasına təkan
verdi, Azərbaycanın xarici siyasətinin
güclənməsinə və inkişaf etməsinə əlverişli
şərait yaradı.
Neft strategiyasının mühüm tərkib hissəsini
xarici şirkətlərlə birlikdə hasil olunan neftin və
qazın nəqlini və xarici bazarlara ixracını təmin
edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun
yaradılması təşkil edir. Neft strategiyasının həyata
keçirilməsinin ilk illərində əvvəlcə
Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri
yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və
irimiqyaslı ixracını təmin etmək məqsədi ilə
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan
əsas neft ixrac və Bakı-Tbilisi -Ərzurum qaz ixrac boru kəmərləri
tikilərək, istismara verildi. Bakı-Tiflis-Ceyhan
və Bakı-Tbilisi -Ərzurum əsas ixrac boru kəmərlərinin
fəaliyyət göstərməsi və bu kəmərlərlə
neftin və qazın nəqlinin ildən-ilə genişlənməsi
neft strategiyasının mühüm qələbəsidir.
Təbii ki, bütün bunlar Azərbaycan
Prezidentinin yüksək intellektli və praqmatik
düşüncəli olmasının nəticəsidir.
Xəzər dənizi ilə Aralıq dənizini
birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti
sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara
genişmiqyaslı nəqli və ölkədə
çoxvariantlı ixrac strategiyasının həyata
keçirilməsi üçün əlverişli imkan
yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir
neçə dəfə artdı. Bakı-Tbilisi -Ceyhan və
Bakı-Tbilisi -Ərzurum əsas ixrac boru kəmərlərinin
fəaliyyət göstərməsi Azərbaycan,
Gürcüstan, Türkiyə ilə Mərkəzi Asiya regionu
arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin
inkişafına təkan verdi. Təbii ki, bütün bunlar Azərbaycan Prezidentinin
yüksək intellektli və praqmatik düşüncəli
olmasının nəticəsidir.
Neftdən
əldə edilən gəlirlər hesabına bu gün
ölkəmizin bütün sahələrində sürətli
inkişafa nail olunmuşdur. İdeya müəllifi möhtərəm
Prezidentimiz İlham Əliyev olan çoxlu sayda dövlət
proqramları işlənib hazırlanmış, ölkənin
sosial - iqtisadi inkişafı yeni mərhələyə qədəm
qoymuş, səhiyyə, təhsil, mədəniyyət, idman və
turizm sahələrində əsaslı dönüş
yaradılmış, kadr potensialının
artırılması istiqamətində də mühüm tədbirlər
həyata keçirilmişdir. Möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən islahalar Azərbaycanı dünya birliyinin
layiqli üzvlərindən birinə çevirməkdədir.
Hazırda Azərbaycan Avropanın enerji
resurslarının təmin olunmasında əsas ölkələrdən
biridir.
"Əsrin müqaviləsi" ilə əsası
qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi
ölkəmizin bütün sahələrində
özünü əsaslı şəkildə büruzə
verir. Hazırda Azərbaycan regionun lider dövlətidir.
Ölkəmizin iqtisadi qüdrətinin
artması Milli Ordumuzun daha da formalaşmasına da öz təsirini
göstərib. Hazırda ölkəmizdə
ordu quruculuğuna ayrılan vəsait Ermənistanın
dövlət büdcəsindən çoxdur. Müstəqil
dövlətimiz həmçinin , regional və
qlobal iqtisadi layihələrin aparıcı
iştirakçılarından birinə çevrilib. Bu gün respublikamızda əldə edilən bütün
iqtisadi uğurların başlanğıcında məhz milli
neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini
və təməl daşını isə ümummilli liderimiz
Heydər Əliyevin müəllifi olduğu "Əsrin
müqaviləsi" təşkil edir.
Azərbaycan
neft ixracından əldə edilən vəsaitlər
hesabına beynəlxalq aləmdən yardım alan
ölkədən, ölkə xaricində iqtisadiyyatın
müxtəlif sahələrinə investisiyalar yatıran
investora çevrilib.
Ümummilli
iider Heydər Əliyevin fərmanı ilə hər il sentyabrın 20-si "Neftçilər
Günü" kimi qeyd olunur. Hər il olduğu
kimi, bu il də neftçilər qarşıdan gələn
bayramı böyük töhfələrlə
qarşılamağa hazırlaşırlar.
Sona MƏMMƏDBƏYOVA,
filologiya üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2012.- 16 sentyabr.- S.
4.