Antiazərbaycan meylləri yoxsa, ədalətsizliyin
son həddi
Son günlər Ermənistanda
ictimai-siyasi vəziyyətin gərginləşməsi və
beynəlxalq aləmdə ermənilər tərəfindən
antiazərbaycan meyllərinin formalaşdırılması cəhdləri
müşahidə olunmaqdadır. Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin zabiti, Macarıstanda ömürlük
həbs cəzasına məhkum olunmuş Ramil Səfərovun
2012-ci ilin 31 avqustunda ölkəmizə ekstradisiya edilməsinə
və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev
tərəfindən əfv olunmasına Ermənistan
qeyri-sağlam reaksiya verərək isterik şoular düzənləmişdir.
Ermənistan
bu təhdidlərlə beynəlxalq təşkilatlar səviyyəsində
müzakirə olunan Qarabağ problemində
işğalçı imicini pərdələmək və
öz mövqelərini möhkəmləndirmək
üçün fəallıq göstərir. Ermənistanın
isterik bəyanatlarından da görünür ki, onlar Ramil Səfərovun
ekstradisiyası və azadlığa buraxılmasını qəbul
edə bilmir və milli ordumuzun zabitinin yenidən həbsə
atılması üçün bütün vasitələrdən
istifadə edirlər. Vəziyyət o həddə
çatmışdır ki, Ermənistanın xüsusi xidmət
orqanları tərəfindən Azərbaycana qarşı təxribat
pozuculuq və terrorçuluq aksiyalalarının törədilməsi
planlaşdırılıb. Eyni zamanda, müxtəlif
informasiya vasitələrində erməni terror təşkilatları
tərəfindən də Azərbaycan Respubldikasının vətəndaşlarına
qarşı təhdid xarakterli bəyanatlar yayılır.
Hesabında
milyona yaxın günahsız insanın qətli olan "erməni
terroru" 100 ildən artıq tarixə malikdir. Xüsusən
Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan
ərazilərinin işğalı ilə nəticələnmiş
hərbi əməliyyatlara dəstək məqsədilə
1988 - 1994-cü illərdə Ermənistan tərəfindən
Azərbaycan ərazisində dinc əhaliyə və vacib
infrastruktur obyektlərinə qarşı cəbhə bölgəsindən
uzaqlarda xeyli terror aktları və aksiyaları həyata
keçirilmişdir. Həyata keçirilmiş 22 terror
aktı nəticəsində 2000 nəfərdən artıq
insan həlak olmuşdur.
XX əsrin
əvvəllərində yüz minlərlə türk-müsəlmanın
qatili olmuş Dro, Andranik Ozanyan, Qaregin Njde, Soqomon Teyleryan kimi
şəxslər bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə
qaldırılmış, onların adları müxtəlif
formada əbədiləşdirilmişdir. İrəvan şəhərinin
Yerablu hərbi məzarlığında ASALA-nın
ölmüş üzvlərinin xatirəsinə həsr
olunmuş abidə-kompleksi mövcuddur. Əhalinin müxtəlif
təbəqələri, o cümlədən dövlət rəhbərliyi
tərəfindən anım mərasimləri təşkil
edilir və ölmüş terrorçular ziyarət edilir. Erməni
qriqorian kilsələri nəinki Ermənistanda, hətta
dünyanın hər yerində terrorda zərərsizləşdirilmiş
və öldürülmüş terrorçuların
ruhları üçün dua etməklə yanaşı,
onları "böyük əzabkeşlər"
adlandıraraq utanmadan adlarını uca tutur və bu üsulla
Türk dünyasına və ümumilikdə bəşəriyyətə
qarşı törədilən quldur əməllərə
haqq qazandırırlar.
Dünya
praktikasında terrorçuların hərəkətlərinə
qiymət verilməsi və ekstradisiyasında ikili yanaşma
mövcuddur. Bu hal xüsusən erməni terrorçularına
daha çox şamil edilir, onlar müxtəlif bəhanələrlə
azadlığa buraxılır.
İtaliyada
uzun müddət qanlı terror tədbirləri törətmiş
"Qırmızı briqada" terrorçu təşkilatın
üzvü Marina Petrella 15 il ərzində Fransada sərbəst
yaşadıqdan sonra İtaliyanın xahişi ilə 2007-ci
ildə Paris ətrafında həbs olunmuşdur. Hələ
İtaliya məhkəməsinin 1992-ci il tarixli qərarı ilə
1981-ci ildə törədilmiş polis zabitinin qətlinə,
eləcə də adam və silah oğurluğu daxil olmaqla digər
cinayətlərə görə Petrellaya ömürlük
azadlıqdan məhrumetmə cəzası verilmişdir. Fransa
məhkəməsi isə onun ekstradisiyası haqqında qərar
qəbul etmişdir. Məhkəmə qərarını ləğv
etmək və ya dəyişmək səlahiyyəti olmayan eks
Fransa Prezidenti Nikolya Sarkozi İtaliyanın keçmiş
baş naziri Silvio Berluskoniyə Böyük Səkkizliyin
2008-ci ildə keçirilmiş zirvə
görüşündə ölkəsinin Petrellanı əfv
olunmaq şərtilə İtaliyaya verəcəyini
bildirmişdir. Yəni Fransa prezidenti İtaliyada terror əməlləri
törətmiş Petrellanı qeyd-şərtsiz ekstradisiya etməli
olduğu halda, onun İtaliyada əfvi ilə əlaqədar
İtaliya baş nazirindən təminat almışdır.
11 sentyabr
1992-ci ildə Kəlbəcər rayonunda saxlanılmış,
Ermənistanda dislokasiya olunmuş Rusiya silahlı qüvvələrinin
7-ci ordusunun (39826 saylı hərbi hissə) hərbi
qulluqçuları olan şəxslər və sıravilər
- Yarovlaf Yevsteqneyev, Vladislav Kudinov, Konstantin Tukiş, Andrey
Filipkov, Mikail Lisovoy və baş leytenant Vladimir Semyon Azərbaycan
Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı
ilə azadlıqdan məhrumetmə və ölüm cəzasına
məhkum edilmişdir. Məhkəmə onları 15 iyun 1992-ci
ildə Ağdərə rayonunun Sırxavənd kəndi
uğrunda gedən döyüşlərdə iştirak etməkdə,
o cümlədən həmin döyüşdə Azərbaycan
ordusunun xeyli sayda əsgərini öldürməkdə təqsirli
bilmiş və V.Semyon 15 il müddətinə azadlıqdan məhrumetmə,
qalanları isə ölüm cəzasına məhkum
olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 693
saylı 3 sentyabr 1993-cü il tarixli qərarı ilə Rusiya
Federasiyasının Prezidenti B.N.Yeltsin və Rusiya
Federasiyası Ali Sovetinin sədri R.İ.Xasbulatovun müraciətlərini
nəzərə alaraq həmin şəxslər Rusiya
Federasiyası dövlət orqanlarına təhvil
verilmişdir. Adları çəkilən hərbi
qulluqçular Rusiyaya gətirildikdən sonra azadlığa
buraxılmışdılar. 1991-ci il yanvar ayının 9-da
jurnalist Salatın Əsgərova və rus hərbçilərinin
ölümü ilə nəticələnmiş terror
aktında iştiraka görə həbs olunmuş Artaşes
Mkrtıçyan, Manvel Sarksyan, Artur Zaxaryan, Artaşes Zaxaryan,
Yenok Osipyan, Arvid Manqasaryan, Qaqik Arutyunyan və Qarnik Arustamyan cəzalarının
qalan müddətini Ermənistan ərazisində çəkilməsi
şərtilə girov götürülümüş
Xocalı sakinləri və digər azərbaycanlı vətəndaşlarla
dəyişdirilmişdilər. Lakin Ermənistanda adı
çəkilən cinayətkarlar azadlığa
buraxılmışdılar.
Həmçinin,
Dağlıq Qarabağ ərazisində dinc azərbaycanlılara
qarşı kütləvi qətllərdə iştirak
etmiş Karlen Ayrumyan, Suren Saturyan, Stanislav Sərdaryan, Aleksandr
Qriqoryan, Jon Araperyan, Qərib Arutyunyan, Qabriel Qayamyan və Emil
Balayan da cəzalarının qalan müddətini Ermənistan
ərazisində çəkilməsi şərtilə girov
götürülmüş, dinc Azərbaycan sakinləri ilə
dəyişdirilmişdir. Bu cinayətkarlar da Ermənistana təhvil
verilən kimi azadlığa buraxılmışdır.
Törətdikləri
əməllərə görə ayrı-ayrı ölkələrdə
çoxsaylı qətllərdə ittiham edilərək məhkəmə
hökmü ilə məhkum olunmuş erməni cinayətkarlarının
ekstradisiyası və sonradan əfv edilərək qəhrəmanlaşdırılmasının
isə kifayət qədər nümunəsi mövcuddur.
Azərbaycan
Xalq Cümhuriyyətinin baş naziri olmuş Fətəli xan
Xoyski 1920-ci ilin 19 iyununda Tbilisi şəhərində "Daşnaksütyun"
partiyasının üzvü Aram Yerqanian tərəfindən
qətlə yetirilmiş və cani Ermənistanın milli qəhrəmanı
elan edilmişdir.Daha sonra daxili işlər naziri olmuş Behbud
xan Cavanşir 17 iyul 1921-ci ildə İstanbulda erməni
terrorçusu Misaq Torlokyan tərəfindən qətlə
yetirilmişdir. Qatil 1921-ci ildə Britaniya hərbi
tribunalının qərarı ilə təqsirli bilinmiş,
lakin "cinayəti törədən an anlaqsız
olması" bəhanəsi ilə məsuliyyətdən azad
edilmişdir. Sonradan o, Yunanıstan, Almaniya və ABŞ-da
yaşamışdır.
VarujanKarapetyan
1983-cü il 15 iyul tarixində Orli hava limanında törədilmiş
terror aktına görə 1985-ci ildə Parisdə məhkəmə
qərarı ilə təqsirli bilinmiş və
ömürlük həbs cəzasına məhkum
edilmişdir. Erməni mənbələrinə görə,
Ermənistan prezidenti Robert Koçaryanın müraciətindən
və ASALA təşkilatının terror aksiyalarının
yenidən başlamaq barədə hədələrindən
sonra 2001-ci il 24 aprel tarixində Ermənistan vətəndaşı
olmadığı halda, bu ölkəyə ekstradisiya
edilmişdir və yenə də bu respublikanın vətəndaşı
olmadığı halda prezident tərəfindən əfv
olunmuşdur. Təəsüflər olsun ki, Ermənistanın
baş naziri Andranik Markaryan terrorçunu qəbul etmiş və
o qəhrəman qismində ictimaiyyətə təqdim
olunmuşdur.
Varujan
Karapetyanın törətdiyi cinayətin
iştirakçısı olmuş Suran Nayriyan da 1994-cü ildə
həbsdən azad edildikdən sonra Ermənistana gəlmişdir.
Monte
Melkonyan 1980-ci ildə ASALA-ya üzv olmuşdur. Sonradan
ASALA-nın rəhbərlərindən birinə çevrilən
Monte ASALA-P adlı müstəqil terror təşkilatını
da yaratmış və dəfələrlə türk
diplomatlarına və müxtəlif dövlətlərin vətəndaşlarına
qarşı qətllər və partlayışlar həyata
keçirmişdir. Roma, Afina və digər şəhərlərdə
keçirilən əməliyyatlarda fəal iştirak
etmişdir. 1981-ci ildə Parisdə Türkiyə səfirliyinin
binasının tutulması əməliyyatının planlanması
və həyata keçirilməsinə yardım etdiyi
üçün həbs edilmiş, lakin həmin il
azadlığa buraxılmışdır. 1985-ci ildə
terrorçuluq fəaliyyətinə və qanunsuz silah
saxlanılmasına görə Parisdə 6 il həbs cəzasına
məhkum edilmiş, 1989-cu ildən həbsdən azad
edilmişdir. 1990-cı ildə Ermənistana gəlmiş və
təntənə ilə
qarşılanmışdır.Qarabağ müharibəsində
Ermənistan ordusunun silahlı birliklərindən birinə
komandanlıq etmişdir. Dinc Azərbaycan sakinlərinə
qarşı qəddarlığı ilə fərqlənən
M.Melkonyan 1996-cı ildə Ermənistanın Milli Qəhrəmanı
adına layiq görülmüş, ölkənin müxtəlif
şəhərlərində onun abidələri qoyulmuş, təhsil
müəssisələrinə adı verilmişdir.
Vazgen
Sislyan - 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə
qarşı "Van əməliyyatı" adlı terror
aktının təşkilatçısı, Budapeştdə
60 nəfəri girov götürməsi və Türkiyə səfiri
Bədrəddin Günabaşaya qəsd planında iştirak
etməsi ilə tanınmışdır. Tezliklə o həbs
olunmuş lakin 1986-cı ildə onunla hücumda iştirak edən
digər 2 erməni terrorçu Akop Culfayan, Qevorq Gözəlyan
ilə birlikdə həbsdən azad olunmuşdur. Hər
üçü əvvəlcə Livana, sonra daimi
yaşayış üçün Ermənistana
köçmüşdür. Bu barədə 15 mart 1992-ci il
tarixli "Moskovskiye novosti" qəzetində müxbir
İosif Verdiyan öz həmsöhbətinin- iki il bundan
öncə "turist" kimi Livandan gəldiyi fikrini nümunə
gətirir.Vazgen Sislyan və Qevorq Gözəlyan 1992-ci ildən
Qarabağ müharibəsində Ermənistan ordusu tərkibində
vuruşmuşlar. Gevorq Gözəlyan "Metsn Murad" dəstəsinin
komandiri olmuşdur. Vazgen Sislyan "Qarabağ müharibəsi
qəhrəmanı" fəxri adına layiq
görülmüşdür. Hazırda Vazgen Sislyan və Akop
Culfayan keçmiş ASALA terrorçularından ibarət
"Uxt Ararati" təşkilatının
üzvüdür.
Samvel
Babayan 13 avqust 1991-ci il tarixində dinc azərbaycanlı əhaliyə
qarşı terrorçuluq aksiyaları keçirməkdə
ittiham olunaraq həbs edilmiş, 29 noyabr 1991-ci il tarixində Azərbaycana
qarşı hərbi əməliyyatlarda iştirak etməmək
şərtilə girov götürülmüş azərəbaycanlı
əsirlə dəyişdirilmişdir. Lakin Qarabağ
müharibəsində hərbi hissə komandiri qismində Azərbaycan
ordusuna qarşı döyüşmüş, Şuşa əməliyyatının
hazırlanmasında iştirak etmiş, qondarma Dağlıq
Qarabağ Respublikasının müdafiə naziri olmuşdur.
Azərbaycan təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən əks-kəşfiyyat və anti-terror tədbirləri nəticəsində erməni terror təşkilatlarının ölkəmizin ərazisində fəaliyyətinin qarşısı alınsa da, terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı fəaliyyəti hərbi vasitələrlə davam etdirilir. Belə ki, 1994-cü ildən Ermənistanla atəşkəs əldə olunmasına baxmayaraq bu ölkənin silahlı qüvvələri tərəfindən müntəzəm olaraq atəşkəs rejimi pozulur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə yanaşı, cəbhə bölgəsində yaşayan dinc əhali əsas hədəfə çevrilir. Bundan əlavə atəşkəs müqaviləsindən uzun müddət keçməsinə baxmayaraq, dinc Azərbaycan vətəndaşları məhz erməni hərbiçilərin bu müqaviləyə əməl etməmələri ucbatından hələ də həyatlarını itirirlər. Təkcə, son beş il ərzində (2007 - 2012-ci illər) cəbhəboyu ərazilərdə 11 dinc sakin həlak olmuş, 3 nəfərisə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Hazırda erməni terrorçuların və onlara əsas mənəvi dəstəyini əsirgəməyən Ermənistan Respublikasının əsas silahı ictimai fikir və informasiya vasitələri olmuşdur. Erməni diaspor və lobbi təşkilatları bu sahəyə külli miqdarda vəsait xərcləyərək hadisələri təhrif edir, Azərbaycanı ümumilikdə Türk dünyasını heç bir səbəb olmadan ittiham edir və ağlasığmaz tələblər irəli sürürlər. İstər ötən əsrin əvvəllərində istərsə də sonlarında Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı kütləvi terror hadisələri həyata keçirmiş ermənilər lobbilərinin maliyyə dəstəyi sayəsində Qərbdəki konqresmenlərə, lordlara, senatorların bəzilərinə təsir edir bu siyasi xadimlər tərəfindən "məzlum erməni" imicini formalaşdırmağa nail olurlar.Onlar bu əməlləri ilə Azərbaycan ətrafında informasiya blokadası yaratmağa müvəffəq olmuş və dünya ictimaiyyətinin bir qismini çaşdırmışlar. Bu da tam hüquqi dövlət olmaqla, dünya anti-terror hərəkatına əsas dəstək verən Azərbaycan Respublikasına qarşı ikili standartların yaranmasına gətirib çıxardır. Lakin müstəqil Azərbaycan həmişə olduğu kimi bundan sonra da vətəndaşlarının pozulmuş hüquqlarını müdafiə edəcək və hadisələrin necə cərəyan edəcəyindən asılı olmayaraq hər zaman ədalətin tərəfində olacaqdır. Bu gün milli ordumuzun zabiti Ramil Səfərovun azadlığa çıxarılması da həmin ədalət meyarlarının bərpası idi...Ramil Səfərovun ekstradisiya olunması və əfv edilməsi beynəlxalq hüququn tələblərinə müvafiq şəkildə icra edilmiş, "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının tələb olunan prinsiplərinə riayət edilmişdir. Azərbaycan dövləti qanunun aliliyinə hər zaman hörmətlə yanaşmış və bu yüksək dəyərləri təcavüzkar Ermənistan kimi heç bir milli təəsübkeşliyə dəyişməmişdir.
Anar TURAN
Xalq qəzeti.- 2012.- 16 sentyabr.- S.
3.