Ermənilər
terrorçuluq və vandalizm əməllərinə heç
cür haqq qazandıra bilməyəcəklər
Bu gün beynəlxalq
ictimaiyyətin qarşısında duran ən əhəmiyyətli
məsələlərdən biri də terrorizmə və
terrorizmi dəstəkləyən, onu himayə edən dairələrə
qarşı mübarizənin daha effektli yollarla
aparılmasıdır. Çünki bu gün terrorizm, hətta,
ən qüdrətli dövlətlər üçün də
real təhlükə mənbəyinə
çevrilmişdir.
Terrorizmin
bəşəriyyətə vura biləcəyi zərbəni,
törədəcəyi fəsadları təsəvvür etmək
üçün 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş
Ştatlarında baş vermiş dəhşətli terror
aktlarını bir daha xatırlamaq kifayətdir. Bugünlərdə
ildönümü qeyd olunmuş həmin faciəvi olaydan sonra
sanki yuxudan oyanan dünya birliyi terrorizmə qarşı birgə
mübarizə aparmaq barədə düşünməyə
başladı. Dünyanın güclü dövlətlərindən
hesab edilən Rusiya Federasiyasının müxtəlif subyektlərində
zaman-zaman törədilən terror aktları, Moskva metrosunda
baş vermiş partlayışlar da bizə eyni həqiqətləri
diktə edir: Əgər beynəlxalq ictimaiyyət terrorizmə
qarşı mübarizədə ikili standartlara son qoymasa, Ermənistan
kimi terroru dəstəkləyən dövlətlərə təyziqlər
göstərilməsə, terrorizmin maliyyə mənbələri
"yox edilməsə" və terroru törədən səbəblər
ortadan qaldırılmasa bəşəriyyət hələ
çox bəlalara düçar olacaq.
Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən dünya birliyinin diqqətini terrorizm və onun fəsadlarına yönəltməyə səy göstərir. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, ağlasığmaz terror aktlarına və soyqırımı siyasətinə məruz qalmış, günahsız insanlar, qocalar, uşaqlar, hətta, hamilə qadınlar insanlığa sığmayan amansızlıqla, qəddarlıqla qətlə yetirilmişdir. Təəssüf ki, hələ də nüfuzlu beynəlxalq qurumlar və qüdrətli dövlətlər erməni terror təşkilatlarının törətdikləri vandal aktlara ciddi münasibət bildirməmiş, terrorizmə qarşı mübarizədə həmrəylik nümayiş etdirməmişlər. Gözləniləndir ki, bu gün eyni problemlərlə üz-üzə qalan qüdrətli dövlətlər bizim hansı bir bəla ilə mübarizə apardığımızı və beynəlxalq ictimaiyyətin diqqətini nəyə yönəltməyə çalışdığımızı, nəhayət, anlayarlar.
Son illər öz hərbi, iqtisadi, siyasi qüdrətini sürətlə artıran, dünyanın inkişaf etmiş müstəqil dövlətinə çevrilən Azərbaycan terrorizmə qarşı mübarizə tədbirlərini ardıcıl olaraq həyata keçirir. Beynəlxalq terrorizmdən əziyyət çəkən ölkə kimi Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşularaq bu müdhiş bəlaya qarşı mübarizədə yüksək fəallıq göstərir. Söz yox ki, bu mübarizəyə qoşulan dövlətlər qismən də olsa, uzun illər ərzində formalaşmış, terrorizm sisteminin geniş şəbəkəsini parçalamış, bu bəlaya qarşı mübarizənin cəbhəsini genişləndirmişdir. Məhz bu düşünülmüş mübarizənin nəticəsidir ki, son illər erməni terror təşkilatları öz çirkin niyyətlərini istədiyi şəkildə həyata keçirə bilmirlər. Nə qədər ki, dünya siyasətində ikili standartlar mövcuddur, nə vaxta qədər işğalçı, terrorçu öz adıyla çağırılmayıbsa, təcavüzkara təcavüzkar deyilməyibsə, terrordan qorunmaqdan söhbət gedə bilməz. Əgər ABŞ 2001-ci il 11 sentyabrda, Rusiya Federasiyası isə Moskva metrosunda və ərazisinin digər subyektlərində terrorizmin törətdiyi dəhşətləri yaşamasaydı, yəqin ki, hələ də terror aktlarını sakitcə seyr edəcəkdilər.
Dünyanın ən tanınmış terror təşkilatları sırasında Ermənistanın ASALA terror təşkilatının da yer aldığı hamıya bəllidir. Ümumiyyətlə, bu ölkə terror ocağı kimi tanınıb. ASALA, MAQ, "Erməni İttifaqı", "Erməni Azadlıq Cəbhəsi" terror təşkilatları ilə yanaşı, "Armenakan", "Hnçak", "Daşnaksütun" partiyalarının da proqramının əsasını terrorizm, terror üsulları təşkil edir. XIX əsrin sonları və XX əsrdə bu və digər erməni terror təşkilatları Azərbaycanda və Türkiyədə dəhşətli terror aktları törətmiş, on minlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetirmiş və ya ömürlük şikəst qalmalarına səbəb olmuşlar.
Qondarma "soyqırımı" iddiaları ilə dünyada özləri haqqında "əzabkeş və məzlum millət" imici yaratmağa çalışan ermənilərin özlərinin 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı törətməsi tarixi faktlarda dolğun əksini tapmışdır. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar. Bir neçə gün ərzində təkcə Bakıda 12 min insan sırf milli-etnik zəminində qətlə yetirilmiş, kütləvi qətliamlar Azərbaycanın Şamaxı, Quba, Qarabağ və digər bölgələrini də əhatə etmişdir. Yalnız 1918-ci ilin sentyabrında Nuru paşanın başçılıq etdiyi ordunun Bakını xilas etməsindən sonra bu qırğınların qarşısı qismən alınmışdır.
Qondarma "erməni soyqırımı" iddiaları uzun illər ərzində Türkiyə və Azərbaycana, həmçinin hər iki ölkənin görkəmli ictimai-siyasi xadimlərinə qarşı törədilmiş terror aktlarına və digər cinayətkar əməllərə "zəmin hazırlamaq" məqsədi güdmüşdür. Tarixi faktlar göstərir ki, məhz ermənilərin fitvası ilə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi xadimlərindən Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev vəhşicəsinə qətlə yetirilmişlər.
"Daşnaksütyun" partiyasının yaratdığı "Nemesis" ("Cəza") adlı xüsusi terror qrupu isə 1920-ci il martın 15-də Osmanlı hökumətinin daxili işlər və müdafiə naziri olmuş Tələt Paşaya Berlinin böyük prospektlərindən birində atəş açmışdır. Onun qatili Soqomon Teyləryan həbs olunsa da, Berlin dairə məhkəməsi hüquqi deyil, siyasi qərar çıxararaq "erməni soyqırımı"nı əldə rəhbər tutan erməni terrorçusuna bəraət hökmü çıxarmışdır. Bu rüsvayçı hökmdən ruhlanan erməni terrorçuları İstanbulda, Romada, Berlində, Tiflisdə, Buxarada və digər şəhərlərdə tanınmış türk ictimai-siyasi xadimlərinə qarşı qanlı terror aktları həyata keçirmişlər.
1972-1991-ci illərdə erməni terrorçuları dünyanın əksər ölkələrində Türkiyənin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adamlarına qarşı 300-dən çox terror əməliyyatları törətmişlər. Bu terror aktlarının 100-dən çoxu "ASALA" terror təşkilatının "Orli", "9 İyun" və "3 Oktyabr" qruplaşmaları tərəfindən 24 ölkənin 38 şəhərində həyata keçirilmişdir.
1988-ci ildən Azərbaycana qarşı növbəti dəfə aşkar ərazi iddiaları ilə çıxış edən Ermənistan ərazisində yaşayan azərbaycanlıları deportasiya edərkən müxtəlif vandalizm aktlarına, o cümlədən terror aktlarına əl atmışdır. Sonrakı mərhələdə bəzi dövlətlərin himayəsi və dəstəyi ilə Azərbaycan ərazilərini işğal edən Ermənistan dinc əhalinin ölümü ilə nəticələnmiş çoxlu sayda terror aktları planlaşdırmış və həyata keçirmişdir. Ərazi ilhaqı məqsədi ilə terrorçuluğu və separatizmi özünə başlıca vasitə seçən ermənilər 1988-ci ildən Azərbaycanda 373 qanlı terror aktı törətmiş, nəticədə 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil etmişdir.
SSRİ dağılandan sonra erməni terrorizmi öz fəaliyyət istiqamətini dəyişmiş, Ermənistan Respublikası işğalçılıq siyasətini özünün əsas prioriteti kimi qəbul etmişdir. Bu siyasət "Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi uğrunda mübarizə" bəhanəsi ilə həyata keçirilirdi. Keçən əsrin 80-ci illərinin ortalarından bu günə qədər erməni dövlət terrorizmi öz inkişafında iki təşkilati mərhələ keçmişdir. Birinci mərhələ SSRİ-nin mövcudluğunun son illəri ilə bağlıdır. Bu dövrdə sovet hakimiyyətinin mərkəzi orqanlarının nəzarətindən asılı olmamağa çalışan Ermənistan rəhbərliyi İrəvanda diasporun radikal təşkilatlarının fəallarını, əslində isə "Daşnaksütyun" partiyası tərəfindən yaradılmış ASALA, MAQ, "Erməni İttifaqı", "Erməni Azadlıq Cəbhəsi" və digər terrorçu təşkilatların silahlılarını toplamaq üzrə genişmiqyaslı kampaniya həyata keçirməyə başlamışdı. Regionda yaranmış nəzarətsizlik vəziyyətindən istifadə edən terrorçular İran, Livan, Fransa, ABŞ, Rusiya, Yunanıstan və digər ölkələrdən erməni diasporunun göstərdiyi yardım xətti ilə Ermənistandan Azərbaycanın ermənilər yaşayan ərazisinə göndərilməyə başlamışdı. Ermənistan hökuməti həmin təşkilatların bu respublikada fəaliyyətinə şərait yaratmış, axtarışda olan fəallara sığınacaq vermiş, onları pul, saxta sənədlər, nəqliyyat və silahla təmin etmişdir.
Beləliklə, sifətini dəfələrlə dəyişən erməni terrorizmi getdikcə daha artıq dərəcədə dövlət terrorizminə çevrilirdi. İrəvana gəlmiş terrorçulardan ilk dəfə azərbaycanlıların Ermənistandan qovulmasında istifadə edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, onların iştirakı ilə yaradılmış terror və ümumi psixoz şəraitində 100-dən çox azərbaycanlı qətlə yetirilmiş, 250 minə yaxın azərbaycanlı zorla öz doğma yurdundan qovulmuşdur. Sonralar Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan xarici terror təşkilatlarının Ermənistanda fəaliyyəti ilə bağlı artıq açıqlanmış və dünya ictimaiyyətinə məlum olmuş faktları bilmədiyini iddia edərək, bütün bunların təqsirini daşnakların timsalında müxalifətin üzərinə yıxmışdı. O, Ermənistan parlamentində məşhur çıxışında demişdir: "Daşnaksütyun" Ermənistan ərazisində qanunla qadağan edilmiş özəklər, dərnəklər və gənclər təşkilatları yaratmışdır".
Məşhur beynəlxalq terrorçu, ABŞ vətəndaşı Monte Melkonyan Fransada həbsxanadan buraxılandan sonra 1990-cı ildə Ermənistanda peyda olmuş və dərhal oradan Dağlıq Qarabağa göndərilmişdi. O, Qarabağda "öz təcrübəsindən" gen-bol istifadə etmiş, yuxarıda sadalanan aksiyaları həyata keçirən terror qruplarının fəaliyyətini istiqamətləndirmişdir. Sonralar 1993-cü ilin yayında Monte Melkonyan Azərbaycan Ordusunun hissələri ilə döyüş zamanı öldürülmüşdür. İrəvanda onun dəfnində "demokratik" Ermənistanın demək olar ki, bütün rəsmi şəxsləri, o cümlədən ölkə prezidenti də iştirak etmişdir. Melkonyan Ermənistanın "milli qəhrəmanı" elan edilmiş, bu ölkənin müdafiə nazirliyinin təxribat mərkəzlərindən birinə onun adı verilmişdir.
O vaxta qədər pərakəndə şəkildə təşkil edilən terror aktları az sonra Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan qoparmaq uğrunda ölkəmizə qarşı elan edilməmiş müharibəsinə çevrildi. Bu müharibə yenə həmin terror təşkilatları tərəfindən aparılırdı və artıq onlar iri təxribat-terror dəstələrinə çevrilmişdi, sərəncamlarında ən müasir silahlar vardı. Azərbaycana qarşı dövlət terrorizmi siyasəti getdikcə təhlükəli miqyas almaqda idi.
Müxtəlif KİV-lərdə yayılmış materiallara əsasən 1989-1994-cü illərdə erməni terrorçuları Dağlıq Qarabağda nəqliyyatda 29 iri terror aktı təşkil etmiş, iki mülki vertolyotu və 2 təyyarəni vurmuşlar. Məsələn, 1989-cu il sentyabrın 16-da erməni terrorçular Tbilisi-Bakı marşrutu ilə hərəkət edən avtobusu partlatmış, nəticədə 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 1989-cu il oktyabrın 7-də terrorçu Abramyan Xankəndi yaxınlığındakı körpünü partlatmışdır. 1990-cı il fevralın 16-da Avanesyanın qrupu Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobusu partlatmış, nəticədə 2 nəfər ölmüş, 13 dinc sakin yaralanmışdır. 1990-cı il iyunun 10-da Arkadi Asriyanın quldur dəstəsi Azərbaycan Respublikasının Kəlbəcər rayonunda avtomobil dəstəsinə hücum etmişdir. 1990-cı il avqustun 10-da erməni terrorçularının başqa bir qrupu Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusunu partlatmış, nəticədə 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. 1991-ci ilin iyul ayında həmin qrup Tbilisi-Bakı reys avtobusunda daha bir terror aktı törətməyə cəhd etmiş, lakin bu cəhd baş tutmamış, qrupun üzvləri həbs olunaraq Gürcüstanda mühakimə edilmişlər.
1991-ci il sentyabrın 8-də Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun erməni terrorçulrı tərəfindən partladılması nəticəsində 6 nəfər qətlə yetirilmiş, 36 nəfər yaralanmışdır. Buna qədər isə 9 belə hadisə törədilmiş, ümumilikdə 68 nəfər (əsasən qadınlar, uşaqlar, qocalar) həlak olmuş, 132 nəfər yaralanmışdır. Ermənilər hava nəqliyyatında da kütləvi terror aktları törətmişlər. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyot vurulmuşdur. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Dövlət katibi T.İsmayılov, Baş nazirin müavini, millət vəkili Z.Hacıyev, Dövlət müşaviri, millət vəkili M.Əsədov, Baş prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov, V.Məmmədov və digərləri faciəvi şəkildə həlak olmuşdur. 1992-ci il yanvarın 28-də Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulmuş, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olmuşdur. Ermənilərin hava nəqliyyatına qarşı həyata keçirdiyi terror aktları nəticəsində, ümumilikdə, 176 nəfər qətlə yetirilmişdir. 1992-ci il yanvarın 8-də erməni terrorçuları "Krasnovodsk-Bakı" sərnişin bərəsini partlatmış, nəticədə 25 nəfər həlak olmuş, 88 nəfər ağır yaralanmışdır.
Ermənilər insan qanına susayan vəhşi xislətiylə hərəkət edərək dinc əhalinin kütləvi şəkildə məhvinə hesablanmış terror aktları da törətmişlər. 1994-cü il martın 19-da Bakı metropoliteninin 20 Yanvar stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. İstintaq tədbirləri zamanı müəyyən edilmişdir ki, terror aksiyası Ermənistan XXO rəhbərliyi ilə separatçı Sadval Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. Həmin il iyulun 3-də yenə Bakı metropoliteninin 28 May - Gənclik stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Cinayəti əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək terror aksiyası həyata keçirmək tapşırığı ilə respublikaya göndərilmiş Azərbaycan vətəndaşı Azər Salman oğlu Aslanov törətmişdir. 1992-ci ildə Xocalıda törədilən soyqırımı nəticəsində 613 nəfər dinc sakin qanına qəltan edilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. Belə dəhşət doğuran faktlardan istənilən qədər saymaq olar. Bütün bunlar ermənilərin yer üzərində tayı-bərabəri olmayan amansız, qaniçən, qəddar olmalarından xəbər verir.
Son günlər erməni terrorçuları yenidən fəallaşıblar. Keçən ay terror təşkilatı ASALA-nın qrupları yenidən baş qaldıraraq Türkiyəyə və Azərbaycana "meydan oxumağa" başlayıblar. 1985-ci ildən bəri kölgəyə çəkilmiş bu terror təşkilatı Türkiyəni Yaxın Şərqdə sabitlik üçün təhlükə adlandıraraq, Suriyada həlak olacaq ermənilər üçün qisas alınacağını bəyan edib. Sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilib və onların qətlə yetiriləcəyi bildirilib.
Bu günlərdə Ermənistanın PKK terror təşkilatına dəstəyi xəbərləri də artmaqdadır. Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin zərərsizləşdirilən terrorçuların Ermənistan pasportu daşıdıqları barədə bəyanatı İrəvandakı rəsmi dairələr tərəfindən sükunətlə qarşılandı. Terror təşkilatının fəaliyyətini gücləndirməsi forpost ölkədə yerləşən terrorçu düşərgələrində də canlanma ilə müşayiət olunmuşdur. Türkiyənin Atatürk Universitetinin Erməni Araşdırmaları Bölməsinin rəhbəri Savaş Əyilməzin sözlərinə görə, PKK daha çox Gümrü, Spitak, İrəvan, habelə Azərbaycanın işğal altındakı Laçın və Kəlbəcər rayonlarında düşərgələrə malikdir.
Bundan başqa, təşkilatın Ermənistanda "Yerevanın səsi" adlı radiostansiyası da fəaliyyət göstərir. Gürcüstana da yayılan terror təşkilatı burada erməni mənşəli Yelena Xudoyanın sədrliyi ilə bölmə yaratmış, bu ölkədə mitinq də təşkil etmişdir. Ermənistanın dəstəklədiyi terrorçu qrup sentyabrın 5-də İraq, Ermənistan, Gürcüstanda gənclər üçün düşərgə də təşkil etməyi planlaşdırır. Ermənistan forpostu olduğu Rusiyanın paytaxtı Moskvada Türkiyə əleyhinə "Rodina" hərəkatının keçirdiyi mitinqdə də cılızlığını nümayiş etdirdi. Belə ki, Türkiyə səfirliyinin qarşısında keçirilən mitinqdə cəmi 16 nəfər iştirak etmiş, onların yarısı da ermənilər olmuşdur.
Bu kimi faktlar bir daha belə deməyə əsas verir ki, XXI əsrdə beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan dünya birliyi erməni terroru təhlükəsinə daha ciddi yanaşmalı, yaxın tarixdə baş vermiş çoxsaylı insan faciələrinin təkrarlanmasına yol verməməlidir. Beynəlxalq birlik nəhayət anlamalıdır ki, terrorizmə son qoymaq üçün separatizm mənbələri mütləq ləğv edilməlidir. Bu, dünyada ümumi təhlükəsizlik sisteminin gücləndirilməsi üçün zəruridir. Azərbaycan Respublikasının əsas məqsədi də Dağlıq Qarabağdakı separatçı rejimə son qoymaqla dünyanın təhlükəsizlik sisteminin güclənməsinə töhfə verməkdir.
Rauf KƏNGƏRLİ
Mədəniyyət.- 2012.- 18
sentyabr.- S. 5.