"Şahdəniz" yatağının tammiqyaslı işlənmə layihəsi Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verəcək

 

Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan "Şahdəniz" yatağından altı ilə yaxındır ki, qaz hasil olunur. Sualtı boru kəməri ilə Səngəçal terminalına nəql olunan təbii qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə dünya bazarına çıxarılır. Bu isə Azərbaycanın dünyanın potensial qaz ixrac edən ölkələri sırasındakı mövqeyini getdikcə möhkəmləndirir. Göründüyü kimi, ölkəmiz bir neçə ildir ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Təsadüfi deyil ki, hazırda gündəmdə olan bir sira nəhəng qaz ixracı layihələrinin tərəfdaşları da Azərbaycanı ən potensial qaz təchizatçısı hesab edirlər.

 

Xatırladaq ki, "Şahdəniz" yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair sazişin imzalanmasından 16 ildən artıq vaxt ötür. Bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan "Şahdəniz" layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə isə 2003-cü ilin fevral ayında start verilmişdir. Ötən müddətdə "Şahdəniz" yatağındakı zəngin qaz və kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa edilərək dənizdə quraşdırılmış, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, "Şahdəniz" qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir.

Dünyanın iri qaz ixracı layihələrindən sayılan "Şahdəniz"in səhmdarları bp (operator-25,5 faiz), Statoyl (25,5 faiz), ARDNŞ (10 faiz), LUKoyl (10 faiz), NİKO (10 faiz), Total (10 faiz) və TPAO (9 faiz) şirkətləridir. Əvvəlki illərdə olduğu kimi, 2012-ci ilin birinci yarısında da adıçəkilən layihənin reallaşdırılması istiqamətində uğurlu addımlar atılmışdır. Belə ki, cari ilin ilk yarısında səhmdarlar tərəfindən "Şahdəniz" layihəsi üzrə fəaliyyətlərin əməliyyat xərclərinə 154,6 milyon dollar, əsaslı məsrəflərinə isə 471,7 milyon dollar sərf olunmuşdur. Yeri gəlmişkən, ilin sonunadək sözügedən məqsədlər üçün müvafiq olaraq daha 56,9 milyon dollar və 868,3 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulur.

İlin əvvəlindən etibarən "Şahdəniz" yatağındakı beş öncəqazma quyusundan sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, "Şahdəniz" layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır.

"Şahdəniz" yatağında quraşdırılmış unikal platforma vasitəsilə istismar olunan quyuların sabit rejimdə işləməsi qaz hasilatının getdikcə artırılmasına imkan yaradır. 2012-ci ilin yanvar-iyun aylarında "Şahdəniz" yatağından gün ərzində 18,5 milyon kubmetr qaz və 39 min 100 barrel kondensat hasil edilmişdir ki, bu da əvvəlki dövrlərə nisbətən çoxdur. İlin ötən dövrü ərzində yataqdan 3,36 milyard kubmetr qaz və 0,9 milyon ton kondensat çıxarılmışdır. Bütövlükdə isə, 2006-cı ilin sonlarından - "Şahdəniz" yatağında hasilata başlanıldığı vaxtdan 2012-ci ilin birinci yarısının sonunadək yataqdan 34 milyard kubmetr təbii qaz və 9 milyon ton kondensat hasil edilərək mövcud ixrac boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılmışdır.

"Şahdəniz" yatağındakı öncəqazma quyularından qaz hasil edilməklə yanaşı, burada quraşdırılmış platformadan yeni quyuların da qazıntısı davam etdirilir. Ötən il dekabr ayının sonlarında SDA-05x quyusunda başlanmış intervensiya işləri bu ilin fevral ayında başa çatdırılmışdır. Daha sonra isə SDA-06 hasilat quyusunda yenidən tamamlama əməliyyatları aparılmış və quyu cari ilin ikinci rübündə istismara verilmişdir. Hazırda platformanın qazma qurğusunun beşillik sertifikasiyası aparılır. Bu ilin dördüncü rübündə isə SDA-03y yanaqazma quyusunun qazıntısı planlaşdırılır. Həmin quyunun 2013-cü ilin ikinci rübündə istismara verilməsi nəzərdə tutulur. Onu da deyək ki, növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca yataqda hasilat da get-gedə artacaq. Bütövlükdə isə "Şahdəniz" yatağının birinci işlənmə mərhələsi çərçivəsində ən yüksək illik hasilatın həcmi 9 milyard kubmetr qaz və 18,3 milyon barrel kondensat təşkil edəcək.

Ölkəmizi dünyanın potensial qaz ixracatçılarından birinə çevirmiş "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi üçün planlaşdırılmış tədbirlər, o cümlədən öncəqazma proqramı da uğurla həyata keçirilir. Belə ki, ötən ilin mart ayında "İstiqlal" qazma qurğusu vasitəsilə qazıntısına başlanmış SDX-07A qiymətləndirmə quyusunda işlər cari ilin birinci yarısında tamamlanmışdır. Bundan sonra daha dörd qabaqlayıcı quyu qoruyucu boruyadək qazılaraq bağlanacaq. Növbəti quyunun isə qazıntısına gələn ilin birinci yarısında başlanacaq.

"Şahdəniz" yatağından çıxarılan qaz və kondensatın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli də uğurla davam etdirilmişdir. Xatırladaq ki, hazırda Səngəçal terminalının emal sistemləri "Şahdəniz" yatağından gün ərzində 25,5 milyon kubmetr qazı qəbul edib ixraca yönəltməyə imkan verir. Bütövlükdə isə terminalın ümumi gündəlik qaz emalı gücü 39,5 milyon kubmetr təşkil edir. Məlum olduğu kimi, "Şahdəniz" qazı Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac olunur. Uzunluğu 970 kilometr, illik ötürücülük qabiliyyəti 30 milyard kubmetr təşkil edən bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyə, Yunanıstan və digər Avropa ölkələrinə "Şahdəniz" qazını çatdırır. Bu ilin ilk yarısında Cənubi Qafqaz Boru Kəməri şirkətinin səhmdarları tərəfindən kəmərlə bağlı bütün fəaliyyətlərə 6 milyon dollar əsaslı vəsait xərclənmişdir. İlin sonunadək isə bu rəqəmin 13,1 milyon dollara çatdırılacağı proqnozlaşdırılır. 2012-ci ilin birinci yarısı ərzində kəmərlə ötürülən gündəlik qazın həcmi orta hesabla təxminən 12,3 milyon kubmetr təşkil etmişdir.

"Şahdəniz" qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində buradakı ehtiyatların bir neçə mərhələdə işlənməsi öz əksini konkret şəkildə tapmışdır. Hazırda uğurla həyata keçirilməkdə olan birinci işlənmə mərhələsindən sonra növbəti, çox mühüm ikinci mərhələyə başlamaq nəzərdə tutulur. Xatırladaq ki, "Şahdəniz" yatağının tammiqyaslı işlənməsini nəzərdə tutan bu mərhələ Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını artırmağa imkan yaratmaqla yanaşı, Azərbaycanın Köhnə qitənin enerji təhlükəsizliyinin təminatındakı rolunu bir qədər də yüksəldəcək. Göründüyü kimi, "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda "mavi yanacaq" Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, "Şahdəniz" qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Ən başlıcası isə "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənilməsi Azərbaycan iqtisadiyyatına təqribən 25 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır.

Avropanın "mavi yanacağa" tələbatının ilbəil artdığı bir şəraitdə "Şahdəniz" qazının alıcılarının sırası da getdikcə genişlənir. Bu da qazı Avropa bazarına çatdıracaq marşrutun seçilməsi ilə bağlı ciddi danışıqlara, gərgin müzakirələrə səbəb olur. 2010-cu ilin iyun ayının 7-də İstanbulda Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında "Şahdəniz" qazının Türkiyəyə satışını və bu ölkənin ərazisi ilə Avropa bazarlarına nəqlini tənzimləyən sənədlər paketinin bir hissəsi olaraq anlaşma memorandumu imzalandı. Bu isə "Şahdəniz" layihəsinin ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazın Türkiyəyə və digər ölkələrə satışı üçün tələb olunan müqavilələrin yekunlaşdırılmasına doğru irəli atılmış çox mühüm bir addım idi. Bu addım, eyni zamanda, sözügedən layihənin ikinci mərhələsinin işlənməsi planlarının əhəmiyyətini əsaslandırmaqla "Şahdəniz" layihəsinin tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına yol açır. Elə həmin addımın nəticəsi olaraq 2011-ci il oktyabrın 25-də Azərbaycanla Türkiyə arasında bir sıra sazişlər imzalandı. Xatırladaq ki, bu sazişlər Türkiyənin Azərbaycandan qaz almasını və qazın qardaş ölkənin ərazisindən Avropaya tranzitini nəzərdə tutur. Eyni zamanda, həmin sazişlərin imzalanması "Şahdəniz" layihəsinə Avropaya boru kəməri seçimi prosesini davam etdirməyə və potensial alıcılarla qaz satışı sazişlərini təsdiq etməyə imkan yaradır.

Xatırladaq ki, layihə tərəfdaşlarının iştirakı ilə aparılan danışıqlar prosesinə Azərbaycan hökuməti adından ARDNŞ rəhbərlik edir. 2010-cu ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "Şahdəniz" layihəsinin digər tərəfdaşları hasilatın pay bölgüsü sazişinin müddətinin 2031-ci ildən 2036-cı ilədək uzadılması barədə razılığa gələrək müvafiq sənəd imzalamışlar. Bu razılaşma sənədi öz növbəsində "Şahdəniz" layihəsinin uzun müddətli qaz satışı sazişlərini təmin etməyə imkan yaradır. Eyni zamanda, bu iki sənəd layihə tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına doğru bütün tələb olunan işləri uğurla başa çatdırmaq yolunda mühüm irəliləyiş kimi qiymətləndirilməlidir. Yeri gəlmişkən, bu ilin aprel ayında Şahdəniz konsorsiumunun iştirakçıları ikinci mərhələnin ilkin mühəndis-layihələndirmə işləməsinə başlamasına dair qərar qəbul etdi. Bu isə layihənin icrası istiqamətində mühüm addım kimi dəyərləndirilir. Bu da təsadüfi deyil. Çünki ilkin mühəndis-layihələndirmə işlərinin başlanması layihənin mühüm bir mərhələyə daxil olmasını bildirir. Xatırladaq ki, bu mərhələdə mühəndis-texniki araşdırmalar təkmilləşdiriləcək, əlavə quyular qazılacaq, kommersiya sazişləri yekunlaşdırılacaq və əsas tikinti müqavilələri bağlanacaq. Bundan əlavə, Şahdəniz konsorsiumu Türkiyə ərazisində və Avropaya ixrac marşrutlarının seçimini də məhz bu mərhələdə yekunlaşdıracaq. Yeri gəlmişkən, Azərbaycan və Gürcüstan ərazilərindən "Şahdəniz" qazının ixracı mövcud Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçiriləcək. Bu məqsədlə kəmər ildə əlavə olaraq 16 milyard kubmetr qazı nəql etmək üçün genişləndirilərək illik ötürmə gücü artırılacaq.

Hazırda saziş iştirakçıları "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi və bununla bağlı Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri ilə bağlı lazımi tədbirlər həyata keçirirlər. Ötən müddətdə adıçəkilən layihələri reallaşdırmaq məqsədilə lazımi mühəndis-layihə və qiymətləndirmə işləri aparılmışdır. Məlumat üçün bildiririk ki, sahildən təxminən 70 kilometr məsafədə yerləşən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin konsepsiyasına dənizdə emal gücü ildə 16 milyard kubmetr qaz olan və körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, eyni sayda qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi, "Şahdəniz" və Cənubi Qafqaz boru kəməri üçün kompressorların yerləşdirilməsi məqsədilə Səngəçal terminalının genişləndirilməsi daxildir. Bundan əlavə, Azərbaycanda 400 kilometr uzunluğunda yeni xəttin və Gürcüstanda iki yeni kompressor stansiyasının inşası ilə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, eləcə də Türkiyəyə, Gürcüstana və Avropaya planlaşdırılmış qaz satışı da sözügedən konsepsiyaya daxil olan müddəalardandır. Layihə üzrə ilk qazın isə 2017-ci ildə əldə ediləcəyi nəzərdə tutulur.

"Şahdəniz" layihəsinin tammiqyaslı işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazın ixrac marşrutu da xüsusi maraq doğuran məsələlərdəndir. Artıq bu danışıqların xeyli hissəsi arxada qalmış və "Şahdəniz" qazının ixracı ilə bağlı mühüm sənədlər imzalanmışdır. Belə ki, bu ilin iyun ayında Azərbaycan və Türkiyə hökumətləri Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri (TANAP) adlandırılan ayrıca yeni bir boru kəmərinin tikintisi məqsədilə hökumətlərarası və tranzit ölkə hökuməti ilə sazişlərə imza atmışlar. Bu sazişlər isə öz növbəsində "Şahdəniz" qazını Avropaya daşıyacaq Cənub qaz dəhlizinin açılmasına doğru atılmış son dərəcə mühüm bir addımdır. Məlumat üçün bildiririk ki, 2012-ci ilin fevral ayında konsorsium ötən il ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında Trans-Adriatik Boru Kəməri layihəsini "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsi qazının İtaliyaya ixracı üçün potensial marşrut kimi seçmişdir. Həmin qərardan ötən müddətdə konsorsium iştirakçıları TANAP layihəsi ilə əməkdaşlıq sazişi bağlamışdır. İyun ayında isə Şahdəniz konsorsiumu Nabukko Uest layihəsini ikinci mərhələ qazının Mərkəzi Avropaya potensial ixracı üçün boru kəməri variantı kimi seçmişdir. Məlumat üçün bildiririk ki, bu layihə Türkiyə-Bolqarıstan sərhədindən Avstriyayadək uzanan bir marşrutu nəzərdə tutur. Bu isə o deməkdir ki, konsorsium həmin layihənin miqyası, texniki araşdırmaları və kommersiya təklifinin optimallaşdırılması məqsədilə gələcəkdə Nabukko Uest layihəsi ilə əməkdaşlıq edəcək. Onu da deyək ki, Şahdəniz konsorsiumunun iştirakçıları bu iki layihə arasında seçim qərarını 2013-cü ilin ortaları üçün planlaşdırılmış ikinci mərhələ layihəsinin yekun sərmayə qərarından əvvəl verəcək. Elə müvafiq qaz satışı sazişlərinin də həmin vaxtadək bağlanması nəzərdə tutulur.

"Şahdəniz" layihəsinin tammiqyaslı işlənməsi layihəsi isə öz növbəsində Azərbaycanın qaz resurslarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki vacib rolunu bir qədər də artacaqdır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 18 sentyabr.- S. 4.