Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı

 

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabr ayının 18-dən 29-dək dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı keçirilir. Artıq ənənə halını almış bu möhtəşəm festival 4-cü ildir ki, 18 sentyabr "Musiqi Günü"də açılır.

 

Dünən bu münasibətlə Üzeyir Hacıbəylinin, digər görkəmli musiqi xadimlərinin Fəxri Xiyabandakı məzarları, Milli İncəsənət Muzeyinin bağında yerləşən "Güllələnmiş heykəllər" abidəsi ziyarət edilmiş, Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir keçirilmiş,həmçinin Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Musiqi Festivalının açılışı olmuşdur.

Ötən illərdə olduğu kimi, bu il də festival çərçivəsində Bakının konsert zallarında, teatr səhnələrində və muzeylərində Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, Argentina və İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlərin iştirakı ilə tədbirlər keçiriləcəkdir. Bunlar arasında Köln Akademik Kamera Orkestri (Almaniya), "Signum" saksofon kvarteti (Almaniya), Zaxar Bronun rəhbərliyi ilə Beynəlxalq müsabiqə qaliblərindən ibarət Kamera Orkestri, "Moskva virtuozları" kamera orkestri (Rusiya), Vladimir Spivakov (dirijor, Rusiya), Gürer Aykal (dirijor, Turkiyə), Solen Paidassi (violin, Fransa), İlya Maksimov (piano, Rusiya), AŞU (saksofon, ABŞ), Kristov Kruaze (cello, Fransa), Canluka Marçiano (dirijor, İtaliya), Anna de la Veqa (fleyta, Argentina) da vardır.

Azərbaycanın tanınmış dirijor və solistləri, musiqi kollektivləri də xarici ifaçılarla səhnəni bölüşəcək. Onların arasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri, "Contempo" ansamblı,"Furioso Quartet", Rauf Abdullayev (dirijor), Toğrul Qəniyev (violin), Murad Adıgözəlzadə (piano), Murad Hüseynov (piano), Ağaverdi Paşayev (dirijor), Əyyub Quliyev (dirijor), Şəhla Əlizadə (arfa) vardır.

Festival çərçivəsində "Üzeyir evinin qonaqları" adlı yeni musiqi layihəsi təqdim olunacaq. Layihədə gənc istedadlarla görüşlər, kamera musiqisi konsertləri keçiriləcəkdir.

Eyni zamanda C.Puççininin "Canni Skikki" operası (Azərbaycanda ilk ifa), Q.Qarayevin "Yeddi gözəl" baleti, Ağcabədi "Qarabağ" Muğam Mərkəzində Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşaları nümayiş olunacaq. Azərbaycan Bəstəkarlar İttifaqında yeni çap olunmuş kitabların təqdimatı və "Üzeyir Hacıbəyli və musiqili qəzəl janrınınAzərbaycanda inkişaf yolları" adlı elmi-praktiki konfransın keçirilməsi də nəzərdə tutulmuşdur.

Bu ildən etibarən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı Rusiyanın "Musiqi Olimpi" Fondu ilə əməkdaşlığa başlamışdır. "Musiqi Olimpi" Fondunun xətti ilə gənc beynəlxalq müsabiqə laureatlarının konsertləri keçiriləcək.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 19 sentyabr.- S. 5.