Azərbaycan Turizm İnstitutunda "Bilik günü" qeyd olunmuşdur

 

Yeni tədris ilinin başlanması münasibəti ilə Azərbaycan Turizm İnstitutunda "Bilik günü" qeyd edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, instituta yeni qəbul olunmuş tələbələr və onların valideynləri, həmçinin qonaq qismində bir sıra dövlət rəsmiləri və KİV nümayəndələri iştirak etmişlər.

 

Mərasimi giriş sözü ilə açan ATİ-nin rektoru Cəfər Cəfərov bu il ATİ-yə yalnız bakalavr pilləsi üzrə 386 nəfərin qəbul olunduğu və bütün plan yerlərin tam dolduğu barədə məlumat verdi. Rektor onu da qeyd etdi ki, ATİ-yə builki tələbə qəbulu planına görə əslində 336 nəfərin daxil edilməsi nəzərdə tutulmuşdu. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət sifarişi ilə plan yerlərini 50 nəfər də artırdı və beləliklə də instituta 2012-2013-cü tədris ilində 10 ixtisas üzrə 386 nəfər tələbə qəbul edildi.

ATİ-yə daxil olmuş tələbələrin 248 nəfəri dövlət sifarişi əsasında, 133 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqdır. Rektor tələbələrdən 28 nəfərinin məcburi köçkün olduğunu da qeyd etdi və əlavə olaraq bildirdi ki, bu il Azərbaycan sektoruna 326, rus sektoruna isə 55 tələbə qəbul olunmuşdur. Həmçinin instituta daxil olub tələbə adı qazananların yarıdan çoxunun balının 400-dən yuxarı, iki tələbənin balının 600-dən çox olması, balı 250-dən az olan tələbələrin sayının isə cəmi 5 nəfər olduğu barədə də məlumat verdi. C. Cəfərov həmçinin 2012-2013-cü tədris ilində ATİ-də mövcud təhsil pillələrinin hamısı üzrə qəbul prosesinin davam etdiyini söylədi. Belə ki, hazırda ilkin peşə təhsili üzrə ATİ nəzdində Bakı Turizm Peşə Məktəbində təsdiq edilmiş plana əsasən 11 ixtisas üzrə 400 plan yerinə 448 nəfər sənəd təqdim etmişdir. Həmçinin magistratura pilləsində 69 plan yeri üzrə qeydiyyat davam etdirilmişdir, doktorantura üzrə qəbulun isə cari ilin sonunda keçirilməsi nəzərdə tutulur. Hazırda ATİ-nin iki korpusunda 1500-dən çox bakalavr tələbə təhsil alır. Ümumilikdə isə ATİ-də təhsilin bütün səviyyələrində 2000-dən çox tələbə turizm sahəsi üzrə kadr kimi hazırlanır.

Sonra Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, gəncləri tələbə adını qazanmaları münasibəti ilə təbrik etdi. İnstitutun uğurlarından bəhs edən nazir bu ali məktəbin ölkədəki digər təhsil ocaqları arasında öz xüsusi yerinin və dəst-xəttinin olduğunu qeyd etdi, ATİ-də oxumağın çətin, lakin institutu bitirdikdən sonra iş tapmağın asan olduğunu vurğuladı. Nazir bildirdi ki, hazırda ATİ-nin 498 məzunu ölkəmizin turizm sənayesinin inkişafı üçün uğurla çalışır, yeni açılan beşulduzlu hotellərdə, digər turizm obyektlərində beynəlxalq səviyyəli peşəkar kadrlar kimi özlərini təsdiq edirlər. Ə. Qarayev xüsusi olaraq ATİ-nin Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə sıx əməkdaşlığını uğurla davam etdirməsini və həyata keçirilən birgə proqram çərçivəsində bu günədək institutun 57 məzununun ikili diplom almasını diqqətə çatdırdı. Qeyd etdi ki, cari tədris ilindən ölkədə ilk dəfə olaraq ATİ-də ikili təhsil sistemi ilə magistratura proqramı da təşkil ediləcəkdir.

Toplantının sonunda yüksək balla Azərbaycan Turizm İnstitutuna yeni qəbul olunmuş tələbələrə tələbə biletləri təqdim edildi.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti. 2012.- 19 sentyabr.- S. 5.