Azərbaycanın
neft strategiyası: Yeni
imkanlar və üstünlüklər
"Əsrin
müqaviləsi"nin imzalanmasından 18 il
keçir. 18 il əvvəl
dünyanın müxtəlif ölkələrini təmsil edən
şirkət nümayəndələri Bakıda bir araya gələndə çox az adam
düşünürdü ki, qısa müddətdən sonra
Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində Azərbaycan aparıcı ölkələrdən
birinə çevriləcək.
Azərbaycan
müstəqillik əldə etdikdən sonra 90-cı illərin
əvvəllərində bir çox çətinliklərlə
üzləşmişdir. SSRİ-nin keçmiş
respublikaları ilə Azərbaycan Respublikası arasında
iqtisadi əlaqələrin qırılması, respublika ərazisində
qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın
sıfra enməsi neft və qaz sənayesini ağır
böhran vəziyyətinə salmışdı. Maliyyə,
texniki və digər problemlər aşkar edilmiş "Azəri",
"Çıraq", "Günəşli" kimi
yataqların işlənməsinə imkan vermirdi. Belə bir
vaxtda Azərbaycan rəhbərliyi kifayət qədər
strateji addım atdı və "Əsrin müqaviləsi"
ilə bağlı mühüm danışıqlara
başlanıldı. Elə ilk günlərdən ARDNŞ-in
birinci vitse-prezidenti cənab İlham Əliyev
danışıqlar prosesinə cəlb edildi, yeni neft
strategiyasının hazırlanmasının və uğurla həyata
keçirilməsinin ən fəal
iştirakçılarından oldu. 1994-cü ilin sentyabrın
20-də "Azəri"-"Çıraq"-"Günəşli"
(dərin sulu hissəsi) yataqlarının işlənməsi
üzrə dünyanın 7 ölkəsinin 11 məşhur
neft şirkəti ilə "Məhsulun Pay
Bölgüsü" sazişi - "Əsrin müqaviləsi"
imzalandı.
"Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustonda keçən son mərhələləri xüsusilə ağır oldu. Bəzən böhranlı anlar da müşahidə edilirdi, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anları cənab Prezident belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcək. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafelərinə uyğun hazırlandı.
"Əsrin müqaviləsi"nə qısaca nəzər salaq. Müqavilənin operatoru kimi çıxış edən "bp" şirkəti ən çox paya malik idi: 34,1 faiz. Qalan paylar digər iştirakçı şirkətlər arasında bölüşdürülmüşdü: "Chevron-Texaco" (10,2 faiz), "Lukoil" (10 faiz), ARDNŞ (10 faiz), "Statoil" (8,6 faiz), "ExxonMobil" (8 faiz), TPAO (6,8 faiz), "Devon Energy" (5,6 faiz), "Itochu" (3,9 faiz), "Amerada Hess" (2,7 faiz). Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gəlib konsorsium yaradaraq, ARDNŞ ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilərək, 6,5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı. Müqavilə çərçivəsində "Çıraq" neft yatağından hasil edilən neftin ixracına 1999-cu ildə başlanıldı. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barel neft ixrac edilməyə başlandı ki, bunun da 131 min bareli "Çıraq", qalanı isə "Azəri" yatağında hasil edilmişdi. Yeni əsrdən isə Azərbaycan "Bakı-Tbilisi-Ceyhan" neft kəməri ilə neft ixracını gündəlik olaraq, 1 milyon barelə çatdırmağa nail oldu.
Aydındır ki, "Əsrin
müqaviləsi" strateji baxımdan,
sadəcə, neft hasilatı üzrə
bağlanmış müqavilə kimi
xarakterizə edilə bilməz. "Əsrin müqaviləsi"
sonradan dünyanın 19 ölkəsinin 41
neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam
etdirildi. Bu müqavilə həm karbohidrogen
ehtiyatların, həm də qoyulan sərmayələrin
həcminə görə, dünyada ən
iri sazişlərdən biridir.
İmzalanmış neft sazişləri
üzrə Azərbaycanın neft sənayesinin
inkişafı üçün nəzərdə
tutulmuş 64 milyard
ABŞ dolları investisiya qoyuluşunun
57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə
və perspektivli strukturlarda
axtarış-kəşfiyyat işlərinin
aparılmasına yönəldilib. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət
nefti" ilə doldurulmuş
ilk tanker dünya bazarlarına
çıxarıldı.
"Əsrin
müqaviləsi": Mühüm strateji istiqamət kimi
Bəli, "Əsrin müqaviləsi" strateji baxımdan, sadəcə, neft hasilatı üzrə bağlanmış müqavilə kimi xarakterizə edilə bilməz. Sözügedən sazişdə Azərbaycanın təbii ehtiyatlarını Avropa bazarına çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, müqavilə həm ölkə daxilində, həm regionda geosiyasi təsirlərə malikdir. Əvvəla, bu sazişdə iştirak edən şirkətlərin malik olduqları payların ardıcıllığı Azərbaycanın Qərbə yönəlik, amma balanslaşdırılmış siyasət həyata keçirdiyinə işarə idi. Belə ki, qərblilərin mütləq əksəriyyətə malik olduqları konsorsumda Rusiya şirkəti payların 10 faizinə sahib idi. Bu isə Avropaya inteqrasiya edəcəyini bəyan edən Azərbaycanın Rusiya ilə münasibətləri balanslaşdırmaq niyyətindən xəbər verirdi.
İkincisi, "Əsrin müqaviləsi" məhz qısa müddətdən sonra Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin də artacağına zəmin hazırladı. Hazırda neft sektorunun iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi də məhz 1994-cü ildə böyük həcmli investisiya qoyuluşlarını nəzərdə tutan müqavilənin imzalanması ilə bağlı idi. Son 5 ildə Azərbaycanın dövlət gəlirlərində müşahidə edilən artımlar həmçinin neft satışından daxilolmalar ilə bağlıdır. 1994-cü ildə bağlanmış müqavilə çərçivəsində əldə edilən gəlirlər növbəti dekadada ölkənin dövlət gəlirlərinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Üçüncüsü, sözügedən saziş Azərbaycanı nəinki regional layihələrdə söz sahibi etməyə, həmçinin onun Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutmasına imkan verdi. Hazırda bütün "Trans-Xəzər" layihələrinin müzakirəsinə Bakının dəvət edilməsi də bununla bağlıdır. Faktiki olaraq, Azərbaycanın iştirakı olmadan Avropanın enerji təhlükəsizliyini təmin etmək mümkünsüz görünür.
Dördüncüsü, "Əsrin müqaviləsi" 1998-ci ildən başlayaraq bağlanan
müqavilələrdə Azərbaycanın daha
çox pay
almasına imkan yaratdı. Aydındır ki, 1994-cü ildə Azərbaycanın dövlət
gəlirləri 20 milyard dollarlıq investisiya həyata keçirməyə imkan vermirdi. Bu baxımdan
ARDNŞ yalnız "Əsrin müqaviləsi" çərçivəsində
neft istehsalına başlanandan
sonra yeni sazişlərdə
böyük paya malik ola bilərdi. 1998-ci
ildə ratifikasiya edilən
"Kürdaşı-Araz-Kirqan" yatağının
işlənməsi üzrə müqavilədə ARDNŞ 50
faiz, "AGİP" isə 25 faizə malik oldu. "İnam" yatağının işlənməsi
üzrə 1998-ci ildə bağlanmış digər
sazişdə isə ARDNŞ payların yarısına sahib oldu. ARDNŞ-i
25 faizlə "bp" izləyirdi. Eyni ilə "Araz",
"Alov", və "Şərq"
yataqlarında da ARDNŞ payların 50
faizinə sahib ola bildi.
"Əsrin müqaviləsi":
Dayanıqlı iqtisadi inkişafın əsas bazası kimi
1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı."Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti ("Amoko", bp, "MakDermott", "Yunokal", ARDNŞ, LUKoyl, "Statoyl", "Ekson", "Türkiyə Petrolları", "Penzoyl", "İtoçu", "Remko", "Delta") iştirak edib. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib. Bu müqaviləyə əsasən ümumi təmiz gəlirdən Azərbaycanın payına 80 faiz, investorların payına isə 20 faiz düşür. 2011-ci ildə Azərbaycan iqtisadiyyatının həcmi, müstəqilliyin qazanıldığı 1991-ci illə müqayisədə 18,5 dəfədən çox olub. Əgər 1991-ci ildə nominal ÜDM cəmi 2,7 milyard manat və ya indiki məzənnə ilə təqribən 3,4 milyard ABŞ dolları təşkil edirdisə, 2011-ci ildə bu göstərici 50,1 milyard manat və ya təqribən 63,4 milyard ABŞ dolları təşkil edib. Həmin dövrdə ölkədə adambaşına düşən ÜDM-un həcmi isə 39 dəfə artaraq və 7003,4 ABŞ dollarına çatıb. Makroiqtisadi sabitliyin təmin edildiyi və müstəqillikdən bəri ilk dəfə iqtisadi artımın qeydə alındığı 1996-cı ildən 2011-ci ilə kimi olan dövrdə ölkədə ortalama iqtisadi artım tempi 11,8 faizə çatıb. 1992-ci illə müqayisədə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 dəfədən çox artıb. Qeyd olunan dövrdə büdcə gəlirlərinin ÜDM-ə nisbəti 30 faizdən 38 faizə yüksəlib.
Büdcə gəlirlərinin
sürətli artımı Azərbaycana Bakı-Tbilisi-Qars dəmir
yolu layihəsi, Oğuz-Qəbələ-Bakı
su kəməri və s.
bu qəbildən olan böyük həcmli infrastruktur
layihələrini həyata keçirməyə imkan verib. Böhran dövrü
olmasına baxmayaraq, Azərbaycanın strateji valyuta ehtiyatları
da artıb. Rəsmi məlumatlara əsasən,
2011-ci ilin noyabrın 1-nə Azərbaycanın
strateji valyuta
ehtiyatları 41,5 milyard ABŞ dollarına
çatıb. Bunun təqribən 7 milyard ABŞ dollarını və ya 17 faizini Mərkəzi
Bankın valyuta ehtiyatları təşkil
edir. 2010-cu illə müqayisədə Mərkəzi
Bankın valyuta ehtiyatları təqribən
10 faizə qədər artıb. Strateji valyuta ehtiyatlarının artması ilk növbədə ölkənin iqtisadi imici
baxımından çox əhəmiyyətlidir.
Bu, həm də ölkəyə investisiya axını baxımından olduqca vacibdir. Çünki investorlar həmişə
sabit iqtisadiyyatlı ölkələrə
kapital qoymağa meyilli olurlar. Bu baxımdan Azərbaycanın valyuta
ehtiyatlarının artması investorlar üçün mesaj rolunu oynayır. Yəni bu,
ölkənin ödəniş qabiliyyətli və öhdəliklərini
vaxtında yerinə yetirmək qabiliyyətində olduğunu göstərir. Azərbaycan
iqtisadiyyatına qoyulan investisiyaların da həcmi artmaqda davam edir. Belə ki, rəsmi məlumatlara əsasən,
1994-cü ildən bu günə kimi ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 100 milyard ABŞ dollarını ötüb.
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın
rolu
Bu gün
Avropanın təhlükəsizliyi deyildikdə, ağıla əsasən
enerji təhlükəsizliyi gəlir. Avropa Birliyinin (AB) mavi qaza olan
tələbatının 46 faizini, Mərkəzi
və Şərqi Avropanın istehlakının 90 faizini ödəyən Rusiyanın "Qazprom" şirkəti sözügedən
qitədə inhisarçı mövqeyə malikdir.
Hətta bəzi Avropa ölkələri, o cümlədən Polşa
və Çexiya tamamilə Rusiyanın mavi qazından asılıdır. Bu ilin yanvarında Rusiya ilə Ukrayna
arasında baş verən qaz
münaqişəsi Avropanı yenidən enerji
təhlükəsizliyi haqda
düşünməyə vadar edib. Avropanın enerji təhlükəsizliyinin
izahı kifayət qədər sadədir: Rusiyadan
kənarda yerləşən mavi qaz ehtiyatlarının Rusiyadan
yan keçən qaz xətləri
ilə Avropaya çatdırılması.
Təbii ki, bu aspektdə
avropalıların güvəndikləri ilk
alternativ mənbə məhz Xəzər
dənizində yerləşən yataqlardır. Rusiyanın təzyiqlərinə
baxmayaraq, trans-Xəzər layihəsinin həyata
keçirilməsi indi daha
real görünür.
Bununla yanaşı, güman
olunur ki, Azərbaycanın
qaz ehtiyatları qiymətləndirildiyindən
daha çoxdur. Bu isə Azərbaycana həm Avropanın enerji təhlükəsizliyində daha üstün mövqeyə
malik olmağa və qaz satışından əldə edəcəyi
gəlirləri maksimum həddə
çatdırmağa imkan verə bilər.
TANAP layihəsi: Yeni mərhələnin
başlanğıcı
Azərbaycan ilə Türkiyə arasında imzalanan TANAP layihəsi Azərbaycan qazının Avropa istiqamətində daşınmasındakı müzakirələrə faktiki olaraq nöqtə qoydu. Ölkə üçün kifayət qədər əlverişli olan bu anlaşmadan sonra Azərbaycan TANAP ilə Türkiyədən ötürəcəyi qazın həcmini kifayət qədər artıracağını da proqnozlaşdırır. Azərbaycana həmin kəmər vasitəsilə öz qazını Türkiyəyə ixrac etməyə imkan yaranacaq: TANAP-ın ötürmə qabiliyyəti 50 milyard kubmetrdir. Praktiki olaraq "Nabucco"nun ötürmə qabiliyyətindən 30 milyard kubmetr çoxdur. "Nabucco"da 31 milyard kubmetr qaz ötürmək nəzərdə tutulurdu. Amma ikinci mərhələdə isə 80 milyard kubmetrə yaxın qaz ötürülməsi proqnozlaşdırılırdı. Ancaq bu anlaşmanın imzalanması digər qaz kəmərlərinin çəkilməsi məsələsini də, demək olar ki, gündəmdən çıxarıb.
Bu anlaşmanın imzalanması Azərbaycana öz mavi qazını Avropa qiymətlərinə uyğun satmaq imkanı yaradacaq. Artıq TANAP Türkiyə və Azərbaycan üçün yeni bazarın yaranması deməkdir. Baxmayaraq ki, layihənin dəyəri 7 milyard avro hesablanıb, gələcəkdə xərclərin artması da istisna edilmir. Güman ki, tikilməsinə 7 milyard proqnozlaşdırılan layihənin növbəti mərhələlərdə 1 milyard avro artacağı gözlənilir. Ancaq Azərbaycan ixracatçı və kəmərin tikilməsində əsas dövlət kimi xərclərin əsas hissəsinə şərik olacaq.
Sözügedən sazişin
imzalanmasının Azərbaycana qazın qiymətini diktə
etməyə imkan yaratmaqla
yanaşı, onun bölgədə strateji mövqeyini də
artırır. "Nabucco" ilə
müqayisədə TANAP sazişinə Rusiyanın münasibəti
radikal olmadığından o, Azərbaycana geosiyasi
baxımdan manevrlər etməyə imkan verir.
Son
Azərbaycan iqtisadiyyatında neft və qaz sektoru ən azı yaxın 10 ildə aparıcı sektor olaraq qalacaq. Güman edilir ki, 2014-cü ildən başlayaraq, mavi qaz satışından əldə edilən gəlirlər kəskin artacaq və növbəti illər üçün neft gəlirlərində hətta azalma müşahidə edilsə də, bu, kəsirin yaranmasına imkan verməyəcək. Bu isə o deməkdir ki, yaxın gələcəkdə də Azərbaycanın daimi sığorta olunmuş dövlət gəlirləri olacaq. Eyni zamanda, bu, qeyri-neft sektorunun inkişafı üçün də geniş imkanlar yaradır.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
sədri,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2012.- 20 sentyabr.- S.
4.