"Əsrin
müqaviləsi" ilə Azərbaycan dinamik inkişaf yoluna
qədəm qoydu
Ulu öndərimiz
Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışı və müstəqil
ölkənin milli mənafelərinə xidmət edən siyasəti
nəticəsində Azərbaycanın iqtisadiyyatının ən
ümdə problemləri təhlil edilərək həlli
yolları müəyyənləşdirildi. Ümummilli liderin
rəhbərliyi ilə bu yolların
reallaşdırılması məqsədilə həyata
keçirilən islahatlar nəticəsində müstəqilliyimizin
möhkəm iqtisadi təməli yaradıldı, iqtisadi tərəqqi
sahəsində böyük uğurlar qazanıldı.
Artıq 1995-ci ildən etibarən ölkəmizin sosial-iqtisadi
inkişafı və dünya təsərrüfat sisteminə
inteqrasiyası sahəsində çox böyük nailiyyətlər
əldə olunmağa başlandı. Ümummilli liderimiz
bununla bağlı demişdir: "Azərbaycan dövlət
müstəqilliyini əldə edəndən sonra ölkədə
demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaq və
respublikanın iqtisadiyyatında islahatlar aparmaq, öz
iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq
prinsiplərini əsas götürmüşdür".
Dahi ondərimiz o dövrdə əsas diqqəti iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də təsərrüfatsızlığı aradan qaldırmağa yönəltdi. Çünki həmin illər hasilat kəskin azalmışdı və vəziyyəti düzəltmək üçün isə heç bir tədbir görülmürdü. Ulu öndər Heydər Əliyev bu sahədə əsaslı islahatlara başladı. Tədricən hasilat artdı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın tarixində misilsiz hadisə baş verdi: "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsini əhatə etdi.
"Əsrin müqaviləsi" imzalanarkən çoxları onun uğur qazanacağına inanmır və hesab edirdi ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və regional məsələlər öz həllini tapmalı idi. Heydər Əliyev diplomatiyası qarşıda duran bütün məsələlərə nail olmaq üçün imkan yaratdı. Dünyanın ən tanınmış neft şirkətləri məhz Heydər Əliyevin qətiyyətinə, dövlətçilik təcrübəsinə, beynəlxalq aləmdə nüfuzuna arxalanaraq Azərbaycanda konsorsium yaratdılar və AÇG kimi nəhəng yataqların işlənməsi üçün sərmayə yatırdılar.
Həmin dövrdə tanınmış rus siyasətçilərindən biri yazırdı ki, "vaxtı ilə Neft daşlarının kəşfi Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin ağıllı kombinasiyalarının, dərin zəkasının və qətiyyətinin təntənəsi olan "Əsrin müqaviləsi" isə gənc müstəqil Azərbaycanı dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi".
"Əsrin müqaviləsi"nin mühüm əhəmiyyətlərindən biri də ondan ibarət idi ki, bu müqavilə Azərbaycanın iqtisadi müstəvisində çox güclü qanunvericilik bazası yaratdı, investorlar öz kapilallarının etibarlı müdafiəsinə inandılar və bununla da Azərbaycan əlverişli və etibarlı investisiya mühiti olan sivil bir ölkəyə çevrildi.
Ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: "Mən o dövrü çox yaxşı xatırlayıram. Həmin illərdə Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədər də çox deyildi. Çünki Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı və əlbəttə, buraya böyük həcmdə kapital qoyuluşunun cəlb edilməsi çoxlu səylər, siyasi məharət, uzaqgörənlik tələb edirdi. Bütün bu məsələlər öz həllini tapdı. "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində bu müqavilə imzalandı. Xatırlayırsınızsa, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı və Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edildi".
Etiraf olunmalıdır ki, iqtisadiyyatın bu sürətlə artmasının başlıca səbəblərindən biri həqiqətən "Əsrin müqaviləsi" imzalandıqdan sonra ölkəyə axan xarici investisiyalar olmuşdur. Statistik məlumatlara diqqət yetirsək görərik ki, 1994-cü ildən 2010-cu ilə kimi iqtisadiyyatımızın inkişafına 54,4 milyard dollar məbləğində xarici investisiya cəlb edilmişdir. İnvestisiyaların 68,8 faizi iqtisadiyyata birbaşa investisiya şəklində yönəldilmiş, eyni zamanda, 33,1 milyard dollar və ya 60,9 faizi isə neft sənayesinin inkişafına sərf edilmişdir.
"Əsrin müqaviləsi" tezliklə real nəticələr verməyə başlamışdı. 1997-ci ilin noyabrında "Çıraq" platformasından ilkin neft alınmışdı. Qarşıda "Azəri", "Dərinsulu Günəşli" yataqlarının işlənməsi dururdu və hasilatın ildən-ilə artacağı yəqin idi. Odur ki, fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü get-gedə artan həcmlər üçün kifayət deyildi. Daha qlobal bir boru xəttinin tikilməsi zərurəti ortaya çıxırdı. Bununla bağlı ulu öndər Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin ortalarında özünün düzgün və uzaqgörən qərarını verdi. Bu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi ideyası idi.
BTC uzun və mürəkkəb bir yol keçib. Onun yaranma tarixində xüsusi əhəmiyyət kəsb edən hadisələr, günlər çoxdur. Onlardan biri də 1999-cu il noyabrın 18-dir. Həmin gün ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzalandı. Həmin sənədə sözügedən üç ölkənin dövlət başçıları ilə yanaşı, ABŞ və Qazaxıstan prezidentləri də imza atdılar. Bundan bir il əvvəl, 1998-ci il oktyabrın 19-da BTC-nin tikintisi ilə bağlı "Ankara bəyannaməsi" imzalanmışdı. İstanbul zirvə toplantısında beş ölkənin prezidentlərinin imzaladığı bu növbəti saziş BTC-nin tikintisinə yol açan, "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd idi.
2002-ci il sentyabrın 18-də, Səngəçal terminalında BTC-nin təməli qoyularkən ümummilli lider belə demişdir: "Bakı-Tbilisi-Ceyhan boru xəttinin əleyhinə çıxanlar çox vaxt belə söyləyirdilər ki, bu, xəyaldır, mümkün deyil. Azərbaycanda o qədər neft yoxdur, olmayacaqdır. Belə danışıqlar çox idi. Zaman çox keçdiyinə görə bəziləri bu danışıqlara inanırdılar. Ancaq bunların hamısı əsassız oldu. Biz öz işimizi gördük. Bu yaxın vaxtlarda İstanbulda "Üç dənizin əfsanəsi" adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim, siz burada əfsanədən danışırsınız, amma mən sizə demək istəyirəm ki. bu, xəyal deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcütsan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə indi xəyaldan gerçəkliyə gəlib çatmışıq".
Həmin gün Səngəçalda dünya miqyaslı bir layihənin təməli qoyulurdu və güman etmək olardı ki, bundan sonra işlər rəvan yolla irəliləyəcək. Lakin belə olmadı. Azərbaycanın xaricində və daxilində BTC-nin bədxahları rahatlıq tapa bilmir, hər vasitə ilə layihəyə əngəl törətmək istəyirdilər. Ümummilli lider Heydər Əliyev isə belə çətin anlarda da inam və qətiyyətlə deyirdi: "BTC tikiləcək! BTC reallaşacaq! BTC olacaq!"
Hazırda Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi strategiyasını, islahatlar kursunu böyük bacarıqla və uğurla davam etdirir. Bu, müstəqil Azərbaycanın dinamik inkişafında yeni mərhələdir. Həmin mərhələnin nəticələri isə göz önündədir: ölkədə bərqərar olmuş sabitlik daha da möhkəmlənmiş, respublikamızın regionda və dünyada nüfuzu artmış, dövlətçilik və ölkənin qüdrəti güclənmiş, yeni istehsal müəssisələri yaradılmış, əhalinin sosial müdafiəsi xeyli yaxşılaşmışdır. Eləcə də iqtisadiyyatın bütün sahələrində geniş miqyasda köklü islahatlar, yenidənqurma və bərpa işləri həyata keçirilmiş, mövcud olan güclü potensial inkişaf yoluna çıxmışdır. Bir sözlə, iqtisadiyyatımız sürətlə irəli gedir və indi Azərbaycanda heç bir ölkədə görünməyən inkişaf mövcuddur.
Ötən illər Azərbaycana yönəldilən investisiyaların qoyulduğu sahələrdə qeyri-neft sektorunun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Yaradılan əlverişli biznes mühiti nəticəsində xarici investorlar enerji sahəsilə yanaşı, qeyri-neft sektoruna da xüsusi maraq göstərirlər və son nəticədə bu, qeyri-enerji sferasına qoyulan sərmayələrin həcminin artması ilə yanaşı, istehsalın da artımında müstəsna rol oynayır. Xarici investisiyalar hesabına müasir texnologiya və avadanlıqların tətbiqi, qabaqcıl idarəetmə təcrübəsinin öyrənilməsi nəticəsində bu gün Azərbaycanda yüksək keyfiyyətli, rəqabətə davamlı məhsullar istehsal edilir və indi bu bizim inkişaf strategiyamızın prioritet istiqamətlərindən biridir.
Ölkəmiz böyük sənaye ehtiyatları olan neft, qaz, kondensat, elektrik enerjisi, o cümlədən alternativ və bərpa olunan enerji mənbələri - dəmir filizi, alüminium xammalı, mis, qızıl, sink, molibden, bentonit, dolomit, müxtəlif kimya xammalı, 200-ə qədər təbii tikinti materialları yataqları və digər ehtiyatlara malikdir və bu ehtiyatlardan səmərəli istifadə hazırda qarşımızda duran vacib məsələlərdəndir. Çünki qloballaşan dünyada enerji təhlükəsizliyinin ön plana çəkildiyi bir vaxtda bu, çox vacibdir. Heç təsadüfi deyil ki, məhz bu sahədə həyata keçirilən tədbirlər nəticəsində sanballı yanacaq-enerji resursları əldə edən Azərbaycan Avropa dövlətləri üçün etibarlı tərəfdaşa çevrilmişdir.
BTC
düzgün düşünülmüş, real bir layihə
idi. Ona görə də bu möhtəşəm qurğunun
müəllifi - ulu öndər Heydər Əliyev tikilən kəmərin
gələcəyi, hətta onun istifadəyə veriləcəyi
tarixi barədə əvvəlcədən qəti fikir
söyləyirdi: "2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəməri tamamilə hazır olacaq və biz
hamımız birlikdə buradan Türkiyənin Ceyhan
limanına gedəcək və orada Azərbaycan neftinin, Xəzər
neftinin Ceyhan limanından yola salınmasının şahidi
olacağıq".
Heydər
Əliyevin şah əsəri olan Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəməri layihəsinin Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən reallığa
çevrilməsi ulu öndərin neft strategiyasında yeni bir
mərhələ oldu. Layihə ətrafında kəskin
diskussiyalar getdiyi bir vaxtda gənc siyasətçi İlham Əliyev
böyük uzaqgörənliklə deyirdi: "Biz özümüz
kəmərə nəzarət etməliyik və buna nail
olacağıq... Biz imkan verə bilmərik ki, "kimsə"
kəmərin mülkiyyətçisi, sahibi olsun."
Kəmərin
tikintisi nəzərdə tutulan vaxtda başa çatdı.
2005-ci il mayın 25-də Səngəçal terminalında kəmərə
ilk neftin vurulması təntənəli surətdə qeyd
olundu. Azərbaycan Prezidenti İlham Əliyevlə
yanaşı, bu təntənələrdə daha üç
ölkənin - Türkiyənin, Gürcüstanın və
Qazaxıstanın dövlət başçıları da
iştirak etdilər. Bir il sonra - 2006-cı il mayın 28-də
Azərbaycan nefti Ceyhana çatdı.
2006-cı
ilin mayında ötürmə qabiliyyəti 60 milyon ton olan BTC
kəməri işə salınanda bp şirkətinin
prezidenti Con Braun onun əhəmiyyətindən
danışaraq deyirdi: "BTC-nin fəaliyyətə
başlaması dünyanın enerji xəritəsini dəyişdi.
BTC bu
gün həqiqətən də beynəlxalq enerji təhlükəsizliyi
sisteminin əsas elementlərindən birinə
çevrilmişdir. Mərkəzi Asiyanın nəhəng neft
mərkəzlərindən olan Qazaxıstan artıq
"Tengiz" yatağından hasil etdiyi neftin müəyyən
hissəsini məhz bu kəmər vasitəsi ilə Azərbaycan
ərazisindən tranzitlə Avropa bazarlarına
ötürür. Hazırda ulu öndərin adını
daşıyan bu kəmər vasitəsi ilə sutkada 1,2 milyon
barrel neft Səngəçal terminalından Aralıq dənizi
sahillərinə yola salınır.
Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyinin
rəhbəri səfir Rolan Kobia qeyd edir ki, "müstəqillik
illəri Azərbaycan iqtisadiyyatının böyük
inkişaf dövrü olmuş və indiki vaxtda ölkə
qabaqcıl neft və qaz təminatçılarından birinə
çevrilmişdir. Şəffaf müqavilə şəraiti,
uzunmüddətli əməkdaşlıq imkanları, xarici
şirkətlər üçün yaradılmış şərait
və ARDNŞ-in fəaliyyəti dünya səviyyəsindədir.
Azərbaycan qlobal səviyyədə neft və qaz
istehsalçısıdır."
Azərbaycanın
müstəqillik illərində həyata keçirilən bir
mühüm layihəsi də, Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri olmuşdur.
Ötürmə gücü 20 milyard kubmetr olan bu kəmər
hazırda ölkənin əsas qaz ixrac kəməridir. Lakin
ölkənin qaz potensialını reallaşdırmaq, eyni
zamanda, Avropa istehlakçılarının Xəzər
regionuna və onun karbohidrogen resurslarına
çıxışını təmin etmək
üçün bir çox layihələr üzərində
ciddi iş gedir.
Prezident
İlham Əliyev Azərbaycan qazının müxtəlif
bazarlara nəqli üçün də öz infrastrukturuna
sahib olmasının vacibliyini qeyd edərək bildirir ki,
"Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi bizim
regionun qaz sahəsində əməkdaşlığının
inkişafında böyük rol oynadı. Diversifikasiyanın
bizim hamımıza böyük faydası olacağını
nəzərə alaraq, biz hazırda yeni marşrutların
müəyyənləşdirilməsi üzərində
işləyirik. Bu işin həyata keçirilməsi
üçün bizim planlarımız da, siyasi iradəmiz də
var."
Azərbaycanda
strateji sahələr - neft-qaz sektoru və bir çox iri
şirkətlərin dövlət nəzarətində
olması da ona imkan verir ki, bu sahələrdən gələn
maliyyə resurslarını dövlətin ehtiyat fondlarına,
büdcəsinə yönəltsin və digər lazımi tədbirlər
görsün. Bu mənbələrin dövlət nəzarətində
olması hər hansı təhlükənin
qarşısını almaq və vəziyyətə real
müdaxilə etmək üçün hökumətə
geniş imkanlar açır.
Bu gün
Azərbaycanın neft-qaz və ixrac layihələri həqiqətən
də ölkəyə və regiona gəlir gətirməkdədir.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərindən
əldə olunan gəlirlər hesabına ən ümdə
problemlər həll olunur. Qaçqın və məcburi
köçkünlər üçün qəsəbələrin
salınması, Oğuz-Qəbələ-Bakı su kəmərinin
çəkilməsi üçün vəsait məhz bu hesabdan
ayrılıb. Neft gəlirləri ilə yeni infrastruktur
qurulur, qeyri-neft sektoru inkişaf etdirilir.
Arzuman MURADLI,
iqtisadiyyat üzrə fəlsəfə
doktoru, politoloq
Xalq qəzeti.- 2012.- 21 sentyabr.- S.
6.