Şuşanın
musiqi ənənələri indi də yaşayır
Şuşa Uşaq
İncəsənət Məktəbi - 80
Qarabağ bölgəsi özünün
tarixi abidələri, zəngin ədəbiyyatı,
incəsənəti və musiqi mədəniyyəti
ilə zəngindir. Bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi
insanların bədii təfəkkür və
yaradıcılığına böyük
təsir göstərmişdir.
Dünya
mədəniyyətinə çox nadir incilər bəxş
etmiş Qarabağın səfalı diyarı
Şuşanın görkəmli yetirmələri Azərbaycan
musiqisini ləyaqətlə təmsil edərək, bu musiqi
ocağına böyük şöhrət gətirmişlər.
Azərbaycanın elm, poeziya, mədəniyyət və musiqi
beşiyi sayılan Şuşa Mir Möhsün Nəvvabın,
Xarrat Qulunun, Hacı Hüsünün, Sadıqcanın, Məşədi
İsinin, Cabbar Qaryağdıoğlunun, Keçəçi
oğlu Məhəmmədin, Məşədi Məmməd Fərzəliyevin,
İslam Abdullayevin, Məşədi Cəmil Əmirovun, Qurban
Pirimovun, Seyid Şuşinskinin, Xan Şuşinskinin,
Bülbülün, Rəşid Behbudovun, bəstəkarlardan
Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun,
Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin,
Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun
vətənidir.
XIX əsrin
ikinci yarısında Azərbaycanın bir sıra bölgələrində
musiqi məclisləri, dərnəkləri təşkil olunur,
xalq musiqisinin, muğamın ilk nümunələri
yaranırdı. Belə musiqi məclislərindən biri də
Azərbaycan mədəniyyətinə böyük korifeylər
bəxş etmiş Şuşada o dövrün görkəmli
sənətkarlarından olan Xarrat Qulu Yusifi (1823-1883) tərəfindən
təşkil edilmişdi. Gözəl səsə malik Xarrat
Qulu klassik xalq musiqisini mükəmməl bilməklə
yanaşı, həm də mənaca dərin şeirlər
yazırdı. Xarrat Qulu yaxşı səsi olan şuşalı
musiqisevərlərə muğamın sirlərini öyrədirdi.
O, bununla yanaşı, özünün düzəltdiyi
tütək, davula, dümbək və s. alətlərdə
uşaqlara çalmağın sirlərini də
aşılayırdı.
Bu məktəbin
başlıca məqsədi yeni xanəndələr nəsli
yetişdirmək, xanəndəlik sənətini xalq
arasında geniş yaymaq və klassik Azərbaycan
muğamlarını daha da inkişaf etdirmək idi.
Musiqişünas Xarrat Qulunun yaratdığı bu məktəb
Azərbaycan musiqisinin inkişafında önəmli rol
oynamışdır. Hacı Hüsü, Məşədi
İsi, Əbdülbağı Zülalov, Keçəçi
oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu bu məktəbin
parlaq nümayəndələridir. Məşhur tarzən
Sadıqcan (Məşədi Sadiq Əsəd oğlu) ilk təhsilini
bu məktəbdə almışdır.
XIX əsrin
ikinci yarısında Şuşada muğam aşiqi Kor Xəlifə
musiqi məktəbi açır. O tələbələrə
muğam oxumağı, tarda və kamançada
çalmağı öyrədirdi. Bundan əlavə,
Şuşada məşhur xanəndə Hacı Hüsü və
görkəmli alim, məşhur rəssam, musiqişünas,
Mir Möhsün Nəvvabın "Məclisi fəramuşan",
Xurşidbanu Natəvanın "Məclisi-üns" ədəbi-musiqili
məclisləri yaradılmışdı.
XX əsrin əvvəllərində Şuşanı "Qafqazın konservatoriyası", "Azərbaycanın musiqi beşiyi" adlandırırdılar. Artıq Şuşada xoş avazı, gözəl səsi ilə bütün Şərqdə, Avropanın bir sıra ölkələrində böyük şöhrət qazanmış görkəmli sənətkarlar yetişməyə başladı. Bu dövrdə Şuşada elmin, mədəniyyətin və incəsənətin sürətli inkişafı üçün geniş imkanlar yarandı.
Bu inkişafın nəticəsi idi ki, 1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi, məlahətli səsi olan, görkəmli müğənni Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən rəsmi olaraq Şuşa Musiqi Məktəbi yaradıldı (bu, həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi). Məktəb Xurşidbanu Natəvanın evi olmuş binada fəaliyyətə başladı. Tar, kamança, fortepiano, skripka və vokal şöbələri fəaliyyət göstərirdi. Musiqi məktəbi tez bir zamanda Şuşanın mədəniyyət və incəsənət mərkəzinə çevrildi. Respublikanın bir neçə görkəmli musiqi müəllimi, o cümlədən, bəstəkar Qəmbər Hüseynli, əməkdar müəllim Fatma Zeynalova, Saleh Əbdürrəhimov, Nikolay və Polina Sergeyevlər, Lətif Əliyev, Aleksey Raxmanov, Zoya Vladimirovna və başqaları Şuşa Musiqi Məktəbində dərs demişlər. Sonrakı illərdə də məktəb öz fəaliyyətini yüksək səviyyədə davam etdirmiş, buranı yüzlərlə gənc bitirmiş və onlar respublikanın musiqi həyatında mühüm rol oynamışlar. Ayrı-ayrı illərdə direktor olmuş Həmzə Əliyev, İsi Abbasov, Əlipaşa Daşdəmirov, Məmməd Nəbiyev, Qaraş Hacıyev, Əlikram Hüseynov, Xuduş İsmayılov, Səid Hacıyev, Zöhrab Bayramov və Oqtay Allahverdiyevin məktəbin inkişafında müstəsna xidmətləri olmuşdur.
Məktəb 1932-ci ildən 1984-cü ilədək Şuşa Musiqi Məktəbi adlanaraq Seyid Şuşinskinin adını daşımışdır. 1984-cü ildən Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərir. Məktəbin məzunları müxtəlif fəxri adlara layiq görülmüşlər. Onlardan 2 nəfəri "Əməkdar incəsənət xadimi" (Eldar Əliyev, Rauf Əliyev), 5 nəfər "Xalq artisti" (Xan Şuşinski, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Əbülfət Əliyev, Firəngiz Mütəllibova ), 2 nəfər "Əməkdar artist" (Anar Şuşalı, Zöhrə Abdullayeva) və bir nəfər "Əməkdar mədəniyyət işçisi" (Səid Hacıyev) fəxri adına layiq görülmüşlər.
Şuşanın mədəni həyatında görkəmli incəsənət və musiqi xadimlərinin yubileylərinin, mahnı bayramlarının, poeziya günlərinin keçirilməsi də mühüm rol oynamışdır. 1982-ci il iyul ayının 29-da Şuşada "Vaqif" poeziya günlərində ümummilli lider Heydər Əliyevin Azərbaycanın görkəmli ziyalıları, şair və yazıçıları ilə birgə iştirak etməsi bütün şuşalıların qəlbində əziz bir xatirə kimi yaşayır. Bu əlamətdar hadisənin 30 illiyi münasibəti ilə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi, Şuşa Rayon İcra Hakimiyyəti möhtəşəm tədbir təşkil etmiş, həmin günün ən xoş xatirələri bir daha yaddaşlara həkk olunmuşdur.
1985-ci ildə Şuşada Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyovun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuş, dahi bəstəkarın şərəfinə şəhərin ən səfalı guşəsində onun abidəsi ucalmışdır. Həmin yubileydə SSRİ-nin bir çox mədəniyyət və incəsənət xadimləri də iştirak etmişlər. Şuşa şəhəri 1989-cu ildə "Xarı bülbül" ümumittifaq festivalına ev sahibliyi etmişdir. Festivalda SSRİ-nin, Azərbaycanın musiqi və incəsənət xadimləri iştirak etmişdir.
Təəssüf ki, öz musiqi ənənələri olan ecazkar təbiətli, füsunkar gözəlliyə malik Şuşa şəhəri bu gün erməni silahlı qüvvələrinin işğalı altındadır. Bütün çətinliklərə baxmayaraq, Şuşanın musiqi ənənələri işğal dövründən sonra da davam etmişdir. 1992-ci ildən Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalından sonra Bakı şəhərinin Sabunçu rayonunda məskunlaşan Uşaq İncəsənət Məktəbi 20 ildir ki, öz tarixi ənənələrini qoruyub saxlayır. Uşaq İncəsənət Məktəbinin 400 nəfər şagirdi ilə 60 nəfər pedaqoji heyət məşğul olur. Bu məktəbin şagirdlərinin çoxu respublikada, rayonda keçirilən müsabiqələrin qalibidir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Respublika Sarayında 1997-ci ildə dahi müğənni Bülbülün, 2001-ci ildə isə muğam ustadı Xan Şuşinskinin 100 illiklərinə həsr olunmuş yubiley gecələri keçirilmişdir.
Məktəbin xalq çalğı alətləri orkestri, ansamblı, xoru, solo ifaçıları respublika və rayon tədbirlərində fəal iştirak edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2007-ci il may ayının 4-də Ramana-450 qəsəbəsinin açılışında məktəb öz konsert proqramını nümayiş etdirmişdir.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mütəmadi keçirdiyi tədbirlərin bir istiqaməti də Qarabağ torpağının yetişdirdiyi görkəmli insanların həyat və fəaliyyətini dərindən öyrənmək, tariximizi, mədəniyyətimizi yaşatmaq, yeni nəsillərə ötürməkdir. 2011-ci ildə İctimai Birliyin dəstəyi ilə Şuşa Musiqi Məktəbinin istedadlı gənclərinin bir qrup üzvü İtaliyanın Milan və Roma şəhərlərində Şuşa musiqi ənənəsini bir daha dünyaya nümayiş etdirməklə geniş konsert proqramı ilə səfərdə olmuşlar.
Ümummilli lider Heydər Əliyevin musiqimizin inkişafına göstərdiyi yüksək diqqət və qayğını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi yüksək dəyər həmişə şuşalılar tərəfindən də böyük rəğbət və hörmətlə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 21 noyabr 2011-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti, Şuşanın xanəndəlik məktəbinin korifeylərindən olan Xan Şuşinskinin anadan olmasının 110 illik yubileyinin böyük təntənə ilə qeyd edilməsi dövlət qayğısının parlaq təzahürüdür.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın musiqi mədəniyyətinin, muğamın inkişafında misilsiz xidmətləri vardır. Mehriban xanımın gərgin zəhmətinin bəhrəsidir ki, Azərbaycan muğamı YUNESKO-nun "Xüsusi mühafizə edilən irs" siyahısına salınmış, "Şuşa-YUNESKO-nun musiqi şəhəri" nominasiyasına layiq görülmüşdür. Mehriban xanım Əliyevanın təşəbbüsü sayəsində həyata keçirilən layihələr, müsabiqələr, simpoziumlar, festivallar istedadlı gənclərin üzə çıxmasına şərait yaradır. Elə bu günlərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı buna əyani sübutdur. Bu festivalda beynəlxalq müsabiqə və festivalların iştirakçısı şuşalı Fuad İbrahimovun dirijorluğu ilə tamaşaçılara maraqlı konsert proqramı təqdim olunmuşdur.
2012-ci ilin oktyabr ayında haqqında söhbət açdığımız Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin 80 yaşı tamam olur. "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi, Şuşa Rayon İcra Hakimiyyəti, ziyalılar, çoxsaylı mədəniyyət işçiləri, musiqisevərlər Şuşa Uşaq İncəsənət məktəbinin 80 illiyini qeyd etməyə hazırlaşırlar.
Azərbaycanda ilk dövlət uşaq musiqi Məktəbinin 80 illik yubileyi ərəfəsində biz inanırıq ki, gün gələcək, möhtərəm Prezident İlham Əliyevin apardığı məqsədyönlü işlər nəticəsində üçrəngli müqəddəs bayrağımız işğaldan azad olunmuş tarixi yurdlarımızda, doğma Şuşamızda hökmən dalğalanacaq və "Xarı bülbül" musiqi festivalları, "Vaqif" poeziya günləri bir daha şəhərin çal-çağırlı həyatını özünə qaytaracaq, möhtəşəm mahnı bayramlarına məskən olan əfsanəvi "Cıdır düzü"ndə, "İsa bulağı"nda yenə "Şuşanın dağları", "Qarabağ şikəstəsi" dünyaya səs salacaqdır!
Bayram SƏFƏROV,
"Azərbaycan Respublikası
Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması"
İctimai Birliyinin İdarə Heyətinin
sədri –
icma rəhbəri, Şuşa Rayon
İcra Hakimiyyətinin başçısı
Xalq qəzeti.- 2012.- 23 sentyabr.- S.
6.