Xırman

 

Keçmişdən səhifələr

 

Kəndin öz ahəngi var, axşam - səhər naxırın, qoyun-quzu sürüsünün örüşə gediş-gəlişi, mələrtisi, kənd camaatının bir-birindən xəbər-ətər tutması, səsli-küylü dünyası bənzəri olmayan özgə aləmdir.

 

Vallah, kim nə deyir- desin, şəhər mühitində göydələn binaların lap ərşə çatan mərtəbəsində mənə neçə otaqlı mənzil bağışlasalar da, kəndin biçənəklərində bir kolun kölgəsini ona dəyişmərəm. Bölgələrdən bəzi gənclərimizin şəhərlərə - asfalt döşəmələrə, beton binalara üz tutub "təki başımı götürüb kənddən qaçım" təşnəsi ilə ruzi-bərəkət mənbəyi olan torpağa soyuqluğu, ondan üz döndərməsi istər-istəməz uşaqlıq çağlarımı göz önünə gətirir. Hətta, kənddə ola-ola bir vaxtlar həyatımızın ayrılmaz hissəsinə çevrilmiş bəzi adətlərimizi, dəyərlərimizi, yaşam tərzimizi itiririk. Onlar yavaş-yavaş tarixə çevrilir. Yaşlı nəslin yaddaşında silinməz iz buraxan xatirələrin bir çoxu kənd xırmanları ilə bağlıdır.

Xırman min illər boyu xalqımızın ruzi-bərəkət yeri olub. Son yüzillikdə intişar tapan traktor-kombaynın, toxumsəpənin, yük maşınlarının, otbiçənlərin, digər texnikaların gördüyü işləri dövrü -qədimdən insanlar öküzün, kəlin, atın, uzunqulağın, qatırın köməyi ilə görüblər. Şum, pərşum, səpin, tapan, mala, oraq-çinlə biçin, dərz bağlama, pencə tayalaması, xırmana daşıma, başaq, heşan salma, vəl-carcarla döyüm, sovuruq, şana, xəlbir, daşgir, xaral, çuval... indi bir yaddaş əfsanəsinə çevrilib. Ölkəmizdə gün ərzində min tonlarla taxılın emal müəssisələrində müasir texnologiya ilə üyüdülməsi, hasil olan undan çörək və məmulatlar hazırlanması, kiçik təndirləri əvəz edən iri bişirmə sexləri insanları çətin əl əməyindən azad edib. Atlını atdan salan təndir çörəyinin indi ətri ancaq bəzi ucqar kəndlərdən gəlir. Lavaş, yuxa, fəsəli, qalın, fətir, tapı, dəstana, qol çırpması, yarımoxlov, sacəppəyi, səngəh... təndirlərin nemətidir.

Ata-babalarımız ta qədimdən xırman yerini seçməyi nəsillərə yadigar qoyub getmişlər. Gərək xırman yel tutan yerdə düzəldilə. Necə deyərlər, xırmanın gözü gərək "Yel baba"da ola ki, döyülmüş heşanı şana ilə sovuranda şişlənən dəni bir yana, samanı, püfəsi bir yana ayrıla. Ləl kimi buğda kənardan gəl-gəl çağıra.

Xırman yerini əvvəlcə arxdan gələn su ilə suvarırlar. Çeşələndən sonra belləyib yumşaldarlar. Təkrar sulayıb öküz və cöngələrlə çevrə vurub palçığı ayaqladarlar. Sonra mala çəkərlər. Gün istisində horralanmış xırman yeri quruyub saxsıya dönər. Mövsüm boyu buğda, arpa, noxud, gülül, çovdar, vələmir, darı, mərcimək, zəyərək... ta nə desən heşan salıb döyəndə məhsula bir misqal da daş-torpaq qarışmaz. Zəmilərdən biçilən, bəndəmlə bağlanan dərzlər at-ulaqla, lap əvvəllərdə dəvələrlə xırmana daşınardı. Başı çalmalı peşəkar xırmançılar işin ustası idilər. Dərzləri açıb heşan salardılar. Vəlləri, carcarları qoşa öküzü işə qoşardılar. Bəzi bölgələrdə vələ gəm də deyirlər. Yadımdadı, Hümbət, Yasin, Məmmədhənifə, Yaqub, Nadir babalar xırman kənarındakı çölarmudu ağacının kölgəsində dincələndə deyərdilər:

- Vəl dediyin bircə Kəlbəcər palıdından olar, qalanı dözümlü olmaz. Onlar neçə boyunduruq öküzlə Kəlbəcərdən (bu yerin qədim adını Kalbahəcər bilirdilər), Laçından, Qubadlıdan üzü Şahbuz kəndlərinə 100 illik möhkəm palıd ağacı gövdələrini Molluludan, Güney yurddan, Batabat aşırımından sürüyüb gətirərdilər. Dülgərlər qurumuş palıd gövdəsindən baş tərəfi əygəmli qoşa vəl düzəldərdilər. Vəlin altında iskənə ilə oyuq açıb həmin oyuqlara çaxmaq daşlarını sındıraraq elə pərçim edərdilər ki, daşların tilləri ülgüc kimi iti olardı. Deyərdin, bəs heç daş deyil, poladdı. Xırmanda heşan tez hasilə gələrdi. Yaqub baba çox insaflı idi. Dağdağandan, qarağacdan boyunduruq düzəldəndə rəndədən, füqandan keçirib elə hamarlayardı ki, öküzün boynuna zərrə qədər də zədə düşməzdi. Əlini öküzün boynuna, dizlərinə çəkib deyərdi:

- Ay nər öküzüm, çörəyimiz, ruzimiz səndən asılıdı, çək yerisin!

Xırman yeri gen-bol idi. Yan-yana 4-5 yerdə heşan salınardı. Gecə-gündüz xırmanın səs-küylü ahəngi kəndi bürüyərdi. Alı baba var idi. Sovuruq maşınının qulpunu iki saatdan çox yorulmaq bilmədən bulayıb fırladardı. Uşaqlar qabaq - qənşər "Şəkər" bulağından iki-üç litrlik saxsı kuzəni doldurub Alı babaya verərdilər. Alı baba buz kimi suyu birnəfəsə başına çəkərdi:

- Oxxay, gözlərimə işıq gəldi,- deyərdi. Xırmançılar onun sözlərindən bahar buludu kimi dolardılar. Axı, Alı babanın gözləri görmürdü. Deyirdilər, uşaq vaxtı qızılcadan tutulub. Dil gəl, "Şəkər" bulağının sal qayaların yeddi qatından süzülən buz kimi suyunda hikmətə bax ki, Alı babanın dünya işığına həsrət gözlərinə "işıq gətirərdi".

Xırman vaxtı arandan səbətlərdə at-ulağla gətirilən iri balarmudu, üzüm satanlar gələrdilər. İkili-birli şişlənən ləl kimi buğda məhsuluna dəyişərdilər. Vəl üstdəki uşaqlara bu aran nemətindən pay verəndə bu, onlar üçün bala dönərdi.

Xırmanla bağlı Qarabağdan - Ağdamdan bir dodaqqaçdı dağlardan aşıb Naxçıvan torpağına da gəlmişdi, xırman üstü deyib gülərdilər.

Sən demə, Qarabağ xanlarından biri qış günü ağdamlı, hazırcavab, baməzə Abdal Qasımı Şuşaya çağırtdırır. Deyir qonaqlarımızı güldürüb şənləndirəcəksən. Ta olacaq? Qışda, Şuşada isti otaq, geniş məclis, bir arada söz meydanı Abbas Qasıma verilə. Xülasə, məclis qurtaranda xan Ağdam bəylərindən birinə namə yazıb Abdal Qasımın bu məclisdəki haqqını ondan ödəməyi tələb edir. Abdal Qasımın savadı yox imiş, bir adam tapıb məktubu oxutdurur. Görür xan yazdırıb ki, Abdal Qasım bizi o ki, var güldürüb, şənləndirib, ora çatan kimi ona yeddi at yükü qar verərsən, qoy haqqını alsın! Abdal Qasım dinməz-söyləməz naməni qatlayıb cibinə qoyaraq kəndə qayıdır. Yay fəsli gəlir. Xırmandarın gəlhagəli başlayır. Abdal Qasım özünü xırmana yetirib həmin bəyi tapır, cibindən çıxarıb xanın məktubunu ona verir. Bəy məktubu oxuyub məəttəl qalır. Yayın bu cırhacırında, od əliyən günündə yeddi at yükü qarı haradan tapıb Abdal Qasıma versin? Verməsə Abdal Qasım onu mahalda rüsvay edəcək ki, bəs xanın tapşırığı qalıb havada. Əlacı kəsilib Abdal Qasıma yalvarır ki, əşşi, bu istidə lap Dəlidağdan, Murovdan dənər qarı at-qatıra yükləsək , bura gəlincə yolda hamısı əriyəcək, gəl daşı ətəyindən tök, yeddi at yükü buğda verək qurtarsın, getsin. Abdal Qasıma da elə bu lazım imiş. Xırmandan ləl kimi buğda kisələrini yeddi at yükü yükləyib birbaşa su dəyirmanına aparır, üyütdürüb evdə unnuğu doldurur. Ərinməyib özünü xana yetirir. Deyir: - Allah balalarını saxlasın, xan, qışda verdiyin ənam yayda illik ruzimiz oldu. Hər qış fəsli məni unutma, yenə məclisə çağır...

Sonradan Qarabağ xanı məsələdən hali olur, bilir ki, eldə ad sıxarmış Abdal Qasımla tərəziyə girmək xanın işidi, bəyin.

Ta qədimdən xırmandı, su dəyirmanıdı, bazar-dükandı ki, camaatın xəbərtutma yeri olub. Qəzet, jurnal, radio, televizor dediyimiz son dönəmlərin məhsuludur. Əvvəllər lap elə qonşu kənddən, mahaldan-mahala yenilik olubsa, gedib-gələnlərin ağız -qulaq söhbəti ilə çox gec yayılıb.

İndi dövr, zaman dəyişib. Ölkəmiz dünyanın var-dövlətli, bəhrəli, həm müstəqil məmələkətinə çevrilib. Ta ibtidai üsulla cüt əkib, əllə biçin-döyüm aparmaq kisələrlə daşıyıb su dəyirmanlarında şahadla nobat, ağnağaz dən üyütmək zamanı deyil. Elə müasir xırmanlarımız yaradılıb ki, min tonlarla taxıl məhsulları zəmilərdən ora daşınır, texnika ilə çeşidlənir, toxumluq, ərzaq növləri ayrılır, toyuq-cücə, mal-qara üçün yem yerbəyer olur. Sonra da müasir tipli taxıl saxlama anbarlarına daşınır. az, çox, milyon tonlarla. Sonradan bu məhsullar gündəlik çörək emalına gedir. Elə, indinin özündə yüksək inkişaf mərhələsinə qədəm qoyan Naxçıvan torpağında gün ərzində min tonlarla ehtiyat anbarlarından 450-500 tonadək taxıl məhsulu emal müəssisələrinə daşınıb üyüdülür, çörək bişirmə sexlərinə, un məmulatı hazırlanmasına gedir. İndi ölkəmizdə çörək ərzaq bolluğuna dünyanın iri dövlətləri belə həsəd aparır. Çünki bərəkətli torpaqlarımız kəndlinin öz mülkiyyətidir. Ancaq xırmanı unutmağa haqqımız yoxdur. Çünki, çörək müqəddəsliyinin bünövrəsi xırmandır.

 

 

Qaşdar ƏLİYEV,

Naxçıvan Muxtar Respublikası,

Şahbuz rayonu, Ayrıca kəndi,

aqronom-fenoloq

 

Xalq qəzeti.- 2012.- 25 sentyabr.- S. 6.