Türkiyə-Azərbaycan
əlaqələri bölgədə sülhün,
təhlükəsizliyin təmin edilməsi üçün
sabitləşdirici rol oynayır
Biz bütün
beynəlxalq təşkilatlarda vahid
mövqedən yanaşırıq, bir-birimizi
dəstəkləyirik və bu dəstək
bizim üçün,
bölgə üçün, dünya üçün çox önəmlidir. Bu
gün Türkiyə-Azərbaycan əlaqələri
nəinki ikitərəfli münasibətlərin
inkişafı üçün vacibdir, həmçinin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin
təmin edilməsi üçün sabitləşdirici
rol oynayır. Bizim
dünyadakı rolumuz artır və
bir-birimizə dəstək verməyimiz ölkələrimizin
önəmini daha da
artırır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Hər dəfə Azərbaycana səfər edəndə
özümüzü təbii ki, fərqli bir ölkədə
deyil, evimizdə görürük.
Bu evimizdəki
məhəbbət də hər iki ölkənin,
hər iki millətin daha
da güclənərək yoluna
davam etməsinə gətirib
çıxarır...Əslində, bizim
ölkələr arasındakı ikitərəfli əlaqələr
belə isti ikən, həm də təbii
ki, beynəlxalq mənada, bütün beynəlxalq qurumlardakı həmrəyliyimiz
həqiqətən örnək təşkil edə biləcək
bir səviyyədədir.
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyənin Baş naziri
Azərbaycanın
iqtisadi qüdrəti artdıqca regionlar da yüksələn xətt
üzrə inkişaf edir. Son illər bir sıra beynəlxalq əhəmiyyətli
tədbirlərin regionlarda keçirilməsi də ölkəmizin
sürətli inkişaf mərhələsinə qədəm
qoymasından xəbər verir. Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının ikinci iclasının Qəbələ
rayonunda keçirilməsi təsadüfi deyildir.
Bu, regionların sosial - iqtisadi inkişafının yeni mərhələyə qədəm qoymasından xəbər verir. Respublikamızın bu regionu artıq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.Üç ildən artıqdır ki, Qəbələ rayonu beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Qəbələ rayonunun sosial - iqtisadi inkişafını gördükdən sonra səsləndirdiyi "Bizə həqiqətən Azərbaycanda tarixi əhəmiyyəti çox-çox önəmli olan Qəbələ şəhərini tanıtdırdıqları üçün də ayrıca təşəkkürlərimi bildirirəm" fikri də burada hər şeyin beynəlxalq standartlar səviyyəsində olmasından irəli gəlir. Azərbaycan - Türkiyə əlaqələrinin yüksək səviyyədə olması artıq dünya birliyində də öz təsdiqini tapıb. Hər iki ölkənin dövlət başçılarının görüşü, qarşılıqlı səfərləri beynəlxalq aləmdə böyük maraqla izlənilir. Ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, Türkiyə və Azərbaycan "İki dövlət, bir millət"dir. Qəbələ rayonunda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının yekunları və imzalanan sənədlər bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Şuranın ikinci iclasında , ilk növbədə, görülmüş işlərə qiymət verildi, eyni zamanda, gələcək əməkdaşlıq üçün əlavə addımların atılması haqqında fikir mübadiləsi aparıldı. Aparılan təhlillər bir daha təsdiqlədi ki, bütövlükdə, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir və tərəqqi bütün sahələri əhatə edir. Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası keçən il İzmirdə çox uğurla keçirilmişdir. Birinci iclasda qəbul edilmiş qərarların icrası uğurla başa çatmış və qarşıya növbəti vəzifələr qoyulmuşdur. Şuranın birinci iclasının yekunlarından və ikinci toplantının qarşıya qoduğu vəzifələr barədə məlumat verən Azərbaycan Prezidenti İlham Əliyev dedi: "Birinci iclasda qəbul edilmiş qərarlar uğurla icra edilir. Biz bu gün, ilk növbədə, görülmüş işlərə qiymət verdik, işləri təhlil etdik və eyni zamanda, gələcək əməkdaşlıq üçün əlavə addımların atılması haqqında fikir mübadiləsi apardıq. Bütövlükdə deyə bilərəm ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, bütün sahələri əhatə edir. Bugünkü toplantının gündəliyi də çox genişdir. Biz bir sıra önəmli məsələlər haqqında çox geniş müzakirə aparmışıq və bir daha demək istəyirəm ki, bizim aramızda fikir ayrılığı yoxdur - istər beynəlxalq məsələlərlə bağlı, istər ikitərəfli əlaqələrə dair bizim fikrimiz birdir.
Biz bu gün siyasi vəziyyətlə, dünyada gedən proseslərlə bağlı həm təkbətək görüşdə, həm geniş tərkibdəki görüşdə danışdıq, fikir mübadiləsi apardıq. Bizim ölkələr bütün sahələrdə və bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu gün görülmüş işlər haqqında nazirlər bizə məlumat verdilər və gələcəkdə birgə fəaliyyət haqqında yeni təşəbbüslər müzakirə edildi. Biz bütün beynəlxalq təşkilatlarda vahid mövqedən yanaşırıq, bir-birimizi dəstəkləyirik və bu dəstək bizim üçün, bölgə üçün, dünya üçün çox önəmlidir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir, həmçinin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün sabitləşdirici rol oynayır. Bizim dünyadakı rolumuz artır və bir-birimizə dəstək verməyimiz ölkələrimizin önəmini daha da artırır".
Ümumiyyətlə, Azərbaycan və qardaş ölkənin dövlət başçılarının görüşündə ilk növbədə hər iki xalqı ən çox narahat edən məsələlər müzakirə mövsusu olur. Məlum məsələdir ki, bu gün bizi ən çox narahat edən məsələ ərazilərimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsidir. Elə Qəbələdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının başlanmasından bir gün əvvəl Prezident İlham Əliyev ATƏT-in üzvü olan ölkələrin səfirləri ilə görüşü zamanı bəzi beynəlxalq təşkilatların Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hələ də ikili standart nümayş etdirməsini kəskin tənqid etmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin heç biri bu günə qədər yerinə yetirilməyib. Həmçinin ATƏT-in qərarları, Lissabon sammiti və digər qərarlar da icra olunmamış qalır. Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar da, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinin 20 faizini işğal etməsi barədə qərar qəbul ediblər. Təəssüf ki, bu qərarlar da icra olunmamış qalır. Dövlətimizin başçısının dediyi faktlar qarşısında aciz qalan səfirlər iradları sükutla qarşılamaqla etiraf etdiklərini bildirmişlər. Qardaş Türkiyə isə bu məsələdə həmişə bizimlə həmrəylik nümayiş etdirmişdir. Hətta Ermənistanın Azərbaycan ərazilərini işğalına etiraz əlaməti olaraq bu ölkə ilə sərhədləri birdəfəlik bağlamışdır. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan - Türkiyə həmrəyliyi özünü açıq şəkildə büruzə vermişdir. Respublikamızın rəhbəri İlham Əliyev də bu məsələni xüsusi vurğulayaraq dedi ki, qardaş ölkənin Baş naziri ilə görüşündə həmişə olduğu kimi, bu dəfə də Dağlıq Qarabağ mövzusu əsas müzakirə obyekti oldu:"Beynəlxalq məsələlərə gəldikdə, əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrini və danışıqlarda göstərilən səyləri müzakirə etdik. Danışıqların son durumu haqqında mən əziz qardaşıma məlumat verdim. Bildiyiniz kimi, Azərbaycana qarşı ədalətsizlik və işğal siyasəti hələ də davam edir. Beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən bölgələr iyirmi ildir ki, erməni işğalçıları tərəfindən işğal edilmişdir. Bütün beynəlxalq hüquq normaları, ədalət pozulmuşdur, tarixi ədalət pozulmuşdur. Biz çalışırıq ki, məsələnin sülh yolu ilə həllinə nail olaq. Ancaq Ermənistanın qeyri-konstruktiv və riyakar fəaliyyəti buna imkan vermir. Azərbaycanın mövqeyi birmənalıdır: beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və məsələ yalnız ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapa bilər. Fürsətdən istifadə edərək Türkiyə dövlətinə, hökumətinə bu məsələ ilə bağlı tutduğu mövqeyə görə bir daha Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm".
Qardaş ölkə arasındakı isti münasibətlərin bütün sahələri əhatə etməsi sevindirici haldır. Bu əlaqələr qarşılıqlı əməkdaşlığın sürətli inkişafından xəbər verir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın da səsləndirdiyi fikirlər bunu təsdiqləyir. Qardaş ölkənin Baş naziri jurnalistlər qarşısında çıxış edərkən iki dost ölkə arasında siyasi, hərbi, mədəni və iqtisadi sahələrdə sıx əlaqələrin olduğunu bildirdi. Baş nazir diqqətə çatdırdı ki, on il əvvəl bir milyard dollar olan ikitərəfli xarici ticarət dövriyyəmiz bu gün 3,5 milyard dollara çatıb. Onun qənaətinə görə, ötən yeddi ayda bu sahədə vəziyyət təxminən 2,6 milyard dollar oldu, - əgər bunu bir az da səylə, coşqu ilə davam etdirsək, zənnimcə, belə qısa bir dövr deyək - 2015-ci il üçün düşündüyümüz beş milyard dollarlıq xarici ticarət həcmini bu ilin sonunadək reallaşdıra bilərik. Beş milyard dollarlıq bu ticarət həcmini reallaşdırmağımız 2015-ci ildə bizə on milyard dollarlıq bir xarici ticarət dövriyyəsini təmin edər ki, bundan sonra 2020-ci ildə bunu 20 milyard dollara çıxararıq. Çünki artıq həqiqətən böyüyən, inkişaf edən bir Azərbaycan vardır, artıq böyüyən, inkişaf edən bir Türkiyə vardır. Bu iki qardaş, dost ölkənin əl-ələ verməsi qarşıya qoyulan vəzifələri uğurla başa çatdıracaq.
Qardaş ölkənin Baş naziri əbədi dost ölkələrin birgə həyata keçirdikləri layihələrdən də söhbət açmış və bu layihələrin də müvəffəqiyyətlə nəticələnəcəyinə əminliyini ifadə etmişdir. Ən başlıcası, bu həmrəyliyi qətiyyətlə davam etdirmək məsələsində hər iki tərəfdə möhkəm iradə və qarşılıqlı inam vardır. Diqqətə çatdırılmışdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi sürətlə davam edir. Naxçıvan-İğdır arasında dəmir yolu çəkməklə Türkiyə və Azərbaycanı dəmir yolu ilə də birbaşa olaraq bir-birinə bağlamaq imkanını gətirəcək bir fəaliyyətin də addımları sürətlə atılır. Hazırda artıq Naxçıvan ilə İğdır arasındakı əlaqə Türkiyə və Azərbaycan arasında çox mühüm bir prosesi də başlatmış vəziyyətdədir.
Şuranın nəticələrindən razılığını bildirən R.T. Ərdoğan toplantıların paytaxtda deyil, əyalətlərdə keçirilməsini yüksək qiymətləndirərək fikrini belə ifadə etdi: "Mən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın bu ikinci toplantısının prosesi daha da sürətləndirdiyini qeyd edir və inşallah, üçüncüsünü də gələn il yenə ölkəmizdə keçirəcəyik. Artıq bu toplantıları paytaxtlarda keçirməkdən çox müxtəlif vilayətlərimizdə keçirməklə bu vilayətlərimizin tanınmasına və tanıdılmasına da fürsət verməsi baxımından bunlar olduqca gözəl bir anlayışın təzahürü deməkdir".
Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatandan sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan və Türkiyə arsında bir sıra sahələrdə daha sıx əməkdaşlıq yaratmaq məqsədi ilə sənədlərin imzalanması mərasimi olmuşdur. İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının Protokolu"nu imzaladılar. Sonra "Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında "Türkologiya layihəsi" üzrə Əməkdaşlıq Protokolu", "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Türkiyə Radio-Televiziya Qurumu arasında "Əməkdaşlıq Protokolu", "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında kombinə edilmiş yük daşımalarının inkişafına dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında diplomatların mübadiləsinə dair Anlaşma Memorandumu", toxumçuluq və araşdırma ortaq müəssisəsinin fəaliyyətinin nizamlanması, axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi, texniki tənzimlənmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında sənədlər imzalandı.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan Şəki rayonuna getmiş, Kiş kəndindəki Alban məbədini ziyarət etmiş, XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksini və Aşağı Karvansaray məhəlləsini gəzmiş, həmçinin Cümə məscidi və Şəki Xan sarayı ilə də tanış olmuşlar.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 26 sentyabr.- S.
3.