Xaçmaz etüdləri

 

Son illər gündən-günə böyüyən və daha da gözəlləşən paytaxtımızla yanaşı, ölkəmizin digər rayon və şəhərlərində, ən ucqar qəsəbə və kəndlərində də genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılmaqdadır. Ölkəmizin "Şimal qapısı" olan Xaçmaz rayonu isə bu sahədə öncüllər sırasındadır. Son illər rayonda həyata keçirilmiş çoxsaylı layihələrin həm kəmiyyəti, həm də keyfiyyəti bunu deməyə əsas verir. Təsadüfi deyildir ki, Xaçmaza səfərləri zamanı ölkə Prezidenti cənab İlham Əliyev özürayonda aparılmaqda olan tikinti, quruculuq və abadlıq işlərinin səviyyəsindən məmnun qaldığını dəfələrlə qeyd etmişdir.

 

Bəli, son illər istifadəyə verilmiş yaraşıqlı muzeylər, yaşayış evləri, inzibati binalar, otel və istirahət ocaqları, bir-birindən abad küçə və meydanlar, park və seyrəngahlar, piyadalar üçün yeraltı və yerüstü keçidlər, hər biri müasir memarlıq nümunəsi kimi dəyərləndirilən "Qoşa qapı"lar Xaçmazın simasını tanınmaz dərəcədə dəyişmişdir.

Yaxşı yadımdadır, bir neçə il öncə Xaçmaz şəhərinin mərkəzində "Qoşa qapı" kompleksi istifadəyə veriləndə hamı ona tamaşa etməyə gəlirdi. Bir qədər sonra respublikada ilk dəfə açıq səma altında analoqu olmayan bir muzey-kompleks "Şəxsiyyətlər muzeyi" yarandı. Elə bir muzey ki, adam oranı gəzib-dolaşmaqla doymur. Bu qeyri-adi muzeyin bir başından o biri başına gedənədək Azərbaycanın çox məşhur elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin abidələri önündə qeyri-ixtiyari olsa da, ayaq saxlamalı, düşüncələrə dalmalı və nəhayət, olanlarımız üçün təkrar-təkrar qürur hissi yaşamalı oluruq. Bu xoş duyğuların ağuşunda dolaşa-dolaşa ilin bütün fəsillərində Xaçmazın ən izdihamlı guşələrindən olan Heydər Əliyev parkına, oradan da ulu öndərin adını daşıyan seyrəngaha gəlirik.

Lap bu yaxınlarda Xaçmazın gəzməli, görməli yerlərinin siyahısına daha bir ünvan əlavə olunmuşdur: Bakı-Xaçmaz magistral yolu üstündə salınmış "Çənlibel" seyrəngahı. Mərkəzində əfsanəvi xalq qəhrəmanı Koroğlunun Qıratın belində ucaldılmış abidəsi olan bu yeni seyrəngahın uzunluğu ümumi sahəsi 6 hektardır. "Çənlibel" seyrəngahının məziyyətləri barədə çox danışmaq olar. Təkcə onu deyim ki, uzun illər zir-zibil və tör-töküntü tullanılan bu ərazi indi Xaçmaz şəhər sakinlərinin asudə vaxtlarını səmərəli keçirdikləri nümunəvi istirahət guşəsindəndir.

"Çənlibel" seyrəngahında axşamlar xüsusilə qələbəlik olur. İstirahət saatlarını bu gözəl məkanda keçirənlər arasında əhalinin bütün təbəqələrindən olan insanlara rast gəlmək mümkündür. Bir sözlə, "Çənlibel" ahıllar üçün də, cavanlar üçün də, uşaqlar üçün də, hətta Xaçmazın qonaqları və turistlər üçün də, sözün əsl mənasında, sevimli istirahət guşəsinə çevrilmişdir.

Əvvəllər yay mövsümündə bu bölgəyə istirahətə gələnlər özlərini tələm-tələsik Nabrana yetirərdilər. Çünki Xaçmazın digər guşələrində dincəlmək üçün şərait yox idi. İndi Nabran da əvvəlki Nabran deyil. Yəni, beş - on il əvvəl Nabranda az qala hər addımda rastlaşdığımız primitivlik və antisanitariya hallarından, demək olar ki, əsər-əlamət qalmayıb. Köhnə və yöndəmsiz otel, kotec və xidmət obyektlərini yeni, müasir və gözoxşayan tikililər əvəz edib. Tam məsuliyyətlə deyə bilərik ki, bu gün Nabran bütün parametrlər üzrə Avropa və Asiyanın tanınmış istirahət məkanlarından heç də geri qalmır. Həm də təkcə Nabranmı? Bəli, bu gün Xaçmaz şəhərinin özündə, həmçinin Xudat və Yalamada da insanların istirahətinin səmərəli təşkili üçün çoxsaylı nümunəvi obyektlər mövcuddur.

Doğrusu, bu dəfə Xaçmaza sırf məktəb tikintisi və məktəblərdə növbəti dərs ilinə hazırlığın gedişi barədə yazmaq üçün gəlmişdim. Amma rayonun hər tərəfində yüksək zövq və peşəkarlıqla görülmüş və görülməkdə olan tikinti quruculuq və abadlıq işlərinin yanından bu dəfə də elə-belə ötə bilmədim. Nə edəsən, adam gördüyü yeniliklərə biganə qala bilmir. Mən də biganə qala bilmədim. Amma məmnunluq hissi ilə onu da deməliyəm ki, digər sahələrdə olduğu kimi, rayonda məktəb tikintisində də vəziyyət ürəkaçandır. Məlumat üçün oxuculara bildirim ki, Xaçmazda ümumən 122 məktəb, o cümlədən 55 orta məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 2782 nəfər müəllim 24607 nəfər şagirdin təlim və tərbiyəsi ilə məşğul olur. Ötən tədris ilində Xaçmazın orta məktəblərini 1270 şagird bitirib. Ali məktəblərə qəbul sahəsində də dinamika müsbətdir. Ümumilikdə, xaçmazlı məzunlardan hər il orta hesabla 175-180 nəfəri ali məktəblərə qəbul olur. Qəbul imtahanları zamanı 600-dən yüksək bal toplayan məzunların sayı ilbəil artmaqdadır.

Göründüyü kimi, nəticələr Xaçmaz rayonunda təhsil sahəsində də uğurların ilbəil artdığından xəbər verir. Yaradılmış müasir və nümunəvi maddi-texniki baza gələcək illərdə təhsil sahəsində işlərin daha rəvan gedəcəyinə təminat yaradır. Xatırladaq ki, son illər rayonda 40 - dan çox yeni məktəb binası tikilərək istifadəyə verilib. İndi Xaçmaz və Xudat şəhərləri ilə yanaşı, Çarxı, Aslanoba, Güləlan, Çiləgir, Müşkür, Qoçaqlı, Qadaşoba, Mehrəliqışlaq, Bostançı, Qarabağı və Gödəkli kəndlərində də hər cür zəruri texniki avadanlıqlarla tam təchiz olunmuş müasir məktəblər fəaliyyət göstərir. Yeni dərs ilində Köhnə Xaçmaz, Uzunoba və Müzəffəroba kəndlərinin şagirdləri də yeni istifadəyə verilmiş nümunəvi məktəb binalarında təhsil almağa başlamışlar. Xatırladaq ki, hər üç məktəb Dövlət Proqramı çərçivəsində tikilib. Ümumilikdə isə son illər Xaçmazda 13 məktəb Dövlət Proqramı çərçivəsində, 4 məktəb ölkə Prezidentinin xüsusi sərəncamı əsasında, 5 məktəb Heydər Əliyev Fondu, 10 məktəb isə yerli bələdiyyə orqanları tərəfindən inşa olunub ki, həmin tədris ocaqlarında 10 min nəfərə yaxın şagird təhsil alır.

Məktəblərin tikintisinə, onların maddi - texniki təchizatına qoyulan sərmayələr ölkənin və millətin tərəqqisinə yönələn, bəlkə də, ən perspektivli investisiyalardır. Hansı ki, həmin investisiyalar sayəsində tək Xaçmazın deyil, bütövlükdə ölkəmizin gələcək qurucuları yetişməkdədir. Yetişməkdə olan yeni nəsil isə dünənin və bugünün mütərəqqi ənənələrini yaşatmaqla, bu ənənələri daha da inkişaf etdirməklə bütövlükdə doğma Azərbaycanımızın bundan sonra daha sürətlə və hərtərəfli inkişafı üçün etibarlı təminat yaradacaqdır.

 

 

Q.CƏFƏROĞLU

 

Xalq qəzeti.- 2012.- 27 sentyabr.- S. 6.