Ümumtürk birliyi:
reallıqlar və perspektivlər
Dünya sürətlə dəyişir və bəşəriyyətin
möhtəşəm elmi-texnoloji, iqtisadi və nəticə etibarilə həm də
siyasi transformasiyalar ərəfəsində
olduğu aydınca sezilməkdədir.
İzləməkdə olduğumuz tendensiyalar, dünya miqyasında
dövlətlərarası münasibətlərin
inkişafı istiqamətində formalaşmaqda olan yeni konfiqurasiyalar getdikcə
daha maraqlı şəkil almağa
başlayır.
Ümumiyyətlə,
XX əsrin son onilliklərində dönməz xarakter alan
iqtisadi qloballaşmanın öz növbəsində siyasətin
də qloballaşmasını şərtləndirən
başlıca amilə çevrilməsi artıq göz
qabağındadır. Bu zərurətin nəticəsi olaraq
Avropa İttifaqının və NATO-nun genişlənməsi
prosesi bir sıra dövlətlərin, xüsusilə Rusiya,
Çin, İran kimi dövlətlərin maraqlarına zidd olmaqla
kəskin müqavimətlə qarşılansa da
dünyanın vəhdətə doğru dialektik inkişaf
vektorunu dəyişmək və ya durdurmaq mümkünsüz
görünür.
Bu
gün nə qədər çətin problemlərlə
qarşılaşsa da, hesab etmək olar ki, Avropa
İttifaqı-dünya dövlətlərinin iqtisadi, siyasi,
hüquqi və sivil əsaslarda planet miqyaslı birliyinin ən
nümunəvi modelidir. Buna görə də alman filosofu Yurgen
Habermas "Avropanın siyasi cəhətdən birləşməsinin
uğurunu - dünyanın digər regionları
üçün də örnək ola biləcək eksperiment
xarakterində" olan hadisə sayır. Bu səbəbdən
də Avropa İttifaqının inkişaf perspektivinə
hazırda XXI əsrin ən böyük siyasi layihəsi kimi
baxılır.
Avropa
İttifaqının üç struktur komponenti - (1) Avropa
Birliyi, (2) ümumi xarici siyasət və təhlükəsizlik
siyasəti, (3) hüquqi sferada mühafizə və məhkəmə
orqanlarının əməkdaşlığı
İttifaqın "dayaqları" hesab edilir. Bu üç
dayaq üzərində qərarlaşan Avropa İttifaqı
vahid rəhbərlik təsisatlarına (Avropa Parlamenti, Avropa
Şurası, Avropa Komissiyası, Avropa Məhkəməsi,
Avropa Hesablama Palatası) və vahid valyutaya malikdir. Avropa
Parlamenti və Avropa Şurası avropadaxili məsələlərlə
yanaşı, dünyada baş verən hadisələrə,
ümumdünya siyasi yenidənqurma və demokratikləşmə
proseslərinə də özünün fəal münasibətini
bildirməklə qlobal siyasətin istiqamətverici güc mərkəzinə
çevrilməkdədir.
XXI əsrin
qlobal siyasətə gətirdiyi dəyişiklik ab-havası
türk dünyasından da yan keçməyib. Belə mürəkkəb
proseslərin axarında Türkiyənin AB qapısında
onilliklər ərzində növbə gözləməsi də
bir tərəfdən başa düşülən olsa da, digər
tərəfdən real və bütövlükdə türk
dünyası üçün əlverişli
görünmür. Çünki meqasosium formasında təşəkkül
tapa biləcək istənilən uğurlu birlik mütləq
mənada həmin birliyi təşkil edən dövlətlərin
və millətlərin tarixi- sivilizasyon köklərindən
qaynaqlanmalıdır. Bunun sübutu kimi AB timsalında üzv
ölkələrin hamısının vaxtilə məhz Roma
sivilazasiyasından - yəni eyni sivilizasiyadan qoparaq
yaranmış etnoslar zəminində təşəkkül
tapdığını və əlverişli tarixi şərait
yarandıqda asanlıqla birləşə bildiyinin şahidi
olduq. Bu baxımdan yanaşdıqda Türkiyənin AB-yə
üzv olmasının nəzəri cəhətdən
mümkünsüz və strateji baxımdan
bütövlükdə türk dünyası
üçün əlverişsiz olduğu ortaya
çıxır. Belə bir qənaətə gəlirsən
ki, zaman-zaman çox müxtəlif səbəblər nəticəsində
ayrılıb daha sonra yenidən birləşmək və daha
qüdrətli bir şəkildə dünya birliyində
özünə yer tutmaq üçün həmişə
geriyə nəzər salmaq, keçmişimizi
doğru-düzgün dəyərləndirmək və gələcəyimizin
layihəsini məhz bu əsaslarda müəyyən etməliyik.
O zaman görəcəyik ki, əcdadlarımızın
yüzilliklər ərzində qoyub getdiyi tarixi-sivilizasyon
qaynaqlarımıza dayaqlanan yol ən əlverişli və ən
doğru bir yoldur. Prof. Dr. Mustafa Erkalın göstərdiyi
kimi, "türk dünyasının ortaq mədəniyyət
mirası" onun yenidən və daha güclü
çağdaş təməllərdə birlik durumuna gəlməsinin
ən başlıca faktorudur. Bizim üçün bu yol məhz
ümumtürk birliyi yoludur.
Hadisələrin
bugünkü gedişi göstərir ki, dünya türk
dövlətləri üçüncü minilliyə vahid
siyasət və mədəniyyət strategiyası üzrə
hərəkət etmək və bu tendensiyanı uğur və
qətiyyətlə davam etdirmək əzmi ilə ilə daxil
olurlar. Bu baxımdan bu günlərdə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının Bişkekdə
keçirilən toplantısında dörd türk dövləti
- Türkiyə, Azərbaycan, Qazaxıstan və
Qırğızıstan tərəfindən ümumtürk
bayrağının qəbul olunması XXI əsrdə
türk dünyasının bütövləşməsi,
vahid gücə çevrilərək dünya siyasətində
daha önəmli bir statusa yiyələnməsi yolunda
atılmış ən mühüm addımlardan biridir.
Ümumtürk vəhdətinə aparan müqəddəs bir
yolda başımız üzərində dalğalanacaq bu
bayraq "Böyük siyasət"də türk komponentinin
mövcudluğunu, zəruriliyini və qüdrətini
nümayiş etdirməklə vacib siyasi əhəmiyyət
daşıdığı kimi, həm də dünyanın
bütün vətənpərvər türkləri
üçün böyük mənəvi əhəmiyyətə
malikdir. Dünya türklərinin bu uğurlu yola
çıxması və cəsarətlə irəliləməsi
üçün min illər boyunca tarixin enişli-yoxuşlu
yollarını şərəflə qət etmiş ulu
türkün tarixinə nəzər saldıqda bu vəhdətin,
bu birliyin labüd olduğunu və bu missiyanın məhz XXI əsr
türklərinin üzərinə düşdüyünü
dərk etmək heç də çətin deyil.
Ən
qədim çağlarda Altay və onun hüdudlarında, daha
sonrakı zamanlarda isə Asiya və Avropanı qovuşduran
çox geniş coğrafiyada dövlət və imperiyalar
yaratmış və bu sarsılmaz dövlətçilik ənənələrini
bu günə qədər davam etdirərək təkmilləşdirmiş
türk xalqlarının dünya tarixindəki əzəmətli
həyatı, möhtəşəm mədəniyyəti,
ümumdünya proseslərinə istiqamət verməsi-bütövlükdə
türk sivilizasiyasının etno-kulturoloji və etno-siyasi
potensiyasının tükənməzliyini göstərir.
Tarixi inkişaf prosesində türklər qədər
intensivliklə dünya mədəniyyətini özünə
transformasiya edən və özündən transformasiya edən
ikinci bir superetnos (özündən etnoslar törədən
superetnos!) nişan vermək bəlkə də mümkün
deyil. Müvafiq humanitar elmlər üzrə aparılan
araşdırmalar da təsdiq edir ki, hələ islamaqədərki
tarixdə türklər böyük dövlətçilik mədəniyyətinin
maddi və mənəvi mədəniyyətin, xüsusilə
mükəmməl yazı mədəniyyətinin, tranzit
texnologiyasının sahibi olmuşlar. Avrasiyanın davamlı
dövlətçilik tarixinin yaradıcıları məhz
türklərdir. Avrasiyanın özünü bütöv
qlobal məkan kimi hiss etməsinin tarixi özünüdərki
prosesi məhz türk sivilizasiyasının
quruluşyaradıcı təbiəti ilə
bağlıdır. Buna görə də türk
sivilizasiyasının dünya tarixindəki rolu onun həm
islamaqədərki tarixi, həm İslam dövrü, həm də
müasir dövrünü ardıcıllıqla və
bütövlükdə araşdıran konseptual yanaşmada
öz həqiqi dəyərini ala bilər. Vaxtilə islamaqədərki
türk sivilizasiyasının nailiyyətlərindən
bütün Asiya və Avropa bəhrələndiyi kimi, eləcə
də Türk-İslam kontaktından qopan
qığılcımlar bütün Şərq
sivilizasiyasına yeni energetik potensial gətirmiş, dövlət
və din, siyasət və mənəviyyat münasibətlərində
dünyanın böyük bir coğrafiyasında müvazinət
effektini yarada bilmişdir. Bu - xüsusilə İslam Şərqində
nəinki mənəvi həyatı və dini-ortodoksal
baxışları, həm də sosial-siyasi həyatı əhəmiyyətli
dərəcədə dəyişikliklərə uğradan
türk sufiliyinin və irfaniliyinin fəlsəfə və
praktikasında öz təsdiqini tapırdı.
Şərqin üç böyük dilində - ərəb, fars, türk dillərində mədəniyyət yetişdirən, Şərqin bütün mütərəqqi meyl və tendensiyalarını (hətta Buddizm və Xristianlığın!) özündə birləşdirən türklərin öz hərbi-siyasi və mədəni-mənəvi qüdrəti ilə Avrasiyada dominant sivilizasiya yaratması tamamilə təbii idi. Çünki türk imperatorluqları epoxasında Qərb imperializminə məxsus istismar rejimi, məğlub etnos və mədəniyyətlərin kökünü kəsmək strategiyası, demək olar ki, olmamışdır. Göytürk, Moğol, Atabəy, Osmanlı, Səfəvi imperiyalarından qopan bütün xalqlar öz tarixi-mədəni həyatını normal şəkildə, təbii axarında davam etdirə bilmişlər. Türk imperatorluq hərəkatının köklü ziddiyyətli məqamları da olmuşdur ki, bunlar da nəticə etibarilə ayrı-ayrı tarixi zamanlarda bir başqasının yox, məhz onun özünün böhranlara uğraşmasına gətirib çıxarmışdır.
Türk tarixindəki etno-kulturoloji diferensiasiya prosesləri tarix boyu müəyyən sapıntı və itkilərlə müşayiət olunsa da, əsasən, öz ümumtürk köklərindən üzülməyən, ancaq getdikcə spesifikləşən türksoylu milli mədəniyyətlərinin yaranması ilə başa çatır. Həmin ümumtürk kökləri o qədər zəngin bir irsdir ki, müasir türk milli mədəniyyətləri məhz onun əsasında ortaq dəyərlərə sahibdirlər. Və həmin varislik xəttilə müxtəlif türksoylu etnoslar sonradan ayrı-ayrılıqda nə əldə ediblərsə, bu da müasir dövrümüzdə bütün dünya türklərinin ümumi sərvətidir.
Dünyanın ən seçkin mədəniyyət və siyasət ənənələrindən birinə malik olan türklərin yaradıcı düşüncəsi bütün zamanlarda qanunauyğun-effektiv modellərdə özünü qurmağı və işləməyi bacarıb. Belə ki, türk milli mədəniyyətləri nə qədər etno-kulturoloji diferensiasiyalara məruz qalsa da sonda yenə də ümumtürk mədəniyyətini formalaşdıra bilib və türk sivilizasiyası statusunda dünya mədəniyyətinin mühüm bir hissəsinə çevrilə bilib. Bu, digər müasir dünya sivilazasiyalarının da keçib gəldiyi uzun yol keçmiş və tarixi sınaqlardan çıxmış bir modeldir. Məsələn, Qərb mədəniyyəti Avropa, Şimali Amerika milli mədəniyyətləri - Qərb-ümumavropa mədəniyyəti - dünya mədəniyyəti vektoru ilə, Ərəb mədəniyyəti də öz növbəsində ərəb milli mədəniyyətləri - ümumərəb mədəniyyəti - dünya mədəniyyəti modelində təşəkkül tapmış məhz bu qanunauyğunluq əsasında qurulmuşdur. Türk milli mədəniyyətlərinin də harmoniyası - onların hər birinin özünəməxsusluğunu yaşatması və təbii şəkildə ümumtürk mədəniyyətinə qovuşması ilə baş tutur. Onların siyasi ənənələri, dövlətçilik mədəniyyəti də bu sarsılmaz təməl üzərində dayanaraq daim inkişaf edir. Dünya milli mədəniyyətlərinin universal-ümumbəşəri sivilizasiyada ahəngdarlaşmasının ən təbii, ən məntiqi və ən perspektivli yolu da elə budur. Çünki bu modeldə dünyanın qlobal inkişafı prosesində milli mədəniyyətlərin və milli dövlətçiliyin yaşaması qarantiyası və labüdlüyü vardır.
Göründüyü kimi, müasir dünyada türk milli dövlətlərinin birliyi ideyasının kökündə bu dövlətləri yaratmış türk xalqlarının etno-genetik təməli, ulu sivilizasiya qaynaqları, böyük dövlətçilik təcrübəsi və ənənəsi, bütün tarix boyu davam etmiş etno-mədəni əlaqələri, tarixi diferensiasiya proseslərində itirmədikləri, qoruyub saxladıqları və daim inkişaf etdirdikləri ortaq dəyərləri dayanır. Bu elə bir möhkəm özüldür ki, tarixin ən amansız dövrlərində belə sarsılmamış, məqam düşdükcə bərkimiş, hazırda isə özünün güclü energetik potensialını yenidən və daha məqsədyönlü şəkildə hərəkətə gətirmək qüdrətindədir.
I Dünya savaşında Türkiyənin öz dövlətçiliyini qoruyub saxlaya bilməsi və Atatürk Cümhuriyyəti dövründə onun yeni, daha müasir əsaslar üzərində möhkəmləndirilməsi ümumtürk tarixinin ən çətin və ən şərəfli səhifələrindən olmaqla bərabər artıq kifayət qədər parçalanmış ümumtürk birliyinin bərpası üçün də yeni zəmin yaratmış oldu.
Mustafa Kamal Atatürk türk dünyasının özünüdərk və özünütəsdiq zərurətini modernləşmə proseslərinə uyğun şəkildə böyük siyasi uzaqgörənliklə belə bəyan etdi: "Ey Türk milləti! Sən yalnız qəhrəmanlıq və cəngavərlikdə deyil, mənəviyyat və sivilizasiyada da insanlığın şərəfisən. Tarix, yaratdığın sivilizasiyanın məğrurluğu ilə doludur. Varlığına qəsd edən siyasi və ictimai amillər bir neçə əsrdir yolunu kəsmiş və yürüşünü çətinləşdirmiş olsa da, on minillik fikir və mədəniyyət mirası ruhunda saf və tükənməz bir qüdrət halında yaşayır. Yaddaşında minlərcə ilin xatirəsini daşıyan tarix, sivilizasiya mərhələsində layiq olduğun yeri sənə barmağı ilə göstərir. Oraya yürü və yüksəl. Bu - sənin üçün həm bir haqq, həm də bir borcdur". Atatürkün ideyasına görə, türk sivilizasiyası ulu keçmişinin, yaradıcı indisinin və bunlar üzərində təməllənən böyük gələcəyinin bütövlüyü ilə seçkinliyinin dəyərlərini meydana çıxara, varlığını bütün əzəməti ilə sübuta yetirə bilər: "Milli ideala tam bir vəhdət şəklində yürüməkdə olan türk millətinin böyük millət olduğunu bütün sivilizasiya aləmi az zamanda bir daha tanıyacaqdır. Əsla şübhəm yoxdur ki, türklüyün unudulmuş böyük sivilizasiyalı mahiyyəti və böyük sivilizasiya qabiliyyəti bundan sonrakı inkişafı ilə gələcəyin yüksək sivilizasiya üfüqündə yeni bir günəş kimi parlayacaqdır".
XX əsrin əvvəllərində -bəşəriyyətin yeni dövr tarixində ümumtürk birliyi ideyasını ilk dəfə beynəlxalq siyasət kontekstinə gətirən yenə də Mustafa Kamal Atatürkdür: "Biz bu gün Sovetlər Birliyi ilə dostuq, əməkdaşıq. Amma heç zaman unuda bilmərik ki, orada bizim qan, dil, mədəniyyət qardaşlarımız yaşayır. Və Sovetlər Birliyi bir imperiyadır. Bütün imperiyalar kimi o da dağılacaqdır. Biz hazır olmalıyıq ki, gələcəkdə öz qardaşlarımıza kömək edə bilək".
Mustafa Kamal Atatürkün böyük uzaqgörənliklə söylədiyi fikirləri tarix yalnız XX əsrin son onilliyində həqiqətə çevirdi. Sovet İmperiyasının çökməsi ilə tarixi türk yurdlarına da azadlıq və istiqlal gəldi, daha beş türk dövləti öz müstəqilliyini bəyan etdi. Böyük Atatürkün 70 il öncə müdrik bir uzaqgörənliklə söylədiyi fikirlər Türk Dünyasının yeni lideri Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" cümləsi ilə öz təsdiqini tapdı. Ümummilli lider Heydər Əliyev XX əsrin əvvəllərində təməli qoyulmuş bu ideyanı müstəqillik dövründə gerçəkliyə çevirdi və türk dünyasının lideri kimi ömrünün sonuna qədər həmin ideyanın kəsərli bir strategiya kimi fəaliyyət göstərməsinə yollar açdı. O ümumtürk birliyinin möhkəmlənib inkişaf etdirilməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün tarixi fəaliyyətini dönə-dönə dəyərləndirmiş, onu "iyirminci əsrin bəşəriyyətə verdiyi böyük dühalardan" biri saymışdır: "Qardaş Azərbaycan xalqı Atatürkün şəxsiyyətinə, onun ideallarına, onun qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır.
(ardı var)
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə
doktoru
Xalq qəzeti.- 2012.- 27 sentyabr.- S. 5.