Erməni terroru: hədəf Azərbaycandır

 

25-26 fevral 1992-ci il. Xocalı şəhəri. Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin iştirakı ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i gecə şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Xocalı yerlə-yeksan edildi. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər dinc sakin Ağdama çatmaq ümidi ilə şəhəri tərk etdi.

 

Amma bu günahsız insanların xeyli hissəsi pusquya düşərək canını qurtara bilmədi. Bu soyqırımında, 63-ü uşaq,106-sı qadın, 70-i qoca olmaqla - 613 nəfər Xocalı sakini vəhşicəsinə qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər əsir, 150 sakin itkin düşdü...Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə aid qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu.

Həmin hadisələrin şahidi olmuş rus zabiti, mayor Leonid Kravets 1992-ci il martın 13-də Rusiyanın "İzvestiya" qəzetinə verdiyi müsahibədə demişdir: "Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qoca cəsədləri görünürdü."

Bundan əlavə, daha bir dəhşətli faktı Livanda yaşayan erməni jurnalist David Xerdiyan Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. Müəllif həmin kitabın 19-76-cı səhifələrini yalnız Xocalı dəhşətlərinə həsr edərək yazır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan (Ermənistanın indiki müdafiə naziri-A.T.) mənə işarə etdi ki, qorxma. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Ayaqlarım və şalvarım qan içində idi. Və mən... meyitlərin üstündən keçdim."

22 mart 1992-ci il. Qazax rayonu, Cəfərli kəndi ərazisində "UAZ 469" markalı 60-25 AZU dövlət nişanlı avtomaşın partladılmış, 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

28 mart 1992-ci il. Cəbrayıl rayonu, Dolanlar kəndi əraziəsində "Kamaz-5410" markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, 2 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.

18 aprel 1992-ci il. "Qazax-Cəfərli" yolunun 10-cu kilometrliyində maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.

20 may 1992-ci il. Zəngilan rayonunun Qazançı kəndi yaxınlığında "UAZ-469" markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

2 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, casusluqterrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.

22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 4 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır.

30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində "ZİL" markalı maşın partladılmış, 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan "QAZ-66" markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.

1 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

18 mart 1994-cü il. Xankəndi yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşdur.

19 mart 1994-cü il. Bakı metropoliteninin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.

Müəyyən olunmuşdur ki, "Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında milliyyətcə ləzgi olan bir neçə Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı, Bakının "Nizami" kinoteatrında, Respublika Sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.

"20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 "sadvalçı" cinayət məsuliyyətinə cəlb edilmişdir.

13 aprel 1994-cü il. Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

3 iyul 1994-cü il. Bakı metropolitenin "28 May"-"Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmişazad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixdə A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə "Ömər-75" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokoladdezodarant qutularında gizlədilmişdir.

A.Aslanov "Yerevan-Mineralnıye Vodı-Bakı" marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" - "Gənclik" stansiyaları arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur.

İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryankapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.

Göstərilən faktlardan bir daha aydın olur ki, ermənilər tərəfindən qətlə yetirilən sıravi vətəndaşların ümumi sayı 1065 nəfərdən artıq, müxtəlif dərəcəli bədən xəsarəti alanların sayı isə 1181 nəfərdən çox olmuşdur. Ölənlərin və yaralananların çoxluğunu, həmçinin hadisə şahidlərinin keçirdikləri mənəvi sarsıntıları nəzərə alsaq, fiziki və mənəvi terrorun miqyasının çox böyük olduğunu görə bilərik. Onu da qeyd edək ki, törədilən terror hadisələri qurbanları silahlı hərbçilər deyil, sıravi, dinc, günahsız vətəndaşlar olmuşlar.

Göründüyü kimi, ermənilərin hədəfi ümumilikdə Türk dünyası və ilk növbədə onun ayrılmaz tərkib hissəsi olan Azərbaycan xalqıdır. Ramil Səfərovun haqlı olaraq Azərbaycana ekstradisiya olunması və Prezident İlham Əliyev tərəfindən əfv olunmasından sonra Ermənistan və onun havadarlıq etdiyi terror təşkilatı ASALA azərbaycanlıları təhdid etdi. Hətta Macarıstan səfirliyinə ölümlə cəzalandıracaqları diplomatlarımızın siyahısını da göndərdi. Bu erməni terrorunun hələ də bəşəriyyət üçün təhlükə olaraq qaldığını və Ermənistanın terrora açıq-aşkar dəstək verdiyini sübut etdi. Lakin ermənilər onu da nəzərə almalıdırlar ki, Azərbaycan o zamankı Azərbaycan deyil. İndi onların bütün hərbi qüvvələrini bir anda yox edəcək Milli Ordumuzmübariz ruhumuz vardır. Onların bütün terror aktlarını öz qanlarında boğa biləcək milli təhlükəsizlik sistemimiz vardır. Azərbaycan istənilən erməni təhdidinə və terroruna layiqli cavab verə biləcək durumdadır və dünyanın anti-terror koalisiyasının əsas üzvlərindəndir.

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2012.- 27 sentyabr.- S. 5.