Ümumtürk birliyi: reallıqlar və perspektivlər.(əvvəli 27 sentyabr tarixli sayımızda)

 

Atatürkün dahiliyi, müdrikliyi bizim üçün ilham mənbəyidir" deyən Heydər Əliyev Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçılarına təbrikində söyləmişdir: "Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir".

 

Heydər Əliyevin türkçülüyə dair siyasi baxışlarının parlaq və bariz nümunəsi olan bu fikirlərdə türk dünyasının müasir dünya inkişafında özünə yer alması, beynəlxalq arenada yüksəlməsi və bu mövqedən vahid universal strategiyasını irəli sürməsi, hər bir türk dövlətinin ümumtürk mənafeyi baxımından dünya birliyində uzlaşdırılmış siyasi xətlə çıxış etməsi konsepsiyası öz real ifadəsini tapmışdır. Bu konsepsiya çərçivəsində bütün siyasi səyləri bir araya gətirib hamını qane edən düzgün istiqamətləndirilmiş məqsədlər uğrunda birləşdirməklə, bütün türk dövlətləri öz müstəqilliklərini qorumaq və möhkəmləndirməyə xidmət edən öz milli siyasətləri ilə ümumbəşəri amallara tuşlanmış qlobal siyasətin harmoniyasını tapa bilər və beynəlxalq siyasətdə öz iradəsini ortaya qoyan nüfuzlu qlobal gücə çevrilə bilər.

Türk dünyası özünün sıx konsolidasiyası ilə böyük və qüdrətli bir sivilizasiya məkanı, mütərəqqi ruhlu bir siyasi sistem kimi planetin qlobal inkişafı perspektivində aparıcı, yönəldici qüvvəyə çevrilə bilər. Məhz bu təməl üzərində hal-hazırda Azərbaycan-Türkiyə münasibətlərinin yeni, ən sıx müttəfiqlik mərhələsi yaşanılır. Burada onu da vurğulamaq yerinə düşər ki, türk dünyasının bütövlüyü Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdir. Bu münasibətlər kontekstində son iyirmi ildə müstəqilləşmiş digər türk dövlətləri ilə əlaqələrin də yeni modelləri və bu əlaqələrin intensivləşməsi də gündən-günə zəruriləşir. Xüsusilə son on ildə Azərbaycan və Türkiyə respublikalarının reginal və qlobal siyasi arenada güclənməsini və onların arasındakı müttəfiqliyin ümumtürk və region dövlətləri üçün bir örnəyə çevrilməsini türk dünyasının bütünləşmə prosesinin stimullaşdırıcı amili hesab etmək olar.

Türk dünyasının birliyi ideyası, türk milli dövlətlərinin vahid siyasi və mədəni mövqedən çıxış etmək strategiyası bu gün Azərbaycanda, Türkiyədə və digər qardaş türk respublikalarında həm siyasi hakimiyyət, həm də ictimai-humanitar səviyyələrdə aktuallaşmaqdadır. Təbii ki, böyük və müstəqil dövlətçilik təcrübəsi olan, ən çətin dövrlərdə belə birlik ideologiyasını qoruyub inkişaf etdirmiş , dünya türklüyünün anayurdları sayılan Azərbaycan və Türkiyə respublikalarında birlik ideyası və konsepsiyası daha möhkəm təməllərə və özünügerçəkləşdirmə gücünə malikdir. Bu siyasət Azərbaycanda və Türkiyədə müasir dünya reallıqlarına uyğun olaraq öz ölçüsündə, lakin ardıcıl və sistemli şəkildə aparılır. Hazırda bir çox iqtisadi, siyasi, mədəni layihələrin həyata keçirilməsi məhz bu iki dövlətin həmin strategiya əsasında ardıcıl səy və qətiyyət göstərməsi nəticəsində mümkün olur.

Azərbaycan qardaş ölkələrə sərmayə qoyan, Transxəzər layihələrini həyata keçirən və beləliklə də, türk dünyasının iqtisadi, siyasi və mədəni coğrafiyasını praktiki olaraq birləşdirən "həyat yoluna" çevrilməkdədir. Müasir türk dövlətləri məhz təbii ehtiyatlarla zəngin olan Xəzər hövzəsi üzərindən beynəlxalq iqtisadi əlaqələrin daha geniş meydanına çıxırlar. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri bölgənin yeni enerji xəritəsini yaradır. Neft məhsulları bu yollar və dəhlizlər vasitəsilə Xəzər dənizinin şərq sahillərindən - Qazaxıstan və Türkmənistandan qərb sahillərinə, Azərbaycan ərazisindən Türkiyəyə, oradan da Avropaya nəql edilir, dünya bazarlarına çıxarılır. Tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu isə nəinki Türkiyəni Azərbaycanla, Türkiyəni və eləcə də Avropanı Orta Asiya ilə birləşdirəcək bir beynəlxalq marşrut olacaqdır.

Ümumiyyətlə, türk dünyasının bütövlüyü, onun özünü vahid geosiyasi məkanda və platformada dərk etməsi və buradakı proseslərə birgə təsir imkanlarına malik olması - Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsindən, bu səviyyənin daim yüksəldilməsindən və daha kəsərli hala gətirilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Türkiyə və Azərbaycanın səsinə digər qardaş türk respublikalarından hay verildikcə, türk dövlətlərinin birliyi öz sarsılmaz mövqeyini dünya miqyasında daha əsaslı şəkildə nümayiş etdirə biləcəkdir.

Üçüncü minilliyin başlanğıcında yenidən beynəlxalq siyasətdə güc amilinin önə çıxması, eyni zamanda, planetar sabitliyin qorunub saxlanması zərurəti açıq-aydın göstərir ki, türk sivilizasiyasına mənsub olan dövlətlər yalnız vahid blokda olmaqla qloballaşma prosesində güc mərkəzi kimi özünü təsdiq edə bilər. Avrasiya materikinin 1/5-də - 10,5 milyon kvadratkilometrlik böyük bir ərazidə yaşayan, bəşəriyyətin beş böyük tirəsindən biri sayılan 250 milyonluq türk ulusunun böyük türklük ideyası ətrafında vahid siyasi blokda birləşməklə qloballaşma prosesinin avanqardında özünə yer alan supergüclərdən biri olmağa haqqı və qüdrəti çatır. Dünyanın bütün türk dövlətləri özlərinin tam müstəqilliyini saxlayaraq və beynəlxalq aləmlə hərtərəfli əlaqələrini, eləcə də digər dövlətlərdə kompakt yaşayan türksoylularla doğma münasibətlərini davaminkişaf etdirərək, planetin geosiyasi manevrlər məkanında vahid siyasi blokdan çıxış etmələri ilə nəinki haqq və qüdrətlərini göstərmiş olar, həm də tarixin məntiqinə uyğun hərəkət etmiş olarlar.

Bu baxımdan beş türk respublikasının - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın müstəqilləşməsindən sonra onların Türkiyə ilə çiyin-çiyinə verərək birgə addımlaması və yeni nəsil dünya dövlətləri sırasında özlərinə layiqli yer alması beynəlxalq münasibətlərin inkişafında qlobal əməkdaşlığın yeni imkan və perspektivlərini açan mütərəqqi bir hadisədir. Böyük türk dünyasını yenidən və daha möhkəm əsaslar üzərində birləşdirməyə yönələn fəaliyyətlərin meydanı keçən əsrin son onilliyindəki müstəqilləşmə hərəkatının davamı və suveren türk respublikalarının beynəlxalq birlikdə özünütəsdiq zərurəti kimi ildən-ilə genişlənir. Ona görə də ötən iyirmi ili həm də beynəlxalq sistemin tədricən "ümumtürk komponenti" ilə möhkəmlənməsi tarixi hesab etmək olar.

Qlobal siyasi arenada güc mərkəzləri sayılan dövlətlər də artıq başa düşürlər ki, bu gün dünyada mövcud olan türk dövlətlərinin ümumi mənafe birliyini nəzərə almadan, nə onların özlərinin, nə bütövlükdə region dövlətlərinin, nə də beynəlxalq subyektlərin qarşılıqlı əməkdaşlıq münasibətlərini istənilən səviyyəyə çatdırmaq mümkün olmaz. Artıq belə bir hal Qarabağ məsələsinə yanaşmada Azərbaycanın mənafeyinə uyğun şəkildə qardaş Türkiyənin beynəlxalq siyasət masasına qoyduğu prinsipial mövqe ilə öz təsdiqini tapmış oldu. Məhz belə bir prinsipial mövqeyi beynəlxalq siyasətin reallığına çevirmək üçün türk dövlətlərinin müttəfiqliyini möhkəmləndirən bütün təşəbbüslərin dəstəklənməsi olduqca vacibdirbu onların yürütdükləri daxilixarici siyasətin əsas istiqamətlərindən biri olmalıdır. Bu dövlətlərdən birinin - Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv qəbul edilməsi, 2012-ci ilin may ayından isə BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi ümumən türk dünyasının böyük nailiyyəti, onun problemlərinə (xüsusilə Qarabağ probleminin həllinə) beynəlxalq diqqətin yönəldilməsi baxımından optimal imkan kimi qiymətləndirilə bilər. Bu dövlətlərdən hər birinin güclənməsi ümumən türk dünyasının qüdrətinin artması deməkdir.

Hazırda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq üçün açılan geniş meydan ənənəvi türk təşəbbüskarlığını yeni mərhələyə yüksəldir, birgə fəaliyyətlərin daha əhatəli spektrini yaradır. 1993-cü ildən mütəmadi olaraq keçirilən Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayları türk dünyasının birliyi ideyasının daha səmərəli təbliğ olunmasına, türk xalqları arasında dostluq və qardaşlıq ənənələrinin möhkəmlənməsinə əlavə stimul yaradır. Burada müzakiə edilən məsələlərlə bağlı qəbul olunmuş qərarlar türk xalqlarının problemlərinə baxışların bir-birindən fərqlənmədiyini nümayiş etdirir.

Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantıları da birbaşa bu birliyin gücləndirilməsinə və inkişaf etdirilməsinə xidmət edən uğurlu siyasi formatdır. İlk Zirvə Toplantısı 1992-ci ildə Ankarada, sonrakı toplantılar isə 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada, 2009-cu ildə Naxçıvanda keçirilmişdir.

2010-cu ilin sentyabrında İstanbulda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısının açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Abdullah Gül türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsində Azərbaycanda keçirilən IX Zirvə Toplantısında qəbul edilən qərarların mühüm rol oynadığını bildirərək, həmin əməkdaşlığın forma, məzmun və miqyasına yeni yanaşmanı ortaya qoymuş və xüsusilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini (2009-cu il, 3 oktyabr) yüksək qiymətləndirmişdir: "Biz artıq bir millət, altı dövlətik. Bu, Şuranın yaradılması ilə "Əməldə birlik" şüarı reallaşacaq. Bütün türk dövlətləri bu quruma sahiblənməlidir. Burada məqsəd bürokratik bir qurum yaratmaq deyil. Məqsəd xalqların təşəbbüskar ruhunu və potensialını hərəkətə keçirməkdir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin Toplantıda tarixi-geosiyasi proseslərin türk dünyası coğrafiyasına zaman-zaman necə təsir etməsi məsələsinə toxunaraq, bu coğrafiyada yaşayan türkdilli xalqların müasir dünyanın reallıqlarına uyğun yüksək siyasi mədəniyyətlə öz sarsılmaz birliyini yaratmaq işində daha qətiyyətli olması həqiqətini irəli sürmüşdür : "Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyükgüclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək".

Beləliklə, Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısında "Naxçıvan Sazişinə" uyğun olaraq Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası təsis edilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısı 2011-ci ilin oktyabrında Qazaxıstanın Almatı şəhərində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuranın fəaliyyətində diqqəti bundan sonra türk birliyinin daha çox real nəticələrlə və praktiki müstəvidə möhkəmləndirməsinə yönəltməyi vacib saymışdır: "Mən, ümumiyyətlə, hesab edirəm ki, biz növbəti mərhələdə, xüsusilə indi Əməkdaşlıq Şurası formalaşdıqdan sonra diqqətimizi daha çox real layihələrə yönəltməliyik. Çünki bu günədək kifayət qədər ciddi bəyanatlar artıq verilmişdir, sənədlər imzalanmışdır. Bu zirvə görüşünün nəticəsində də çox sanballı sənəd qəbul ediləcəkdir. Ona görə, əgər biz növbəti illərdə daha çox konkret layihələrə diqqət yetirsək, bu, təşkilatımızın inkişafı və ölkələr arasındakı əlaqələrin möhkəmlənməsi üçün də müsbət rol oynayacaqdır. Biz buna hazırıq və konkret layihələrin icrası ilə bağlı təkliflərimizi də verəcəyik... Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar vardır. İlk növbədə güclü siyasi iradə vardır. Bu zirvə görüşlərinin mütəmadi keçirilməsi, bu gün birinci Əməkdaşlıq Şurasının keçirilməsi, qəbul ediləcək qərarlar çox ciddi siyasi iradənin mövcudluğunu göstərir".

Qeyd edək ki, Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Türkdilli Dövlətlərin Mədəniyyət Fondunun yaradılması haqqında təklifi də dəstəklənmişdir.

Xüsusi vurğulamağa dəyər ki, türk dünyasının humanitar əsaslarda birliyinin yaradılmasında TÜRKSOY-un da əvəzsiz rolu olmuşdur. TÜRKSOY yarandığı vaxtdan bu günədək türksoylu millət və dövlətlər arasında sıx dostluq əlaqələri quraraq, ortaq türk mədəniyyətini, dilini, tarixini, incəsənətini və yaşarı ənənələrini araşdıraraq ortaya çıxarmaq, davaminkişaf etdirmək, türk dünyasının zəngin mənəvi və mədəni sərvətlərini müasir sivilizasiyanın üstün dəyərləri sırasına qoşmaq, bu yolda beynəlxalq sülhə və insan haqlarına xidmət etmək, türk dünyası xalqlarının ortaq keçmişini, tarixi irsini, dil və ədəbiyyatını, çağdaş sənət yeniliklərini ciddi elmi araşdırmalara cəlb etmək, beynəlxalq humanitar münasibətlər sistemində yeni tarazlığın qurulmasını nəzərə alaraq, bu prosesdə ümumtürk mədəniyyəti və sivilizasiyasının inkişaf tendensiyalarını rasional əsaslarda proqramlaşdırmaq məqsədlərini yüksək səviyyədə həyata keçirməkdədir.

Eləcə də qeyri-türk dövlətlərin ərazisində kompakt halda öz tarixi torpaqlarında yaşayan türk xalqlarının (Rusiya, Ukrayna, Moldova, Makedoniya, Bolqarıstan, İraq, Gürcüstan) ana dilində ədəbiyyat və dərsliklərlə təmin edilməsinə, onların milli-mənəvi dəyərlərinin, mədəni irsinin qorunub saxlanmasına yardım göstərilməsi dünyanın hər bir guşəsində yaşayan bütün türklərin mənəvi birliyini möhkəmləndirməkdədir.

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) da Avropa Birliyinin universal parlament quruculuğu təcrübəsindən yaradıcı şəkildə bəhrələnməklə və əlbəttə, özünü formalaşdırmağın tarixi zərurəti ilə yaxın perspektivdə türk dünyasının birlik hərəkatında mühüm rol oynamaqdadır. TÜRKPA 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin "Dolmabaxça Sarayı"nda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu Sazişlə təsis olunmuşdur.

TÜRKPA-nın əsas məqsədləri - parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsini təmin etmək, tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılmasına nail olmaq, türkdilli ölkələr və digər regional siyasi subyektlər arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığın tərəqqisinə kömək göstərmək, tərəfdaş ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin - tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türkdilli ölkələr üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərin uyğunlaşdırılması üzrə tövsiyələr vermək, tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələri dərinləşdirməkdən ibarətdir.

Türkdilli Ölkələrin Parlament Assambleyasının 27-28 aprel 2011-ci ildə Qazaxıstanda keçirilən İkinci plenar sessiyasında qəbul edilmiş "Astana Bəyannaməsi"nə uyğun olaraq türk milli parlamentlərinin müvafiq məsələlər üzrə sinxronlaşma prinsipləri müəyyənləşdirilir. "Astana Bəyannaməsi"ndə göstərilir ki, qısa müddətli fəaliyyəti ərzində Parlament Assambleyası Parlamentlərarası İttifaqın, İslam Konfransı Təşkilatının Parlament İttifaqının müşahidə statusuna malik tam hüquqlu parlamentlərarası strukturuna çevrilmişdir. O, öz fəaliyyətində digər türkdilli dövlətlərin parlamentləri ilə məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıq etmək niyyətini uğurla həyata keçirməkdədir. Parlament Assambleyası bəyan etmişdir ki, türkdilli dövlətlərin müstəqillik əldə etməsinin iyirminci ildönümü həmin xalqların yeni tarixində "dayaq rolunu oynayan mühüm hadisədir".

Bu istiqamətdəki təşkilatlanma prosesində Qazaxıstan Respublikasının 2010-cu ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında Sədrliyi və türkdilli dövlətlərin ATƏT-in Parlament Assambleyasında fəal iştirakı dövlətlərimizin beynəlxalq aləmdəki nüfuzuna müsbət təsir göstərir və beynəlxalq ictimaiyyətin Avrasiya qitəsində mövcud olan problemlərin həllinə daha yaxından qoşulmasına ciddi zərurət və böyük etimad yaradır. Türkdilli Ölkələrin Parlament Assambleyası 2011-ci ilin aprelində Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin əhəmiyyətini diqqətə çatdırmış və müxtəlif mədəniyyət, etnos, din, dil və irsə mənsub insanlartoplumlar arasında qarşılıqlı anlaşma və hörmət əsasında açıq fikir mübadiləsini dəstəkləyərək, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə örnək olduğunu yüksək qiymətləndirmişdir.

Beləliklə, türk dövlətlərinin birliyini get-gedə gücləndirmək üçün, bütün dünya xalqları ilə yanaşı vahid türk millətinin də yüksək rifah cəmiyyətində yaşaması üçüntürk amilinin dünya siyasətinə təsir gücünün artması və nəticədə dünya siyasətində söz sahibi olan vacib bir güc mərkəzinə çevrilməsi üçün bütün tarixi-sivilizasion əsaslar və bu əsaslar üzərində böyük birliyi təmin etmək istiqamətində siyasi, iqtisadi, mədəni və s. istiqamətlərdə səy göstərən ciddi üstqurum institutları artıq fəaliyyətdədir.

Müasir dünyada baş verən proseslərin ümumi tendensiyası da göstərir ki, beynəlxalq sistemi təşkil edən dövlətlərin qlobal siyasi, iqtisadi, mədəni məkanda, geniş əməkdaşlıq şərtləri daxilində strukturlaşması onların "sivilizasiya doğmalığını", milli-tarixi inkişaf ənənələrini ciddi şəkildə özündə ehtiva edən praqmatik ideya layihələrinin gerçəkləşməsi ilə mümkündür. Ona görə də türk milli dövlətləri və xalqları da artıq əsası qoyulmuş vahid siyasət və mədəniyyət platforması ilə hərəkət edərək, bu strateji istiqamətdə öz maraq və mənafelərini uzlaşdırmağı bacarmalı və özlərinin koordinasiya olunmuş strategiyasını müasir dünya inkişafının aparıcı tendensiyalarından birinə çevirməlidir.

Bu artıq danılmaz bir həqiqətdir ki, türk dünyasının bütövlüyü hər bir türk dövlətinin müstəqilliyinin qorunmasının və möhkəmləndirilməsinin, öz milli mədəniyyətini inkişaf etdirməsinin başlıca və yeganə şərtidir. Bu həqiqətin dərkini təcəssüm etdirən ən önəmli atribut isə yenicə qəbul olunmuş ümumtürk bayrağımızdır. Bu bayraq ümumtürk birliyinin xoş məramını dünyanın bütün guşələrində layiqincə təmsil etmək üçün hər zaman dalğalanacaqbütün dünya türkləri üçün sonsuz qürur mənbəyinə çevriləcək.

 

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı,

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.-28 sentyabr.- S. 5.