Dağlarımızın nadir nemətləri

 

Təbiət və biz

 

Ulu Tanrı Odlar yurdunun torpağına nə bəxş edibsə, səxavətini əsirgəməyib. Yeraltı sərvətlərindən neft, mineral sular, duz yataqları, dəmir, qızıl, gümüş, mis, molibden, alüminium, mərmər, tikinti üçün daşlar... ta dünyada analoqu olmayan Naftalan müalicə məlhəminədək necə qiymətlidirsə, zirvəsində yerlə göyün birləşdiyi dağlarında da can dərmanı bitir. Əslində, uzunömürlüyə gedən yol elə dağların, yamacların, allı-güllü çəmənlərin min cür nemətlərindən, bulaqların şəfa qaynaqlarından başlanır. Şərqin və Avropanın xalq təbabətində Azərbaycan xalqının min illərdən bəri əldə etdiyi təcrübə heç də məşhur Tibet təbabətindən geri qalmır.

Ələyaz, əvəlik, qırxbığan, yemlik, turşəng, quzuqulağı, mərövşə, rəvənd, çiriş, cacıq, baldırğan, şomu, bolu, çaşır, dağ göbələyi, əməköməci, qazayağı, kecab, şirin qanqal, xatınbarmağı, əzmə-büzmə, niyazotu, dağ kəvəri, gömran, bulaqotu, yarpız öz zəngin tərkibi ilə mədəni becərilən tərəvəzlərdən qat-qat üstündür. Üstəlik, bu nadir qida bitkilərini təbiət özü mineral gübrəsiz, herbisidsiz, dava-dərmansız yetirib-bitirir. Şıdırğı, ağ, narın yaz yağışları bu nemətləri, sözün əsl mənasında, güzgü kimi yuyub, tər-təmiz edir. Həmin yabanı qida bitkiləri təzə-tər halda, bəziləri saç kimi hörülərək kölgədə qurudulmaqla, çoxu duza-turşuya qoyulmaqla ilboyu süfrələrin bəzəyi olur. Hələ bu harasıdır, çiyinləri yayda da qar yüklü olan Hilal, Babadağ, Murov, Kəpəz, Dəlidağ, Çalbayır, Gəmiqaya, Ərəçi, Həşirxana, Üçqardaş, Səfərbəy səngəri kimi dağlarımızda, məşhur yaylalarımızda bitən çay çiçəkləri yanında seylon, hind çayları nədi ki? Kəklikotu, solmazçiçəyi, qarapodium, yarpız, ətirsünbül, dağ zirəsi, dağ nanəsi, çobanyastığı, boymadərən, dazıotu, qaraqınıq, batrınc, andız, səhlab, qantəpər kimi insan orqanizmində gümrahlıq yaradan təbii çaylarımız min-bir dərdin dərmanıdır.

Xalqımız dahi Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlaşır. Dünya ədəbiyyatının korifeylərindən sayılan böyük mütəfəkkir Azərbaycan təbiətinin gözəlliklərini, müalicəvi əhəmiyyətini, Xeyirin gözünü açan sandal yarpağınadək faydasını ikicə misrada şərh edib:

 

Bir dərman istəsən dərdinə əgər,

Gizlətmə, dərdini təbibə göstər.

 

Elmi təbabət xalq təbabətindən qaynaqlanıb. Tibbi diaqnostikanın bugünkü kimi intişar tapmadığı dövrlərdə, xüsusən dağlıq bölgələrdə yaşayanlar hər dərdin əlacını təbiətin canlı bitki örtüyündən alırdı. İndinin özündə də yurdumuzun dağ kəndlərində 100 il yaşayıb ikinci əsrə qədəm qoyanlardan əmək qabiliyyətini saxlamaqla gümrah yaşayanlar az deyil. Yeniyetməliyimdən ta bugünkü ahıl yaşımadək ömrümü dağlara bağladığımdan nadir şəfa çiçəklərinin möcüzəli xüsusiyyətlərinin canlı şahidiyəm.

Şahbuz rayonunun Qızıl Qışlaq kəndində 82 yaşlı Şamo baba yaşayır. Deyir 60 yaşımda qara ciyərim ağrımağa başladı və ciddiləşdi. Can şirin olar, Bakıya üz tutdum, yoxlanışdan keçdim. Dedilər qara ciyərin serrozdu, özüikinci mərhələyə keçib. Çox dilxor oldum. Mən ki tütündən, spirtli içkidən uzaq, bağ-bağatla məşğul olan insanam, bu, nə dərd idi məni tapdı? Bəs çarəsi nə olacaq? Kəndimizdə təcrübəli ağbirçəklər çox idi. Mənə təsəlli verdilər. Dedilər qorxma, özünü tut daş kəklikotu çayına. Bu bitkiyə Ordubadda, Babəkdə, Culfada "siçan qulağı" da deyirlər. Elmi təbabətdə adı "ətirsünbüldür". Deyilən kimi etdim. İki aydan çox mənim çayım bu bitkidən oldu. Özüocaqda qaynayan çaydanda dəmləyirdik. Günbəgün vəziyyətim yaxşılaşdı. Ağrı-acıdan əsər-əlamət qalmadı. Ərincəklik etməyib Bakıya getdim, həmin həkimləri tapdım, təkrar yoxladılar, mat qaldılar. Məndə xəstəlikdən heç bir əlamət qalmamışdı. Xahiş etdilər həmin bitkidən bizə pay çatdır. Kəndə qayıdıb iki iri qutu ətirsünbül yığaraq onlara göndərdim. Şukur Allaha, hələ də sağ-salamat yaşayıram.

Başqa misal: Keçili kəndində 105 il yaşamış, xeyirxahlığını heç kəsdən əsirgəməyən Güllü nənə var idi. Hələ yeniyetməlikdən anası Gülxanım arvaddan qeyri-adi müalicə üsulu öyrənibmiş. O, 30-dan çox nadir bitkini vam odda birgə pörtlədirdi. Alınan məhlulun vannasının qəbul edilməsi nəticəsində övlad həsrətində olan neçə qadın şəfa tapmışdı. Güllü nənənin ünvanına təkcə Azərbaycandan deyil, Təbrizdən, Tehrandan, Dağıstandan və başqa yerlərdən ümidsiz gələnlər bu müalicədən sonra ana olmuşlar. Belə şəfa tapanların sayı yüzdən çoxdur. Güllü nənə deyirdi ki, bir gənc ailənin 10 ildən çox övladı olmurdu. Türkəçarə müalicədən sonra, onların 11 övladı oldu, sovet dönəmi idi, həmin qadına "Qəhrəman ana" adı verdilər. Həmin xanım bu adın vəsiqəsini də, medalını da mənə bağışladı ki, səbəbkarı sənsən. Naxçıvan çuxurunda ona "Gülü nənə - Çiçək nənə" adı vermişdilər. Deyirdi ki, kəbin qanuni hüquqi sənədlə kəsildiyi kimi, Qurani-Kərim qaydası ilə də kəsilir. Övladsızlığa görə boşanma olarkən, onda Qurani-Kərimə də kölgə düşür. Ginekoloq-həkimlər çox vaxt Gülü nənə ilə məsləhətləşməli olurdular.

Çilədağının gücü isə əvəzedilməzdir. Külüs kəndində 84 yaşlı Kamal müəllim var. Elə 35 il kənd orta məktəbinin direktoru olub. Atası Zöhralı kişidən öyrəndiyi - sınıq, çıxıq, burxulma, damar atlanması kimi dərdlərinin uzun illərdi təmənnasız müalicəsi ilə də öz məsləhətlərini, köməyini əsirgəmir. Naxçıvanda ən uzunuca körpü Cəhri körpüsüdür. Atası Zöhralının sağlığında bu körpüdən maşın qəzasına düşüb çaya yuvarlanan Qahablı Tapdıq adlı bir şəxsin qol-bilək-baldır sümükləri sınıq-sınıq olur. Vəziyyəti çox ağır olduğundan onu Bakıya aparırlar. Uzun müalicədən sonra Tapdıq sağalsa da, qolları-ayaqları çəng olub bükülür. Zöhralı baba çilədağı kökü ilə qoyun quyruğunu ət daşında döyüb məlhəm hazırlayır. Dörd-beş gün həmin məlhəmlə köhnə topallamış sınıq yerlərinə sarıyır. Kamal müəllim deyir ki, gözümün qabağında atam Tapdığın topallamış bütün sümüklərini yenidən sındırdı. Çilədağı kökündə gücə bax ki, sümüyü quyruqda elə yumşaltmışdı ki, atam onları baş barmağı ilə sındıranda xəstənin xəbəri olmadı. Budur təbiətin gücü! Tapdığın sınıqlarını yenidən bağladı. 15 gündən çox onu evində qonaq saxladı. Tapdıq tamam sağaldı. İndi bizim bu ailə ilə uzun illərdir sıx dostluğumuz vardır. Xeyirxahlıqda təmənna olmur.

Andız bitkisinin kökü daha möcüzəlidir. Tənəffüs yollarının xroniki xəstəliklərində böyük bağayarpağı, ögey ana, əməköməci, gicitkan kökü, yolotu dəmləməsinə andız kökünün şirəsi də əlavə olunduqda xeyli yaxşılaşma olur. Keçilidə 90 yaşlı Kalbaxudu baba var idi. Bu savadsız qoca elə bil dünyanın ən bilikli baytarı idi. Qonşu kəndlərdən də köhlən, kəhər, qəmər atları Kalbaxudu babanın həyətinə gətirərdilər. Çərləmiş atların əlacı bu nurani-pirani babada idi. Uşaq idik. Yığışıb babanın atı necə sağaltmasına tamaşa edərdik. Andız kökünü bir qazanda çay kimi dəmləyərdi. Sonra ocaqdan isti gərmə külünü mis badyanın içərisinə yığıb, ortasına da köz əlavə edərdi. Atı eyvanın dirəyinə bağlardı. İsti mis badyanı atın quluncları üstə sağ-sollu ütü çəkən sayağı o qədər ütüləyərdi ki, atın qulaqlarının dibinədək hər yanını tər bürüyərdi. Sonra da köməkçilər vasitəsilə ilıq hala düşən andız dəmləməsini şüşə butulkalarla ətın boğazına tökərdilər. Azı, yarım vedrə dəmləməni axıradək ata içirərdi. Atı çullayıb bir gün tövlədə saxlardı. Dağ kəndlərində evin dirəyi sayılan çərləmiş atlar belə müalicədən iki-üç gün sonra sağalardı.

Zamanotundan tutulan xəmir məlhəmi bədxassəli şişləri belə köklü-dibli yerindən oynadıb, möhtəviyyatı yumşaldaraq söküb dağıdar. Qarğasoğanı, baldırğan kökü, zərinc, mərmərik, gərməşov, doqquzdonu, əppəkli (üvəz), qaraqoyungözü, qaraçalı, yemişan, su bibəri, yatıqqanqal, dovşanalması, çöl armudu, məncalız, çölsaqqızının yaz pöhrələri, bədmüşk (pişpişə), qüləbşirin çiçəkləri ( akasya), ləpir (çaytikanının yabanı növü), çöl darçını, güllü süpürgənin bənövşəyi çiçəkləri, toppuztikan, zimbirtikan, dəvətikanı, dəmir tikanı, gülxətmi... ta nə qədər desən şəfa bitkiləri öz pöhrələri, qönçələri, çiçəkləri, meyvələri, kökü və gövdə qabıqları ilə hər biri ayrı-ayrılıqda neçə-neçə dərdin dərmanıdır.

Bu sətirlərin müəllifi kimi, ömrümün çiçəkli çağında elə bil üstümə boranlı bir qış gəldi. Qırx yaşımda kəskin ürək-damar xəstəliyinə düçar oldum. Üstəlik, məni bronxial asma da yaxaladı və ayaqlarımda oturaq sinirin iltihabı ilə, sözün əsl mənasında, şikəst oldum. Evdə isə 6 nəfər külfətin çörəkqazananı kimi əmək fəaliyyətimi itirdim. Sən demə, əlacsız dərd yoxdur. Altı ayadək qəbul etdiyim iynə, dava-dərman kara gəlmədi. Dünyagörmüşlərin məsləhəti ilə üz tutdum dağların təbii nemətlərinə. Təbii balın "Sirab" suyu ilə şərbəti, onlarca nadir çiçəklərin çay dəmləməsi, əməköməci otunun pörtləmiş məlhəminin hərəkət orqanlarına bürəməsi, sığırquyruğu, şirin qanqal və rəvəndin cavan pöhrələri, arı sancmalarının 1-dən 10-dək və tədricən 10-dan 1-ə qədər apelaksiyası, kiçik idman hərəkətlərindən tədricən yüksələn məşqlərə və nəhayət, bağ-bağatda əməlli-başlı işləməklə 2 ilin içərisində əvvəlki sağlamlığımı bərpa etdim. Şükür Allaha, 30 ildir lap gərgin fiziki işlə də məşğul oluram. Övladları böyüdüb pərvazlandırdım, nəvə sahibi oldum. Belə qənaətə gəldim ki, çoxunun vahimə ilə qəbul etdiyi ürək infarktının əlacı elə çölün-çəmənin özündəymiş. İndi Yer kürəsinin ən böyük xəzinəsini təklif etsələr ki, bir qullab siqaretə, bir qurtum şəraba dəyişərik, buyur! Yaxına düşmərəm. Rəngi saralınca, nəfəsi daralınca, gözləri qaralınca spirtli içkiyə qurşanıb gündə 2-3 qutu siqareti də əlavə edib özünə qəsd edənlərə yazığım gəlir. Tanrı tənəffüs üçün tər-təmiz hava bəxş edib. Ürəyin tac damarını şikəst edənlərin bu tüstüdən, bu alkaqoldan xəbərləri yoxdur. At minib dağa qalxanda insanın ürəyi sevincdən dağa dönür. Siqaret çəkənlər isə ürəyi sevindirmək əvəzinə, köynəyin ürəküstü cibinə siqaret qutusu, alışqan qoyurlar. Ürək təhqir olunur. Ancaq həmin cibə yazda bir dəstə bənövşə, nərgizgülü, qızılgül qoyun, görün ürək sevincindən neçə pərvaz edir, qanadı olsa uçar da.

Təbiətin belə bir əsrarəngiz səxavətinə necə cavab verməli idim? Bütün gücümü, aldığım biliyi, 54 ildir mətbuatda qələm çalmağı, təbiətin təbliği mövzularını səfərbər edib insanlara bu şəfa qaynaqlarını əyani şəkildə göstərməyi qarşıma məqsəd qoydum. 1987-ci ildə ilk dəfə SSRİ məkanında o dövrün paytaxtı sayılan Moskvada - Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 500 hektarlıq ərazidəki 73 pavilyonundan biri olan "Səhiyyə və sağlamlıq" guşəsində İttifaqda analoqu olmayan, 93 növdə nadir dərman bitkisinin ana dili, rus və latın dillərində sərgisini təşkil etdim. Sov.İKP Mərkəzi Komitəsi Siyasi bürosunun üzvlərinə paylanan "VDNX SSSR" adlı ölkənin baş jurnalında 12 dəfə dalbadal ürək-damar, bronxial asma, hərəkət orqanları xəstəliklərində bu bitkilərin əhəmiyyəti barədə foto illüstrasiyalı yazılarımla çıxış etdim. Ölkənin müxtəlif regionlarından, elə öz respublikamızdan 250-dən çox təşəkkür məktubu aldım. Mənə sərginin laureatı və pul mükafatını təqdim etdilər. Bunlar məni işdən soyutmadı. Respublikamızda dəfələrlə Bakıda, Naxçıvan şəhərində, rayon mərkəzlərində, aliorta məktəblərdə 26 il ərzində 9 dəfə sərgini təkmilləşdirərək, şəfa çiçəklərinin elmi əsaslara söykənərək 180 sayda daha gözəl, daha nəfis görüntüdə nümayişinə nail oldum. Bu işdə ulu öndər Heydər Əliyevin rolu daha çox oldu. 1993-cü ilin yanvar ayının 12-də ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən şəhərdə açdığım sərgiyə gəlib tamaşa etdi. Onda Naxçıvanın taleyi tükdən asılı idi. Çünki dünyanın əksər iri dövlətləri işğalçı Ermənistana dəstək verərək pərdəarxası oyunla Naxçıvanı da erməni işğalına məruz qoyaraq. Azərbaycanı xanlıqlara bölməklə onu döyüş poliqonuna çevirmək niyyətini reallaşdırımaq istəyirdilər. Ulu öndər 30 dərəcə şaxtada, başı açıq, soyuqdan qorxmadan bu sərgiyə baxarkən özü ilə Naxçıvanın bütün nazirlikbaş idarə rəhbərlərini də gətirmişdi. Onda eksponatların sayı 120 idi. Ümummilli lider 2 saatadək şəfa çiçəkləri, mineral sular, məlhəmlərlə tanış olandan sonra dedi:

- Naxçıvan Azərbaycanın bir parçasıdır. Bu qədər təbii sərvətlər Azərbaycan torpağının az hissəsini təmsil edir. Görün, Vətənimizin nə qədər yeraltı - yerüstü sərvətləri vardır. Öldü var, döndü yoxdu, Naxçıvanı da, Qarabağı da düşmənə vermək olmaz. Bizim torpaqlarımızın hər qarışı müqəddəsdir. Sonra üzünü mənə tutaraq gülərüzlə dedi:

- Ay Qaşdar, 120 nədir, məncə, bu şəfa qaynaqları daha çoxdur. Bir halda ki, bu işlə məşğulsan, axtarışlardan qalma. Sərgiyə beynəlxalq ingilis dilini də əlavə elə, qoy Azərbaycan torpağının nəyə qadir olduğunu bilsinlər!

Mən ulu öndərin bu çağırışına əməl etdim. Axtarışlarla onların sayını 120-dən 180-ə çatdırdım, ana dili, latın, rus dili ilə yanaşı, bu bitkilərin ingilis dilində də adlarını öyrənmək üçün aylarla mütaliə etdim. Üstəlik, Şərq xalqları üçün ərəb qrafikası ilə də adlarını kompyuterdə yazdım. Bu işdə NDU-nun rektoru, akademik İsa Həbibbəylinin mənə yaxından köməyi oldu. O, universitetin rus ingilis, ərəb dili kafedralarını bu işə səfərbər etdi. Nəticəsi uğurlu oldu.

Akademik Həsən Əliyevin 90, 100 illik, xalq şairi Səməd Vurğunun, akademik Yusif Məmmədəliyevin 90 illik, ulu öndərin yubileylərində, Novruz şənliklərində, türkdilli dövlətlərin birləşmiş elmi konfrans simpoziumlarında, ali orta ixtisas məktəblərində, radio televiziyada 26 ildir ki, insanlara şəfa verən bu nemətlərin mühafizəsi faydası barədə təbliğat aparıram. Ələlxüsus, rayonumuzun "Oğuz səsi" qəzetində son 26 ildə açdığım "Təbiət biz" rubrikası altında fauna floramızın mühafizəsilə bağlı 80 səhifə dərc olunmuşdur. Təkcə bu qəzetdə 460-dan çox maraqlı yazılarım verilmişdir.

Ölkəmizin flaqman qəzeti olan "Kommunist"də (indiki "Xalq qəzeti"ndə), "Sovet kəndi" "Bərəkət", "Azərbaycan gəncləri", "Azərbaycan müəllimi", "Respublika", "Ədəbiyyat", "Bakinski raboçi", "Kadr uğrunda" (Gəncə), "Dostluq" (Kəlbəcər), "Şərqin səhəri" (Babək), "El həyatı" (Ordubad), muxtar respublikanın 90 yaşlı, həyat aynası olan "Şərq qapısı" qəzetlərində "Kənd həyatı", "Elm həyat", "Azərbaycan təbiəti", "Herbal flora" jurnallarında, milli radio televiziyalarda, Naxçıvan radio televiziyasında 54 ildə dərc edilən, efirə gedən yazılarım 3500-dən çoxdur. Bəlkə buna görədir ki, Azərbaycan Jurnalistlər Birliyi məni öz sıralarına qəbul edibdir.

Qeyd etməliyəm ki, təkcə 1980 - 1990-cı illərdə sovet dönəmində Şahbuz rayonu dağlarından dünyanın 12 xarici ölkəsi 1110 ton quru kütlədə 28 adda nadir dərman bitkilərini saman qiymətinə alaraq yurdun təbii sərvətlərinin talan edilməsinə yol açdıqları halda, bu gün Naxçıvan torpağının yiyəsi, sahibi var. Təkcə bir rayondan bu qədər sərvət talan olunurdusa, görün Babək, Culfa, Ordubad, Kəngərli, Şərur, Sədərək rayonlarından nələr daşınırdı. Bu gün Naxçıvanda təbii sərvətlərin mühafizəsi, elmi əsaslarla tədqiqi nəinki Avropa, Asiya məkanına, lap elə cahana nümunədir. Ekoloji tarazlığın tənzimlənməsi, yeni kəhrizlər, artezian quyuları, sututarlar, meliorativ tədbirlər, ildə 100 hektarlarla yeni yaşıllıq zolaqları, meyvə bağları salmaq, fauna və floranın göz bəbəyi kimi qorunması ulu öndərin vəsiyyətləri, cənab Prezident İlham Əliyevin vaxtaşırı Naxçıvana səfəri zamanı verdiyi tövsiyələr, quruculuq və təbiəti mühafizənin dövlət qayğısı sayəsindədir.

İndi Naxçıvan torpağındakı sabitliyə dünyanın ən iri dövlətləri həsəd aparır. Dahi Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə ciddi hazırlıq gedir. Belə qənaətə gəlirəm ki, şairin qıfılsız qapılar, gözətçisiz sahələr arzuladığı məmləkət elə ana yurdumuzun ulu bir parçası olan Naxçıvan torpağıdır. Necə deyərlər, başına qızıl al, gəz. Gömrük məntəqələri, hüquq-mühafizə işçiləri yurdun keşiyində ayıq-sayıq dayanıblar. Ordumuzun qoruduğu sərhəddən qüş səkə bilməz. Narkomaniya, dələduzluq, oğurluq kimi neqativ halların bu torpaqda şəltəsi işləmir. Tarixdə "Nuhçixan", "Nəxçirigan", "Nəqşicahan" adı almış Naxçıvan torpağında sivilizasiyanın banisi Nuh peyğəmbərin məzarı uyuyur. Bura Məkkə, Mədinə, Xorasan qədər müqəddəs olan Əshabi-Kəhf torpağıdır. Yağı düşmənin bu torpağa qıcanmış dişləri elə Naxçıvan hakimiyyətinin böyük quruculuq işləri ilə - kəlbətinlə çəkilmişdir. Necə deyərlər, ala qarğanın yüzünə, qurbağanın göləyinə bir daş atılmışdır. Digər quruculuq işləri ilə yanaşı, bu məmləkətə gələn xarici qonaqlar, yaranmış sıx əməkdaşlıqda keçirilən tədbirlərin iştirakçıları bu uğurları öz gözləri ilə görürlər. Dahi Nizami Gəncəvi "XosrovŞirin" poemasında qoca çalğıçı bərbatın timsalında qədim "Naxçıvani" saz havasını belə qələmə almışdır:

Başlarkən sazı Naxçiriganə Salar zöhrələri tora, zindanə...

Çiyinləri yayda da qar yüklü Naxçıvan dağları öz gözəlliyi, gen-bol sərvətləri ilə də onu ziyarətə gələnləri heyrətə salır. Bizə o qalır ki, yurdumuzun gözəlliyinin qədrini bilək.

 

 

Qaşdar ƏLİYEV,

Azərbaycan Respublikasının əməkdar

təbiəti mühafizə işçisi, keçmiş

SSRİ XTNS və akademik Həsən Əliyev

mükafatları laureatı, Jurnalistlər

Birliyinin üzvü, aqronom-fenoloq

 

Xalq qəzeti.- 2012.-30 sentyabr.- S. 7.