Azərbaycan Turizm İnstitutunda "Turizmin mədəniyyətlərarası dialoqda yerirolu" mövzusunda konfrans keçirilmişdir

 

2013-cü ilin mayında Bakıda keçiriləcək Ümumdünya mədəniyyətlərarası dialoq formuuna hazırlıq və 27 sentyabr Beynəlxalq Turizm Günü münasibətilə Azərbaycan Turizm İnstitutunda (ATİ) "Turizmin mədəniyyətlərarası dialoqda yerirolu" mövzusunda konfrans keçirilmişdir.

 

Konfransda öncə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov və Dialoq Avrasiya Platformunun (DAP) Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı çıxış etdilər. Onlar mövzu ətrafında ümumi fikirlərində "Davamlı turizmdə hər kəsin bir öhdəliyi var"- tezisini xüsusi qeyd etdilər. Rektor C. Cəfərov öz çıxışında ölkəmizin dünyanın turizm xəritəsində önəmli məkan kimi qərarlaşmasından söz açdı. Bildirdi ki, Azərbaycan beynəlxalq mötəbər tədbirlərin, konfransların, müsabiqə və yarışların keçirildiyi ölkələrin siyahısına bir neçə ildir ki, daxil edilib. Bütün bunlar dünyada Azərbaycan haqqında yüksək fikir və təsəvvürlərin zənginləşməsinə xidmət edir. Cəfər Cəfərov mövcud uğurlarla yanaşı, ölkəmizin turizm sektorunda həlli vacib sayılan məsələlərdən də danışdı. Bildirdi ki, belə məsələlər az deyil və bu sırada kadr problemi başlıca şərtdir. O dedi: "Mövcud turizm imkanlarımızı daha yaxşı formada təqdim etmək üçün peşəkar kadrlara böyük ehtiyacımız var. ATİ 7 illik fəaliyyəti dövründə ölkə ali təhsil ocaqları sırasında bir sıra yeniliklərə ilk imza atanlardan sayılır. İlk dəfə olaraq institutumuzun məzunları bakalavr pilləsində ikili diplom -həm Azərbaycan Turizm İnstitutunun, həm də Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını alıblar. 4 məzunumuz isə magistr pilləsini uğurla başa vurub. Məzunlarımızın fəaliyyət coğrafiyası genişdir. Tələbələrimiz, o cümlədən inzibati heyətdə çalışanlarımız dünyanın nüfuzlu ali məktəblərində mübadilə proqramları üzrə təhsil alır və təcrübə qazanırlar. Biz öz fəaliyyətimizdə ATİ-nin regionda daha nüfuzlu ali təhsil müəssisəsi kimi rolunun artırılmasını hədəf seçmişik. Hazırda ATİ-də təhsilin bütün səviyyələrində 2000-dən çox gəncin turizm sahəsi üzrə kadr hazırlığını həyata keçiririk. Onu da xatırladım ki, dünya əhalisinin 192 milyon nəfərindən çoxu birbaşa turizm sektorunun fəaliyyətinə və inkişafına xidmət edir. Sevindirici haldır ki, həmin milyonların içərisində ATİ-nin məzunları da var."

İnstitut məzunlarının qazandığı uğurlardan, təhsil sahəsində əldə edilən nailiyyətlərdən daha ətraflı söz açan rektor çıxışının sonunda dedi: "Azərbaycan mədəniyyətlərarası dialoqa öz töhfələrini verməkdədir. 2011- ci ildə Bakı bu sahədə dünya forumuna ev sahibliyi edib. 2013-cü ildə keçiriləcək növbəti tədbirə hazırlıq prosesinə isə artıq start verilib. "Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu" mövzusuna həsr edilən növbəti konfransımız məhz həmin prosesə hazırlığın tərkib hissəsidir."

Dialoq Avrasiya Platformunun (DAP) Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı öz məruzəsində hamını düşündürən problemlərə münasibətini açıqladı. Mustafa Saatçı məsələ ilə bağlı fikirlərini konfrans iştirakçılarının nəzərinə çatdırdı: "Bu gün insanlar arasında nifaq salmağa, onların bir- birilə düşmənçilik etməsinə çalışan qüvvələr var. Mədəniyyət xalqlar arasında mehriban münasibətlərin qurulmasında və inkişafında böyük təsir gücünə malikdir."

Konfransda BMT-nin ictimai informasiya departamentinin Azərbaycan üzrə nümayəndəsinin müavini Vəfa Səfərli çıxış edərək Beynəlxalq Turizm Gününün əhəmiyyətini və bu günün hər bir ölkənin mədəni, ictimaisiyasi həyatının inkişafındakı rolu barədə ətraflı danışdı.

"Turizmin mədəniyyətlərarası dialoqda yerirolu" mövzusuna həsr olunan konfransda Çağ Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Dr. Enver Özerin, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri Seyit Ahmet Arslan, ATİ-nin dekanı Nəsirulla Nəsirli, institutun dosenti Minaxanım Əsədovanın məruzələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Sonda ATİ-nin rektoru Cəfər Cəfərov, Qafqaz Universitetinin rektoru, professor doktor Ahmet Saniç Beynəlxalq Turizm Günü münasibətilə konfrans iştirakçılarını təbrik etdilər.

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2012.- 30 sentyabr.- S. 4.