Müasir geosiyasi
şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı
daha da genişlənir
Müasir geosiyasi
şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı
olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib
daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin
çox mühüm tərkib hissəsidir. Hər
iki ölkənin dövlət və hökumət
başçılarının, eləcə də siyasi,
iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər
sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin
qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın
inkişafında əhəmiyyətli rol
oynamış və bütün sahələrdə əlaqələr
uğurla inkişaf edərək ölkələrimiz
arasında strateji tərəfdaşlıq münasibətlərinin
yüksək səviyyəyə qalxmasına təkan
vermişdir.
Azərbaycan
Respublikası 1991-ci il oktyabrın 18-də müstəqilliyini
bərpa etdikdən cəmi iyirmi bir gün sonra Türkiyə
ölkəmizi ilk tanıyan dövlət olmuş və 1992-ci
il yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri
yaradılmışdır. Həmin vaxtdan Türkiyənin Azərbaycanda
səfirliyi və Naxçıvanda Baş Konsulluğu
açılmış, 1992-ci ilin avqust ayından Azərbaycanın
Türkiyədə səfirliyi, 1993-cü ilin yanvar ayından
İstanbulda, 2004-cü ilin aprelin 12-dən isə Qarsda baş
konsulluqları fəaliyyət göstərir.
Müstəqilliyin
ilk illərində Türkiyə iki qardaş ölkə
arasında qarşılıqlı faydalı əməkdaşlıq
prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda
respublikamızın səylərini daim dəstəkləməklə,
hərtərəfli əlaqələrin inkişafına
geniş yardım göstərmişdir. Azərbaycanın
dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin
qorunmasında, ümumiyyətlə, ölkəmizin
siyasi-iqtisadi və elmi-mədəni maraqlarının
reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli
əməkdaşlığın genişlənməsinə
xüsusi əhəmiyyət verən ümummilli lider Heydər
Əliyev 1993-cü ildə yenidən hakimiyyətə
qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn
xətt üzrə inkişafını təmin etdi.
Azərbaycan
Prezidenti kimi Heydər Əliyevin Türkiyəyə 1994-cü
il fevralın 4-dən 11-dək davam edən ilk rəsmi səfəri
ikitərəfli əlaqələrin inkişafına yeni təkan
verdi. Səfər zamanı Azərbaycanla Türkiyə
arasında əməkdaşlıq və
qarşılıqlı yardım haqqında protokol, iqtisadi,
elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq
haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın
inkişafı barədə müqavilə və digər məsələlər
haqqında 16 mühüm sənəd imzalandı.
1994-cü
il sentyabrın 20-də imzalanmış "Əsrin
müqaviləsi"nin xarici neft şirkətlərinin
konsorsiumunda "Türk petrolları" şirkətinin təmsil
olunması Türkiyə ilə Azərbaycan arasında strateji
əməkdaşlığın inkişafının ilk əsas
təzahürü idi. Bunun davamı olaraq, 1995-ci il aprelin 12-də
Türkiyə Respublikasının Baş naziri xanım Tansu
Çillərin başçılıq etdiyi nümayəndə
heyətinin Azərbaycana səfəri zamanı Türkiyənin
neft konsorsiumundakı 1,75 faizlik payının Azərbaycan neft
payının hesabına 6,75 faizə qədər
artırılması haqqında müqavilənin imzalanması
iki dövlət arasındakı münasibətlərin ən
real göstəricisi olaraq həm iqtisadi, həm də siyasi cəhətdən
mühüm əhəmiyyət kəsb edir.
İki
dövlət rəhbərlərinin müntəzəm xarakter
almış qarşılıqlı səfərləri
ölkələrimiz arasındakı münasibətlərin
daha da inkişaf etdirilməsinə zəmin yaratdı. Belə
ki, 1995-ci il dekabrın 7-9-da Türkiyə Prezidenti S.Dəmirəlin
Azərbaycana rəsmi səfəri zamanı imzalanmış
Birgə Bəyanatda beynəlxalq əlaqələrdə
BMT-nin rolunun gücləndirilməsinin, regiondakı
münaqişənin aradan qaldırılmasının və
qlobal problemlərin həlli yollarının
araşdırılmasına daha fəal təsir göstərməsinin
vacibliyi vurğulanmaqla yanaşı, bir daha Ermənistandan
işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və
qeyd-şərtsiz azad etməsi tələbi öz əksini
tapdı. Bundan əlavə, iqtisadi əməkdaşlıq
haqqında memorandum dostluq münasibətlərini müəyyənləşdirən
prinsiplərin və əlaqələrin inkişaf istiqamətlərinin
sarsılmaz olduğunu bir daha təsdiq etdi.
1996-cı
il aprelin 14-15-də Türkiyə Respublikasının Baş
Naziri M.Yılmazın başçılıq etdiyi nümayəndə
heyətinin Azərbaycana səfəri zamanı "Azərbaycan-Türkiyə
birgə bəyanatı" imzalandı. Bununla yanaşı,
1996-cı il ərzində iki ölkə arasında hərbi,
texniki və elm sahələrində əməkdaşlığa
dair bir sıra sənədlərin imzalanması Azərbaycan-Türkiyə
əməkdaşlığının əhatə dairəsini
daha da genişləndirdi.
Azərbaycan
Prezidenti Heydər Əliyevin 1997-ci il mayın 5-8-də
Türkiyəyə rəsmi səfəri zamanı keçirilən
bütün görüşlərdə ölkəmizin
Türkiyə ilə münasibətlərin daha da
inkişafına xüsusi əhəmiyyət verdiyini göstərdi.
Belə ki, səfər çərçivəsində
"Azərbaycan Respublikası hökuməti və Türkiyə
Respublikası hökuməti arasında strateji əməkdaşlığın
dərinləşdirilməsi haqqında bəyannamə",
eləcə də iki ölkə arasında münasibətləri
yüksək səviyyəyə qaldırmış və müxtəlif
sahələri əhatə edən ümumilikdə 9 sənəd
imzalandı.
Azərbaycan
regionda həyata keçirilən qlobal iqtisadi layihələrin
həyata keçirilməsində Türkiyənin yaxından
iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə
Şərq ökələri arasında nəqliyyat kommunikasiya
əlaqələrinin yaradılması sahəsində
mühüm əhəmiyyət kəsb edən
"Avropa-Qafqaz-Asiya Transqafqaz" nəqliyyat dəhlizi
(TRASEKA) proqramının dəstəyi ilə 1998-ci il
sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın
iştirakı ilə tarixi "Böyük İpək Yolu"nun
bərpasına dair Bakıda keçirilmiş beynəlxalq
konfrans Azərbaycanla-Türkiyə arasında strateji tərəfdaşlığın
genişlənməsinə yeni stimul verdi. Bu layihə ilə
yanaşı, digər iqtisadi layihələrin həyata
keçirilməsi istiqamətində atılan addımlar,
xüsusilə Xəzərin enerji resurslarının dünya
bazarlarına nəql olunması sahəsində Azərbaycan-Türkiyə
arasında davamlı əməkdaşlığın
genişləndirilməsi hər iki dövlətin regionda
siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə
xidmət edir.
Azərbaycanın
neft strategiyasının həyata keçirilməsi regional
sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə,
xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq
münasibətlərinin daha da dərinləşməsində
mühüm əhəmiyyət kəsb edir. Xəzər
regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın
bütün məsələlər üzrə müttəfiqi
hesab edilən Türkiyə dövləti əsas diqqətini
respublikamızın neft ehtiyatlarının xarici bazarlara
marşrutu üzərinə cəmləşdirmişdir. Bu məqsədlə
də Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəməri marşrutunu irəli sürmüş və
kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə
bağlı bir sıra təkliflərlə
çıxış etmişdir.
1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in zirvə toplantısı çərçivəsində XX əsrin çox mühüm layihəsi hesab edilən və mübahisəli müzakirələrə səbəb olan "Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair saziş"in Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində mühüm addım oldu. Eyni vaxtda, adı çəkilən dövlətlərin prezidentləri tərəfindən bu qlobal layihəni müdafiə edən İstanbul bəyənnaməsinin qəbul edilməsi Azərbaycan dövlətinin, xüsusilə ümummilli lider Heydər Əliyevin yeni neft startegiyasının həyata keçməsi istiqamətində, eləcə də Türkiyə dövləti ilə dostluğun və əməkdaşlığın daimi olmasını təsdiq edən çox əhəmiyyətli bir sənəd idi.
Bundan əlavə, İstanbul Zirvə toplantısında regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın və Türkiyənin iştirakı ilə "Qafqaz paktı" yaradılması ideyası irəli sürüldü. Bu ideyanın həyata keçirilməsi üçün Azərbaycanın regional təhlükəsizliyə dair daha bir təşəbbüsü 2002-ci il aprelin 29-30-da Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Türkiyənin Trabzon şəhərində keçirilən zirvə görüşündə reallaşdı. Görüşün nəticəsi olaraq 3 dövlət arasında "Terrorizm, mütəşəkkil cinayətkarlıq, qanunsuz narkotik, psixotrop maddələrin qaçaqmalçılığı, silah, insan alveri və digər mühüm cinayətlərlə mübarizə haqqında müqavilə" imzalandı.
Bununla yanaşı, "Şahdəniz" yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edildi. Heç şübhəsiz ki, bu layihənin reallaşması Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin genişlənməsində və hər iki dövlətin dünya birliyinə hərtərəfli inteqrasiyası istiqamətində mühüm əhəmiyyət kəsb edir.
2000-ci il iyulun 11-12-də Türkiyə Prezidenti Əhməd Necdət Sezərin Azərbaycana səfəri zamanı imzalanmış Birgə Bəyanat qarşılıqlı starteji əməkdaşlığın dərinləşməsinin hər iki ölkənin xarici siyasətində prioritet istiqamət olduğunu bir daha göstərdi. Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci il martın 12-17-də Türkiyəyə növbəti rəsmi səfəri zamanı Azərbaycanın təbii qazının Türkiyəyə nəql edilməsinə dair saziş və digər məsələlərə aid ümumilikdə 9 sənədin imzalanması qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin bariz nümunəsi idi.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə, eləcə də çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı. Belə ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Prezident İlham Əliyevin 2004-cü il aprelin 13-15-də dövlət başçısı kimi ilk rəsmi səfəri zamanı iki dövlət arasında Birgə Bəyanat, mülki aviasiya və mədəniyyət sahələrində əməkdaşlığa dair protokollar, ümumilikdə isə 5 mühüm sənəd imzalandı.
2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu hadisə ümummilli liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzi mütəxəssislərin inanmadığı üç dəniz əfsanəsinin reallığa çevrildiyi gün kimi tarixə düşdü.
2007-ci il noyabrın 6-8-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün Azərbaycana səfəri çərçivəsində iki dövlət arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə və ümumilikdə 5 mühüm sənədin imzalanması həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə əməkdaşlığın daha da yüksək səviyyəyə qalxmasına zəmin yaratdı.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhvəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Bu mənada 2008-ci il iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində dövlət başçısı Azərbaycanın beynəlxalq enerji və nəqliyyat dəhlizi ölkəsi olaraq yüksək potensialını göstərməklə yanaşı, bu dəmir yolunun ümumən regionda əməkdaşlığın genişlənməsi üçün çox önəmli layihə olduğunu bildirdi.
Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il iyunun 7-8-də Türkiyəyə işgüzar səfəri zamanı iki dövlət arasında enerji sahəsində əməkdaşlığa dair bir sıra mühüm sənədlər imzalandı. Belə ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş Naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satışı və nəqlinə dair Bəyannamə, Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqlinə dair Anlaşma Memorandumunun imzalanması ölkələrimizin enerji sahəsində əməkdaşlığının yeni bir mərhələsi kimi qiymətləndirilir. Bu hadisə indiyə kimi iki qardaş dövlətin qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılması istiqamətində birgə göstərdikləri səylərin və əməkdaşlığın daha da genişlənməsinin göstəricisidir.
Türkiyəyə səfər çərçivəsində iyunun 8-də İstanbulda keçirilən və ətrafında 22 dövləti birləşdirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə başlamış və uğurla həyata keçirilən layihələrin olduqca geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaratdığını, eləcə də enerji təhlükəsizliyinə aid olan bu layihələrin hazırda bütün iştirakçılara fayda verən çox mühüm regional əməkdaşlıq nümunəsi olduğunu bildirdi. Eyni zamanda, dövlət başçısı Azərbaycanın Tarixi İpək Yolunun bərpasına töhfə verdiyini qeyd edərək, hazırda ölkəmizin iştirakı ilə həyata keçirilən və Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regionda yaşayan xalqlara rifah gətirəcəyini diqqətə çatdırdı.
Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək "bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynadığını bildirərək qeyd etmişdir ki, "Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir".
Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdə hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması istiqamətində verilən qərar da Türkiyə-Azərbaycan arasında gələcəyi əhatə edən və ikitərəfli münasibətlərdə atılan ən mühüm addımlardan biridir. Türkiyə Prezidenti Abdullah Gülün 2010-cu il avqustun 16-da Azərbaycan səfəri zamanı imzalanmış "Türkiyə ilə Azərbaycan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə", eləcə də "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə" nin imzalanması mühüm əhəmiyyət kəsb edir.
Heç şübhəsiz ki, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında adı çəkilən sənədin imzalanması çox düzgün və gələcəyə hesablanmış bir addım oldu. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkə ilə imzalanmış bu müqavilənin böyük əıhəmiyyət kəsb etdiyini bildirmişdir: "Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini müəyyən edəcəkdir". Türkiyə Prezidenti Abdullah Gül də müqavilənin zəruriliyini və əhəmiyyətli olduğunu vurğulayaraq qeyd etdi ki,"Bu gün imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə hər bir məsələdə həmrəy və bərabər olmağımızı nəzərdə tutur".
2011-ci il iyulun 27-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Türkiyə-Azərbaycan əlaqələrinin hazırda ən yüksək səviyyədə olduğunun bir daha şahidi olduq. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı zamanı söylədikləri fikirlər bunu bir daha təsdiq edir.
Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin strateji xarakter daşıdığını, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirərək qeyd etdi ki, "Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir". Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar danışıqların son durumu haqqında muzakirələrin aparıldığını qeyd edən dövlət başçısı İlham Əliyev Türkiyəyə bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövlətinin minnətdar olduğunu və bunu çox yüksək qiymətləndirdiyini bildirdi.
Baş nazir Rəcəb Tayyib Ərdoğan da Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğuna diqqəti çəkərək bildirdi: "Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz - hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik".
2011-ci il oktyabrın 25-də İzmir şəhərində keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Rəcəb Tayyib Ərdoğan, eləcə də iki ölkə nümayəndə heyətlərinin üzvləri arasında danışıqlar aparılmış və Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alqı-satqısına dair sazişlər imzalanmışdır. Qaz tranzitinə dair imzalanan saziş Cənub dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.
Bundan başqa, Azərbaycan və Türkiyə arasında hökumətlərarası enerji protokolu, investisiyaların təşviqi və qarşılıqlı qorunması, Anadolu Agentliyi ilə AzərTAc arasında, Xarici İşlər nazirliklərinin Diplomatik Akademiyaları arasında, ailə və sosial siyasət sahəsində, meşəçilik, meteorologiya, mətbuat və informasiya, polisin təhsili sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.
2012-ci il sentyabrın 11-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilmiəsi ikitərəfli Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 7 protokol imzalandı ki, bunun da hər iki dövlət üçün çox mühüm əhəmiyyəti vardır. Sənədlərin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə keçirilən mətbuat konfransında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısının iki dövlət arasında genişlənən bu prosesi daha da sürətləndirdiyi bildirildi.
Azərbaycan və Türkiyə ikitərəfli iqtisadi əməkdaşlığı və sərmayələrə verdikləri böyük əhəmiyyət də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Təkcə cari ilin 6 ayı ərzində Türkiyədən Azərbaycana mal və məhsulların ixracatı 1 milyard 235 min 729 dollar təşkil etmişdir. Son illərdə ölkələrimiz arasında ticarətin həcmi 3,5 milyard dollara çatdırılmışdır. Hazırda Azərbaycanda mindən çox türk, Türkiyədə minə yaxın Azərbaycan-Türkiyə müştərək şirkəti fəaliyyət göstərir. 2020-ci ilədək şirkətlərimizin Türkiyə iqtisadiyyatına yatıracağı sərmayənin həcmi 20 milyard dollara çatacaqdır ki, bunun da 15 milyard dolları ARDNŞ-in payına düşəcəkdir.
Hazırda Azərbaycanın qardaş ölkəyə yatırdığı sərmayənin məbləği 4,5 milyard dollar təşkil edir. Bakı-Tbilisi-Ceyhan xam neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmiryolu kimi nəhəng layihələrdən sonra bu il iyunun 26-da Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzaladıqları sazişlə həyata keçirilməsinə başlanılan Trans-Anadolu (TANAP) təbii qaz boru xətti layihəsi də ölkələrimizin regionda və dünyada nüfuzunu artırmışdır. Beləliklə də, yaxın beş ildə TANAP layihəsinin icrasına nail olunacaq və Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olmaqla yanaşı, eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcəkdir.
Dövlət başçısı İlham Əliyev beş il müddətinə başa çatması nəzərdə tutulan və tikintisinin layihə dəyəri 7 milyard dollar olan TANAP-ın Türkiyə ilə Azərbaycanın maliyyə və texniki imkanları hesabına reallaşacağını qeyd edərək, layihənin təməlində iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri dayandığını və dövlətlərimiz arasındakı siyasi münasibətlərin dünyada örnəyinin olmadığını bildirmişdir.
Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.
Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.
İkitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt dövlət başçısı cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək strateji tərəfdaşlığın dərinləşməsinə nail olunmuşdur.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyası
Xalq qəzeti.- 2012.- 30 sentyabr.- S.
3.