Prezident İlham ƏLİYEV: Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən sosial dövlətdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin olunması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsi nəticəsində ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunmuş və əvvəlki dövrlərdəki kimi, bu ilin yanvar-avqust aylarında da inkişaf davam etmişdir.

 

Bu, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda da öz aydın ifadəsini tapmışdır. Məlumatda bildirilir ki, bu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 1,3 faiz, yaxud müqayisəli qiymətlərlə 434,7 milyon manat artaraq, 35,1 milyard manata çatmışdır. ÜDM-in 67,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 51,9 faizi sənayedə, 9,6 faizi inşaat kompleksində, 5,8 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,5 faiz, o cümlədən nəqliyyatda 4,8 faiz, ticarət və pullu xidmətdə 8,2 faiz, rabitədə 1,7 faiz, sosial və digər xidmətlərdə 11,8 faiz təşkil etmişdir. ÜDM-in 6,2 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3838,4 manat (4883,4 ABŞ dolları) təşkil etmişdir. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10,7 faiz artmış, neft sektorunda isə 6,8 faiz azalmışdır.

Azərbaycan iqtisadiyyatının strukturu müsbətə doğru böyük dərəcədə dəyişmişdir. Əvvəlki dövrdə görülmüş və bundan sonra görüləcək işlər nəticəsində artıq iqtisadiyyatımız tam şəkildə çoxşaxəli iqtisadiyyat kimi özünü göstərir. Yəni, əvvəlki dövrdə başlanmış və bu gün icra edilən layihələr, sözün əsl mənasında, Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verir.

Ölkə iqtisadiyyatının qeyri-neft sənayesində artımı nəzərə çarpır. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olmuşdur. Bu, verilən kreditlərin, sahibkarlığın inkişafı üçün qəbul edilmiş proqramların və dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir.

Ümumiyyətlə, bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifə, yəni, ölkədə güclü sənaye potensialının yaradılması üçün tədbirlərin görülməsi vəzifəsi uğurla icra edilir. Həm böyük müəssisələr yaradılır, böyük texnoparklar fəaliyyətə başlayır, həm də orta və kiçik həcmli müəssisələr fəaliyyətini gücləndirir, onların sayı artır. Bunu yanvar-avqust aylarında sənaye sahəsində əldə edilən göstəricilərdən də aydın görə bilərik. Belə ki, hesabat dövründə ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 23 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 96,7 faiz təşkil etmişdir. Məhsulun 76,5 faizi mədənçıxarma bölməsində, 18,2 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2011-ci ilin yanvar-avqust ayları ilə müqayisədə məhsul istehsalı emal bölməsində 8,9 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 7,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 2,7 faiz artmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,9 faiz artmış, neft sektorunda isə 5,4 faiz azalmışdır. Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 29,4 milyon ton, əmtəəlik qaz hasilatı 11,4 milyard kubmetr təşkil etmişdir. Emal sektorunda qida məhsulları istehsalı 3,3 faiz, içki istehsalı 11,5 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 2,2 dəfə, geyim istehsalı 32 faiz, poliqrafiya fəaliyyəti 1,9 dəfə, rezin və plastik məmulatlar istehsalı 3 dəfə, tikinti materialları istehsalı 22,7 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 13,8 faiz, hazır metal məmulatları istehsalı 1,8 dəfə, elektrik avadanlıqları istehsalı 2,4 dəfə, mebel istehsalı 3,2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 16,1 faiz artmışdır. İlin səkkiz ayında 14 milyard kilovat-saat, yaxud 10,2 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.

Bir neçə il əvvəl bəzi kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən idxal edən Azərbaycan indi əksinə, xarici dövlətlərə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olmuşdur. Azərbaycan hökumətinin aqrar sahəyə diqqət və qayğısının güclənməsi və kənd təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli yardımların miqyasının artması bu sahədə inkişaf tempinə mühüm stimul verməkdədir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində aqrar bölmədə istehsalın artırılması üçün ən mühüm layihələr həyata keçirilir. Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən hökumət aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Məhz elə bunun nəticəsidir ki, sözügedən sahədə vəziyyət ildən-ilə yaxşılaşır. Statistik göstəricilərə nəzər salaq.

Sentyabrın 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 99,7 faizi, yaxud 993,2 min hektarı biçilmiş və həmin sahələrdən 2616,2 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 1,6 sentner artaraq 26,3 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 13,4 min hektar qarğıdalı sahəsindən 58,6 min ton məhsul götürülmüşdür. Yığım başlanandan sahələrdən 706,8 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 18,2 min ton çox kartof, 968 min ton (6 min ton çox) tərəvəz, 396,8 min ton (45,3 min ton az) bostan məhsulları, 331,4 min ton (35,6 min ton çox) meyvə və giləmeyvə, 31,6 min ton (7,6 min ton çox) üzüm, 395,4 ton (2,6 ton az) yaşıl çay yarpağı, 16,9 min ton (1,9 min ton çox) günəbaxan, 2,5 min ton (4 min ton çox) tütün toplanmışdır. Bu dövrdə 295,5 min ton, yaxud 2011-ci ilin yanvar-avqust aylarına nisbətən 3,4 faiz çox diri çəkidə ət, 1145,8 min ton (7 faiz çox) süd, 794,1 milyon ədəd (19,5 faiz çox) yumurta, 15 min ton (1,6 faiz çox) yun istehsal olunmuşdur. Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 7,6 faiz, heyvandarlıq məhsulları istehsalı 5,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,7 faiz artmışdır.

Hesabat dövründə ölkədə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür. Nəticədə Azərbaycanın, eləcə də Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, əhalinin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Həmçinin son illər ərzində Bakı qəsəbələrində yol infrastrukturu yeniləşdirilmiş, yeni məktəb və tibb müəssisələri tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir. İlin əvvəlindən inşaat kompleksində 8,4 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 59,9 faizi və ya 5 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2011-ci ilin yanvar-avqust aylarına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 28,4 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 28,3 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 78,9 faizini və ya 6,6 milyard manatını daxili investisiyalar təşkil etmiş və 34,6 faiz artmışdır.

Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5949,1 milyon manat vəsaitin 3697,7 milyon manatından istifadə edilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası getdikcə genişlənir və əhalinin rifah halı yaxşılaşır. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına da müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir. Məhz bu səbəbdəndir ki, 2012-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,4 faiz artaraq 21,4 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 11,8 faiz artaraq 2334 manata (orta hesabla ayda 291,7 manata) çatmışdır. Gəlirlərin 62,7 faizi son istehlaka, 8,6 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26,9 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

Cari ilin avqust ayının sonuna olan məlumatlara görə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanına uyğun olaraq keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi çərçivəsində ölkədə 547950 əmanətçiyə 257,2 milyon manat ödənilmişdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyul aylarında 8,4 faiz artaraq 386 manata çatmışdır. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-iyul ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 591,8 manat, tikinti kompleksində 557,1 manat, nəqliyyatda 488,2 manat, rabitədə isə 618,9 manat təşkil etmişdir.

Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin səkkiz ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9,2 faiz artaraq 11 milyard manata, pullu xidmətlərin həcmi isə 7,5 faiz çoxalaraq 3,5 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 56,3 faizini ərzaq məhsulları, 43,7 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 1 faiz və 22,1 faiz artmışdır. 2012-ci ilin səkkiz ayında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 851,7 min manatlıq qeyri-ərzaq malları və 53,4 min manatlıq ərzaq məhsulları satılmışdır. Azərbaycanın xarici iqtisadi əlaqələri də dinamik inkişaf edir. Gömrük Komitəsinin məlumatlarına əsasən, 2012-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 10,2 faiz azalaraq 19,4 milyard dollar təşkil etmiş, 90,1 faizi və ya 17,5 milyard dolları uzaq xarici dövlətlərlə, 1,9 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır. Yeddi ay ərzində ölkəmizdən xarici ölkələrə 14,1 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 13,5 milyard dolları uzaq xarici dövlətlərə, 618,1 milyon dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur. Qeyri-neft məhsullarının ixracı yanvar-iyul ayları ərzində sabit qiymətlərlə 6,8 faiz artmışdır. Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 5,3 milyard dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 4 milyard dollar, MDB üzvü dövlətlərindən isə 1,3 milyard dollar olmuşdur. Yeddi ay ərzində 8,8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 9,5 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 683,4 milyon dollar məbləğində mənfi saldo yaranmışdır.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar-iyul aylarında dövlət büdcəsinə 9,7 milyard manat həcmində, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 41 faiz çox vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 8,6 milyard manat və ya 2011-ci ilin müvafiq dövrünə nisbətən 38,8 faiz çox vəsait xərclənmiş, 1,1 milyard manat məbləğində və ya ümumi daxili məhsulun 3,5 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 51,9 faizi və ya 4,5 milyard manatı iqtisadiyyatın inkişafına, 13 faizi, yaxud 1,1 milyard manatı sosial müdafiə və sosial təminata, 12,2 faizi və ya 1,1 milyard manatı təhsilə və səhiyyəyə yönəldilmişdir. Büdcə xərclərinin 24 faizi və ya 2,1 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 30 sentyabr.- S. 1;2.