Nizami Gəncəvinin
yaradıcılığı və özbək ədəbi -
elmi fikri
Tədqiqatlara
istinadən, Nizami "Xəmsə"sinin ən qədim
variantı Özbəkistan Əlyazmalar Fondundan, Nəvai əsərlərinin
ən qədim nüsxələri Azərbaycan Əlyazmalar
İnstitutundan əldə edilmişdir. Bu o deməkdir ki, Azərbaycan-özbək
ədəbi əlaqələrinin tarixi yüzilliklərə
gedib çıxır.
Ədəbiyyatda
təsir məsələsi: Bəli, Azərbaycan - özbək
ədəbi münasibətləri nəinki Nizami Gəncəvinin
yaşadığı dövrdən, hətta ondan da irəliki
zamanlardan qol-budaq atmaqdadır. Nizami "Xəmsə"si
Özbəkistanın da qiymətli ədəbi xəzinəsi
sayılır. Yazıçı-dramaturq Kamil Yaşen
yazır ki, böyük şairin vəfatından on illərlə
sonra, Orta Asiyanın monqollar tərəfindən işğal
olunduğu dövrdə Xarəzmdə naməlum özbək
müəllif "Müftah ül - ədl" adlı bədii
əsər yaratmışdı. Bu əsərin əsasını
Nizaminin "Şah və iki bayquş" haqqında hekayəti
təşkil edirdi. Nizamişünasların qənaətinə
görə, özbək ədəbiyyatına Nizaminin təsiri
belə başlamışdı. Məhəmməd Əli
"Ecazkar Nizami" araşdırmasında qeyd edir ki, XIV əsrdə,
daha dəqiq, 1330-1340-cı illərdə özbək şairi
Qütb Xarəzm "Xosrov və Şirin" əsərini
ana dilinə çevirərkən poemaya yeni hadisələr
daxil etmişdi və buna görə də, Nizami əsərinin
özbək variantı bir növ orijinal kimi səslənir.
Müasir dövrümüzdə Özbəkistanda dərc
olunmuş beşcildlik "Özbək ədəbiyyatı
tarixi" kitabında da Nizaminin özbək ədəbiyyatının
inkişafındakı müsbət təsiri xüsusi qeyd
edilmişdir. Cığatay (özbək) "Xosrov və
Şirin"in müəllifi Qütb Xarəzmi Nizamidən
öyrəndiyini etiraf edərək yazmışdır:
Qazantək
qaynayıb sevda yetirdim,
Nizami
balından halva bişirdim.
Bir
çox mənbələrə istinadən deyə bilərik
ki, Nizami irsi Özbəkistanda Nəvai dövrünə qədər
də geniş yayılmışdır, sevilmişdir. Özbək
ədəbiyyatının klassiki Nəvainin dahi Nizaminin təsiri
ilə "Xəmsə" yaratması, sonralar da Azərbaycanın
ən görkəmli sənətkarlarının Nəvaidən
öyrənməsi və başqa bu kimi faktlar ədəbiyyat
tariximizdə az deyildir. Qafur Qulamın yazdığı kimi –
Şagirdlər
qəlb evinin parlayan çırağıdır,
Ustadı
ötən şagird - ustadın bayrağıdır.
Mərifət
insana xas, könül göz bulağıdır,
Yurdu
sevənlər üçün yurd bir çiçək
bağıdır,
Yurdsevərlər
bu bağda olar Şirin, ya Fərhad.
Biri-birinə şagird, biri-birinə ustad.
Nəvai
"Heyrət ül-Əbrar" ("Nəciblərin heyrəti")
əsərində Nizamini öz ustadı və ilhamvericisi
hesab etmiş, ona səcdə qılmış, onu
"pir", "Xızr" adlandırmış, "Xəmsə"sini
"Beş xəzinə" deyə şərəfləndirmişdir.
Nəvai hər dastanının
başlanğıcında Nizamiyə məhəbbət və
hörmət əlaməti olaraq xüsusi səhifələr
yazmışdır. "Gəncə
günəşi elə bir bayraq qaldırdı ki, söz
ölkəsini bir qələmlə birləşdirdi,
dostlaşdırdı". Azərbaycanın
böyük oğlu Nizamini tərifləməkdən
doymayır, ona layiq əsərlər yazır. Nəvai
bir başqa səhifədə yazmışdır: "Gəncəli
Nizami şeirini öz gövhərləri ilə bəzədi.
O, dünyanı cəvahiratla doldurdu. Onun cəvahirləri
göyün ulduzları kimi saysız-hesabsızdır.
Elə adam tapılmaz ki, böyük Gəncəlinin
incilərini qiymətləndirməsin. Qulaqlarda
cingildəyən ləl - cəvahirat ağızlarda
dolaşacaq, o, heç vaxt torpağa düşməyəcəkdir.
Onlar qulaqdan ürəyə keçəcək,
ürəyi zənginləşdirəcəkdir. Eh!
Nizami, mən səninlə müqayisə etmək
üçün sənə bərabər adam
tapmadım". "Leyli və Məcnun" poemasında isə
öz ustadı haqqında yazarkən belə demişdir:
Sal
daşdan o qurdu beş uca qala,
Beş
gizli xəzinə çıxdı aşkara,
Qala
dövrəsində bu tikdi qəsr, -
Zinəti deyilsin əsrbəəsr.
Həm
çölünə vurdu incə naxışlar,
Həm də içində zər parladı par - par.
Ecazla
sehrdə var bir təfavüt:
Birinci - Kəbədir,
ikincisə - büt.
Nəvai Bayqara sarayında işlədiyi zaman Nizaminin
"Xəmsə"sini xüsusi xəttatlara bir neçə
variantlarda yazdırmışdır. Hətta daha maraqlı
bir nüsxəsi - olduqca orijinal və bir nadir əlyazma
nüsxəsini misal göstərmək istərdik. Bu əlyazma nüsxəsində Nəvai öz
"Xəmsə"sini Nizaminin "Xəmsə"si ətrafına
dairəvi şəkildə yazdırmışdır. Nəvainin
Nizami yaradıcılığına olan məhəbbətinə
heyranlığına valeh olan rus şairi N.Tixonov
yazmışdır: "Nəvai şir idi, şirin həndəvərində
dolanırdı və şir ilə mübarizədə salamat
qalmışdı. Çünki Nəvai
Nizaminin rəqibi yox, müttəfiqi idi".
Akademik Həmid
Araslı yazır ki, XV əsr ədəbiyyatı nümayəndələri
Lütfi, Xarəzmi, Durbək, Gədai, Ətai, Səkkaki kimi
görkəmli sənətkarlar Nizami irsindən
faydalandıqlarını əsərlərində dönə-dönə
etiraf etmişdilər Nəvai zamanında Heydər Xarəzmi
ustad saydığı Nizaminin "Sirlər xəzinəsi"nə
müraciət edərək onu tərcümə etmiş və
bu adda özü də "Məxzən ül - əsrar"
əsərini yazmışdır, əsərin müqəddiməsində
deyir:
Şeyx
Nizami nəfəsindən can tapıb,
Mənasından hökmlə - fərman tapıb.
Dünyada
mən Heydəri - sahib hünər,
Əldə etdim bu qədər dürrü - gövhər.
1987-ci ildə
Özbəkistanda çap olunmuş "Nəvai
antologiyası"na Heydər Xarəzminin
bu əsəri də daxil edilmişdir.
Xalq
şairi Qafur Qulamın misralarıdır-
Azərbaycan
xalqının ölməz şeiri, sənəti,
Qədim zamandan bəri dostlara həyat verib.
Atamız
Nizaminin hikmətdə məharəti,
Şərqdə çox şairlərə ilhamdan qanad
verib.
Böyük
nəvaişünas alim Cənnət Nağıyeva
"Klassiklərimizin əsərləri Nəvainin
kitabxanasında" tədqiqat əsərində Nəvai
dövründə yazılmış Nizami əlyazma nüsxələri
haqqında dəyərli məlumatlar aşkara
çıxarmışdır: "Nəvai klassik Şərq
ədəbiyyatını mükəmməl bilən, epik
şeirin ustadı Nizami ənənələri ilə tərbiyələnən,
Azərbaycan ədəbiyyatı ilə bağlı olan
şairlərdən idi. Nizami əsərlərinin
günümüzə gəlib çıxan ən mükəmməl,
olduqca gözəl xətlə yazılmış nüsxələri
məhz Nəvai dövrünə aiddir, daha doğrusu,
birbaşa Nəvainin tapşırığı ilə
hazırlanmışdır. Bütün bunlardan əlavə,
Orta Asiya söz sənətkarlarının Nizami
yaradıcılığı ilə əsrlər boyu davam edən
ədəbi əlaqələrini təsdiqləyən
başqa bir çox əlyazmaları da Nəvainin əlində
- onun kitabxanasında olmuş, həmin dövrün məhsulu
kimi bu günə qədər gəlib çatmış və
öz tarixi-ədəbi əhəmiyyətini
saxlamışdır. Nizami və Əmir Xosrov,
Nizami və Nəvai, Nizami və Caminin "Xəmsə"lərindən
seçilmiş əlyazmalarına SSRİ-nin kitab xəzinələrində
rast gəlmək olur". Tədqiqatçı bu
araşdırmasında Nizami əlyazmalarının yazılma
tarixini, cildini, səhifəsini və s. aydın şəkildə
təsvirini qələmə almışdır. Nizaminin Nəvai dövrünə aid olan dörd əlyazması
üzərində xüsusi dayanaraq aydın şərhlər
vermişdir.
Bertels öz tədqiqatında Nəvainin Nizami ecazına
dair fikirlərini belə şərh etmişdir. "Şəriətdə
ecaz peyğəmbərin öz peyğəmbərliyini
sübut üçün göstərdiyi möcüzəyə
deyilir. Məsələn, Məhəmməd
üçün belə bir sübut Quran hesab olunur. Nizami poemasını Quranla müqayisə etməklə
Nəvai həmin əsərin misli-bərabəri
olmadığını etiraf etmiş olur". Özbək ədəbiyyatşünası Məhəmməd
Əli "Ecazkar Gəncəvi" məqaləsində
Nizaminin özbək ədəbiyyatına təsirindən,
Nizami irsinin özbək ədəbiyyatşünaslarının
tədqiqində xüsusi yeri olduğunu etiraf etmişdi.
Məqalədə Y. Bertelsin fikrinə istinad
edilərək göstərilir ki, "Nizami sənətinin
müxtəlif ədəbiyyatlarda doğurduğu əks-səda
intəhasız və misilsizdir. Bunu bir çox ədəbiyyatlarda
Nizamiyə bolluca yazılan nəzirələr də təsdiqləyir:
- məsələn, farsca - qırx iki, özbəkcə - iki,
türkcə iki və s. Eyni zamanda Nizami qüdrətidir ki,
sözü-sovu dünyaya yayılmışdır. Nizami elmi ilə dünyaya bələd idi. Xarəzm şahzadəsi Nazpəri surətinin bədii
tərənnümü təsdiqləyir ki, şair o xalqın
tarixini, etnoqrafiyasını, adət-ənənəsini, mədəniyyətini,
coğrafiyasını gözəl bilirmiş".
Əldə olunan ədəbi faktları bir-bir təhlil
süzgəcindən keçirməkdə məqsəd Nizami
yaradıcılığının özbək ədəbiyyatına
təsir məsələsini aydınlaşdırmaqdır. Ümumilikdə
isə beşcildlik "Özbək ədəbiyyatı
tarixi" akademik kitabında Nizaminin özbək ədəbiyyatının
inkişafındakı müsbət təsiri əhatəli
qeyd edilmişdir.
Ədəbiyyatşünaslıqda
tədqiqi: Özbəkistanda müxtəlif zamanlarda müxtəlif
elmi mənbələrdə - kitab və toplularda, qəzet və
dərgilərdə Nizami yaradıcılığı, onun
ayrı-ayrı əsərləri haqqında elmi-tənqidi məqalələr,
araşdırmalar nəşr olunmuşdur. 1940-cı
illərdə Nizami və Nəvainin yubiley günləri
çərçivəsində bu səpgidə xeyli elmi məqalələr
yazılmış və dərc edilmişdir. Akademik Həmid Araslının iki xalqın ədəbiyyatları
arasında gördüyü işləri saymaqla başa gələn
deyil. Onun elə həmin illərdə Nəvai
ilə bağlı Azərbaycanda gördüyü işlər
haqqında dəfələrlə yazılıb, elə bu sətirlərin
müəllifi də "Azərbaycan-özbək ədəbi
əlaqələri" monoqrafiyasında da qeydlərini
bildirmişdir. H.Araslı 1940-ci ildə
yazdığı "Nizami və Nəvai" adlı tədqiqatı
özbək elmi-nəzəri fikrində yüksək dəyərləndirilmiş,
neçə-neçə tədqiqat işi üçün
ilk mənbə sayılmışdır. Özbəkistan
Dövlət Pedaqoji İnstitutunun elmi əsərləri seriyasından
nəşr olunan "Dil və ədəbiyyat məsələləri"
toplusunun (XXIX cild, 1961) 56-89-cu səhifələrində
H.Araslının "Nizami irsi dünya mədəniyyəti xəzinəsində"
adlı məqaləsində Nizaminin özbək ədəbi
meydanında, ədəbiyyatşünaslıq elmində
rolundan bəhs edilir.
Akademik
Vahid Abdullayev, akademik Vahid Zahidov, professor Səidəxan Nərzullayeva,
professor Şahməhəmməd Şahməhəmmədov və
bir çox məşhur özbək alimləri elmi
araşdırmalarında Nizami irsinin öyrənilməsi,
özbək ədəbiyyatına təsiri və ədəbiyyatşünaslığında
tədqiqi məsələlərinə xüsusi önəm
vermişdilər. Adları çəkilən özbək
alimləri vaxtilə doktorluq dissertasiyalarını Nizami
yaradıcılığı kontekstində elmi-nəzəri
problemə həsr etmiş və Bakıda - AMEA Nizami adına Ədəbiyyat İnstitutunda müdafiə
etmişdilər.
"Nizami elə bir mədəndir ki, onun yatağı Gəncədir. Bu mədənin
qəlbi inci yatağıdır. Fikri,
amalı və xəzinədarı Nizamidir. Onun dili bu xəzinədən
incilər çıxarır...". Akademik V. Zahidovun "Nizami Gəncəvi və
özbək ədəbiyyatı" məqaləsindən
götürdüyümüz bu fikirlər elmi-ədəbi
faktor kimi də ədəbiyyatşünaslığımızda
qiymətlidir. Akademik V.Zahidov qeyd edir ki,
"Azərbaycan xalqını vəsf eləmək mənim
üçün çox çətindir. Çünki o, hər cəhətdən kamal zirvələrinə
çatmış, tarixin sınaqlarından üzüağ və
mətin çıxmış əzəmətli bir
xalqdır. Bu xalqın bədii
dühasından danışmaq istəsək, böyük
Nizaminin dünyaşöhrətli "Xəmsə"sini
xatırlamalıyıq. "Xəmsə"
- Azərbaycan möcüzəsidir. Sənətin
və bədiiliyin dünya tarixində yeni və parlaq mərhələsidir,
bəşəriyyətin şah əsəridir".
Maqsud
Şeyxzadənin yetişdirməsi olan filologiya elmləri
doktoru, professor Natan Mallayevin "Nizami Gəncəvinin
irsi və onun təlim-tərbiyəvi əhəmiyyəti"
adlı monoqrafiyası xüsusi əhəmiyyət kəsb
edir. Monoqrafiyanın əsas məziyyəti ilk mənbələr,
naməlum qaynaqlar əsasında yazılmasıdır.
Kitab Nizaminin fəaliyyətinin və ədəbi irsinin tədqiqi
tarixi, həyatı və yaradıcılığı
bölmələrini özündə birləşdirən
"Nizami Gəncəvi", "Şairin lirikası",
"Xəmsə" ədəbi irsinin dünya miqyasında əhəmiyyəti"
və "Nizami ədəbi irsinin dünya miqyasında əhəmiyyəti"
hissələrindən ibarətdir. Bu hissələr
arasında qırılmaz əlaqə vardır. Kitabın maraqlı cəhətlərindən biri də
odur ki, müəllif dünya xalqlarının ədəbiyyatşünaslığında
Nizaminin tədqiq tarixinə toxunur və bu tədqiqatların əhəmiyyətini
aydınlaşdırır. Əsərdə
Nizami irsinin tədqiqatçılarına yeni səpkidə
yanaşır, onun ədəbi məktəbini davam etdirdiklərinin
səciyyəvi əlamətlərini açıb göstərir.
Xosrov Dəhləvinin, Əbdürrəhman Caminin, Əlişir
Nəvainin, Məhəmməd Füzulinin, İohan Hötenin
və başqalarının Nizami irsindən nə məqsədlə
istifadə etmələrini təhlil edir və bu "təlim-tərbiyə
məktəbi"nin çoxsahəli, bəşəri,
dünyəvi elementlərini bir sistemə salır... Kitabda həmçinin Özbəkistan ədəbiyyatşünaslığında
Nizami Gəncəvi ilə bağlı tədqiqatlar təhlil
olunur, eləcə də Nizami əsərlərinin tərcümə,
təbdil və nəşr prinsiplərindən bəhs edilir.
Məhəmməd Əli araşdırmalarında öz
fikirlərini üç aspekt daxilində
açıqlayır. İlk olaraq, Nizaminin novatorluğundan bəhs
edərək onun nəinki özbək xalqına,
bütövlükdə türk dünyasına
doğurduğu şəfəqdən, nurdan bəhs edir, elmi-nəzəri
baxışları ilə gəldiyi qənaəti təsdiqləməyə
cəhd edir. İkincisi, onun Şərq
dünyası ədəbiyyatlarına olan təsirindən, bu
təsirin nəticəsi olaraq yaranan "Xəmsə"lərdən,
Nizaminin müraciət etdiyi mövzulardan yaranan yeni əsərlərdən
söz açır və onları ümumiləşdirmə
müstəvisində açıqlayır. Nəhayət, Nizami aləmində, Şərq
poeziyasında ilk dəfə olaraq insan şəxsiyyətinin
bütün mənəvi zənginliyi və
parlaqlığı, ziddiyyətləri, müzəffər
yüksəlişi və acınacaqlı rəzaləti ilə
göstərilməsi şərhini yekunlaşdırır.
Görkəmli ədəbiyyat xadimləri S.Erkinovun və
M.Qənixanovun "Nizami Gəncəvi" əsərində
dahi şairin özbək elmi-nəzəri fikrində
tutduğu mövqeyi, onun özbək ədəbiyyatına, ədəbiyyatşünaslığına
olan təsirindən, ümumiyyətlə, özbək ədəbiyyatında
Nizami ənənələrindən danışılır. Ədəbiyyatşünas
H.Həmidinin "Əski Şərq dühaları" irihəcmli
kitabında da Nizami ənənələrindən ətraflı
söz açılmışdır. Ümumiyyətlə,
dahi Nizami haqqında özbək alimləri, tədqiqatçıları
xeyli sayda elmi-nəzəri əsərlər yazaraq dərc
etdirmişlər.
Əsərlərinin
nəşri: Nizami Gəncəvinin əsərləri özbək
oxucuları arasında qədimdən bəri şöhrət
tapmışdır. Müasir dövrümüzdə də bu
iş ənənəvi olaraq daim davam etdirilir. Özbəkistan
dövrü mətbuatında da Nizami Gəncəvinin qəzəlləri,
poemalarından parçalar ("Yeddi gözəl"dən,
"Leyli və Məcnun"dan, "Sirlər xəzinəsi"ndən,
"İsgəndər və çoban" və s. əsərləri)
dərc edilmişdir.
Nizami Gəncəvinin 800-illiyi ərəfəsində,
Özbəkistan Dövlət Nəşriyyatı 1947-ci ildə
(Böyük Vətən müharibəsinin baş verməsi
ilə əlaqədar olaraq yubiley nəşri sonrakı illərdə
həyata keçirilmişdir) şairin poemalarından
parçaları "Güldəstə" adı altında
ayrıca kitab halında çap etmişdir. XIX
yüzilliyin ikinci yarısında böyük özbək
şairi Məhəmməd Rza Agahi Xivə xanı Firuzun
sifarişi ilə Nizaminin "Yeddi gözəl"
poemasını nəsrlə tərcümə etmişdir.
Özbək ədəbiyyatşünası Məhəmməd
Əli yazır ki, həmin əsər Agahinin yeni nəşr
olunmuş (təxm. 1988-ci ildə) dördcildlik
külliyatına daxil edilmişdir.
1983-cü ildə Nizaminin özbəkcə yüz minlik
tirajla yeni bir kitabı- "Seçilmiş əsərləri"
nəfis tərtibatda çapdan çıxmışdır. Kitabın
giriş hissəsində dahi şairin ədəbi şəxsiyyəti
və irsi haqqında elmi - nəzəri fikirlər yer
almışdır. Kitabın şeirlər - lirika hissəsində
Nizami Gəncəvinin qəzəlləri, rübailəri, qəsidələri,
qitələri, hikmətli sözləri, eləcə də
"Sirlər xəzinəsi"ndən, "Yeddi gözəl"dən
parçalar təqdim olunur (tərcümələr
Şahislam Şahməhəmmədovundur). Kitaba tərcüməçi,
filologiya elmləri doktoru, Firdovsi adına
respublika mükafatının laureatı, professor Ş.Şahməhəmmədov
müqəddimə yazmış, kitabın sonunda izahlı
lüğət vermiş, illüstrasiyaların
götürülmə mənbəyini qeyd etmişdir. "İncilər ümmanı" kitabında
Nizami Gəncəvinin əsərlərindən ibarət
nümunələr nəşr edilmişdir. 2005-ci ildə
Daşkənddə dahi şairin iki əsəri ayrıca
kitablarda nəşr olundu: "Leyli və Məcnun" və
"Xosrov və Şirin" əsərləri fars dilindən özbəkcəyə tərcümə
olunaraq yeni nəsil oxuculara təqdim olunmuşdur.
Daşkənd Pedaqoji İnstitutu Nizaminin adını
daşıyır. Müəllimlər yetişdirən
ocağa Şərq şairləri müəlliminin adı nəsib
olmuşdur. Özbəkistan Əlyazmalar
İnstitutunun zəngin muzeyinin ilk otağı klassik ustad
Nizamiyə həsr olunub. Hətta Nəvai əlyazmasını
əldə edən bu muzeydəki həmin otaqda Nizaminin şəkli,
əsərlərindən illüstrasiyalar, ilk "Xəmsə"
müəllifinə həsr olunan tablolar, döymə işləri,
xalça, bədii yazılar, kitab vitrinləri və başqa
eksponatlar vardır.
Nəticədə,
Azərbaycan klassik ədəbiyyatının, ilk növbədə,
Nizami, Nəsimi, Füzuli kimi bədii söz
bahadırlarının yaradıcılığı,
onların özbək ədəbiyyatının tərəqqisində
və yeni-yeni ənənələrlə zənginləşməsində
danılmaz rolu və böyük təsiri özbək ədəbiyyatşünaslarının,
yazıçılarının və mətnşünaslarının
daim tədqiqat obyekti, ilham mənbəyi olmuşdur.
Almaz ÜLVİ,
filologiya elmləri doktoru
Xalq qəzeti.- 2012.- 29 sentyabr.- S.7.