Azərbaycan
Respublikası xarici siyasət
strategiyasını uğurla həyata keçirir
Milli maraqların təmin olunması,
ikitərəfli münasibətlərin gücləndirilməsi,
qlobal və regional
mövqelərimizin möhkəmləndirilməsi xüsusi diqqət mərkəzindədir
Biz düzgün
yoldayıq. Biz hər gün
qələbəni yaxınlaşdırırıq. Qələbənin
yaxınlaşdırılması üçün
hər bir Azərbaycan vətəndaşı,
xüsusilə diplomatik fəaliyyətlə
məşğul olanlar hər gün fəal
çalışmalıdırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Xarici
siyasət və diplomatiya hər bir dövlətin beynəlxalq
aləmdə mövqelərinin möhkəmlənməsinə,
ikitərəfli və çoxtərəfli münasibətlərin
gücləndirilməsinə, mövcud problemlərin həllinə
yönəlir. Dövlətçiliyin, müstəqilliyin,
milli təhlükəsizliyin qorunması xarici siyasətdə
mühüm istiqamətlər kimi nəzərdən
keçirilir.
İnamla deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Dövlət başçımızın məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcəkdir. Sentyabrın 21-də yeni istifadəyə verilən Azərbaycan Diplomatik Akademiyasının yeni və möhtəşəm tədris kompleksində dövlət başçımız İlham Əliyevin iştirakı ilə keçirilən respublikamızın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində inkişaf etmiş dövlətlərin xarici siyasətlərinin prioriteti olan yeni yüksək hədəflərdən söhbət açılması da bunu təsdiq edir.
Bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından bütün maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Türk dünyasının böyük şəxsiyyəti müstəqil Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini müəyyən edərkən qətiyyətlə deyirdi ki, bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Həmin prioritet bu gün də Azərbaycanın xarici siyasət kursunun əsas vəzifələrindən birini təşkil edir. Ölkə ərazisindən xarici işğalçı ordunun çıxarılmasına, ərazi bütövlüyümüzün bərpa edilməsinə qədər həmin vəzifələr prioritet olaraq qalacaqdır. Qeyd olunan bu vəzifələri lazım olan səviyyədə reallaşdırmaq üçün məhz Heydər Əliyev dühası tərəfindən işlənib hazırlanmış balanslaşdırıcı xarici siyasət kursunun icrasına çox böyük ehtiyac vardır.
Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev beynəlxalq münasibətlərin dəyişməsi, sürətlə qloballaşan dünyada yeni məsələlərin, yeni çağırışların ortaya çıxması fonunda mütəmadi qaydada Azərbaycanın xarici siyasətinə müəyyən düzəlişlər edir, onu müasir dövrün tələblərinə uyğunlaşdırır. Dünyanın bütün dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinə, bərabərhüquqlu münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 55 səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında missiyası və 9 baş konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə təmin olunması və ölkəmizin hərtərəfli şəkildə təbliğatı üçün geniş imkanlar yaratmışdır. Belə ki, Braziliya, Argentina, Cənubi Afrika Respublikası, Serbiya, Liviya, Estoniya və Xorvatiyada yeni səfirliklərimiz, Batumidə isə baş konsulluğumuz fəaliyyətə başlamışdır. Yaxın zamanlarda isə Azərbaycan Respublikasının Avstraliya İttifaqında səfirliyi açılacaqdır. Əlbəttə ki, gələcəkdə xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin sayı artacaqdır ki, Azərbaycan öz maraqlarını daha da böyük uğurla müdafiə edə bilsin. Ölkəmizdə isə Macarıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Qırğızıstan, Argentina, Braziliya, Çexiya, Mərakeş və Niderland Krallığının səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluqları fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində rolunun və etimadının əhəmiyyətli dərəcədə artması, dost və tərəfdaş dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi, habelə yeni diplomatik nümayəndəliklərin təsis edilməsi diplomatik xidmət orqanları əməkdaşları qarşısında yeni vəzifələr qoymuş və hədəflər müəyyənləşdirmişdir. Ölkəmizin diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyev xaricdəki diplomatik nümayəndəliklərimizin artmasını, həmçinin qarşıya qoyulan vəzifə və hədəflərin reallaşmasını xarici siyasətdəki uğurlarımızı şərtləndirən amillərdən biri kimi dəyərləndirmişdir. Dövlət başçımız diplomatlarımızın diqqətinə bir daha çatdırmışdır ki, xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Təəssüf ki, bu məsələ uzun illərdir öz həllini tapmır, ədalət, beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik davam edir. Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə edir. Diplomatik səylər gücləndirilir. Ölkəmizin mövqeyini dəstəkləyən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri də status-kvonun qəbuledilməz olduğuna dair bəyanatlar səsləndirirlər.
Rəsmi İrəvanın qeyri-konstruktiv mövqedən əl çəkməməsi nəticəsində münaqişənin həllinin yubadılması daha çox Ermənistanın özü üçün ağır nəticələr doğurur. Ötən dövr ərzində Azərbaycan hər sahədə inkişaf etmiş, Ermənistan isə, obrazlı ifadə etsək, dilənçi vəziyyətinə düşmüşdür. Bu gün bizim təkcə hərbi xərclərimiz Ermənistanın bütün büdcəsindən iki dəfə çoxdur. Bizim iqtisadi imkanlarımız genişlənir, bu sahədə çoxşaxəlilik amilinə üstünlük verilir. İqtisadi tərəfdaşlarımızın sayı durmadan artır, ixrac potensialımız yüksəlir. Ermənistan isə iqtisadi cəhətdən çıxılmaz vəziyyətə düşüb. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün xarici yardımlar, kreditlər, diasporun ianələri olmasa, Ermənistan iqtisadiyyatı tamamilə çökəcək. Çünki bu ölkənin daxili resursları tükənir. Demoqrafik vəziyyət acınacaqlıdır. Ölkədən hər il yüz minə qədər əhali köç edir və bu proses davam edir. Bu prosesin qarşısını almaq artıq mümkün deyil.
Ermənistan bu vəziyyətə Azərbaycanın yürütdüyü möhtəşəm xarici siyasət nəticəsində düşmüşdür. Belə ki, bölgədə söz sahibi olan ölkəmiz təcavüzkar Ermənistanın regionda həyata keçirilən qlobal əhəmiyyətli siyasi, iqtisadi, enerji və nəqliyyat layihələrinə qoşulmasına imkan verməmişdir. Biz onları böyük siyasi, iqtisadi imkanlardan, maliyyə mənbələrindən məhrum etmişik. Gələcəkdə təcridetmə siyasətimiz davam etdiriləcəkdir və bu, mütləq öz bəhrəsini verəcəkdir. Dövlət başçımızın vurğuladığı kimi, əgər Ermənistan rəhbərliyində reallığı dərk edən adamlar hələ də qalıbsa, anlamalıdırlar ki, Azərbaycan ilə qısamüddətli və uzunmüddətli rəqabətdə onları yalnız məğlubiyyət gözləyir. Hazırda əgər onlar danışıqlar masasında olan varianta razılıq verərlərsə və işğal edilmiş torpaqlardan qoşunlarını çıxararlarsa, o zaman öz xalqlarının gələcəyini təmin etmiş olarlar. Çünki onları gələcəkdə böyük təhlükələr gözləyir: "Dünya dəyişir, bölgədə gedən proseslər sizə bəllidir. İstisna edilmir ki, vaxt gələcək və hər bir ölkə təkbaşına öz maraqlarını müdafiə etmək zorunda qalacaqdır. Azərbaycan buna hazırdır. Çünki onsuz da biz iyirmi il ərzində təkbaşına mübarizə aparırıq. Bəzi hallarda bizdən qat-qat böyük qüvvələr qarşısında öz maraqlarımızı təmin edirik, heç kimin qarşısından geri çəkilmirik".
Azərbaycan Ermənistanı beynəlxalq ictimaiyyət qarşısında da çətin vəziyyətdə qoyub. Beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini əks etdirən və birbaşa Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını ifadə edən kifayət qədər ədalətli qətnamələr qəbul edilmişdir. BMT Təhlükəsizlik Şurasının ölkəmizin işğal olunmuş torpaqlarının dərhal azad edilməsini tələb edən dörd qətnaməsi, bu barədə həmçinin ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının qətnamələri, NATO-nun qərarları rəsmi İrəvanda böyük həyacanla qarşılanmışdır. Azərbaycanın dünyanın 155 dövlətinin tam dəstəyi ilə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi də, əslində, beynəlxalq birliyin Ermənistana açıq mesajı idi. Həmin mesaj isə bundan ibarət idi ki, 20 illik müstəqillik tarixi olan Azərbaycan bu gün hətta diplomatik əlaqə qurmadığı bəzi dövlətlər tərəfindən də dəstəklənirsə, sürətlə inkişaf edən əlaqələrini durmadan genişləndirən, yeni dostlar qazanan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmiz gələcəkdə daha çox dövlətin dəstəyini alacaq və onun yürütdüyü xarici siyasət nəticəsində Ermənistan dünyadan tamamilə təcrid olunmuş aciz vəziyyətə düşəcək. Ermənistanın Təhlükəsizlik Şurasına üzv olmaq üçün müraciət etməsindən sonra dünya dövlətlərinin ona əhəmiyyət verməməsi də özlüyündə çox şeyi ifadə edir. Həmin vaxtı ermənilər götür-qoy etdilər və anladılar ki, daha böyük mövqelərə malik olan Azərbaycan qarşısında onları çox acı və biabırçı məğlubiyyət gözləyir. Ona görə də sakitcə bu yarışdan çəkildilər.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin xarici dövlətlərdəki səfirləri qarşısında qoyduğu digər bir mühüm vəzifə isə Xocalı soyqırımı həqiqətini fəaliyyət göstərdikləri ölkələrin ictimaiyyətinə çatdırmaqdır. Bugünədək Azərbaycan bu istiqamətdə çox uğurlu siyasət aparmış və xalqımıza qarşı Ermənistanın hazırkı rəhbərliyinin bilavasitə iştirakı ilə həyata keçirilən Xocalı soyqırımının Meksika Birləşmiş Ştatları, Kolumbiya Respublikası və Pakistan İslam Respublikasının parlamentləri tərəfindən rəsmən tanınmasına nail olmuşdur. Artıq bəzi ölkələrdə Xocalı abidələri də ucaldılır. Beynəlxalq ictimaiyyətin ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə məlumatlandırılması və digər xarici ölkələrin qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanınması istiqamətində məqsədyönlü işlər aparılır. Azərbaycan Prezidenti bu siyasətin davam etdirilməsi barədə diplomatik xidmət orqanları rəhbərlərinə xüsusi tapşırıq vermişdir. Qeyd etmişdir ki, bizim səfirlər, səfirliklərin nümayəndələri bu məsələni harada mümkündür qaldırmalıdırlar. Onların çalışdıqları ölkələrin qanunvericilik orqanlarında Xocalı soyqırımı məsələsi qaldırılmalıdır. Çalışmalıyıq ki, bu soyqırımı müxtəlif səviyyələrdə tanınsın. Biz istər regional, istər munisipal, - əlbəttə ki, federal səviyyədə olarsa daha yaxşı olar, - səviyyədə bu işi daim aparmalıyıq. Bu məsələdə Azərbaycanın diaspor təşkilatları da mühüm rol oynayırlar. Sevindirici haldır ki, bu gün xaricdəki cəmiyyətlərimizin sayı artır, onların fəaliyyətinin keyfiyyəti yüksəlir. Dünyada vaxtaşırı keçirilən nümayişlər, etiraz piketləri, tədbirlər, konfranslar göstərir ki, biz doğrudan da güclü diaspor təşkilatları yarada bilmişik və bu mənada, səfirliklər də diaspor təşkilatları ilə sıx əlaqədə olmalıdırlar.
Son bir neçə il ərzində Ermənistanın işğalçı siyasətinin ifşası və bu siyasətə güclü dəstək verən erməni lobbisinin mənfur və riyakar səylərinə qarşı fəaliyyətimiz gücləndirilməkdədir. Çünki erməni lobbisi həqiqətən də ölkəmizin ən böyük düşmənidir. Onlar özlərinin çirkli pulları hesabına müxtəlif ölkələrdə bəzi siyasətçiləri və ictimai xadimləri qəbuledilməz yola təhrik edir, Azərbaycana və Türkiyəyə qarşı təbliğat kampaniyaları aparırlar. Ölkəmizin müstəqil xarici siyasət aparması ilə barışmayan dünyadakı bəzi dairələrin də dəstəyini alan erməni lobbisi daim müxtəlif dövlətlərin kütləvi informasiya vasitələrində "Odlar yurdu"nun əleyhinə dezinformasiyaların yayılmasına cəhd göstərirlər. Biz bunlara qarşı daim mübarizə aparmalıyıq. Ona görə də Azərbaycanın dövlət başçısı nəzərə çarpdırmışdır ki, səfirlərimiz fəaliyyət göstərdikləri ölkələrin dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə sıx münasibət qurmaqla yanaşı, həmin ölkələrin media qurumları ilə də əlaqələrdə fəal olmalıdırlar.
Sürətlə inkişaf edən Azərbaycan bu gün xarici ölkələrə sərmayələr yatırır, özəl şirkətlərimiz dünyanın müxtəlif bölgələrində uğurla fəaliyyət göstərirlər. Bu proses region ölkələrində daha qabarıq şəkildə özünü büruzə verir. Bu da bir həqiqətdir ki, Azərbaycanın investisiyasına dünyada tələbat artır. Xüsusilə, böhrana düçar olmuş ölkələrin maliyyə resurslarına böyük ehtiyacı vardır. Dövlət başçımız bəyan etmişdir ki, biz bu maliyyə resurslarını məqbul olan şərtlərlə təqdim edə bilərik. Beləliklə, investisiyalar, kreditlər və iqtisadi sahədə yeni formalar artıq tətbiq edilir. Təbii ki, diplomatlarımız da bu sahədə daha da fəal olmalıdırlar. Ölkə rəhbəri xüsusilə vurğulayır ki, Azərbaycan şirkətləri - istər dövlət, istər özəl investor və podratçı, kontraktor kimi xarici bazarlara çıxmalıdır. Səfirlər də Azərbaycan şirkətlərinin fəaliyyətini təmin etməlidirlər. Bu, belə olmalıdır. İnkişaf etmiş ölkələr daim öz şirkətlərinə başqa ölkələrdə yaxşı vəziyyətin yaradılması üçün səylər göstərirlər. Biz də bu yolla getməliyik və gedirik. Ona görə iqtisadi istiqamət nisbətən yeni bir istiqamətdir və səfirlər buna daim diqqət göstərməlidirlər. Bütün bunlar, Azərbaycan Respublikasının milli maraqlarının daha geniş miqyasda qorunmasına şərait yaradır, nüfuzunun artmasına xidmət edir.
Göründüyü kimi, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün də davam və inkişaf etdirilən uğurlu xarici siyasət strategiyası respublikamızın beynəlxalq arenadakı nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı olması ilə nəticələnməkdədir.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 29 sentyabr.- S.
1.