Ermənilərin terrorçu təşkilatı ASALA yenidən fəallaşır

 

(əvvəli qəzetin 29 sentyabr tarixli sayında)

 

Heç kəsə sirr deyil ki, uzun illərdir Qərbdə və bir sıra Şərq ölkələrində kök salmış erməni terror təşkilatları zaman-zaman fəallaşmış, çoxsaylı insan tələfatına səbəb olan aksiyalar həyata keçirmişöz "missiyalarını" yerinə yetirdikdən sonra qeyri-leqal şəraitdə fəaliyyətlərini davam etdirmişlər. Son günlər həmin təşkilatlardan olan "Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu" - ASALA-nın (Armenian Secret Army for the Liberation of Armenia) fəallaşması müşahidə olunur. Görünən odur ki, qaniçən terrorçu ermənilər hələ də vandalizm əməllərindən əl çəkmək niyyətində deyillər. Bu millətin mayası, sanki terrordan, qətliamdan, qəddarlıqdan, amansızlıqdan tutulub. Erməni terrorizmi isə artıq beynəlxalq terrorizmin tərkib hissəsinə çevrilib.

 

Yeni təhlükə: "Nor ASALA"

 

Son 200 ilə nəzər saldıqda görürük ki, bu millətin nümayəndələri onlarca terrorçu təşkilat yaratmış, həmin təşkilatlar vasitəsiylə öz çirkin əməllərini həyata keçirmişlər. Onlar arasında "Armenakan", "Hnçaq", "Daşnaksütyun" Erməni İnqilabçı Fraksiyası, "Erməni gizli azadlıq ordusu" (ASAOA), "Geqoran", "Orli qrupu", "Qurtuluş qaplanları", "Qartal təşkilatı" və bir sıra digət terror təşkilatları vardır. Maraqlısı odur ki, ermənilər bu gün də, necə deyərlər, özlərinin tarixi terrorçuluq ənənələrini davam etdirirlər. Bu dəfə Ermənistan Respublikasının dəstəyini alaraq, əvvəlki "təcrübələrdən" faydalanmaqla, yeni metodlarla "mübarizə" aparacaqlarını bəyan edirlər.

Misal kimi, "Nor ASALA"nı (erməni dilində "Yeni ASALA") göstərə bilərik. Bu ilin sentyabr ayının ortalarında erməni diasporunun yeni terror təşkilatının yaradılması haqqında bəyannamə yayılmışdır. Bəyannamənin mətnində təşkilatın Livanın Anjar qəsəbəsində bu ilin avqustunda yaradıldığı bildirilir. "Nor ASALA"nın yaradılmasında əsas məqsəd bir çox siyasi əməlləri və qurmaq istədikləri "Böyük Ermənistan" xəyyalarını diplomatiya və silahlı mübarizə - terror aksiyaları yolu ilə reallaşdırmaqdır. Təşkilatda bir sıra dünya ölkələrində yaşayan ermənilər təmsil olunur. Ermənistan, Yunanıstan, Kipr, Türkiyə, Gürcüstan, Rusiya, Fransa, Livan, İran, Suriya, ABŞ, Belçika kimi müxtəlif ölkələrdən olan erməni diasporunun gəncləri, artıq "Nor ASALA"nın məqsədlərini həyata keçirməyə and içiblər.

Bəyannamədə "Nor ASALA"nın siyasi istəkləri arasında Türkiyəyə ərazi iddiaları və bu ölkədən təzminat tələbi, qondarma "erməni soyqırımı"nın tanınması, Ukraynanın Bucak bölgəsində "Şimal-qərbi Ermənistan" dövlətinin yaradılması və s. göstərilir. "Nor ASALA"nın silahlı və siyasi məqsədlərinə aşağıdakılar daxildir: - Azərbaycanın dünyada erməni düşmənçiliyi yayan səfirlik və attaşelərini hədəfə almaq; - Xarici ölkə vətəndaşlığı altında Azərbaycana daxil olub Bakıda və digər şəhərlərdə hakimiyyət əleyhinə qüvvələrlə birlikdə irqçi və erməni düşməni olan siyasətçiləri hədəf almaq, uzaq məsafədən idarə olunan və lazım gələrsə, intiharçı-terrorçu partlayışlar törətmək; - Azərbaycanın xaricdə şah damarı olan azərbaycanlı adamlarını və iqtisadi qurumlarını hədəf almaq; - Qurgen Markaryanı öldürən Ramil Səfərovu, Hrant Dinki öldürən Yasin Hayalı, Sevag Balıkçıyı öldürən Kıvanc Ağaoğlunu ölümlə cəzalandırmaq; - Ermənilərə qarşı irqçilik, faşizm, militarizm nifrəti yayan media qurumlarını, alim tarixçi, publisist, siyasətçi təşkilat və qurumlarını hədəf almaq; - Türkiyə və Azərbaycan dövlət ordularının "faşist təhdidlərinə" qarşı erməni gənclərini məlumatlandırmaq və təşkilatlandırmaq, kiprli gənclərlə, "kürdüstanlı" gənclər ilə və dostmüxalif türk və azərbaycanlı gəncləri ilə müştərək təhsil, mədəniyyət, tarix, silahlı və siyasi hərəkat və plan qurmaq; - Azərbaycanda müxalif gəncləri təşkilatlandırıb İlham Əliyevin irqçimilitarist rejimini "Ərəb baharı" üsulu ilə dağıtmaq üçün hərəkətə keçirmək.

Bunlardan başqa, Türkiyəyə qarşı da bir çox silahlı əməllərin həyata keçirilməsi nəzərdə tutulub. "Nor ASALA" bəyannamənin mətni ilə birgə özlərinin iddiası ilə bağlı xəritə, eləcə də bir sıra fotoşəkillər yaymışdır. Buradan da görülür ki, yeni yaradılmış təşkilat hər baxımdan genişmiqyaslı terror əməlləri törətməklə yanaşı, dağıdıcı siyasi fəaliyyətlərlə də məşğul olacaq. Şübhəsiz ki, bu əməllərin həyata keçirilməsində Ermənistan Respublikasının xüsusi xidmət orqanları ilə terrorçular arasında yaxın işbirliyi qurulacaqdır. Çünki bu gün bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara da məlumdur ki, Ermənistan hakimiyyəti terrorçulardan, cinayətkarlardan, kriminal ünsürlərdən ibarətdir. Hər halda heç birimiz erməni xüsusi xidmət orqanlarının Bakı şəhərində və digər yerlərdə Azərbaycanın dinc mülki əhalisinə qarşı həyata keçirdiyi terror aktlarını unutmamışıq. Buradan belə nəticəyə gəlmək olar ki, "Nor ASALA" nın yaradılması da elə Ermənistanın və onun prezidenti Serj Sarkisyanın planıdır.

 

Ermənistan Respublikasının beynəlxalq terrorçularla yaxın işbirliyi

 

Ermənistanın ASALA-ya, "Əl-Qaidə"yə, PKK-ya və digər terrorçu təşkilatlara dəstək verdiyinə dair onlarla fakt mövcuddur. Türkiyədə yaxalanan terrorçuların çoxu etiraf edib ki, Ermənistanda beynəlxalq terrorçular üçün hərbi düşərgələr var. Erməni zabitlər həmin hərbi düşərgələrdə terrorçulara təlim keçirlər. Bundan başqa, Azərbaycanın işğal altında olan ərazilərində də PKK-ya və "Əl-Qaidə"yə məxsus hərbi düşərgələrin olduğu barədə məlumatlar mövcuddur. Gələn xəbərlərə görə, "Əl-Qaidə" və PKK üzvləri ilə yanaşı erməni terrorçuları da burada təlim keçirlər. Beynəlxalq terrorçular Azərbaycanın nəzarətində olmayan bölgələrdən narkoplantasiyanarkotranzit ərazi kimi istifadə edirlər.

Ermənistan Respublikasının terrorizmə dəstək verdiyini sübut edən əsaslı faktlardan biri də ASALA-nın Qərbi Avropadaki qrupunun rəhbəri Monte Melkonyanın ölkənin milli qəhrəmanı elan edilməsi, onun adının Ermənistanın Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə, həmçinin İrəvan şəhərində bir universitetə, bir məktəb və bir körpüyə, eləcə də xeyriyyə fonduna verilməsidir. Məsələyə aydınlıq gətirilməsi üçün qeyd edək ki, Azərbaycanı, Türkiyəni və İsraili hədəf seçən təşkilatın Qərbi Avropadaki qrupunun rəhbəri erməni terrorçusu, quldur, Qarabağ müharibəsində "Avo" ləqəbi ilə tanınan M. Melkonyan 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələri tərəfində döyüşüb. PKK terrorçu təşkilatının yaradılmasında və Türkiyədə terror aktlarının törədilməsində yaxından iştirak edib. 1981-ci ilin sentyabrın 24-də Melkonyanın rəhbərliyi ilə Türkiyənin Parisdəki səfirliyinin diplomatlarına qarşı terror aktı həyata keçirilib. Həmin ilin noyabrında Fransa polisi onu həbs edibo, saxlanılan zaman üstündən saxta sənədlər aşkar olunub. Melkonyanın həbsinə cavab olaraq ASALA Fransada bir neçə terror aktı törədib. Terorçulara "güzəştə" gedən Fransa hökuməti Melkonyanı Livana deportasiya etməli olub. Lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıdıb. Bu müddət ərzində o fələstinli terrorçu Əbu Nidal ilə sıx əlaqə saxlayıb.

Melkonyan 1983-cü ildə Parisdəki "Orli" hava limanında, Türk Hava Yolları şirkətinin kassaları qarşısında partlayış törədib. Bu terror aktı nəticəsində müxtəlif millətlərdən olan 5 nəfər həlak olub, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1985-ci ildə o, Fransa polisi tərəfindən yenidən həbs olunub və 4 terror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılıb və 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilib. Yəməndə də çox qalmayıb, saxta sənədlərlə yenidən Avropaya gələrək bir muddət orada yaşayıb.

1990-cı ildə Ermənistana gələn terrorçu Monte Melkonyan burada qəhrəman kimi qarşılanıb. Böyük xalq kütləsi ilə birlikdə dövlət rəsmiləri də onun pişvazına çıxıb. M. Melkonyan terror fəaliyyətini davam etdirmək üçün dəstəsi ilə birlikdə Azərbaycanın Dağlıq Qarabağ ərazisinə göndərilib. O, Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olub, Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımında iştirak edib, burada dəhşətli qətllər törədib. 1993-cü il iyunun 12-də Ağdam rayonunun Mərzili kəndi ətrafında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İbad Hüseynov tərəfindən məhv edilib. Monte Melkonyanın ölümündən sonra Ara Torayan terrorçuların lideri seçilib.

Maraqlısı odur ki, öldürülən terrorçunun İrəvanda keçirilən dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidentiiştirak edib. Yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq terrorçunun Ermənistanın milli qəhrəmanı elan olunması, adının bir sıra əhəmiyyətli yerlərə verilməsi, bu yolla ona "ümumxalq məhəbbətinin" nümayiş etdirilməsi çox şeydən xəbər verir. Hər halda bu, təsadüfi deyil, çünki, yalnız terroru dəstəkləyən, onu özünün "qədim peşəsi" hesab edən erməni xalqı, beynəlxalq terrorçunu başının tacı edə bilərdi. Yalnız Ermənistan kimi terroru dəstəkləyən ölkələr beynəlxalq terrorçuya "milli qəhrəman" adı verə bilər.

Bəli, Ermənistanda dünya ictimaiyyəti tərəfindən qəbul edilməyən, nifrətlə qarşılanan terror aktları, cinayətlər, insanlığa sığmayan vəhşiliklər törədən bir beynəlxalq terrorçuya məhz xalq və dövlət səviyyəsində rəğbət göstərilməsi artıq təkzibolunmaz faktdır. Bu və digər faktlara əsaslanaraq deyə bilərik ki, Ermənistan dövləti bu gün də beynəlxalq terrorçuların himayəçisi rolunda çıxış edir. ASALA-nın rəsmi olaraq çap etdirdiyi "Hayastan", "Hay-Baykar", "Armenial" qəzet və nəşrlərinin erməni dövlətinin himayəsində olması da bunun göstəricisidir. Serj Sarkisyan hakimiyyəti erməni lobbisi ilə birlikdə terrorçu təşkilatın Londonda çap edilən "Kaytzer" jurnalına da mütəmadi olaraq maddi dəstək göstərir. Şübhəsiz ki, yeni yaradılan "Nor ASALA" terrorçu təşkilatı da Ermənistan dövlətinin imkanlarından istifadə edəcəkdir.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 30 sentyabr.- S. 5.