İctimai Palata adlı
qondarma qurumun qeyri-konstruktiv tələbləri və
çağırışları cəmiyyətdə istehza ilə qarşılanır
Bu gün
artıq heç kəsə sirr deyil ki,
Azərbaycanda demokratikləşmənin inkişafı beynəlxalq
aləmdə yüksək qiymətləndirilir. Hətta dünyanın tanınmış ictimai - siyasi xadimləri və
ekspertləri də ölkəmizdəki inkişafı, demokratik dəyərlərə böyük önəm verilməsini, insan hüquq və
azadlıqlarının qorunması sahəsində həyata
keçirilən əhəmiyyətli tədbirləri dəyərləndirərək
bildirirlər ki, ölkəmiz bu gün Avropanın inkişaf etmiş dövlətləri
ilə eyni sıradadır. Sevindirici
haldır ki, bu gün Azərbaycan cəmiyyətində də
müsbət mənada köklü dəyişikliklər
olmuş, ölkə vətəndaşlarının
dünyaya, proseslərə
baxışı üstün demokratik meyarlar çərçivəsində
formalaşmış, ictimai rəy hər
bir məsələdə həlledici amilə
çevrilmişdir.
Məhz buna görə də bu gün cəmiyyətdə
radikal müxalifət kimi
tanınan xəyanətkarlar nə qədər
çalışsalar da xarici,
himayədarlarının anti-Azərbaycan sifarişlərini
yerinə yetirə bilmirlər.
Reallıq budur ki, ölkə əhalisinin dağıdıcı düşərgəyə, az da olsa, rəğbəti yoxdur. Çünki Azərbaycan xalqı bu adamların ölkəni idarə etməsini görüb və o insanların hamısını çox yaxşı tanıyıb. Elə bugünkü müxalifət düşərgəsinin bütün problemlərinin təməlində də məhz həmin məsələ - xalqın onları çox yaxından tanıması dayanır. Təkcə ölkəmiz 9 milyon nəfərlik əhalisi deyil, eləcə də dünyanın bütün qütblərində yaşayan soydaşlarımız yaxşı bilirlər ki, bu adamlar müstəqilliyin ilk illərində hakimiyyətdə olarkən ölkəni faktiki olaraq vətəndaş müharibəsi həddinə gətirmiş, dövlət müstəqilliyimizin növbəti dəfə əldən getməsi təhlükəsini yaratmış, respublikanı bürüyən xaos və anarxiyanın səbəbkarı olmuşlar. Məhz indi döşünə döyüb hakimiyyətə gəlmək xülyası ilə yaşayanların savadsızlığı üzündən ölkə iqtisadiyyatı AXC-Müsavat iqtidarı dönəmində ağır böhranla üzləşmişdi. Savadsızlıqlarını ört-basdır etmək üçün beynəlxalq təşkilatların tribunasından Azərbaycan dilində danışmağı qəhrəmanlıq kimi ictimaiyyətə sırıyan bu insanlar beynəlxalq aləmə inteqrasiyanın mahiyyətini başa düşmədiklərinə görə sərhədləri bağlayıb ölkəni idarə etmək kimi absurd bir tezislə çıxış edirdilər. İndi-biz də varıq-deyə müraciət etdikləri dünya qurumları onları qəbul edərmi? Əsla yox!
Vaxtilə məhz bu adamların naşılığı, hikkəsi üzündən Gəncədə baş qaldırmış etirazçılara qarşı müharibə elan olunmuş, onların üstünə qoşun göndərilmişdi. Həmin dövrdə gənc müstəqil dövlətimiz vətəndaş müharibəsinin bircə addımlığında idi. Az qalmışdı ki, ölkəmizdə qardaş qırğını başlasın. İndi xalq yenidən bu adamlara etimad göstərərmi? Əlbəttə ki, yox! Çünki yuxarıda qeyd etdiyimiz kimi, inkişaf edən, şüur səviyyəsi radikal müxalifətin cılız təfəkküründən çox-çox irəlidə olan Azərbaycan cəmiyyəti kimin-kim olduğunu yaxşı bilir.
Son günlər radikal müxalifət yenidən Azərbaycan hakimiyyətini indiyədək keçirilən parlament seçkiləri ilə bağlı ittiham etməyə cəhd göstərir, bununla reallığa kölgə salmağa, siyasi divident qazanmağa çalışırlar. Azərbaycan xalqı bütün bunların yalan və iftiradan ibarət olduğunu çox yaxşı bilir. Cəmiyyətimiz onu da yaxşı bilir ki, radikal müxalifətin, xüsusilə, İctimai Palata adlı qondarma qurumun Azərbaycanda seçkilərin saxtalaşdırılması, korrupsiya və rüşvətxorluğun "tüğyan etməsi" barədə dedikləri insanlarda çaşqınlıq yaratmaq məqsədi daşıyır. Yəqin ki, qondarma qurumun liderləri olan Əli Kərimli ilə İsa Qəmbər 1992-ci ildə keçirilmiş prezident seçkilərini unutmamışlar.
Azərbaycanın müstəqillik tarixində hələ bu şəkildə saxta seçki keçirilməsi müşahidə olunmayıb. Xatırlayırsınızsa, həmin vaxt AXC üzvləri özləri deyirdilər ki, seçicilərin kimə səs verməsindən asılı olmayaraq qutudan Əbülfəz Elçibəy çıxacaq. Elə İsa Qəmbərin Ali Sovetin sədrliyinə "seçkisi" zamanı da Arif Hacılının dedikləri yaddaşlardan silinməyib. O, nümayişkəranə şəkildə tribunadan dedi ki, Ali Sovetin sədri İsa Qəmbər olacaq, bu barədə bir neçə xarici ölkə ilə razılaşmışıq. Məgər Azərbaycanda seçkiləri xarici ölkələr keçirirdi? Belə çıxırdı ki, parlamentin iclas zalındakı seçici təmsilçiləri olan deputatların mövqeyi, necə deyərlər, bir qara qəpiyə belə dəymirdi. Demokratiya adı ilə hakimiyyətə gələn bu insanların iç üzü məhz belə məqamlarda üzə çıxırdı və türkiyəli qardaşlarımız demişkən, onların nə qədər gerizəkalı olduqları anlaşılırdı.
Azərbaycan xalqı yaxşı xatırlayır ki, AXC-Müsavat hakimiyyəti dövründə dövlət malını talama, rüşvətxorluq, vəzifəyə pulla təyin olunma açıq şəkil almışdı. Ölkədə baş alıb gedən soyğunçuluğa, dövlət malının talanmasına, özbaşınalığa və korrupsiyaya qarşı mübarizədə mərhum Prezident Əbülfəz Elçibəy öz komandasının öhdəsindən gələ bilmədi. Hətta keçirdiyi müşavirələrin birində çarəsizcəsinə etiraf etdi ki, bu gün Azərbaycanda korrupsiyaya bulaşmamış heç bir dövlət orqanı yoxdur və bu, bizim səhvimizdir. Axırda hakimiyyəti atıb gecəykən Kələkiyə qaçdı. Belə faktlar istənilən qədərdir. Bütün bunlar heç kimin yadından çıxmayıb. İndi həmin adamların yenidən hakimiyyət davası etməsi və indiki iqtidarın həyata keçirdiyi siyasi xəttə qarşı çıxması gülünc görünür. Görəsən, onlar hansı üzlə korrupsiyaya qarşı mübarizədən, demokratiyadan danışırlar?! Müstəqilliyimizin ilk illərində bu kimi mənfi halların çoxalmasının səbəbkarları bu gün İctimai Palatada meydan sulayanlar deyilmi?!
Kökdən düşmüş pianonu xatırladan, mənəvi cəhətdən qocalmış müxalifət liderləri özlərini canıyanan kimi göstərməyə cəhd edirlər. Cəmiyyətin yeniləşdiyi, köhnəliyə birdəfəlik son qoyulduğu, müasir dövrün tələblərinə cavab verən yüksək qiymətə malik region və dünya miqyaslı layihələrin həyata keçirildiyi bir dövrdə "kökdən düşmüş pianolar", insanların əsəblərini korlayan səslərlə əsassız iddialarla, ittihamlarla çıxış edirlər. Bu gün belələrinin azad, demokratik seçkidən, demokratiyadan danışmağa mənəvi haqqı çatmır. İyirmi il bundan əvvəl yığdıqlarını hələ də xərcləyib qurtara bilməyənlər öz gözlərində tiri qoyub başqalarının gözündə tük axtarırlar. Onların indiyədək keçirdikləri mitinqlərdə meydanlarda tək qalmaları bir daha təsdiqlədi ki, xalqın belələrinə inamı tamamilə itib. Əli Kərimli, İsa Qəmbər və qeyriləri artıq mənəvi cəhətdən qocalıb əldən düşmüş, xəstə təxəyyüllü müxalifət hesab olunurlar. Onların çağırışı və ya təhriki ilə Azərbaycanda hər hansı bir siyasi prosesin, dəyişikliyin baş verməsi qeyri-mümkündür. Çünki onların yeni ideyaları yoxdur. Onlar heç bir təsir qüvvəsi olmayan yersiz çağırışlarla özlərini yenidən yaddaşlara qaytarmağa çalışırlar. Keçmişi unutmayan, həqiqətləri, kimin-kim olduğunu bilən ictimaiyyət isə radikal müxalifətin əsassız tələblərini və yersiz çağırışlarını istehza ilə qarşılayır.
Digər tərəfdən, son 16-17 ildə müxalifətin vahid namizədi məsələsini həll edə bilməyən bir qrup insanın özlərini müxalifətin "güc mərkəzi" adlandırması da çox gülünc görünür. Onu da deyək ki, 2013-cü il prezident seçkilərində namizədlik məsələsi hazırda qondarma qurumun "ən yaralı yeri" hesab olunur. Son günlərədək növbəti seçkilərdə müxalifətin vahid namizədinin kim olacağı barədə söhbət düşəndə həm İsa Qəmbər, həm də Əli Kərimli deyirdilər ki, bu məsələ hələ İctimai Palatada müzakirə olunmayıb. Bununla əlaqədar, guya, son qərarı da bu qondarma qurum verəcəkdi. Ancaq son günlər baş verənlərdən belə anlaşılır ki, 2013-cü il prezident seçkilərində onlar bir-birinə güzəştə getməyəcəklər. Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Obyektiv.tv"yə və "Azadlıq" radiosuna müsahibəsi də belə deməyə əsas verir.
Təbii ki, Müsavat Partiyasının daxilində, İctimai Palatada və İsa Qəmbərin özünə bir nömrəli rəqib hesab etidiyi Əli Kərimlinin rəhbəri olduğu Xalq Cəbhəsi Partiyasında buna münasibət birmənalı olmadı. Etirazlar açıq və ya gizli şəkildə yüksəldi. İsa Qəmbər İctimai Palatanın "demokratik prinsipləri"nə xəyanətdə ittiham olundu. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı da bu məsələyə münasibət bildirərkən dedi ki, Xalq Cəbhəsi Partiyası kimi onlar İctimai Palatanın verdiyi qərara hörmət edir və İsa Qəmbərin də buna əməl etməsinin tərəfdarıdırlar. O, İ.Qəmbərin 2013-cü ildə keçiriləcək prezident seçkilərində özünü namizəd elan etməsini İctimai Palataya hörmətsizlik kimi dəyərləndirərək AXCP sədri Əli Kərimlinin də bu mövqedə olduğunu bildirib.
İsa Qəmbər düşərgədaşlarının ittihamlarını cavabsız qoymadı, Əli Kərimlinin və ona etiraz edən digər "tərəfdaşları"nın payını dərhal verdi. "Azadlıq" radiosuna verdiyi növbəti və daha sərt açıqlamasında dedi: "Mən bu günlərdə "Azadlıq" radiosunda bircə cümlə ilə fikrimi bildirdim ki, bəli, mən seçkilərdə iştirak etmək fikrindəyəm və inanıram ki, seçkidə qalib gələcəyəm. Aləm bir-birinə dəydi. Bu günə qədər bir çox partiyalar, bir çox siyasətçilər seçkilərdə iştirak edəcəklərini bildiriblər. Bəziləri hətta bildiriblər ki, vahid namizəd olacaqlar. Heç kim buna etiraz etməyib, hamı normal qarşılayıb. Amma nədənsə, mən seçkilərdə iştirak etmək fikrində olduğumu bildirəndə, elə bil qurbağa gölünə daş atıldı. Nə olub axı?! Yəni bütün siyasi partiyaların seçkilərdə öz namizədi ilə iştirak etmək imkanı var, amma Müsavatın yox?! Azərbaycanda son 20-25 il ərzində keçirilən seçkilərdə xalqın səsinin əksəriyyətini almış iki adam olub. Biri 1992-ci ildə Əbülfəz Elçibəy, 2003-cü ildə bəndəniz İsa Qəmbər!"
Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan etməsi Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevi də hiddətləndirib. O deyib ki, bu "bədbəxt insan" bu vaxta qədər qatıldığı bütün seçkilərdə uduzmağından hələ də bir nəticə çıxarmayıb. Ağıllı adamlar dərk etməli idi ki, onu dəstəkləyən yoxdur. Ona görə də çəkilib bir kənarda durmalı idi. Müsavat başqanı İsa Qəmbər isə bütün bunlardan nəticə çıxarmaq əvəzinə, hələ 2013-cü il prezident seçkilərində də namizəd olmaq fikrinə düşüb. Rəsul Quliyev bildirib ki, Müsavat başqanının namizədliyini irəli sürməsində qeyri-adi heç nə görmür: "Bu, onun əqidəsinin məhsuludur. Görünür, bu adam ömrünün sonuna qədər məğlub olmağı xoşlayır. Bu isə siyasətlə məşğul olan partiya sədrinə xas olan xüsusiyyət deyil".
Bu vaxta qədər saysız-hesabsız qurumlar yaradan radikal müxalifətin budəfəki təşkilatlarının da uzunömürlü olacağı inandırıcı görünmür. Çünki İctimai Palata adlı qondarma quruma toplaşanlar, əslində, "mehriban düşmənlər"dirlər. Müxalifət düşərgəsində olmayanlara da bəllidir ki, AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər bir - biri ilə qatı düşməndir. Onlar sadəcə Azərbaycanı gözü götürməyən xarici qüvvələrdən qrant almaq xatirinə birlik görüntüsü yaratmaq üçün müxtəlif qurumlar yaradır, ayda və ya iki ayda bir həmin qurumun toplantısını keçirməklə guya həmrəy olduqlarını nümayiş etdirirlər.
R.ƏLİYEV
Xalq qəzeti.- 2012.- 30 sentyabr.- S.
5.