2011-ci il Azərbaycanın
sosial-iqtisadi həyatında mühüm uğurlarla yadda
qaldı
Ötən
2011-ci il ölkəmizin sosial-iqtisadi sahələrində əldə
edilən mühüm uğurlarla yadda qaldı. Dövlət
başçısının elmi əsaslarla
yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində
cəmiyyətin ümumi potensialının milli məqsədlər
naminə səfərbər olunması inkişaf prosesində
yüksək dinamizmi və məqsədyönlülüyü
təmin etdi. Paytaxtın və regionların davamlı
inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli
iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün
görülən kompleks tədbirlər ölkəmizin
uğurlarını şərtləndirdi. Həyata
keçirilmiş məqsədyönlü iqtisadi siyasət
hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin
təmin edilməsi ilə bağlı mühüm uğurlar əldə
edildi.
Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynadı. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 1000-ə yaxın sahibkarlıq subyektinə ayrılan 100 milyon manatdan çox güzəştli kreditlərin 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür. Bu vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilmişdir. 2010-cu illə müqayisədə güzəştli kreditlərin məbləği 1,5 dəfə, yeni iş yerlərinin sayı isə 1,6 dəfə artmışdır.
Ölkədə yerli və xarici investorların fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılmışdır. Mövcud qanunvericilik çərçivəsində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır. Ölkənin enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər.
2011-ci il ərzində ölkədə dövlət investisiya siyasətinin əsas istiqamətini investisiya axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin stimullaşdırılması, regionlar arasında investisiyaların bölüşdürülməsinin optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi təşkil etmişdir.
Hökumət büdcənin böyük bir hissəsini sosial proqramlarla yanaşı, investisiya və infrastruktur proqramlarına yönəltmişdir. Ötən il ərzində sosial obyektlərin tikintisi, məktəb və sosial obyektlərin inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr infrastruktur proqramlarının çoxəhatəli olduğunu təsdiqləyir.
İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır. Azərbaycanda son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik inkişafına-kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, istehsalçıların yüksək reproduksiyası buğda toxumuna, cins damazlıq mal-qaraya olan ehtiyacının ödənilməsinə, habelə hazır məhsulların, mineral gübrə və texnikanın saxlanması üçün xüsusi anbarın tikilməsinin təmin edmilməsinə müsbət təsir göstərmiş, sadalanan işlərin görülməsini sürətləndirmişdir. Dövlət başçımızın 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Həmin proqramda nəzərdə tutulan tədbirlərin reallaşdırılması ölkə əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını yaxşılaşdırmağa, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə və heyvandarlıqda etibarlı yem bazasının yaradılmasına xidmət edir. Ötən ilin sosial-iqtisadi uğurları ilə bağlı digər faktlara da nəzər salaq. İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul istehsalı 2011-ci ilin on bir ayı ərzində 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq 45,5 milyard manata çatmışdır. Əlavə dəyərin 54,9 faizi sənaye sahələrində, 7,8 faizi tikinti kompleksində, 5,6 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 5,2 faizi nəqliyyatda, 7,9 faizi ticarət və pullu xidmət sahələrində, 1,7 faizi rabitədə, 11 faizi digər sahələrdə istehsal olunmuşdur.
Əhalinin hər nəfərinə 5026,3 manatlıq (6362,4 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,5 faiz artmış, neft sektorunda isə 9,1 faiz azalmışdır.
Azərbaycanın valyuta ehtiyatları təxminən 11 milyard dollar həcmində artmışdır. Ölkəmizin valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür. İnkişaf etmiş ölkələrin göstəricilərinə nəzər salsaq görərik ki, Azərbaycan bu sahə üzrə hətta bir çox ölkələri də qabaqlayır.
Onu da deyək ki, ötən il iqtisadi və
sosial sahələrin inkişafı üçün
bütün maliyyə mənbələrindən əsas
kapitala 10 milyard manatdan çox həcmdə vəsait yönəldilmiş,
6,1 milyard manatlıq tikinti-quraşdırma işləri
görülmüşdür. Əsaslı vəsaitin 78,1 faizini və ya 7,8 milyard
manatını daxili investisiyalar təşkil etmişdir.
2010-cu ilin müvafiq dövrü ilə müqayisədə əsas
kapitala yönəldilmiş vəsaitin məbləği 28,3
faiz, o cümlədən tikinti-quraşdırma işlərinin
aparılmasına sərf edilmiş vəsait 18,5 faiz
artmışdır. Məhsul istehsalı obyektlərin
inşasının aparılmasına investisiyanın 47,1 faizi,
yaxud 4,7 milyard manat sərf olunmuşdur.
2011-ci ildə
əldə olunmuş əhəmiyyətli sosial-iqtisadi
göstəricilər əhalinin rifah halının
yaxşılaşdırılmasına, o cümlədən gəlirlərin
və orta aylıq əməkhaqqının artmasına real
şərait yaratmışdır. Ötən ilin noyabr
ayının 1-nə əhalinin banklardakı əmanətləri
keçən ilin müvafiq dövrünə nisbətən
27,3 faiz artaraq 3,7 milyard manat olmuş, onların 1,9 milyard
manatı xarici valyuta ilə, 1,8 milyard manatı isə milli
valyuta ilə qoyulmuşdur.
Dünya
İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan
hazırda rəqabət qabiliyyətinə görə Müstəqil
Dövlətlər Birliyi məkanında birinci yerdədir. Bir
sıra beynəlxalq reytinq agentlikləri Azərbaycanda gedən
iqtisadi inkişafı yüksək qiymətləndirmişlər.
Belə ki, "Moods İnvestors Servises" beynəlxalq reytinq
agentliyi Azərbaycan Respublikasının istiqrazlarına təyin
etdiyi "Ba1" reytinqini təsdiq edərək xarici valyuta
üzrə "Baa2" və yerli valyuta üzrə
"A3" reytinqlərin proqnozunun "sabit"dən
"pozitiv"ə qaldırılması barədə qərar
qəbul etmişdir. Bunlar dövlətin fiskal
dayanıqlığını təmin edən işlərin,
o cümlədən Azərbaycan Respublikası Dövlət
Neft Fondunun aktivlərinin, qeyri-neft sektorunun inkişafına
dövlət investisiyalarının həcminin əhəmiyyətli
dərəcədə artımı hesabına əldə
edilmişdir. Bundan başqa, "Fitch Ratings" beynəlxalq
reytinq agentliyi təyin etdiyi uzunmüddətli yerli və xarici
valyuta reytinqini "BBB" investisiya səviyyəsində
saxlayaraq reytinq üzrə proqnozun "sabit"dən
"pozitiv"ə dəyişdirilməsi barədə qərar
qəbul etmişdir.
Azərbaycan
Respublikasının 2012-ci il dövlət büdcəsi
haqqında Qanuna əsasən deyə bilərik ki, bu ildə də
respublikamız bütün sahələr üzrə dinamik
inkişaf edəcəkdir. Ölkə iqtisadiyyatında
mühüm maliyyə təminatı rolunu oynayan dövlət
və icmal büdcələrdə risklərin
qarşısının alınması, onların potensial gəlirlərinin
neft amilindən asılılığının
azaldılması, qeyri-neft sektorundan daxilolmaların
artırılması istiqamətində səmərəli tədbirlərin
görülməsi 2012-ci ildə qarşıda duran vəzifələrdəndir.
Bundan başqa, dövlət büdcəsi gəlirlərinin
yığım əmsalının artırılması,
mülkiyyət vergilərinin dərəcələrinin
optimallaşdırılması, müxtəlif vergi növləri
üzrə vergi bazasının genişləndirilməsi,
vergidən yayınmaların qarşısının
alınması istiqamətində işlər növbəti
illərdə də davam etdiriləcəkdir.
2012-ci ildə
dövlət büdcəsinin xərcləri dövlətin
orta və uzunmüddətli prioritetlərini özündə
birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə,
sosial-iqtisadi inkişaf sürətinin qorunub
saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə
və stimullaşdırılmasına, milli maraqların beynəlxalq
miqyasda təmin edilməsinə, qeyri-neft sektorunun və
sahibkarlığın inkişafına, istehsal və sosial
infrastrukturun müasir tələblər səviyyəsində
qurulmasına, xalqın rifah halının daha da
yaxşılaşdırılmasına maliyyə təminatı
yaradacaqdır.
2012-ci il
dövlət büdcəsi xərclərinin artımı üçün
ayrılmış 87,6 milyon manat əlavə vəsaitin 63,6
milyon manatı səhiyyə, 7,1 milyon manatı təhsil, 4,6
milyon manatı mədəniyyət, incəsənət və
informasiya, 4,2 milyon manatı sosial müdafiə və sosial təminat,
4,2 milyon manatı ümumi dövlət xidmətləri, 3,9 milyon
manatı nəqliyyat və rabitə xərclərinə
yönəldiləcək. Əlavə tələb olunan xərclərin
1,6 milyon manatının 2012-ci il dövlət büdcəsi gəlirlərinin,
86 milyon manatının isə dövlət büdcəsi kəsirinin
artırılması hesabına təmin edilməsi nəzərdə
tutulur. Artımdan sonra dövlət büdcəsinin gəlirləri
16 milyard 438 milyon manat, dövlət büdcəsinin kəsiri
634 milyon manat, icmal büdcənin kəsirinin yuxarı həddi
isə 1 milyard 893 milyon manat təşkil edəcək.
Dövlət büdcəsi kəsirinin 2012-ci il
üçün nəzərdə tutulan ümumi daxili məhsulda
xüsusi çəkisi 0,2 faiz artaraq 1,5 faiz təşkil edəcəkdir.
2012-ci ildə
əsas məqsədlərdən biri kimi dünya
bazarlarında rəqabətə davamlı, ölkənin
daxili tələbatında xüsusi əhəmiyyət kəsb
edən məhsulların istehsalının genişləndirilməsi
üçün maliyyə təminatı yaratmaq, iqtisadiyyata cəlb
olunacaq sərmayənin strukturunda daxili resursların
payını artırmaq, dövlət sifarişli layihələrin
maliyyələşdirilməsinə üstünlük vermək,
dövlət büdcəsinin vəsaiti və digər maliyyələşmə
mənbələri hesabına turizmin inkişafını
stimullaşdırmaq, ekoloji tədbirləri davam etdirmək,
alternativ və bərpa olunan enerji mənbələrini yaratmaq
prioritetlər sırasındadır.
2011-ci il
ölkəmizin turizm həyatında da uğurlarla yadda
qalmışdır. Bu barədə bir qədər ətraflı
danışaq. Xatırladaq ki, ulu öndər Heydər Əliyev
ölkəmizdə turizmin inkişafına diqqət və
qayğı ilə yanaşırdı. Bu sahənin dünya
standartlarının tələbləri səviyyəsinə
yüksəldilməsi üçün mühüm
addımlar atırdı. Təsadüfi deyil ki, "2002-2005-ci
illərdə turizmin inkişafına dair Dövlət
Proqramı"nın həyata keçirilməsi nəticəsində
ölkədə turizmin inkişafı üçün
münbit şərait yaradılmış, beynəlxalq turizm
bazarına inteqrasiyanın təmin olunmasının əsası
qoyulmuşdur.
Ölkədə
turizm siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev
bu sahənin inkişafını vacib istiqamətlərdən
biri kimi daim diqqətdə saxlayır. Son illər ölkədə
turizm sahəsində mövcud potensialın beynəlxalq aləmdə
tanınması istiqamətində, habelə turizmin müxtəlif
növlərinin inkişaf etdirilməsində məqsədyönlü
işlər görülmüşdür. Eyni zamanda imzalanan sərəncamlar,
qəbul edilən dövlət proqramları Azərbaycanın
turizm ölkəsinə çevrilməsində mühüm
rol oynayır.
"Azərbaycan
Respublikasında 2007-2016-cı illər üçün
turizmin inkişafına dair Dövlət Proqramı"nın
qəbul edilməsi turizm sahəsində dövlət siyasətinin
həyata keçirilməsi, turizm sərvətlərindən
səmərəli istifadə olunması, turizmin ölkə
iqtisadiyyatının öncül istiqamətlərindən
biri kimi tanınması baxımından mühüm əhəmiyyət
daşıyır. Turizmin ölkə iqtisadiyyatının
aparıcı sahələrindən birinə çevrilməsinə
nail olmaq məqsədilə "Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında imzalanan sərəncam da bu sahənin
inkişafında yeni, daha məhsuldar mərhələnin
başlanğıcını qoydu. Bu sənəd ölkədə
turizm sektorunun dünya standartlarına uyğun şəkildə
inkişaf etdirilməsinə güclü təkan vermişdir.
Bundan
başqa, ölkənin turizm potensialının zənginliyindən,
imkanlarının genişliyindən bəhs edən materiallar
dünyanın bir sıra böyük şəhərlərində
- İstanbul, Berlin, Moskva, London, Əl-Küveyt, Kiyev, Tbilisi,
Daşkənd və digər şəhərlərdə
keçirilən sərgilərdə nümayiş etdirilib. Azərbaycanı
turizm ölkəsi kimi dünyada tanıtmaq məqsədilə
yeni turizm əmtəə nişanının (loqosunun) və
turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat,
məlumat-sorğu fəaliyyətinin canlandırılması,
beynəlxalq proqramlar çərçivəsində regional mədəni
turizm marşrutlarının yaradılması, beynəlxalq əməkdaşlığın
genişləndirilməsi prioritet istiqamətlərdəndir.
Qusar
rayonunda "Şahdağ" Milli Parkının ərazisində
inşa olunan "Şahdağ" qış-yay xizək
kompleksi dağ xizək və digər qış idman növləri
ilə məşğul olmaq istəyənlər
üçün əlverişli şərait yaradır. Bu
tipli turizm obyektlərinin inşa edilməsi Azərbaycanın
beynəlxalq turizm ölkəsinə çevrilməsinə
stimul yaradır. Bu yaxınlarda turizm obyektləri
sırasına dünya standartlarına cavab verən
"Kempinski Badamdar" otel kompleksi də daxil oldu. Adı
çəkilən otel kompleksinin
açılışında iştirak edən dövlət
başçısı İlham Əliyev paytaxtda, bütün
bölgələrdə yeni, gözəl müasir mehmanxanalar,
turizm məntəqələrinın
açıldığını önə çəkərək
bildirmişdir: "Kempinski otelinin Azərbaycanda fəaliyyətə
başlaması çox gözəl hadisədir.
Çünki bu otellər dünya miqyasında otellər
içində mühüm yer tutur. Bakıda Kempinskinin
açılışı eyni zamanda, Azərbaycanın
inkişafının göstəricisidir... Bir il ərzində
bir şəhərdə beşulduzlu altı otelin, özü
də ən məşhur otellər şəbəkəsinə
mənsub olan otellərin fəaliyyətə başlaması
onu göstərir ki, Azərbaycan sürətlə inkişaf
edir".
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 6 yanvar.- S. 4.