Ağstafa: Yeni layihələrin
icrası diqqət mərkəzində
Ağstafa
rayonunun siması getdikcə dəyişir. Burada aparılan
geniş abadlıq-quruculuq işləri hər gün yeni
vüsət alır. Hiss olunur ki, rayon tezliklə iri
miqyaslı layihələrin həllinə nail olacaqdır. Bir fakt
maraq doğurur ki, rayonda görülən işlər həm
məzmununa, həm keyfiyyətinə, həm də milli
koloritinə görə seçilir və istər-istəməz
hamının marağına səbəb olur.
Başqa
bir diqqətçəkən məqam rayonda yeni infrastruktur
layihələrin icrası ilə əlaqədardır. Məlum
olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 24 avqust
2011-ci il tarixli sərəncamı bir daha göstərdi ki,
Ağstafada irimiqyaslı işlərə, problemlərin
tezliklə aradan qaldırılmasına, adamların sosial
qayğılarının həllinə ölkə rəhbərliyi
səviyyəsində ciddi diqqət və qayğı var.
Söhbət "Ağstafa rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında" ölkə Prezidentinin
imzaladığı sərəncamdan gedir. Görün, rayon
sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü
Yasəmən Məmmədova ölkə Prezidentinə nə
yazır? "Möhtərəm Prezident! Avqustun 24-də
"Xəbərlər" proqramına qulaq asarkən
rayonumuzun PoyluXətaiYenigünAşağı Göyçəli
avtomobil yolunun tikintisi ilə bağlı sərəncam
imzaladığınızı eşitdik. Ürəkdən
sevindim və Sizə öz minnətdarlığımı
bildirmək istədim.
Ulu
öndərimiz Heydər Əliyev də həmişə bizim
rayona diqqət və qayğı ilə yanaşırdı.
Ağstafa rayonunun inkişaf etməsində ulu öndərin
böyük əməyi olmuşdur.
Əziz
Prezident! Rayonumuzun yol infrastrukturunun yenidən qurulmasına göstərdiyiniz
diqqət camaatımızın
dolanışığının yaxşılaşmasına
xeyli kömək edəcəkdir.
Əmək
qəhrəmanı və el ağbirçəyi kimi Sizə
bir daha təşəkkür edirəm. Min dəfə sağ
olun! Allah Sizi qorusun".
Bu
sözlər təkcə ağbirçək bir
qadının deyil, bütün ağstafalıların ürəyindən
gələn fikirlərdir. Artıq xeyli vaxtdır ki, 5
yaşayış məntəqəsini birləşdirən,
7,5 kilometr uzunluğunda olan bu yolun tikintisində
qızğın iş gedir. Yolun tikintisi üçün 2,3
milyon manat vəsait ayrılmışdır və tikintinin
başa çatdırılması adamları uzun illərdən
qalmış bir çox problemlərdən xilas edəcəkdir.
Uzunluğu 54 kilometr olar AğstafaBöyük KəsikSadıxlı
avtomobil yolunun da əsaslı təmir olunması
ağstafalıları hədsiz sevindirir.
Şəhərin
su təchizatının və kanalizasiya sisteminin yenidən
qurulması işi də iri layihələrdəndir. Təntənəli
şəkildə təməli qoyulan layihənin icrasına
başlanılmış və işlərin gedişi göstərir
ki, Ağstafada bu sahədəki problemlər də tezliklə
arxada qalacaqdır.
Yolların,
park və xiyabanların, yaşayış və inzibati
binaların, digər tikintilərin
abadlaşdırılması, təmir-bərpası,
inşası işləri də rayonda geniş vüsət
alıb. Artıq xeyli vaxtdır ki, Yeni Azərbaycan
Partiyası Ağstafa rayon təşkilatının yeni
inzibati binasının tikintisi aparılır. Öz orijinal
üslubuna, quruluşuna görə olduqca maraqlıdır və
digər binalardan seçilir. Yəqin ki, bu bina hazır
olduqdan sonra şəhərdə öz gözəlliyi ilə
hamının diqqətini cəlb edəcəkdir.
Ağstafa
şəhərində Heydər Əliyev adına parkın
genişləndirilməsi və yenidən qurulması sahəsində
də işlərə başlanılmışdır.
Parkın yeni layihəsi çox orijinaldır. Bundan başqa,
S.Vurğun adına parkda əsaslı təmir və yenidənqurma
işləri aparılır.
Bir
çox küçələr, o cümlədən Heydər
Əliyev prospekti, Ü.Hacıbəyov, H.Arif küçələri
öz görkəmini tamamilə dəyişir, yol kənarındakı
hasarlar, səkilər, ağac və gül kolları,
çil-çıraqlı dirəklər və digər
elementlər şəhərə xüsusi gözəllik gətirir
və bu işlər ləngimədən davam etdirilir. Bir
sıra yaşayış binalarının dam
örtüyü, fasadı yenidən qurulur, həyətlərdə
xeyir-şər evləri tikilir, idman meydançaları
salınır.
Rayonda yeni inzibati binaların
tikintisinə də
start verilib. Artıq baytarlıq və
statistika idarələrinin
binaları başa çatmaq üzrədir.
Yol kənarlarındakı
ticarət, ictimai iaşə obyektlərinə,
digər tikililərə
də əl gəzdirilir, onlar əsaslı şəkildə,
həm də zövqlə təmir edilir.
Rayonun Tatlı
və Düzqışlıaq
kəndlərində yeni
məktəb binalarının
tikintisi aparılır. Mövcud olan
məktəblərin hamısında
isə cari təmir işləri həyata keçirilmişdir.
Şəhərdə 16 və 24 mənzilli
yaşayış binaları
tezliklə hazır olduqdan sonra qəzalı vəziyyətdə
olan yaşayış
evlərinin sakinləri
köçürüləcəklər.
Şəhərin əmək kollektivlərində,
təhsil, səhiyyə
ocaqlarında, ayrı-ayrı
təsərrüfatlarda nizam-intizam
gücləndirilmiş, tapşırılan
iş üçün
məsuliyyət hissi artırılmışdır.
Ağstafada görülən işlər
haqqında qısaca məlumat verdik və yeni layihələrin
şəkillərini oxuculara
təqdim edirik. Məqsəd burada gedən müsbət dəyişiklikləri
qeyd etmək, perspektiv işlər haqqında məlumat verməkdir. Amma bütün
bunlar həyata keçiriləsi işlərin
çox cüzi hissəsidir. Böyük işlər
qabaqdadır və
rayon rəhbərliyi qısa
vaxtda qüvvələri
bu istiqamətə yönəldə bilmişdir.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2012.- 7 yanvar.- S. 6.