Goranboyda səhiyyə
islahatları uğurla həyata keçirilir
Həyatımızın
bütün sahələri kimi, milli səhiyyəmizin də
inkişafı xalqımızın böyük oğlu, ulu
öndər Heydər Əliyevin adı və fəaliyyəti
ilə qırılmaz tellərlə bağlıdır. Təkcə
bir faktı xatırlamaq kifayətdir ki, 2001-ci ildən
ümummilli liderin sərəncamı ilə iyun ayının
17-si Azərbaycanda tibb işçilərinin peşə
bayramı günü kimi qeyd olunur.
Ulu
öndərin rəhbərliyi altında səhiyyə sistemində
başlamış mütərəqqi islahatlar onun ən
layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən böyük uğurla
davam etdirilir. Müasir dövrün tələblərinə
cavab verən səhiyyə sisteminin yaradılması, yüksək
ixtisaslı tibb kadrlarının hazırlanması son illər
respublikada ardıcıl şəkildə həyata keçirilən
sosialyönümlü islahatların başlıca hədəflərinə
çevrilmişdir. Dövlət büdcəsindən bu sahəyə
ayrılan vəsaitlərin ildən-ilə
artırılması da ölkədə vətəndaşların
sağlamlığı ilə bağlı məsələlərin
daim diqqət mərkəzində olduğunu göstərir.
Tibbi xidmətlərin müasir tələblər səviyyəsində
qurulması üçün ilk növbədə bu sahədə
infrastrukturun müasirləşdirilməsi istiqamətində
çoxşaxəli tədbirlər aparılır. Məsələn,
2003-cü ildən Azərbaycanda 300-dək tibb müəssisəsi
tikilmiş və yaxud əsaslı təmir olunaraq əhalinin
istifadəsinə verilmişdir.
Bu barədə danışarkən bir məsələni də ayrıca qeyd etmək lazımdır. Ötən illərdə Heydər Əliyev Fondunun həyata keçirdiyi səhiyyə layihələrinin əhəmiyyəti olduqca böyükdür. Fondun prezideenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilən bu layihələr 2004-2011-ci illərdə ağır xəstəliklərdən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmışdır. Müstəqillik illərində milli səhiyyəmizin sürətli inkişafı, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi ilə bağlı layihələr, Goranboy rayonunda da bir sıra yeniliklər yaratmışdır.
Bu gün Goranboy Rayon Mərkəzi Xəstəxanasında 155 həkim, 485 orta tibb işçisi fəaliyyət göstərir. Əhalinin sağlamlığı keşiyində 3 xəstəxana, 20 həkim və 40 tibb məntəqəsi dayanır. Xəstəxana və tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, xəstələrin dərmanla təminatı, xüsusilə imtiyaz qrupuna daxil olan xəstələrə dərman verilməsi diqqət mərkəzində saxlanılır. Son iki il ərzində Mərkəzi Xəstəxananın mama-ginekoloji poliklinika, uşaq və təcili yardım şöbələri, Zeyvə, Qaraçinar, Safıkürd həkim məntəqələri, Buzluq, Rus-Borisi, Meşəli tibb məntəqələri əsaslı təmir olunmuşdur. Bu müddətdə 2 "Mersedes" ambulans, müasir ultrasəs müayinə və rentgen aparatları, o cümlədən kifayət qədər tibbi inventar və avadanlıq alınmışdır.
Yeri gəlmişkən, respublika Səhiyyə Nazirliyinin, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyinə kollektivimizin dərin minnətdarlığını bildirmək istəyirəm. Səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yeni inventar və avadanlıq alınması ilə bağlı nə vaxt müraciət etmişiksə dərhal müsbət həllini tapıb. Bu isə, əlbəttə, bizi göstərilən yüksək etimadı konkret əməli işlə doğrultmağa, daha yaxşı işləməyə ruhlandırır.
Tibb işçilərimiz, hər şeydən əvvəl, ona nail olmağa çalışırlar ki, milli səhiyyəmizə göstərilən yüksək dövlət qayğısına cavab olaraq əhaliyə daha keyfiyyətli, çevik və sistemli xidmət göstərsinlər. Bir sıra xəstəliklərin profilaktikasını, xüsusilə ucqar yaşayış məntəqələrində səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsini ayrıca nəzarətdə saxlayırıq.
İndi, necə deyərlər, qışın oğlan çağıdır. Ancaq səhiyyə müəssisələrində heç bir çətinlik yoxdur. Ona görə ki, hələ yay aylarında payız-qış mövsümünə ciddi hazırlıq görülmüşdür. Artıq səhiyyə müəssisələrinə fasiləsiz qaz və elektrik enerjisinin verilməsi təmin olunmuşdur. Təbii qaz verilməyən məntəqələrdə isə kifayət qədər odun tədarük edilmişdir.
Sonda bir məsələyə də öz münasibətimi bildirmək istəyirəm. Bu da ondan ibarətdir ki, bəzi üzdəniraq qəzetlər Goranboy Rayon Səhiyyə Şöbəsi haqqında heç bir konkret fakta əsaslanmayan cızmaqaralar dərc edirlər. Mən belə başabəla qələm sahiblərinə ayrı-ayrılıqda cavab vermək istəmirəm. Sadəcə, onu bildirmək istəyirəm ki, deyilənlərin və yazılanların heç bir real əsası yoxdur. Bu cızmaqaralar bazar söhbətlərindən, çayxana qeybətlərindən başqa bir şey deyil. Bu gün Goranboy rayon səhiyyə sistemində sağlam mənəvi-psixoloji mühit mövcuddur. Şübhə yoxdur ki, tibb işçilərimiz bundan sonra da ölkə Prezidentinin gündəlik diqqət və qayğısına əməli işlə cavab vermək, nəzərdə tutulan islahatları uğurla həyata keçirmək, əhaliyə səhiyyə xidmətini daha da yüksəltmək üçün səy və bacarıqlarını əsirgəməyəcəklər.
Rüstəm BUDAQOV,
Goranboy Rayon Mərkəzi
Xəstəxanasının baş
həkimi
Xalq qəzeti.- 2012.- 7 yanvar.- S. 6.