Heydər Əliyevin
dövlətçilik fəlsəfəsi və müasir Azərbaycan
Müasir dünyanın son onilliklərdəki siyasi-iqtisadi, sosial panoramına nəzər saldıqda və bu fonda Azərbaycan Respublikasının mövqeyini dəyərləndirmək istədikdə paradoksal bir mənzərə ilə üzləşirik. Ötən əsrin 80-ci illərinin sonundan başlayaraq dünya ölkələrinin əksəriyyətini çuğlayan enerji problemləri son illər daha ciddi xarakter almış maliyyə böhranı ilə də müşaiyət olunmaqdadır. Vətənimiz Azərbaycan Respublikası isə bu xaotik vəziyyətin qarşılığında sosial-iqtisadi cəhətdən dinamik inkişaf, siyasi cəhətdən isə sabitlik şəraitində yaşamaqdadr. Təbii ki, ortaya məntiqi bir sual çıxır: Dünyada böhranlı bir şərait hökm sürdüyü zamanda necə olur ki, Azərbaycan inkişafa nail olur? (Bu inkişafın reallığını isə neçə-neçə faktor birmənalı şəkildə təsdiq edir. Bu illər ərzində ölkəmizin büdcə vəsaitinin çox böyük artımı, Neft Fonduna toplanan maliyyə ehtiyatlarının həcminin 2001-ci ildəki 0,5 milyard dollardan hazırda 32 milyard dollara qədər yüksəlməsi, ümumi istehsal prosesində qeyri-neft sektorunun yüksəlişi və özəl sektorun payının durmadan artması və s. faktlar bu inkişafı təsdiq edən qənaətlərdir.) Bu inkişafı təmin edən amillər hansılardır?
Zənnimcə, bugünkü dinamik inkişafın başlıca şərti müstəqil dövlət quruculuğunun ilkin mərhələsində ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə qoyulmuş sarsılmaz özüllə bağlıdır. Güman edirəm, bu özülün məzmunu, mahiyyəti hələ uzun illər tarixçi və politoloq mütəxəssislər tərəfindən öyrəniləcəkdir. Heydər Əliyev böyük idrakı və ölməz əməlləri ilə özünəməxsus bir dünya yaradıb. Zaman keçdikcə bu dünyanın da hüdudları genişlənir və bizdə təcrübəmizə, yaşımıza, biliklərimizə müvafiq olaraq bu aləmin ənginliyini və zənginliyini daha yaxşı dərk etməyə başlayırıq.
Qeyd etdiyim bu keyfiyyətlər Heydər Əliyevin müstəqil dövlət quruculuğu strategiyasının prinsiplərinə də aiddir. Təbii ki, yeni dövlətin bünövrəsinin saflığı və möhkəmliyi ilk növbədə onun əsasında duran iqtisadi inkişaf yolunun xarakterindən asılıdır. Heydər Əliyev yeni, müstəqil Azərbaycan dövləti üçün bu yolu müəyyənləşdirərkən birinci olaraq demokratik prinsipləri, xalqın mənafeyini və rəyini nəzərə alırdı. Bu yol sağlam rəqabətə əsaslanan sərbəst iqtisadiyyat yoludur. Indiki dünyanın qabaqcıl ölkələri təxminən 200-300 ildir ki, bu prinsiplərlə yaşayırlar. Həmin dövlətlər bu gün böhran içərsindədir, Azərbaycan isə tərəqqi dövrünü yaşayır. Bu da dövlətin özülünün spesifik keyfiyyətlərindən asılıdır. Heydər Əliyev iqtisadi inkişaf strategiyasının prinsiplərini müəyyənləşdirərkən dünya təcrübəsinin ən mütərəqqi cəhətlərinə əsaslanmışdır. Beynəlxalq təcrübə göstərir ki, azad rəqabətə əsaslanan iqtisadi inkişafın tarixən üç əsas modeli mövcud olmuşdur. Bunlardan birincisi təbii-tarixi inkişaf tipidir. Avropanın klassik kapitalist ölkələri bu yolu keçmişlər. Bu modelin səciyyəsi ondan ibarətdir ki, ticarət kapitalizmindən yüngül sənayeyə, sonra isə ağır sənayeyə doğru tədrici təkamül yolu keçilir. Bu zaman iqtisadiyyatın bütün sahələrində inkişaf təkamüllü təmin olunur. Amma bu yolu seçən xalqlar həm də ağır və ziddiyyətli vəhşi kapitalizm mərhələsindən də keçməli olurlar.
Sərbəst iqtisadiyyat şəraitində iqtisadi inkişafın digər modeli marginal, başqa sözlə desək, haşiyəli inkişaf modelidir. Bu modeldə dövlət ilk növbədə onun marağında olan sahələri inkişaf etdirir, qalanlarını isə həmin sahənin monopoliyasını saxlayır. Məsələn, I Pyotr dövründən bu yolu seçmiş Rusiya ilk növbədə hərbi sənayeni inkişaf etdirmiş, nəticədə Sovet dövrü də daxil olmaqla hərbi cəhətdən qüdrətli bir dövlətə çevrilsə də, sosial iqtisadi baxımdan ac bir dövlət olmuşdur.
Tarixdə yaşanmış üçüncü model müstəmləkə kapitalizmi yoludur. Bu yol ilk növbədə iqtisadi inkişaf üçün xarici kapitalın investisiya imkanlarından istifadə edilməsinə əsaslanır.
Müstəqil Azərbaycan dövlətinin özülünü qoyarkən Heydər Əliyevin böyüklüyü və uzaqgörənliyi onda oldu ki, iqtisadi inkişaf modellərinin heç birinin çərçivələri ilə məhdudlaşmadan hər üçünün ən mütərəqqi, müstəqil dövlət quruculuğunun tələblərinə və mövcud tarixi reallığa uyğun gələn, Azərbaycanın maraqlarına, Azərbaycan xalqının gələcəyinə xidmət edən prinsiplərini seçərək, onlardan bəhrələnərək iqtisadi inkişafın yeni-Azərbaycan modelini yarada bildi. Ölkəmizin mənafeyini, xalqımızın istəklərini, respublikamızın təbii ehtiyatlarını, geosiyasi mövqeyini nəzərə alan, onlara tam uyğun olan bu model hətta ən böhranlı beynəlxalq şəraitdə belə Azərbaycanın dayanıqlı iqtisadi inkişafının qarantıdır. Müstəqil dövlət quruculuğunun ilkin mərhələsində seçilmiş bu inkişaf modeli Azərbaycanın digər sahələrdə də yüksələn xətlə irəliləməsini təmin etmiş oldu.
Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin digər bir mühüm amili onun məhz demokratik prinsiplərə əsaslanmasıdır. Ötən əsrin əvvəllərindəki milli və proletar inqilablarının təcrübəsinin, eləcə də müasir Şərqdə cərəyan edən proseslərin təhlili göstərir ki, demokratik inkişaf yolunun bəyan edilməsi hələ öz-özlüyündə xalqın azad və xoşbəxt gələcəyinin təminatı üçün kifayət etmir. Heydər Əliyev bu baxımdan da Azərbaycan reallıqlarına müvafiq variant seçə bildi. Onun təsəvvüründəki azadlıq və demokratiya idealına görə, gələcək vətəndaş cəmiyyəti quruculuğu yolunda, siyasi əqidəsindən, partiya mənsubluğundan asılı olmayaraq, xalqın heç bir təbəqəsinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yol vermək olmaz. Heydər Əliyev fəlsəfəsinin gücü bundadır. O, hakimiyyətə gəldikdən sonra qanunvericiliyimizdə mövcud olan və demokratik prinsipləri pozan insanların siyasi mənsubiyyətinə görə ayrı-seçkiliyə yol verən bir sıra müddəaları qətiyyətlə aradan qaldırdı. Əyani bir misal: Ölkəmizdə 1995-ci ildəki parlament seçkilərində 12 partiya iştirak edirdisə, 2000-ci ildə onların sayı 20-ə çatmışdı və yaradılmış demokratik şəraitə uyğun olaraq onların seçki kompaniyası dövlət vəsaiti hesabına maliyyələşdirilirdi. Heydər Əliyevin demokratik dövlət quruculuğu strategiyasında, bir çox digər xalqların təcrübəsindən fərqli olaraq, azadlıq yalnız məqsəd yox, həm də vasitədir.
Heydər Əliyevin seçdiyi quruculuq yolunun müdrikliyi bir də onda idi ki, o, demokratiya prinsipini müstəqil dövlət quruculuğunun ilkin mərhələsində- ölkəmizdə hələ ictimai-siyasi sabitliyin və qanunçuluq bazasının olmadığı, sosial gərginliyin hökm sürdüyü, müharibə getdiyi bir şəraitdə irəli sürmüşdü. Bu zaman Heydər Əliyev həm özünün son dərəcə zəngin siyasi və idarəçilik təcrübəsinə, həm tarixi və beynəlxalq təcrübə barədə mükəmməl bilgilərinə, həm də bir şəxsiyyət və dövlət xadimi kimi özünün daxili demokratiya və xalqsevərliyinə, humanistliyinə, vətənpərvərliyinə əsaslanırdı. Vəziyyətin çətinliyi və mürəkkəbliyi bir də onda idi ki, Heydər Əliyev xalqın rifahının aşağı olduğu, iqtisadi inkişafın hələ olmadığı bir şəraitdə ictimai sabitliyi təmin etməli idi. O, müdrik zəkası, siyasi iradəsi və qətiyyəti hesabına buna da nail ola bildi. Həm ictimai stabilliyi təmin etdi, həm də sosial-iqtisadi inkişafa təkan vermiş oldu. Bu məqamda güclü hakimiyyət amilini də mütləq qeyd etmək lazımdır. Heydər Əliyev təfsirində "güclü hakimiyyət" prinsipi azadlığı boğan yox, azadlığın təminatçısı olan bir amildir. Heydər Əliyevin qalibiyyətini təmin edən dövlət quruculuğu xəttinin bir başında demokratiya prinsipi dururdusa, digər başında təşkilatlanma prinsipi dururdu. Bu modeli də Heydər Əliyev böyük quruculuq və nəzəri-ideoloji təcrübəsinə əsaslanaraq dəyərli bir yenilik kimi irəli sürmüşdü və həmin ideya bu gün də Azərbaycanda dövlət quruculuğunun ən vacib elementi kimi öz əhəmiyyətini saxlamaqdadır.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas müddəalarından biri də dövlətin təhlükəsizliyinin təmin olunmasından ibarətdir. Bu istiqamətdə, təbii ki, hüquq-mühafizə orqanlarının və təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, ordu quruculuğunun prioritet məsələ kimi daim diqqət mərkəzində saxlanılması önəmli vəzifələrdir. Təəssüf ki, Sovet imperiyasının süqutu prosesindən bizə Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı bir problem miras qalmışdır. Biz ərazimizin 20 faizində hələ ki, öz suverenliyimizi təmin edə bilməmişik, amma dünyanın bütün ölkələri, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyırlar. Bununla belə, Heydər Əliyevin təhlükəsizlik konsepsiyasının əsasında duran ən başlıca məqam məhz xalqın təhlükəsizliyinin təmin edilməsidir. Bu konsepsiyaya görə Azərbaycan dövləti, dünyanın harasında yaşamasından asılı olmayaraq, Azərbaycan xalqının hər bir nümayəndəsinin təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Burada yalnız fiziki mənada təhlükəsizliyin təmin olunması yox, həm də onların hüquq və azadlıqlarının qorunması, milli mənəvi dəyərlərimizin, ilk növbədə ana dilimizin, soydaşlarımızın milli mənlik şüurunun yaşadılması, onların assimilyasiya təsirlərində mühafizə edilməsi kimi məsələlər daxildir.
Suveren dövlətin təhlükəsizliyinin qorunması üçün qarşıda duran əsas vəzifələrdən biri də milli mənafelərlə dünyanın aparıcı dövlətlərinin maraqlarını, beynəlxalq prinsipləri bacarıqla uzlaşdırmaqdan ibarətdir. Heydər Əliyevin dövlətimizə başçılıq etdiyi zamandan başlayaraq müasir dövrə qədər uğurla davam etdirilən çoxşaxəli xarici siyasət xətti, aktiv tarazlaşdırma taktikası təhlükəsizliyimizin bu şərtinin də ödənildiyini sübut edir. Azərbaycan dünyanın ən nüfuzlu, ən qüdrətli dövlətləri ilə bərabərhüquqlu tərəfdaş kimi münasibətlər qura bilmişdir. Dövlətimiz ölkə daxilində də şəxsi maraqlarla ictimai maraqları, qrup maraqları ilə dövlət maraqlarını bacarıqla uzlaşdırmağı bacarmışdır.
İdeoloji platforma, siyasi mənsubluq baxımdan ayrılan insanlar milli və dövlətçilik maraqları mövqeyində birləşməyi zəruri sayırlar. Beləliklə, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi həm də xalqı birləşdirən, bütövləşdirən bir faktor kimi qiymətləndirilə bilər.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsi yalnız bizim ölkəmiz üçün deyil, ümumən dünya dövlətçilik tarixi və təcrübəsi üçün də böyük dəyərə malikdir. Onun dünya təcrübəsinə əsaslanaraq, ondan bəhrələnərək formalaşdırdığı, Azərbaycan reallığına uyğunlaşdıraraq ortaya qoyduğu milli müstəqil dövlət quruculuğu konsepsiyası, lazım gələrsə, tarixinin analoji mərhələsini yaşayan digər xalqlar tərəfindən də yaradıcı şəkildə mənimsənilərək tətbiq oluna bilər. Bu, Heydər Əliyev dühasının dünya siyasəti tarixinə də dəyərli töhfə verdiyini əyani surətdə təsdiq edir. Çünki dövlət quruculuğunun Heydər Əliyev konsepsiyası məqsəd və vəzifələri dəqiq müəyyənləşdirən konkret metodologiyaya malikdir.
Heydər Əliyevin dövlət quruculuğu fəaliyyətinin dəyəri və böyüklüyü ondadır ki, o, bu missiyaya, sadəcə olaraq, praktik siyasətçi kimi yanaşmamış, bir mütəfəkkir kimi bu işin fəlsəfəsinə, ideya əsaslarına varmağı, dünya xalqlarının, o cümlədən öz xalqının tarixi təcrübəsini öyrənərək həyata tətbiq etməyi, zamanın və siyasi-ictimai reallıqların xarakterinə uyğun addımlar atmağı bacarmışdı. Bu cəhət onun ölkəmizin XX əsr tarixini qiymətləndirməsində, müasir Azərbaycan dövlətinin qurulması üçün Cümhuriyyət və Sovet dövrü təcrübəsindən ibrətli nəticələr çıxararaq quruculuq fəaliyyətinə tətbiq etməsində də özünü göstərir. Bu cəhəti həm siyasi, həm də iqtisadi cəhətdən varislik prinsiplərinin təmin edilməsində müşahidə edirik. Qeyd etmək lazımdır ki, bu tarixi təcrübədə Heydər Əliyevin özünün siyasi və idarəçilik təcrübəsinin bəhrələrinin də- hələ sovet dövründə respublikamıza rəhbərlik edərkən sənaye potensialının gücləndirilməsində, aqrar sahənin inkişafında, neft sektorunun gələcək inkişafını təmin edən işlərin görülməsində, ordu quruculuğu üçün ilkin addımların atılmasında, respublikanın mütəxəsis və kadr potensialının gücləndirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında, mədəniyyət və incəsənətin inkişaf etdirilməsində, təhsil sisteminin gücləndirilməsində, ana dilimizin rəsmi statusunun təmin olunmasında, milli mənlik şüurunun inkişafına şərait yaradan mühitin formalaşdırılmasında qazanılmış nailiyyətlərin çox böyük əhəmiyyəti olmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurulmasında bir çox sahələr üzrə həmin potensialdan bir baza kimi istifadə olundu.
Maraqlıdır ki, müstəqilliyin ilk illərində, dövlətimizin yeni Heydər Əliyev Konstitusiyası qəbul edilənə qədər ölkəmiz 1978-ci ildə qəbul edilmiş Konstitusiya ilə yaşayaraq müstəqilliyin ilk addımlarını ata bilmişdi.
Heydər Əliyevin dövləçilik fəlsəfəsinə görə, siyasi sistemdən asılı olmayaraq, xalq həmişə azadlıq və müstəqillik arzusundadır və bu arzu ilə xalq öz müstəqil dövlətini qurur. Yəni xalq dövlət üçün deyil, dövlət xalq üçündür. Heydər Əliyev bu demokratik prinsipi müstəqil Azərbaycan dövlətinin Konstitusiyası ilə birbaşa təsbit etdi. Qeyd olundu ki, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda dövlətin başlıca vəzifəsi xalqın maraqlarını təmin etməkdir. Məhz bu tələblər bu gün müasir Azərbaycan dövlətinin daxili və xarici siyasətdə qazandığı danılmaz uğurların əsasını təşkil edir. Bu da onu göstərir ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi nəzəri cəhətdən bitkin bir təlim olsa da, praktik olaraq zaman etibarilə daim inkişaf etmək, təkmilləşmək, reallığa uyğunlaşmaq qüdrətinə malikdir. Bu keyfiyyət də həmin əsasda qurulan müasir Azərbaycan dövlətinin gələcək perspektivlərinə böyük ümidlərlə, nikbinliklə baxmağa əsas verir. Son ümumxalq referendumu ilə Konstitusiyamıza edilmiş dəyişiklər də məhz Heydər Əliyev ideyalarının yeniləşmək və reallığa, vətəndaşların mənafeyinə daha mükəmməl şəkildə uyğunlaşması nümunəsidir. Məsələn, əvvəlki varianta - "Dövlət vətəndaşların azadlığını təmin etməyə borcludur" şəkildə ifadə olunmuş müddəa yeni variantda belə səslənir: "Dövlət vətəndaşların azadlığını və layiqli həyat səviyyəsini təmin etməyə borcludur." Bu, ilk növbədə Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə yanaşdığı müasirlik bucağının ifadəsidir.
Bu məqamda ümummilli liderimizin xalqa vəsiyyət məzmunlu son müraciətində İlham Əliyevi xarakterizə etmək üçün işlətdiyi sözləri xatırlatmaq yerinə düşərdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasəti və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli oğullarını öz ətrafında daha sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm."
Müasir Azərbaycan reallığı ulu öndərin öz ümidlərində yanılmadığını əyani şəkildə təsdiq edir. Böyük mənada isə onun varisi yalnız ali dövlət kürsüsünü etibar etdiyi cənab Prezident yox, bütün Azərbaycan gəncliyidir.
Oqtay SULTANOV,
tarix elmləri doktoru,
professor
Xalq qəzeti.- 2012.- 7 yanvar.- S. 3.