80-i haqladın, 100-ə nə
qaldı...
Tarzən
Fərman Hüseynovun adı musiqi ictimaiyyətinə, eləcə
də sənətsevərlərə yaxşı
tanışdır. Ömrünün 60 ildən çoxunu tar
ifaçılığı sənətinin inkişafına həsr
etmiş sənətkar bu illər ərzində Şövkət
Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev,
Əlibaba Məmmədov, Yaqub Məmmədov, Arif Babayev, Sabir
Mirzəyev, Mənsum İbrahimov və digər görkəmli
muğam ifaçıları ilə tərəfmüqabil
olaraq konsertlərdə və el şənliklərində
onları müşayiət etmiş, ürəyəyatımlı
peşəkar ifasıyla hamının rəğbətini
qazanmışdır.
Onun
populyarlığı təkcə ustad
ifaçılığında deyil, eyni zamanda ciddi təbiətində,
dost-tanışa qarşı qayğıkeşliyində, bir
də həddən artıq təvazökar olmasındadır.
Artıq ömrünün səksəninci baharını
qarşılamağa hazırlaşan sənətkar
yaşının bu vədəsində də, həyatın,
gün-güzəranın çətinliyindən bir kimsəyə
giley etməz, bir kimsənin qəlbinə toxunmaz,
yaxşıya-yaxşı deyər, pisi də
çalışıb yaxşılar cərgəsinə
çıxarmağa çalışar. Sənət
adamlarının çoxunun ad günlərini əzbər
bildiyindən onları vaxtında təbrik etməyi də
yaddan çıxarmaz. Kimin nə problemi olarsa, Fərman
Hüseynov hər an onun həllinə tələsər. Buna
görə də hamı onu Fərman dayı deyə
çağırır. Hamıya ağsaqqallıq,
dayılıq etməyə çalışır. Neçə-neçə
gənc xanəndənin ərsəyə gəlməsində,
habelə milli musiqimizin, muğamlarımızın qorunub
saxlanmasında və təbliğində Fərman
Hüseynovun da xidmətləri az deyil. Vaxtilə muğam sənətinin
incəliklərini öyrətdiyi ifaçıların
çoxu bu gün respublikanın ən yüksək fəxri
adlarına layiq görülüblər. Eləcə də bir
sıra görkəmli sənət adamları onun
yaradıcılığını yüksək qiymətləndirirlər:
Habil Əliyev, xalq artisti:
- Fərman
Hüseynovu çoxdan tanıyıram. Ağır təbiəti,
səmimiliyi ilə sənət adamları arasında
böyük nüfuza malikdir. Bir sənətkar kimi də
özünü çoxdan təsdiqləyib. Heç də təsadüfi
deyil ki, Yaqub Məmmədov kimi görkəmli sənətkarlar
uzun müddət istər konsert salonlarında, istərsə də
el şənliklərində Fərman Hüseynovun
müşayiətinə üstünlük vermişlər. Fərman
rəvan çalğısıyla hamının
zövqünü oxşayır. Bu da təsadüfi deyil,
atası, əməkdar artist Şirzad Hüseynov muğam opera
sənətində öz sözünü demiş sənətkarlardan
olub. Gözəl xanəndəliyilə birgə mahir aktyor
oyunu ilə də yaddaşlarda qalıb. Onun iştirakı ilə
böyük anşlaqla keçən "Koroğlu",
"Leyli və Məcnun" tamaşaları indi də
gözümün önündədir. Çox təəssüf
edirəm ki, Fərman Hüseynov kimi qocaman sənətkar hələ
də öz layiqli qiymətini almayıb.
Əlibaba Məmmədov, xalq artisti:
- Fərman
Hüseynovun adı gələndə ilk növbədə mərhum
atası, milli opera sənətində müstəsna xidmətləri
olan əməkdar artist Şirzad Hüseynovun
yaradıcılığı gəlir gözümün
önünə. Operada çalışmaq, ən kiçik
bir rolun aparıcısı olmaq həmişə xanəndələrin
ən böyük arzusu olub. Onun bir aktyor, xanəndə kimi
böyüklüyü rəngarəng və çoxşaxəli
yaradıcılıq diapazonuna malik olmasında idi.
Ayrı-ayrı
ifaçıların hərəsinin öz yolu, ifa tərzi
olur. Çoxşaxəlilik və rəngarənglik kimi keyfiyyətlər
Fərman Hüseynov yaradıcılığının əsas
göstəriciləridir.
Mənsum İbrahimov, xalq artisti:
- Fərman
Hüseynov gözəl sənətkar olmaqla yanaşı, gənc
xanəndələr üçün əsl məktəbdir.
Pedaqoji fəaliyyəti olmasa da, həyat -sənət təcrübəsini
həvəslə gənc xanəndələrə öyrədir.
Üç il Fərman Hüseynovla muğam sənətinin ən
gözəl biliciləri sayılan Bakı kəndlərində
toy məclislərində çıxış etmişəm.
Rəvan çalğısı, xanəndəyə istiqamət
verməsi, əsl sənət nümunəsi, əsl məktəbdir.
Bunun üçün ustad tarzənə borcluyam. Və bu
gün muğam ifaçılığında nəyə nail
olmuşamsa, bu nailiyyətimdə Fərman Hüseynovun da əməyi
var.
1932-ci ildə
Bakının Yuxarı Dağlıq küçəsində
ziyalı ailəsində dünyaya göz açan Fərman
Hüseynov ağlı kəsəndən evdə dövrün
ən populyar xanəndə və ifaçılarını
görüb tanımışdır. Atası Şirzad
Hüseynov operanın aparıcı solistlərindən
olduğuna görə sənət dostları Bülbül,
Ağababa Bünyadzadə, Eloğlu İsmayıl, Əlövsət
Sadıqov, Həqiqət Rzayeva, Gülxar Həsənova bu evin
daimi qonaqları, çal-çağırlı məclislərin
yaraşığı olmuşlar. Adətən, belə məclislərdə
Fərman bir küncə qısılır, qonaqların məşq
və çıxışlarından zövq alardı. Məclislərin
birincə Bəhram Mansurovun atası Məşədi Süleyman
Şirzada bir gözəl tar hədiyyə etdi. Elə o vaxtdan
da Fərmanda tara xüsusi rəğbət oyandı. Fərmanın
uşaqlığı müharibə illərinə təsadüf
etmişdir. Xatırladaq ki, o zaman incəsənət, mədəniyyət
ocaqları bir an belə öz fəaliyyətini
dayandırmamışlar.
İlk
musiqi fəaliyyətinə pionerlər evinin nəzdindəki
ansambldan başladı. İlk konsert salonlarını hərbi
hospitallar əvəz etdi. Boynu qırmızı qalstuklu,
dünya qəmindən azad olan gənc musiqiçilərin
qazandıqları hər bir alqış, hər bir uğur
çoxları üçün sənət zirvəsinə aparan
çox çətin, lakin şərəfli bir ömür
yolunun başlanğıcı olur. Fərman Hüseynov da
istisna olmadı. Ü.Hacıbəyovun, C.Cahangirovun, T.Quliyevin əsərləri
onun repertuarının əsasını təşkil etdi.
Bu sahədə
təhsilini davam etdirmək məqsədilə 1945-ci ildə
Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə
daxil olur. Əhmədxan Bakıxanovdan 6 il tar
ifaçılığı sənətinin incəliklərini
həvəslə öyrənir. Sonralar adları tar
ifaçılığı sahəsində fəxrlə
çəkilən Əhsən Dadaşov, Sərvər
İbrahimov, Firudin Yarməmmədov və bir çox digər
sənətkarlarla dostluq və yaradıcılıq əlaqələri
saxlayır. Müxtəlif ansambllarda çalışır.
Respublikanın əksər bölgələrində qastrol səfərlərində
olur. Hər yerdə hörmət və ehtiramla
qarşılanır.
Hərbi
xidmətdən qayıtdıqdan sonra bir müddət
Sumqayıtın bir sıra zavod və fabriklərində
çalışmış, daha sonra Pedaqoji İnstitutun
özfəaliyyət kollektivinə və ən nəhayət
Müəllimlər evinin nəzdində "Arzu"
ansamblına rəhbərlik etmiş, neçə-neçə
gənc istedadın ərsəyə gəlməsinə
yardımçı olmuşdur. İstedadlı tarzənin
yüksək ifaçılıq məharətini bəyənən
Azərbaycan Dövlət Filarmoniyası rəhbərliyi Fərman
Hüseynovu 1957-ci ildə Dövlət Mahnı və Rəqs
Ansamblına işə dəvət edir. Bu kollektivlə
keçmiş SSRİ-nin, demək olar ki, əksər
respublikalarını qarış-qarış gəzərək
milli musiqi mədəniyyətimizin nümunələrini, xalq
rəqslərini təbliğ edir.
1959-cu ildə
Dövlət Mahnı və Rəqs Ansamblı Moskvada
keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti
ongünlüyünün iştirakçısı olur.
Doğma respublikamıza çoxsaylı diplom və fəxri fərmanlarla
qayıdır. 1962-ci ildə Filarmoniya rəhbərliyi
artıq kifayət qədər püxtələşmiş,
tar ifaçılığında öz sözünü
demiş Fərman Hüseynovu solist, müstəqil
ifaçı kimi işə götürmək əmrini verir.
Dövrün ən populyar xanəndə və müğənnilərini
konsertlərdə müşayiət edir. Xan Şuşinski,
Mütəllim Mütəllimov, Yaqub Məmmədov,
Şövkət Ələkbərova, Əbülfət Əliyev,
Əlibaba Məmmədov Sabir Mirzəyev və bir çox digər
xanəndələr muğam ifaçılığında məhz
Fərman Hüseynov müşayiətinə daha çox
üstünlük verirdilər.
Heç
də təsadüfi deyil ki, o, düz 40 il respublikanın xalq
artisti Yaqub Məmmədovla birgə
çalışmış, muğam sənətinin təbliğində
az iş görməmişdir.
1992-ci ildə
təqaüdə çıxan Fərman Hüseynov bir an belə
sevdiyi sənətindən ayrı düşə bilmir. Bu
gün İranda da Fərman Hüseynov sənətinin pərəstişkarları
çoxdur. Onun ifasında yazılmış disk və kasetləri
hər bir azərbaycanlının evində hörmətlə
qorunub saxlanır. Tehrandan, Ərdəbildən, Təbrizdən
tez-tez dəvətlər alan Fərman Hüseynov hər yerdə
Azərbaycan incəsənətini, tar sənətini daim uca
tutmağa çalışır. Bir neçə il bundan
öncə Tehranda yaşayan soydaşlarımız hörmətli
sənətkarın anadan olmasının 75 illiyini
böyük təntənə ilə qeyd etmişlər. Əlbəttə,
soydaşlarımızın bu istəyi ilk növbədə
Azərbaycan incəsənətinə, Azərbaycan mədəniyyətinə,
Azərbaycan sənətkarına göstərilən yüksək
qayğı və diqqətin təzahürüdür.
Qarşıdan
hörmətli sənətkarın 80 illik yubileyi gəlir.
Qürbət eldə nə qədər cah-cəlallı, təm-təraqlı
yubiley tədbiri keçirilsə də, doğma Vətənin,
doğmaların Fərman Hüseynovun ünvanına deyiləcək
xoş sözləri hər zaman daha əziz olur.
Yaşayıb-yaratmaq, həyatda iz qoymaq üçün
dünyaya gəlir insan. Bütün bunlar var ikən demək
ömür hədər getməyib həyatda: "Hələ
yaşamağa dəyər bir az da..."
Rafiq SALMANOV
Xalq qəzeti.- 2012.- 8 yanvar.- S. 6.