Mirzə Ələkbər Sabir -150. Sabir - Şərq inqilabi-demokratik ədəbiyyatının banilərindən biri

 

XX əsr mətbuat tariximizin zirvəsini fəth etmiş həftəlik, illüstrasiyalı ilk Azərbaycan satirik dərgisi "Molla Nəsrəddin"in (1906-1931) yaradıcısı artıq o vaxt hekayə və felyetonları ilə tanınan Cəlil Məmmədquluzadə (1869-1932) başlanğıcdan həqiqi "Molla Nəsrəddin" şairini axtarırdı. Beləliklə, baş redaktor axtardığı nadir istedad sahibini vaxtında tapdı. Bu, Mirzə Ələkbər Sabir (1862-1911) idi. Mirzə Cəlillə bərabər bu dərgidə böyük Sabir özünü tapdı, ədəbiyyat tarixində öz səhifəsini açdı.

 

Sabirin fitri istedadını, real həyat hadisələrini, eləcə də romantik düşüncələrini əks etdirən əsərləri ilə tanış olduqdan sonra belə bir suala da cavab axtarmağa başlayırsan -Nədən o, həyat gözəlliklərindən, eşqdən, lirik duyğulardan bəhs edən əsərlər yox, gülüş dolu əsərlər yazmışdır. Özü də bu gülüşlər, qəh-qəhələr adamı sevinc əhval-ruhiyyəsinə kökləmir: kədərləndirir, düşündürür, sarsıdır, əlindəki söz qılıncı ilə sağı-solu "qırıb-çatır". Müəllif heç kimdən, heç nədən qorxmur, çünki "Molla Nəsrəddin" kimi qalxana söykənib.

"Sabirin gülüşü nə böyük-kiçik, nə milli məhdudiyyət, nə də coğrafi sərhəd tanımır" -Professor A.Zamanovun Sabir gülüşünün miqyası haqqında dedikləridir. Bəli, bu fürsəti Sabirə zaman, tarix özü vermişdi. Bir yandan bütün Avropanı və Asiyanın bəzi hissələrini öz ağuşuna almış inqilab dalğası, bir yandan da bu inqilaba təkan verən demokratik düşüncəli insanların sərhəd bilməyərək söz bir, dilbir olması şairin ilham pərisini mavi səmada gəzdirirdi. Azərbaycandakı inqilab dalğasına gəlincə, başlanan dalğanın fırtınası "Molla Nəsrəddin" oldu.

Doğrudur, Sabir "Molla Nəsrəddin"ə qədər bir sıra mətbuat orqanlanrında mədhiyyə, növhə, mərsiyə və satirik ruhda yazdığı şeir və məqalələrini dərc etdirmişdir.

Həyatın içində olan şair xalqın, millətin cəmiyyətdəki özbaşınalıqlardan, haqsızlıqlardan çəkdiyi ağrıları, cəhalət bataqlığında əzilən hər kəsi, qadınların qul-əsir həyatını və s. qələmə alırdı. O, "rus-yapon müharibəsində ölkəni məğlubiyyətə uğradan əliqanlı Nikolaydan tutmuş İranı hərraca qoyub satan kütbeyin Məhəmmədəli şaha, dünyanı qan çanağına çevirən Vilhelmdən tutmuş cəllad Sultan Əbdülhəmidə, fəhlənin "özünü daxili-insan etməsindən" vahiməyə düşən, əkinçinin fəryadını eşitmək istəməyən tüfeylilərədək bütün qara qüvvələr"i satirasının hədəfinə çevirmişdi. Sabir satirik yazılarını "Hophop", "Ağlar güləyən", "Əbunəsr Şeybani", "Boynuburuq", "Sevdayi", "Nizədar", "Ə.S.", "Din dirəyi", "Çayda çapan", "Örümçək", "Qabaqda gedən zəncirli", "Başıqapazlı", "Qızdırmalı" ... kimi gizli imzalarla çap etdirmişdir.

Abbas Səhhət yazırdı ki, Sabirin əsərləri İran məşrutəsinə... bir ordudan ziyadə xidmət etmişdir. Satirikin məqsədi özünü, imzasını məşhuri-cahan etmək deyil, toxunduğu problemləri, ictimai-siyasi bəlaları, inqilabı başladan məqsədləri yaymaq, hər kəsin haqqını-hüququnu özünə çatdırmaq idi. Sabir "Molla Nəsrəddin" dərgisinin səhifələrində nəşr olunduğu vaxtdan bütün Azərbaycanda, Qafqaz və Yaxın Şərq ölkələrində məşhur oldu. Bir neçə il əvvəl heç kəsin tanımadığı Sabirin şeirlərini indi Bakıda və İrəvanda, Kazanda və Aşqabadda, Daşkənddə və Səmərqənddə, Təbrizdə və Tehranda, İstanbulda və Bağdadda oxucular səbirsizliklə gözləyirdilər. Dünyanın bir çox ölkələrində, xüsusən Rusiyada demokratik əhval-ruhiyyəli inqilabların başladığı dövrdə "Molla Nəsrəddin" dərgisi də öz nəfəsi, öz sözü və səsiylə Azərbaycanda bir inqilab idi. Bu dərgidə çalışan, başdan-ayağa milli mübarizə əzmi ilə yazan ədiblər, sanki, böyük bir sınaq məktəbindən keçdilər.

Sabir yaradıcılığının əsasını xalqın dərdi, xoşbəxtliyi, onu azad görmək arzusu təşkil edirdi. Hələ "1890-1895-ci illər arasında Şərqə səyahətə çıxan şairin Türküstanda mütərəqqi ictimai və ədəbi mühiti olan Səmərqəndə getməsi, qabaqcıl özbək şairləri və maarifçiləri ilə tanışlığı, özbək qardaş və bacılarını ağır vəziyyətdə görməsi onda müəyyən təəssürat yaratmış və çox ehtimal ki, sonralar "Bildir ehyayi-Səmərqənd etdi İran taciri" misrası ilə başlanan taziyanənin yazılmasına səbəb olmuşdur". Sabir Azərbaycan inqilabi-demokratik fikrinin ən görkəmli nümayəndəsi olmaqla bərabər, bütün Şərq inqilabi-demokratik ədəbiyyatının banilərindən idi. Sabirin təsiri ilə yeni ədəbi nəsil yaranır və formalaşırdı. Təfərrüata varmadan, onun özbək ədəbi mühitinə olan təsirindən bir-iki kəlmə də demək yerinə düşər.

Sabir ədəbi fikrinin bütövlükdə Özbəkistan inqilabi-demokratik mühitə böyük təsiri olmuşdur. Özbək satiriki S.Əczi Sabir satirasının təsiri ilə öz xalqının halını qələmə alırdı. Bu iki satirikin ədəbi əlaqəsi dostluğa, sonra isə iki xalq arasındakı ədəbi münasibətlərəcən gedib çıxmışdır. Bu dostluğa rəvac verən əsas qüvvə Əczinin vətənində şöhrəti geniş yayılmış "Molla Nəsrəddin" dərgisi idi. Sabirin "Şükür, xudaya" şeiri, Həmid Araslının da araşdırmalarında deyildiyi kimi, Səmərqənddə bir satirik məcmuədə nəşr olunur. Bundan az sonra elə bu şeirin təsiri ilə eyni adda digər bir şeir Əczi yazır və həmin məcmuənin növbəti nömrələrinin birində dərc etdirir. Tədqiqatçı Akif Bağırovun qeydinə görə, "hər iki şeir həm mövzu, həm də üslubu, dili cəhətdən bir-birinə o qədər yaxındır ki, bir vaxtlar Özbəkistanda onların müəlliflərini ayırd etmək tədqiqatçılardan uzun vaxt tələb etmişdir. Doğrudur, Əczi şeiri Sabir zirvəsinə qalxmağa nail olmasa da, onun inqilabi satira ustası kimi şöhrəti, "Özbək satirasının Sabiri" kimi tanınmasına imkan vermişdir. Sabirin "Ey, pul" və Əczinin "Çervon", Sabirin "Əkinçi" və Əczinin "Əkin yerlərinin dərdü-həsrəti", Sabirin "Uçitellər" və Əczinin "Ziyalılar" və s. şeirlərindəki təsirlər açıq-aydın dediklərimizi təsdiq edir. Əczi bir çox şeirlərində böyük satira ustasının ənənələrini davam etdirmişdir. "Sabir satirasının Əczi yaradıcılığına təsirinin bu günə qədər geniş tədqiqatdan kənarda qalmasının bir səbəbi də, ümumən, Əczi bədii irsinin tarixi taleyi ilə əlaqədardır".

Görkəmli özbək satirik şairi M. Sufizadənin Bakıya səfəri də izsiz qalmamışdır. Şairin bu görüşünü, bizim əldə etdiyimiz mənbələrə görə, üçüncü görüşü hesab etmək olar. İlk dəfə Sabirin Türküstan ellərinə səfəri zamanı, ikinci dəfə Tiflisdə "Molla Nəsrədin"dəki görüşləri, nəhayət, Bakı səfəri zamanı.

Ümumiyyətlə, XX əsr özbək satirası ilə Sabirin əlaqəsini üç görkəmli şairin - S. Əczi, M. Sufizadə və H. H. Niyazinin yaradıcılıqları ətrafında daha geniş, əhatəli öyrənmək mümkündür. Görkəmli özbək yazıçısı Qafur Qulam "Sabir bizim evdə" məqaləsində yazır: "Yaradıcılığımın ilk illərində mən də satirik janrda çox yazardım. Görünür, Sabir Tahirzadənin mənim yaradıcılığıma güclü təsirindən idi".

Bertels XX əsr özbək klassik yazıçısı Abdulla Qədirinin "Ötən günlər" romanını "dünya nəsrinin altıncı özül daşı" adlandırmışdır. Dünya ədəbiyyatında belə bir çəkisi olan əsərin müəllifi isə XX əsrin əvvəllərində bütün Şərqdə əl-əl gəzən Mirzə Cəlilin, Sabirin möcüzəvi "Molla Nəsrəddin" dərgisi haqqında yazmışdır: "Biz həcvçiliyi "Molla Nəsrəddin"dən öyrənməliyik. Mən qələm tutmağı ərəblərdən, qələmlə güldürməyi isə "Molla Nəsrəddin"dən öyrənmişəm".

Sabir "Molla Nəsrəddin"ə cəmi beş il yaza bildi. Həyatın ehtiyacları, cəmiyyətin bəlaları şairin ciyərlərinə vərəm kimi çökmüşdü.

Böyük Sabirə həsr etdiyimiz bu qeyd-yazını "Molla Nəsrəddin"inin təqdimatı ilə başlamağımız səbəbsiz deyildir. Çünki Sabiri "Molla Nəsrəddin"siz təsəvvür etmək mümkün olmadığı kimi, "Molla Nəsrəddin"i də Sabirsiz düşünmək çətindir.

 

 

Almaz ÜLVİ

 

Xalq qəzeti.- 2012.- 8 yanvar.- S. 5.