"Turizm ili" yekunlaşsa da,
turizm quruculuğu davam edir
Son illər
müstəqil Azərbaycan Respublikası bütün sahələrdə
mühüm nailiyyətlər qazanır. Ölkədə həyata
keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycan
Respublikasını dünyada davamlı islahatlar ölkəsi
kimi tanıtmışdır. Turizm başqa sahələrə
nisbətən respublikamızda yeni sahə olsa da, az bir
dövr ərzində bu sahə ölkəmizin
inkişafının prioritet istiqamətlərindən birinə
çevrilmişdir.
Azərbaycanın
əlverişli coğrafi mövqeyi, zəngin flora və
faunası, gözəl təbiəti, mədəni-tarixi irsi
bu sahənin inkişafına əsaslı stimul vermişdir.
Son dövrlərdə turizm sahəsində dövlət siyasətini
həyata keçirən Mədəniyyət və Turizm
Nazirliyi mövcud turizm potensialının beynəlxalq aləmdə
tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin
təşkili, turizmin müxtəlif növlərinin
inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbul
edilməsi, infrastrukturun yaradılması sahəsində məqsədyönlü
iş aparmışdır. Ötən illər ərzində
ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq
tədbirlər həyata keçirilmiş, bir neçə
beynəlxalq marşrutlar açılmışdır.
Ölkədə
turizmin inkişafına dövlət qayğısı ilbəil
artmağa başlamışdır. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev bu sahənin inkişafına həmişə
xüsusi önəm vermiş və ölkəmizdə
turizmin tərəqqisi üçün bir sıra əhəmiyyətli
sərəncamlar imzalamışdır.
Nazirlər
Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyev cari ili
"Turizm ili" elan etmişdi. Prezident fevral ayının
15-də isə "Azərbaycan Respublikasında 2011-ci ilin
"Turizm ili" elan edilməsi haqqında" sərəncam
imzalamışdı. "Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı" qəbul olunmuşdu. Azərbaycanda
turizm infrastrukturunun genişləndirilməsi, turizm sahəsində
xidmət səviyyəsinin
yaxşılaşdırılması, ölkə turizminin
dünya turizm bazarına inteqrasiyası və bu yöndə təbliğat,
təşviqat işlərinin aparılması, turizm sahəsində
çalışan mütəxəssislərin peşə hazırlığı
səviyyəsinin artırılması və s. aktual vəzifələrin
əksini tapdığı həmin Dövlət
Proqramının reallaşdırılması istiqamətində
indiyədək bir sıra tədbirlər həyata
keçirilmişdir.
Azərbaycanın
turizm potensialının dünyada təbliği yönündə
də geniş tədbirlər
reallaşdırılmışdır. Ölkəmiz müxtəlif
dövlətlərdə keçirilən beynəlxalq sərgidə
təmsil olunmuşdur. Bu gün Azərbaycanın mövcud
turizm potensialının təbliğ edilməsi məqsədi
ilə dünyanın aparıcı televiziya kanallarında -
"CNN", "Euronews", "Travel Channel", "BBC",
"CNBC", "National Geographic" və s. verilişlər
yayımlanır. "ABTA" jurnalında, "Upper Reach"
və "Forbes" qəzetlərində
respublikamızın turizm imkanları haqqında reklam səhifələri
yerləşdirilir.
Ölkəmizdə
turizmin inkişafına göstərilən diqqətin nəticəsidir
ki, hazırda il ərzində respublikamıza gələn əcnəbilərin
sayı 2 milyon nəfərə yaxınlaşır. 2005-ci illə
müqayisədə Azərbaycana səfər edən xarici vətəndaşların
sayı 1,6 dəfə artmışdır. Lakin bu hələ
qənaətbəxş hesab olunmur. Azərbaycana xarici turistlərin
cəlb olunması üçün daha optimal yollar
araşdırılmalıdır. Bu sahədə işlər
davam etməkdədir.
Ümumiyyətlə,
Azərbaycanın cəlbedici turizm mərkəzinə
çevrilməsi üçün geniş imkanları var. Son
illər Azərbaycan dünyanın bir neçə inkişaf
etmiş ölkəsi ilə turizm sahəsində sazişlər
imzalayıb. Azərbaycan Prezidentinin 2011-ci ili "Turizm
ili" elan etməsi bu sahədə imkanların
reallaşdırılmasında və bu sektorun
inkişafında mühüm rol oynayır.
Turizm
sektorunu inkişaf etdirməklə ölkəmizə yeni
investisiyaların cəlb edilməsinə, on minlərlə
yeni iş yerinin açılmasına nail olmaq
mümkündür. Bununla əlaqədar möhtərəm
dövlət başçımız demişdir: "Elə
etmək lazımdır ki, 2011-ci ildə turizmin
inkişafına böyük təkan verilsin, böyük və
gözəl nəticələr əldə edilsin. Bu il
Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm,
bu, yəqin ki, dünyada analoqu olmayan hadisədir. Bir ildə
bir şəhərdə 5 beşulduzlu mehmanxana
açılacaq, - mən Bakını nəzərdə
tuturam. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər
də tikilməkdədir. Bölgələrdə hotelçilik
işləri ilə bağlı çox işlər
görülür. Artıq Azərbaycanda turizmin
inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq
üçün, əlbəttə ki, dövlət tərəfindən
böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə
yönəldilir. Hotellər isə özəl sektor tərəfindən
tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər
böyükdür ki, buraya, bu hotellərə milyonlarla,
yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait
onlara dividend gətirəcək. Şəhərimizə isə
bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə
gələn qonaq üçün gözəl şəraitin
yaradılması, əlbəttə ki, vacib məsələdir..."
Son illər
görülən kompleks tədbirlərin nəticəsi olaraq
Azərbaycana gələn turistlərin sayı ilbəil
artır, ölkədə fəaliyyət göstərən
turizm şirkətlərinin şəbəkəsi genişlənir.
Bununla yanaşı, turizmin inkişafı və bu sektorun
ölkə iqtisadiyyatının aparıcı sahələrindən
birinə çevrilməsi ən mühüm vəzifələrdən
biri kimi qarşıda durur.
Azərbaycanın
beynəlxalq aləmdə daha yaxından tanınmasında,
siyasi nüfuzunun yüksəlməsində turizmin
böyük rol oynadığı daim nəzərə
alınır, ölkəyə turist axınının
güclənməsi üçün səmərəli yollar
axtarılır. Respublikamızın aparıcı turizm
şirkətlərinin və otel biznesi nümayəndələrinin
ardıcıl olaraq London, Berlin, Moskva, Afina, Tokio, İstanbul,
Vyana, Pekin və digər şəhərlərdə
keçirilən sərgi və yarmarkalarda iştirakı Azərbaycana
daha çox turist cəlb edilməsində mühüm rol
oynayır. Belə tədbirlərdə dünyanın
nüfuzlu turizm şirkətlərinin nümayəndələri
ölkəmiz haqqında əsl həqiqəti dərindən
öyrənir, respublikamızın zəngin mədəni və
tarixi irsi, xalqımızın məişəti, mətbəxi,
qonaqpərvərliyi ilə yaxından tanış olmaq
imkanı qazanırlar.
Beynəlxalq
miqyasda özünün turizm imkanları və potensialı ilə
fərqlənən Azərbaycanın bir sıra
regionlarında, xüsusən şimal və şimal-qərb
bölgələrində yüksək xidmət mədəniyyəti,
gözəlliyi, ab-havası ilə seçilən, hər
cür rahatlığa, infrastruktura malik turizm obyektlərinin,
dünya standartlarına cavab verən otellərin istifadəyə
verilməsi xarici qonaqların diqqətinin ölkəmizə
yönəlməsində böyük önəm
daşıyır.
İndi
turizm dünya iqtisadiyyatının prioritet sahələrindən
birinə çevrilmişdir. Bu tendensiya Azərbaycanda da
özünü göstərir. Hazırda dünya ölkələrinin
milli gəlirinin əsas hissəsi turizm sənayesinin
hesabına formalaşır. Məsələn, Türkiyədə
ötən il turizmdən 23 milyard dollaradək gəlir
götürülüb. Rəqəmin böyüklüyü
göz qarşısındadır. Azərbaycanın
özünün də turizm sahəsində çox
böyük potensialı var ki, iqtisadiyyatın digər sahələrini
önləyə bilər. Bunun üçün Azərbaycanın
tarixi, coğrafi və mədəni sahələrdəki
üstünlüyü əlverişli imkan yaradır.
Məlum
olduğu kimi, 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində
keçirilmiş "Eurovision-2011" yarışmasında
Azərbaycan təmsilçiləri birincilik qazanaraq ölkəmizə
qələbə qazandırıblar və növbəti il bu
yarışma Azərbaycanın paytaxtı Bakı şəhərində
keçiriləcək. "Eurovision -2012" müsabiqəsinin
Azərbaycanda keçirilməsi ölkəmizin turizm
potensialını dünyaya tanıtdırmaq üçün
yeni bir təkan olacaq.
Yeri gəlmişkən,
bu il Azərbaycanın turizm sahəsi üzrə fəaliyyət
göstərən üç böyük təşkilatı
- Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi
və Azərbaycan Turizm Assosiasiyası Dünya Turizm Təşkilatı
assosiativ üzv qəbul olunub.
Turizmin
inkişafını sürətləndirən və bu sahədə
keyfiyyəti yüksəldən amillərdən biri də sahə
üzrə kadr hazırlığı siyasətinin
düzgün qurulmasıdır. Prezidentin müvafiq sərəncamına
əsasən, Azərbaycan turizmində kadr problemini həll etmək
məqsədilə 2006-cı ildə Turizm İnstitutu
yaradıldı. Bu təhsil ocağının məzunları
Azərbaycanda ilk dəfə olaraq ikili diplom - ATİ-nin və
Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu ala
bilirlər. Hazırda institutda 1300-dən çox tələbə
11 ixtisas üzrə bakalavr təhsili alır. Ötən ildən
etibarən isə magistr pilləsi üzrə də qəbul
elan olunub və 30-a yaxın tələbə magistratura təhsili
alır.
Ötən
il institutu 74, bu il isə 192 nəfər bitirib. Onlardan ötən
il 14, bu il isə 19 nəfəri milli diplomla yanaşı,
Krems Universitetinin də diplomunu alıb. ATİ-nin nəzdində
fəaliyyət göstərən Milli Təlim Mərkəzində
Dünya Turizm Təşkilatı və Türkiyənin Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim
proqramları həyata keçirilir. Bundan əlavə, Turizm
İnstitutunun nəzdində peşə məktəbinin
yaradılması məsələsi də hazırda gündəmdədir
və yaxın vaxtlarda bu məsələ də öz həllini
tapacaq.
Bundan əlavə,
2006-cı ildə Mingəçevir şəhərində
ölkəmizdə orta təhsilli turizm mütəxəssisi
yetişdirən ilk kollec yaradılıb. Hazırda Mingəçevir
Turizm Kolleci regionlar üçün ixtisaslı kadrlar
yetişdirən böyük bir təhsil ocağıdır.
Kollecdə 2100-dən çox tələbə təhsil
alır.
Bütün
bunlarla bərabər, Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycanda turizm xidmətinin keyfiyyətini artırmaq məqsədilə
Bakıda və regionlarda yerləşən mehmanxana və
mehmanxana tipli obyektlərdə çalışan insanlar
üçün hər il Türkiyənin Mədəniyyət
və Turizm Nazirliyi və TİKA təşkilatı ilə əməkdaşlıq
çərçivəsində, müxtəlif istiqamətlər
üzrə treninq-kurslar təşkil edir.
Qeyd edək
ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək,
ölkənin daxili turizm potensialını dünya bazarına
çıxarmaq, xarici turistlərin diqqətini gəzməli-görməli
guşələrimizə cəlb etmək məqsədilə
2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən
bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib.
Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut
hesab edilir. Əsas turizm marşrutlarımız
Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və
Bakı-Qazax, əlavə marşrutlar isə
Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq
Qarabağ, Bakı-Naxçıvandır.
Əsas
marşrutlar üzərində yerləşən rayonlarda
müxtəlif turizm növlərini inkişaf etdirmək
istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
layihələr həyata keçirilir. İlk növbədə
isə həmin rayonlar beynəlxalq səviyyədə təbliğ
olunur. Belə ki, Avropa Şurasının təcrübəsi
çərçivəsində bu rayonların turizm
imkanlarının tanıdılması üçün layihələr
həyata keçirilir. Bunlar "Böyük İpək
yolu", "Şərab yolu",
"Xalçaçılıq", "Aleksandr Düma
Qafqazda" və "Azərbaycanda alman məskənləri"
layihələridir. Bu, eyni zamanda ölkəmizə gələn
turistlərin sayının artırılmasına və
çoxçeşidli turizm məhsulunun yaradılmasına
xidmət edir.
Azərbaycan
xarici investisiya qoyuluşları üçün geniş
imkanları olan təhlükəsiz bir ölkədir. Elə
bu səbəbdən də ölkəmizdə 2010-cu il ərzində
15,5 milyard ABŞ dolları investisiya qoyuluşu olub. Bunun 8,2
milyard dolları xarici, 7,3 milyard dolları isə yerli
investisiyadır. Bu məbləğin 6,2 milyard dolları neft
sektoruna, 9,3 milyardı isə qeyri-neft sektoruna cəlb edilib.
2011-ci ildə də bu proses davam etdirilib.
Azərbaycan
"Turizm ili"ni uğurla başa vurur. Ancaq bu sahədə
görüləsi işlər çoxdur. İnanırıq
ki, gələcəkdə bu istiqamətdə daha iri layihələr
reallaşdırılacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 8 yanvar.- S. 5.