Azərbaycan BMT Təhlükəsizlik
Şurasında fəaliyyətə başladı
Əminəm
ki, nüfuz, imic xarakterindən əlavə, bizim Təhlükəsizlik
Şurasında üzvlüyümüzün praktiki səmərəsi
olacaqdır. Özü də təkcə ölkəmizin
maraqlarını təmin etmək üçün yox, o
cümlədən bizim üçün ən mühüm və
çətin məsələ olan Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi məsələsində
maraqlarımızı təmin edəcəkdir. Biz bu
mövzunu daim Təhlükəsizlik Şurasının diqqət
mərkəzində saxlayacağıq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Dünyanın
aparıcı kütləvi informasiya vasitələrinin bu il
yanvarın 4-də Nyu-Yorkdan planetin bütün guşələrinə
yaydığı məlumatlardan biri 50 milyonluq Azərbaycan
xalqının böyük məmnunluğuna səbəb oldu.
Bu xəbər kiməsə ənənəvi siyasi
xronikanın adi bir elementi kimi görünə bilərdi. Ancaq
illər boyu öz müstəqil dövlətini yaratmaq və
beynəlxalq aləmdə təmsil olunmaq arzusuyla yaşayan bir
xalqın rəsmi nümayəndələrinin BMT kimi
nüfuzlu beynəlxalq təşkilatın Təhlükəsizlik
Şurasının məsləhətləşmələrində
iştirak etməsi o qədər də kiçik məsələ
deyildir.
Cəmi
20 il müstəqillik tarixi olan dövlətin bu mühüm
uğuru qazanmasının təməlində ulu öndər
Heydər Əliyevin siyasi müdrikliyi, dahiyanə uzaqgörənliyi
dayanır. Bütün azərbaycanlıların liderinin
mükəmməl bir şəkildə işləyib
hazırladığı siyasi kursun son səkkiz ildə
Prezident İlham Əliyev tərəfindən
ardıcıllıqla və prinsipiallıqla davam etdirilməsi
bir çox belə nailiyyətə imza
atmağımızı günün reallığına
çevirdi. 2004-cü ildən üzü bəri elə bir il
olmur ki, biz təqvim ilinə yekun vurarkən xarici siyasət
sahəsində qazandığımız nailiyyətlərin
geniş bir siyahısını yada salmayaq. Ancaq 2011-ci il bu
baxımdan daha çox yaddaqalan oldu. Aşağıda ötən
il xarici siyasətdə əldə etdiyimiz nailiyyətlərin
bəzilərini yada salacağıq. Öncə isə
oktyabrın 24-də BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyünə
seçkilər zamanı qazandığımız qələbədən
başlayaq.
Türkiyəli
həmkarımız, beynəlxalq təşkilatlar barədə
əhatəli yazılar müəllifi olan Kazım Özdəmir
yazır ki, Azərbaycanın ötən ilin oktyabrında
BMT-də qazandığı uğuru indiyədək onlarla
ölkə əldə etmişdi. Ancaq öz rəqibinə bu
qədər böyük üstünlüklə qalib gələn
bir ölkə yada düşmür. Bu, sadəcə azəri
qardaşlarımıza beynəlxalq aləmdə olan inam və
etimadın miqyasından xəbər verirdi. Həmkarımız
tamamilə haqlıdır. Çünki bu səsvermə
zamanı qalibi bir və ya iki səs çoxluğu da müəyyən
edə bilərdi. Ancaq BMT üzvü olan ölkələrin
dörddə üçündən də çoxu - 155
ölkə Azərbaycana etimad göstərməklə bizim cəmi
20 ildə keçdiyimiz inkişaf yolunu yüksək qiymətləndirmiş
oldu.
Budur,
artıq yanvarın 4-də keçirilən plenar iclasda məlum
olub ki, ölkəmiz BMT Təhlükəsizlik
Şurasının üzvü kimi ilin ilk ayında on bir
qapalı məsləhətləşmədə, üç
formal debatda və beş brifinqdə iştirak edəcək.
Bu müzakirələr Yaxın Şərq, xüsusən,
Suriya və Liviyada cərəyan edən hadisələr, ədalətin
və qanunun aliliyi, eləcə də BMT ilə Afrika Birliyi
arasında əməkdaşlıq məsələlərinə
həsr olunacaq. Əlbəttə, bizim üçün
planetin istənilən guşəsindəki problemin həllindən
ötrü aparılan müzakirələr böyük önəm
kəsb edir. O cümlədən Suriya, Liviya və başqa
ölkələrdəki çətin düyünlərin
açılması da hər bir azərbaycanlı
üçün arzuolunan məsələdir. Ancaq bizim
üçün daha böyük önəm kəsb edən məsələ
plenar iclasın gündəliyində özünə yer tapan ədalətin
və qanunun aliliyi məsələsidir. Çünki
artıq 22 ildir ki, Azərbaycan Respublikası və
xalqımız bilavasitə beynəlxalq ictimaiyyətin
gözü qarşısında böyük bir ədalətsizliklə
üz-üzə qalmışdır. 20 ildən
artıqdır ki, erməni lobbisinin fitnəkarlığına
və xarici havadarlarının dəstəyinə güvənən
Ermənistan beynəlxalq hüququn bütün
normalarını ayaq altına atır. Məhz ona görə
də BMT Təhlükəsizlik Şurasının 2012-ci ildə
keçirilən ilk plenar iclasında ədalətin və
qanunun aliliyinin qorunması məsələsinin gündəliyə
gətirilməsi bizim üçün mühüm əhəmiyyət
kəsb edir.
Bu
zaman bir məsələni də xüsusilə qeyd etmək
lazımdır. Yanvar ayında Təhlükəsizlik
Şurasına sədrlik edən Cənubi Afrika
Respublikasının səfiri Baso Sanqu iclasdan sonra jurnalistlərə
bildirib ki, münaqişələrin həlli kimi ümumi
problemlər üzrə BMT ilə regional təşkilatlar
arasında daha sıx strateji əməkdaşlıq
yaradılmışdır. Fikrimizcə, bu, çox müsbət
haldır. Çünki Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini
daim gündəlikdə saxlayan ATƏT, Avropa Şurası,
AŞPA, Avropa İttifaqı, İslam Əməkdaşlıq
Təşkilatı, GUAM və digər regional təşkilatlar
bu münaqişənin ədalətli şəkildə həll
edilməsi üçün konkret mövqeyə və
aydın təkliflərə malikdirlər. Deməli, BMT ilə
regional qurumların arasında bilavasitə münaqişələrin
həlli üzrə sıx strateji əməkdaşlıq
yaranıbsa və üstəlik, Azərbaycanın özü
də BMT Təhlükəsizlik Şurasında təmsil
olunursa, deməli, Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində daha uğurlu addımlar
atılacağı gün uzaqda deyil. Bundan başqa, BMT rəsmiləri
belə bir məsələni gündəliyə gətirirlər
ki, 2012-ci il dünyada sülh və təhlükəsizlik ili
olmalıdır.
Təbii
ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilatın və
regional təşkilatların Azərbaycanın ən
ağrılı probleminin həllini diqqət mərkəzində
saxlaması da səbəbsiz deyil. Azərbaycanın geosiyasi və
strateji əhəmiyyəti də bunu tələb edir. Ancaq
ekspertlərin fikrincə ölkəmizin beynəlxalq aləmdə
böyük nüfuza sahib olmasının əsas səbəblərindən
biri də dövlətimizin yeridliyi uğurlu daxili və xarici
siyasətin nəticələridir. Xüsusən, son səkkiz
ildə, daha çox isə 2011-ci ildə Prezident İlham Əliyevin
yeritdiyi xarici siyasət, dövlət
başçımızın xarici səfərləri, beynəlxalq
aləmə inteqrasiyanın sürətləndirilməsi
istiqamətində həyata keçirilən tədbirlər
ölkəmizə olan inam və etimadı gündən-günə
artırır.
2011-ci
ilin yanvarında Azərbaycan Avropa İttifaqı ilə
energetika sahəsində çox mühüm əhəmiyyət
kəsb edən sənəd imzalamışdı. Sonradan ilboyu
müxtəlif beynəlxalq təşkilatların
tribunasından və dövlət
başçımızın çoxsaylı
görüşlərində tez-tez yada salınan həmin sənəd
ölkəmizin aləmdəki əhəmiyyətini kifayət
qədər artırmışdır. Ekspertlərin fikrincə,
Azərbaycan beynəlxalq təşkilatların hamısı
ilə elə bir sıx əməkdaşlıq nümunəsi
formalaşdırır ki, məhz həmin nümunə rəsmi
Bakını regionun ən önəmli və əhəmiyyətli
oyunçusuna çevirir. BMT ilə siyasi, Avropa
İttifaqı ilə iqtisadi, NATO ilə hərbi-strateji, Avropa
Şurası ilə hüquqi-demokratik, İslam Əməkdaşlıq
Təşkilatı ilə mənəvi-humanitar sahədə
yaratdığımız əməkdaşlıq nümunələri
bəzi dairələrdə qısqanclıqla qarşılanırsa,
dünyanın əksər nöqtələrində
böyük məmnunluq və dəstəklə qəbul
edilir.
Yeri
gəlmişkən, 2011-ci ildə Azərbaycan Respublikası
YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə
Hökumətlərarası Komitəsinin vitse-prezidenti
seçilmişdir. Bu, maddi-mədəni sərvətlərinin
böyük bir hissəsi düşmən işğalında
qalan ölkə üçün çox böyük
uğurdur.
Azərbaycanın
xarici siyasətinin mühüm hissələrindən biri də
regional əməkdaşlığa, xüsusən, yaxın
qonşularla dostluq və tərəfdaşlıq münasibətlərinin
daha da genişləndirilməsinə istiqamətləndirilib.
Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, İran
İslam Respublikası, Gürcüstan, Qazaxıstan və
Türkmənistanla dostluq və tərəfdaşlıq
münasibəilərimiz əvvəlki illərdə də
kifayət qədər inkişaf etmişdi. Ancaq 2011-ci ildə
bu sahədə daha böyük uğurlar əldə edildi.
Rusiyanın kütləvi informasiya vasitələri yazırlar
ki, Azərbaycanın qonşuları ilə dostluq münasibətlərinin
durmadan artmasının əsas səbəblərindən biri
də Prezident İlham Əliyevin qonşu dövlətlərin
rəhbərləri ilə olan dostluq münasibətlərində
nümayiş etdirdiyi səmimiyyət və sədaqət
hissləridir. Onların fikrincə, İlham Əliyev siyasətçilər
arasında ən sədaqətli dost və etimad göstərilən
dövlət başçısı kimi tanınır.
Yeri
gəlmişkən, 2011-ci ildə Azərbaycan
özünün şimal qonşusu olan Rusiya Federasiyası ilə
dövlət sərhədi haqqında müqavilənin
ratifikasiya sənədlərinin mübadiləsini
reallaşdırmışdır. Bu, o qədər də adi
fakt deyil. Çünki 2009-cu ildə mütəxəssislər
qeyd edirdilər ki, bu proses 2015-ci ilə qədər həll
oluna bilər. Ancaq göründüyü kimi həmin
proqnozdan cəmi iki il sonra qeyd olunan sənədlər
ratifikasiya olunmuşdur. Xatırladaq ki, Azərbaycan bu qəbildən
olan uğurlara imza atan yeganə Qafqaz dövlətidir.
Ölkəmizin
regional əməkdaşlığının daha bariz
nümunələri Türkiyə və Gürcüstanla əldə
edilən razılıqlar, anlaşmalardır.
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri
və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrindən
sonra Azərbaycan Respublikası ilə Türkiyə
Cümhuriyyəti arasında qaz alqı-satqısı və
tranziti məsələlərinə dair sənədlər
paketi, ondan sonra isə Azərbaycanla Türkiyə arasında
TransAnadolu qaz kəmərinin tikintisi layihəsi üzrə
Anlaşma Memorandumunun imzalanması rəsmi Bakının
regional əməkdaşlığa verdiyi önəmin təzahürüdür.
Xarici işlər naziri Elmar Məmmədyarovun dediyi kimi, bu sənədlər
regional əməkdaşlığın sürətləndirilməsi
və gücləndirilməsi üçün vacib
addımlar olacaqdır.
Bir
sözlə, 1993-cü ilin yayından etibarən
çoxsaylı problemlərinin həlli yolunda uğurlu
addımlar atan, 2003-cü ilin oktyabrından sonra isə yeni əsrin
çağırışları əsasında sürətli
inkişaf tendensiyası formalaşdıran gənc müstəqil
Azərbaycan dövləti 2011-ci ildə cəmiyyət həyatının
bütün sahələrində olduğu kimi xarici siyasətdə
mükəmməl uğurlara imza atmışdır. Bu
uğurların 2012-ci ildə daha geniş miqyas alacağı
şəksizdir. Çünki Prezident İlham Əliyevin
yeritdiyi siyasət yeni-yeni zirvələrin fəth edilməsinə
istiqamətlənib.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 8 yanvar.- S. 1.