Mirzə İbrahimovun yaradıcılığında dil və ədəbiyyat dərslərinə
münasibət
Doğrudan da insanın əhval -
ruhiyyəsini, ovqatını yaxşı edən, qəlbinə
qida verən, onun ruhunu təmizləyən, ürəyində
sevinc hissləri yaradan, yaşamaq, qurub yaratmaq həvəsini
artıran şeir və incəsənətdir, bədii ədəbiyyatdır.
Bunsuz həyat olduqca mənasız və məzmunsuzdur.
Şeir də, bədii ədəbiyyat da aydın, oxunaqlı
və poetik dili ilə diqqəti çəkir, könülləri
oxşayır.
Bədii
ədəbiyyat barədə orijinal fikir yürütmək
üçün təkcə tədqiqatçı, alim,
geniş dünyagörüşünə sahibi olmaq kifayət
etmir, həm də ən azı həyat adamı olmaq
lazımdır. Bu mənada Mirzə İbrahimov həyat
adamı idi. Onun əsərləri həyatın özündən
gəlirdi. Hadisələrə yanaşma tərzi, fikir və
mülahizələri, duyğu və düşüncəsi həyatiliyi
ilə seçilirdi. Belə olduqda yaradıcı insanın,
ziyalının fikirləri də, yazdıqları da uzun illərin,
əsrlərin etalonuna çevrilir. Belə etalon fikirlər
Mirzə İbrahimov yaradıcılığında
çoxluq təşkil edir. Mirzə İbrahimov vaxtilə
yazırdı: "Lap qədim zamanlardan bədii
yaradıcılığı, ədəbiyyat və incəsənət
əsərlərini ruhun, qəlbin qidası
adlandırırlar. Mənə elə gəlir ki, bu, çox
doğru tərifdir. Axı, həqiqətən də əsl sənət
əsərləri insanın ruhunu qaldırır, ürəyini
sevinclə, yüksək duyğular və ehtiraslarla doldurur, yəni
insanı mənən, fikrən ucaldır, mübarizə
qabiliyyətini, həyat eşqini artırır". Mirzə
İbrahimov ürəyi yüksək duyğularla, ehtiraslarla
dolu, mübarizə qabiliyyəti yüksək, həyat
eşqi tükənməz olan Azərbaycanın xalq
yazıçısı, akademiki, nəsrimizin görkəmli
nümayəndələrindən biri olmuşdur.
Mirzə
İbrahimovun yaradıcılığında dil məsələləri
aparıcı mövqedə olmuş, Azərbaycan dilinin estetik
gözəllikləri, məna dolğunluğu, tarixi kökləri
geniş şəkildə araşdırılmış, onun
elmi - publisistik məqalələrinin obyekti kimi həmişə
elmi ictimaiyyətin, geniş xalq kütləsinin maraq dairəsinə
çevrilmişdir. Nəticədə Mirzə İbrahimovun
dil məsələləri ilə bağlı
yazdığı elmi - publisistik məqalələri onun
dilçiliklə bağlı görüşlərini
yaratmış, dil məsələləri ilə əlaqəli
problemlərə aydınlıq gətirmişdir. O, doğma
ana dilimizə aid məqalələrini 1940-cı illərdən
başlayaraq yazmağa başlamışdır. Dillə
bağlı ilk məqalələrindən biri 1944-cü ilin
yanvar ayında yazdığı "Dil və ədəbiyyat
dərslərini nümunəvi təşkil edək" məqaləsidir.
Məqalədə dil və ədəbiyyat məsələsinə
dövlət məsələsi, xalqın mənəviyyat və
varlıq məsələsi kimi
yanaşılmışdır. Mirzə İbrahimov dil və ədəbiyyat
məsələlərinin, eləcə də xalqın mənəviyyat
və varlıq məsələlərinin həllində məktəbin
rolunu xüsusi olaraq qiymətləndirmişdir. Doğrudan da məktəb
minləri, milyonları əhatə edir, minlər, milyonlar məktəbdə
təhsil alır, ona görə də onların hər birinin
həyat və fəaliyyətindəki qüsur və
nöqsanlar həm də məktəbdəki qüsur və
nöqsanlarla bağlıdır. Əlbəttə, Mirzə
İbrahimov məktəbdə dil və ədəbiyyat müəllimlərinin
vəzifələrinin məsuliyyətli bir iş olduğunu nəzərə
çatdırmışdır ki, bu da bütün zamanlar
üçün, o cümlədən hazırda olduqca
aktualdır. O yazır: "Ədəbiyyat və dil müəllimləri
uşaqlara yaxşı və düzgün
danışmağı, öz fikirlərini sərbəst ifadə
etməyi öyrətməklə kifayətlənə bilməzlər.
Bu, onların vəzifələrinin balaca bir hissəsidir. Bu,
sözsüz və danışıqsız həyata
keçirilməsi lazım gələn bir şeydir". Mirzə
İbrahimova görə, dil öyrətmək dil və ədəbiyyat
müəllimlərindən ideya mücahidi olmağı tələb
edir. Vaxtilə Həsənbəy Zərdabi, Nəcəf bəy
Vəzirov, Əbdürrəhimbəy Haqverdiyev, Abdulla Şaiq,
Üzeyir Hacıbəyov belələrindən olmuş, öz
ideyalarının mücahidi kimi xalq arasında adları uca
tutulmuşdur.
Mirzə
İbrahimov dil və ədəbiyyat müəllimlərinin
uşaqlarda yazı vərdişlərinin formalaşmasında
görəcəkləri işlər barəsində də
olduqca orijinal fikir söyləyir ki, həmin fikir indi də
aktuallığını itirmir. Bu barədə onun söylədiyi
hər bir fikir nöqsanları aradan qaldırmaq
baxımından olduqca əhəmiyyətlidir. Məsələn,
"Məktəblərin çoxunda səliqəli,
yaraşıqlı xəttə fikir verilmir", "Müəllimlərin
əksəriyyətinin hüsnxət qaydalarından xəbəri
yoxdur; hərflərin ünsürləri və tənasübü
haqqında məlumatsızdırlar", "Yazı lövhələri
də didaktikanın tələblərinə cavab verə
bilmir". Yaxud: "Xəttin gözəlliyi, yazının səliqəli
və yaraşıqlı olması balaca məsələ
deyil. Bu, birinci sinifdən başlayaraq uşağı
nizam-intizama öyrədən tərbiyə vasitələrindən
biridir. Təəssüf ki, məktəblərimizin və
müəllimlərimizin çoxu bunu başa
düşmür". Bu məsələlər barəsində
Mirzə İbrahimovun yürütdüyü fikirlər onun
ayrı - ayrı məktəblərdə öz gözü ilə
gördüyü nöqsanlar kimi ümumiləşdirilmişdir.
H əmin nöqsanlardan biri də şagirdlərdə nitqin inkişafına diqqətin az olmasıdır. Bu məsələdə də Mirzə İbrahimov o qədər dəqiq fikir söyləmişdir ki, həmin fikir hazırda da diqqət tələb edən məsələlərdən biridir. O yazır: "Hərgah hələ də bəzi orta məktəblərimizi bitirən gənclər yaxşı danışa bilmirlərsə, (söhbət doğma ana dilindən gedir -B.X.) bu, biabırçılıqdır, bu bir azardır, tezliklə müalicə olunmalı bir azardır." Mirzə İbrahimov Azərbaycan xalqının dilinin, ədəbiyyatının müəllimi olmaqla yazır: "Ümumi nöqsanlarımızdan biri də şagirdlərdə nitqin inkişafına az fikir verilməsidir. Onlar hətta, bildikləri bir şeyi belə düzgün, möhkəm, yığcam, tutarlı və məntiqlə ifadə edə bilmirlər. Təsəvvür, təxəyyül, mühakimə qabiliyyəti uşaqlarda az inkişaf etdirilir. Onlara ədəbi-bədii danışıq vərdişi aşılanmır. Çox zaman yerli dialekt və şivənin mənfi cəhətləri ilə ardıcıl surətdə mübarizə aparmaq, şagirdləri bədii dilə alışdırmaq əvəzinə, ayrı - ayrı müəllimlər özləri yerli dialektin təsiri altına düşürlər".
Mirzə İbrahimov dil və ədəbiyyat dərslərində diqqəti cəlb edən nöqsanlardan biri kimi şagirdlərin yazı vərdişlərinin nöqsanlı olmasını da nəzərdən qaçırmamışdır. Bu məsələdə də onun fakta yanaşması, təhlili, müəllimlərin (dil və ədəbiyyat müəllimlərinin) görəcəkləri işlər barədəki fikirləri həmişə aktuallığını qorumaqdadır. Qeyd etmək lazımdır ki, indinin özündə də həm şagirdlərin, həm də tələbələrin yazı mədəniyyəti nöqsanlıdır. Məsələn, onlar fikirlərini sərbəst şəkildə ədəbi dilimizin qayda - qanunlarına uyğun yazmaqda, eləcə də ərizə, protokol, məktub (məktub yazmaq son dövrlərdə informasiya kommunikasiya texnologiyaları vasitələrinin inkişafı ilə bağlı olaraq öz əhəmiyyətini itirmişdir), inşa, imla, ifadə yazıları yazmaqda nöqsanlara yol verirlər. Mirzə İbrahimov bu barədə yazırdı: "Şagirdlərin yazı nitqləri çox nöqsanlıdır. Onlar ərizə, vəsiqə, elan, məktub yaza bilmirlər. Fikirlərini yazılı şəkildə çətin ifadə edir, plan və konspekt tutmaqda çətinlik çəkirlər. Bunun da səbəbi məktəblərimizdə yazı dərslərinin pis təşkil edilməsidir."
Əvvəlki dövrlərdə də, indi də sərbəst mövzuda inşa yazan, öz mühakiməsi əsasında ifadə yazıları yazan, eləcə də yoxlama imlalarını nöqsansız yazan şagirdlər azdır. Bunun əsas səbəblərindən biri şagirdlərin çoxunun mühakimə yürütmək, təhlil etmək qabiliyyətinin, faktlara, hadisələrə yaradıcı yanaşmaq bacarığının olmamasıdır. Təkcə faktları hazır şəkildə əldə etmək, onu əzbərləmək, mühakimə yürütmədən standart şəkildə inşa yazıları yazmaq yaradıcılıq işinə mənfi təsir göstərir. Məhz Mirzə İbrahimov bu istiqamətdə olan nöqsanları ümumiləşdirmiş və onları aradan qaldırmaq üçün dil, ədəbiyyat müəllimlərinin məsuliyyətini artırmağa çalışmışdır. O yazırdı: "Məktəblərimizdə çox zaman yazının ancaq imla növləri hakimdir. Bu yazı üslubundan sui - istifadə edilməsi şagirdlərin yaradıcılıq işini korlayır. Yaradıcılıq yazıları, plan üzrə inşalar, sərbəst mövzular taparaq onu istədiyi şəkildə ifadə etmək kimi üsullar işlənmir. Kitabı və ya başqa ədəbi - tənqidi bir əsəri oxuyub, onu öz mühakimə süzgəcindən keçirərək, möhkəm sübut və dəlillərlə müəyyən bir fikir yeridən şagirdlər hələ azdır".
Mirzə İbrahimov morfologiya və sintaksisin tədrisində uşaqlara anlamadan təriflərin əzbərlənməsini, eləcə də yazıçının əsərlərinin əsas xüsusiyyətlərinin aydınlaşdırılmasını, sinifdənxaric qiraətin yaxşı təşkil olunmasını, şagirdlərin söz ehtiyatının formalaşdırılmasına az fikir verilməsini, ifadəli, mənalı və təsirli bədii qiraətə az fikir verilməsini, mütaliə vərdişinin ehtiyaca çevrilməməsini aradan qaldırmaq üçün dil və ədəbiyyat müəllimlərinin vəzifələrini mükəmməl yerinə yetirməyi vacib saymışdır.
Mirzə İbrahimov təkcə dil və ədəbiyyat müəllimlərinin deyil, həm də orta və ali məktəbin ixtisasından asılı olmayaraq hər bir müəlliminin doğma ana dilini yüksək səviyyədə bilməsinə böyük əhəmiyyət vermişdir. O yazırdı: "İstər orta, istərsə də ali məktəb müəllimi öz ixtisasından asılı olmayaraq hər hansı bir dili, birinci növbədə, öz ana dilini mükəmməl surətdə bilməyə məcburdur".
Mirzə İbrahimov "Hansı adamları mədəni hesab etmək olar?"- sualına düzgün bir cavab da tapırdı. Hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatını (Füzulini, Vaqifi, Sabiri və s.), eləcə də dünya ədəbiyyatını (Puşkini, Tolstoyu, Şekspiri, Şilleri və s.) oxumamış adamı mədəni hesab etməmiş, bundan başqa, mədəni danışmağın yalnız dilçilərin, ədəbiyyatçıların deyil, müəllim olan hər bir kəsin işi olduğunu söyləmişdir. O, bu məsələ barədə belə yazırdı: "Məgər Füzulini, Vaqifi, Mirzə Fətəli Axundovu, Sabiri, Puşkini, Tolstoyu, Şekspiri, Şilleri oxumamış adamı mədəni adam hesab etmək olarmı? Belə bir şüurun nəticəsidir ki, siz nəinki orta məktəb müəllimləri, hətta ali məktəb müəllimləri içərisində mühazirələri birtəhər aparan, qırıq - kəsik cümlələrlə fikrini izah edən, doğru - düzgün yazıb danışa bilməyən adamlara rast gəlirsiniz". "Guya dili bilmək, zəngin, ahəngdar, mənalı danışmaq ədəbiyyatçıların işi imiş... Belə bir fikri irəli sürmək nadanlıqdan başqa bir şey deyildir". Bir sözlə, Mirzə İbrahimov "Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək" məqaləsində orta və ali məktəblərdə dil və ədəbiyyat müəllimlərinin görəcəkləri işləri bir - bir təhlil etmiş, onların müqəddəs borclarının nədən ibarət olduğunu peşəkar bir səviyyədə dil və ədəbiyyat müəllimlərinin nəzərinə çatdırmışdır.
Mirzə İbrahimov bütün həyat və yaradıcılığı dövründə doğma ana dili məsələsinə, bu dilin müxtəlif problemlərinə taleyüklü bir məsələ kimi yanaşmış, bu yolda qarşıya çıxan bütün çətinliklərə öz mübarizəsi ilə cavab vermişdir. Bunu onun dillə bağlı yazdığı hər bir məqaləsi, o cümlədən yazdığı əsərlərin dilinin şirinliyi, əlvanlığı, kamilliyi də təsdiq edir. Mirzə İbrahimovun dillə bağlı çoxlu sayda fikirləri vardır ki, onları yalnız yüksək təfəkkür qabiliyyəti olan görkəmli dilçilər söyləyə bilərlər: "Dil insan ağlının qüdrətli silahıdır, insan həyatının böyük neməti və tükənməz mədəniyyət xəzinəsidir". Yaxud: "Dil tam mənası ilə canlı bir orqanizmdir. O da insan kimi doğur, törəyir, inkişaf edir". Başqa bir misal: "Dil fikrin ən incə cizgilərini, qəlbin ən dərin ehtiraslarını ifadə edə bilər. Dil şüur və düşüncənin, həyəcan və iztirabların açarıdır. Dil, eyni zamanda, şəxsiyyətin qabiliyyət və qanacaq dərəcəsini bilidirən bir məhək daşıdır". Digər bir nümunə: "Söz dünyası, yəni dil sehrkar bir aləmdir. O, fikirlərlə doludur. Dil axar çay kimidir. Daima kamilləşir, artır, təzələnir, zənginləşir" və sair. Belə nümunələr Mirzə İbrahimovun yaradıcılığında yüzlərlədir. Onu da qeyd edək ki, Mirzə İbrahimovun dillə bağlı fikir və mülahizələri, mövqeyi hər birimizi, xüsusilə, ziyalılarımızı ədəbiyyatımızın, dilimizin keşiyində dayanmaq ruhunda tərbiyə edir. Zaman özü sübut etdi ki, Mirzə İbrahimovun dillə bağlı xidməti milli məfkurə sahiblərinin, ziyalıların, yazıçıların, şairlərin xidmətinə daha da güc verərək öz bəhrəsini verdi və bu xidmət əbədi olaraq Azərbaycan dilinin, bütövlükdə millətimizin qazancına çevrildi.
Buludxan XƏLİLOV,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.-
2012.-10 yanvar.- S. 7.