Masallı gəncləri qaynar həyat yaşayırlar

 

Gənclik gözəllik, coşqu, canatma və qələbə deməkdir. Bugünkü Azərbaycan gəncliyi cəmiyyətin ən fəal qanadını təşkil edir. Ölkəmizdə gənclər hərtərəfli qayğı ilə əhatə olunublar. Onlar dövlət quruculuğuna geniş cəlb edilir, vəzifələrə irəli çəkilir, etimadı doğrultmağa çalışırlar. Masallı rayonunda da bu sahədə yetərli uğurlar qazanılıb.

 

Rayona çatar-çatmaz şahidi olduğumuz abadlıq-quruculuq tədbirlərindən, yeniləşmə meyllərindən də gördük ki, gənclik hər şeydən öncə bu şəhərin ab-havasında, ruhunda qərarlaşıb. Hər guşəsi bir naxış olan küçə və meydanlarda daha çox gənclər dolaşırdı. Parkların "xatirə cığırları"nda gəzişən qocalar da həsrətlə gəncliyinə boylanır, iri gövdəli ağacların yanında boy göstərən fidanlar da inadla göyə dartınırdı. Möhtəşəm Olimpiya İdman Kompleksi, yenicə əsaslı təmir edilmiş Şahmat Məktəbi, tikilməkdə olan Gənclər Mərkəzi, internet-klublar və sair rayon mərkəzinin gənclik ünvanları kimi göz önündə sərgilənirdi. Elə şəhərin kənarında inşa olunmuş yeni, yaraşıqlı yaşayış evləri də həmin sıraya aid edilə bilər: axı, təzə evlərin əksərində gənc ailələr yaşamağa başlayır.

Gündüzlər qoynunda qələbəlik olan, axşamlar nur selində üzən, çevrəsinin gözəlliyinə yeni rəng qatan Masallı Olimpiya İdman Kompleksi zona, respublika və beynəlxalq miqyaslı yarışların, turnirlərin davamlı təşkil olunduğu gənclik məkanıdır. Ayrı-ayrı idman növləri üzrə Azərbaycanın yığma komandaları mötəbər yarışlar ərəfəsində burada həvəslə təlim-məşq toplanışları keçirirlər. Rayonun idmansevərləri futzal üzrə ölkə kubokunun burada keçirilmiş final oyununu, qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatının final mərhələsi yarışlarını böyük maraqla izləyiblər. Kompleksin bir üstün cəhəti də odur ki, rayon rəhbərliyinin köməkliyi sayəsində aztəminatlı ailələrdən olan perspektivli gənc idmançılar hər zaman təmənnasız olaraq burada məşq etmək, ustalıqlarını artırmaq imkanına malikdirlər. Yaradılan şəraitdən lazımınca bəhrələnən gənclər həm zərərli vərdişlərdən uzaq düşüb sağlam həyat tərzi keçirir, həm də müxtəlif birinciliklərdə Masallını və ölkəni layiqincə təmsil edərək ardıcıl qələbələr qazanırlar.

İndi Masallı Şahmat Məktəbi də rayonun diqqət çəkən ünvanlarından birinə çevrilib. İyirmi beş il əvvəl rayon təhsil şöbəsinin nəzdində yaradılmış bu iti zehin, dərin zəka oyunu mərkəzi gənclərdə məntiqi düşüncənin inkişafına, qələbə əzminin artmasına və bir çox mənəvi keyfiyyətlərin formalaşmasına xidmət edir. Məktəbin binası köhnəldiyi üçün təmirə ehtiyacı var idi. Məhz "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın yerinə yetirilməsi ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təşəbbüsü ilə bina bu yaxınlarda əsaslı şəkildə yenidən quruldu, qarşısına plitələr döşəndi, ətrafı abadlaşdırıldı.

Yeri gəlmişkən, rayonun gənc şahmatçılarının uğurları az deyil. Vaxtilə Eldar Məmmədov, Vasif Nəcəfov, İsmayıl Əzizov, Rəşad Bayramov, Elen və Odər İbrahimzadə qardaşları, əsrimizin əvvəllərindənsə Azər və Sücaət Orucov qardaşları, Həcər Heydərova, Məryəm İmaməliyeva, Maşallah Həşimov, Ziya Niftullayev ölkə və qitə yarışlarında fərqləniblər. Maraqlı fakt: inişil Azərbaycan birinciliyinin seçmə yarışlarında 7 yaşlı Həcər Heydərova fitri istedadını göstərərək 8 yaşlı qızlar arasında 7 görüşdən 6 qələbə ilə qalib olub. 5 yaşlı Gülçin Heydərova isə bu yarışda yalnız bacısı Həcərə uduzaraq 2-ci yerə sahib çıxıb. Özü də balaca Gülçin yarışda Həcərin uduzduğu şahmatçı ilə "duel"dən də qalib ayrılıb. Bundan başqa, həmin birincilikdə Masallı təmsilçisi Sücaət Orucov da fərqlənib. Yeniyetmə şahmatçı 9 görüşdən 9 xalla 1-ci yeri tutub.

Bir neçə ay öncə rayonda idmanın inkişafı və gənclərin asudə vaxtının təşkili ilə bağlı keçirilmiş şura iclasında da qeyd olunduğu kimi, Masallı şahmatçılarının ölkə və beynəlxalq miqyaslı yarışlarda uğurları davamlı səciyyə daşıyır. Eyni zamanda, digər idman növlərində də rayon təmsilçiləri yüksək qələbə əzmi nümayiş etdirir, medal, diplom və fəxri-fərmanlar qazanırlar. Buraya güləş, boks, sambo, cüdo, çoxnövçülük, futbol, voleybol, taekvando kimi idman növləri daxildir.

Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı:

-Rayonumuzda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərimizə yiyələnməsi, istedadlı gənclərin üzə çıxarılması, cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin tətbiqi, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların məşğulluğunun təmin edilməsi sahəsində xeyli işlər görülmüşdür. 2011-ci il ərzində "Cəsurlar" və "Şahin" hərbi idman və turizm oyunlarının, "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliklərinin yüksək səviyyədə keçirilməsi təmin olunmuşdur. Orta məktəblərdə əlaqədar təşkilatlarla birlikdə "Xəmsə" və "Məntiq - 2011" intellektual bilik yarışmaları üzrə rayon birinciliyi maraqla qarşılanmışdır. Habelə 2011-ci il ərzində yeniyetmə və gənclərin müasir informasiya əsrində kommunikasiya texnologiyaları sahəsində biliklərinin artırılmasına xidmət edən təlim kurslarının, yarışların, müsabiqələrin keçirilməsinə və onların bu sahədə biliklərə yiyələnməsinə yaxından köməklik göstərilmişdir. İstedadlı uşaqların bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə bütün məktəblərdə inşa, rəsm, yaradıcılıq müsabiqələrinin və festivalların keçirilməsi təmin edilmişdir. Bir qayda olaraq, bütün əlamətdar günlər və bayramlarla əlaqədar çeşidli idman növləri üzrə rayon birinciliklərinin təşkili artıq gözəl ənənə halı almışdır.

Təhsil şöbəsinin nəzdindəki Uşaq Gənclər İdman Məktəbində dörd bölmədə 85 qrup fəaliyyət göstərir. Məşqçi-müəllimlər 1010 şagird idmançının fiziki tərbiyəsi ilə məşğul olurlar. Hazırda yer darısqallığı problemi olsa da, təhsil ocaqlarının idman zallarından səmərəli istifadə etməyə çalışırıq. Gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə rayonda 1 şəhər, 14 kənd mədəniyyət evi, 28 kənd klubu, 75 kitabxana, Tarix-diyarşünaslıq, Heydər Əliyev muzeyləri, Dövlət rəsm qalereyası, 4 mədəniyyət və istirahət parkı, 26 turist obyekti və Uşaq İncəsənət məktəbi fəaliyyət göstərir. Hazırda rayonun klub və mədəniyyət evlərində 114 müxtəlif bədii özfəliyyət kollektivi mövcuddur ki, buraya 2615 nəfər yeniyetmə və gənc cəlb edilmişdir. Həmin kollektivlərdən ikisi xalq kollektivi adını daşıyır.Bunlar rayon mədəniyyət evinin dram kollektivi və Mahmudavar kənd mədəniyyət evinin "Halay" folklor xalq mahnı və rəqs ansamblıdır.

Əvvəlki illərə nisbətən idman sahəsində böyük irəliləyiş var. Bu il zona turnirləri və respublika birinciliklərindən idmançılarımız rayonumuza 21 qızıl, 23 gümüş, 13 bürünc medalla qayıtmışlar. İki məşqçi-müəllimimizə əməkdar məşqçi adı verilmişdir. Rayonumuzdan Türkanə Tahirli qızlar arasında taekvando üzrə respublika çempionatında 1-ci yerə, "Open" Beynəlxalq qran-pri turnirində isə ikinci yerə layiq görülmüşdür. Şəmkir rayonunda keçirilən gənclər arasında voleybol üzrə respublika birinciliyinin final mərhələsində komandamız ikinci yeri tutmuşdur. Son olaraq cüdo idman növü üzrə Avropa kuboku yarışlarında həmyerlimiz Hikmət Alışovun bürünc medal qazanması hər birimizi sevindirmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan futbolunun inkişafına dair Dövlət Proqramının (2005-2015-ci illər)" rayonumuzda həyata keçirilməsi ilə əlaqədar populyar idman növünün kiçik yaşlı uşaqlar, yeniyetmələr və gənclər arasında təbliği və inkişaf etdirilməsi üçün tədbirlər görülməkdədir. Belə ki, Ərkivan, Qəriblər, Türkoba və bir sıra digər kəndlərdə futbol və voleybol meydançaları bələdiyyələrin və sahibkarların köməkliyi ilə təmir olunaraq gənclərin istifadəsi üçün təhvil verilmişdir. Məktəblərin də əksərində mövcud idman meydançaları və qurğuları təmir edilmişdir. Görülən işlərə və əldə olunan uğurlara baxmayaraq, bu sahədə çətinliklər də mövcuddur. Belə ki, gənclər və idman idarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in 42 qrupunda 18 müəllim ümumilikdə 500-dən çox yeniyetmə və gəncə idmanın müxtəlif növlərinin sirlərini öyrətsə də, idarənin balansında idman zalları olmadığından qruplar icra hakimiyyətinin köməkliyi ilə müxtəlif məktəb və müəssisələrdə yerləşdirilib.

Avqust ayında rayonunun Boradigah qəsəbəsində yenicə istifadəyə verilmiş idman zalında sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında 6 rayondan olan komandaların iştirakı ilə keçirilən yarış da yaddaqalan olmuşdur. Yarışda qalib gələnlər Azərbaycan Güləş Federasiyasının diplomları, Masallı Rayon Gənclər və İdman İdarəsinin, sponsorların qiymətli hədiyyələri ilə təltif olunmuşlar.

Sentyabr ayında Masallı şəhər 3 saylı tam orta məktəbin idman zalında Azərbaycanın dövlət müstəqiliyinin 20 illiyinə həsr olunmuş taekvando üzrə yeniyetmələr və gənclər arasında açıq rayon birinciliyi keçirilmişdir. Yarışda Qaradağ, Gəncə, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Ağcabədi rayonlarından 200-ə yaxın idmançı iştirak etmişdir.

Masallı Rayon İcra Hakimiyyətində ali məktəblərə yeni qəbul olunmuş tələbələrlə keçirilən görüş də gənclərə qayğının təzahürüdür. İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeni məktəblərin tikintisi, maddi-texniki bazanın genişləndirilməsi barədə məlumat vermişdir. O demişdir ki, 238 nəfər Masallı məzunu müxtəlif ali məktəblərə daxil olmuşdur. Onlardan 39 nəfəri 500-dən yuxarı, 11 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Bu da əvvəlki ilin göstəricilərindən xeyli çoxdur. Digər natiqlər RİH tərəfindən yüksək balla tələbə adını qazanmış gənclərə təqaüdlərin verildiyini, təhsil sahəsində hər bir təşəbbüsə güclü dəstək göstərildiyini diqqətə çatdırmışlar. Yüksək balla tələbə adını qazanmış məzunlara Masallı RİH-nin fəxri-fərmanları və pul mükafatları təqdim olunmuşdur.

Hərbi-vətənpərvərlik tərbiyəsi üzrə də örnəklər az deyil. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2011-ci il tarixli sərəncamı ilə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş şəhid Kərimov Zülfü Habil oğlu ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Avqust ayında icra hakimiyyətində medalın təqdim olunması ilə bağlı keçirilən tədbirdə bildirilmişdir ki, milləti, Vətəni necə sevməyi milli qəhrəmanların, şəhidlərin nümunəsindən öyrənmək lazımdır. Azərbaycanın 210 Milli Qəhrəmanı, 20 mindən çox şəhidi var. Qoy, nəsillər onları tanısınlar, adları ilə fəxr etsinlər. Şəhid anası Fatimə Kərimova oğlunun "Vətən uğrunda" medalına layiq görülməsinə görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir. Zülfünün məhz vətən yolunda canından keçdiyi üçün onunla qürur duyduğunu fəxrlə bildirmişdir.

Qeyd olunduğu kimi, hazırda Masallıda gənclərin asudə vaxtının təşkilinə xidmət edəcək Gənclər Mərkəzinin tikintisi sürətlə davam edir. Burada müxtəlif maraq kursları, internet klub və kafeləri, kompyuter kursları fəaliyyət göstərəcək. Rəsmi tədbirlər, toplantılar üçün akt zalı, sərgi salonu da gənclərin istifadəsində olacaq. Peşə maraqları üzrə müxtəlif emalatxanalar, idman bölmələri də gənclərin həyatını canlandıracaq. "Karyera mərkəzi"nin xidmətlərindən istifadə edəcək gənclər mövcud iş yerləri, vakansiyalar barədə ətraflı məlumat alacaqlar. Bu işlərə yiyələnməyin prosedur qaydaları təlqin ediləcək.

Eyni zamanda, hazırda Masallı Boks Məktəbinin də inşasına başlanıb. Məşq və təlim toplantılarından ötrü bu mərkəzdə hər cür şərait yaradılacaq. Hər iki obyekt yeni ilin mart-aprel aylarında istifadəyə veriləcək.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 10 yanvar.- S. 7.