Azərbaycanda üzümçülüyün
inkişafının yeni mərhələsi
Azərbaycan üzümün
yetişdirilməsi və onun emalı ilə məşğul
olan qədim diyarlardan biridir. Ədəbi məlumatlara görə,
hələ eramızdan əvvəl X əsrdə Azərbaycanın
bir çox bölgələrində geniş üzüm
bağları mövcud idi. Üzümdən şərab,
doşab, abqora, mövüc, sirkə və s. məhsullar
hazırlanırdı. Üzümçülük indi də
ölkəmizdə aqrar-sənaye kompleksinin ən gəlirli
sahələrindəndir.
Vaxtilə
Azərbaycanda kənd təsərrüfatından əldə
edilən ümumi mənfəətin 30 faizi
üzümçülüyün payına
düşürdü. Keçən əsrin 80-ci illərində
üzümçülük iqtisadiyyatın aparıcı sahəsi
olan neft sənayesi ilə rəqabət apararaq dövlət
büdcəsinin formalaşmasında mühüm yer tuturdu.
Şamaxı, Cəlilabad, Ağdam, Füzuli, Xanlar, Qazax,
Tovuz, Şəmkir rayonlarının hər birində ildə
100 min tona qədər üzüm tədarük edilirdi.
Üzümçülüyün respublika iqtisadiyyatı
üçün böyük əhəmiyyətə malik
olduğunu yüksək qiymətləndirən ulu öndər
Heydər Əliyev 1970-ci ildən başlayaraq bu sahənin
inkişafına xüsusi diqqət və qayğı göstərirdi.
Ümummilli liderimizin şəxsi göstərişi ilə
respublikada üzümçülük və şərabçılıq
sahəsinin inkişafını idarə etmək və tənzimləmək
məqsədilə 1970-ci ildə respublika Dövlət
Üzümçülük və Şərabçılıq
Komitəsi, respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il
tarixli sərəncamı ilə isə Azərbaycan Elmi-Tədqiqat
Üzümçülük və Şərabçılıq
İnstitutu yaradıldı. 1977-ci ilin mart ayından fəaliyyətə
başlayan bu elmi-tədqiqat müəssisəsi
üzümçülüyün və şərabçılığın
elmi əsaslarla inkişaf etdirilməsində böyük rol
oynamışdır.
1984-cü
ildə Azərbaycanda üzümlüklərin ümumi sahəsi
280 min hektara çatdırılmış, həmin il ilk dəfə
olaraq 2,1 milyon ton üzüm istehsal edilmiş, hər hektardan
məhsuldarlıq 100 sentner olmuşdur. Hər il respublikada
ticarət təşkilatlarına 30 min ton, o cümlədən
Bakı şəhərinə 15-16 min ton süfrə
üzümü göndərilirdi. Respublikadan kənara isə
daha çox - 230-240 min ton süfrə üzümü ixrac
edilirdi. Əhalinin qış aylarında təzə
üzümlə təmin edilməsi üçün
üzümçülük təsərrüfatlarında hər
birinin tutumu 6 min ton olan 17 üzüm saxlayan soyuducu istifadəyə
verilmişdi.
Həmin
dövrdə şərabçılıq sənayesinin
inkişaf etdirilməsinə, istehsal olunan şərab məhsullarının
keyfiyyətinin yüksəldilməsinə və
çeşidinin genişləndirilməsinə dövlət
tərəfindən böyük diqqət yetirilirdi. Azərbaycanın
şərab və konyakları Macarıstana, Almaniyaya,
Bolqarıstana, Polşaya, Çexoslovakiyaya, Kuba və
Monqolustana ixrac olunurdu. Həmin illərdə Azərbaycanda
istehsal olunan şərablar yüksək keyfiyyət göstəricilərinə
görə beynəlxalq sərgilərdə 97 qızıl
medala layiq görülmüşdü.
Ümumiyyətlə, 80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasi, iqtisadi və təşkilatı tədbirlər sayəsində üzümçülük sahəsinin yüksək templə inkişafına nail olunmuş, emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, güclü kadr potensialı yaradılmışdır. Lakin keçmiş İttifaq rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında 1985-ci ildə qəbul etdiyi qərar respublikamızda üzümçülüyün inkişafına ciddi zərbə vurmuşdu. Bu qərəzli qərardan sonra Azərbaycanda 130 min hektardan çox məhsuldar üzüm bağı məhv edilmiş və uzun illər böyük zəhmət hesabına yaradılan infrastruktur dağıdılmışdır. Respublika iqtisadiyyatına o vaxtkı qiymətlərlə 630 milyon manat dəyərində ziyan dəymişdir. Digər tərəfdən, 90-cı illərin əvvəllərində ölkədə yaranmış bu sahənin inkişafına öz mənfi təsirini göstərmiş, istehsalçılarla istehlakçılar arasında ənənəvi münasibətlərin pozulmasına və nəticədə bir sıra üzümçülük-şərabçılıq müəssisələrinin fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur.
1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra üzümçülük-şərabçılıq sahəsinə diqqət yenidən artmağa başladı. Ulu öndərin məqsədyönlü siyasəti sayəsində ölkədə üzümçülük tədricən dirçəlməyə başladı. Azərbaycanın qədim üzümçülük zonaları olan Şamaxı, Cəlilabad rayonlarında və bir sıra başqa bölgələrdə yerli üzüm sortlarından ibarət yeni üzüm bağları salındı. Ümummilli lider Heydər Əliyev üzümçülük və şərabçılığı müstəqil Azərbaycan Respublikasında yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün onun hüquqi bazasının yaradılması məqsədilə 2002-ci ildə "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzaladı. Fərmanın qüvvəyə minməsindən sonra respublikada çoxsaylı özəl üzümçülük təsərrüfatları formalaşdı, yeni üzümlüklər salındı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafın (2004-2008-ci illər) Dövlət Proqramı" aqrar sahənin, o cümlədən üzümçülüyün inkişafı üçün geniş perspektivlər açmışdır. Üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" kimi mühüm sənədlər təsdiq edilmişdir. Bununla yanaşı, ölkə Prezitenti bölgələrə etdiyi səfərlərdə üzümçülüyün prioritet sahə olduğunu dəfələrlə qeyd etmiş və bu sahənin inkişafına xüsusi diqqət yetirmək zərurətini vurğulamışdır.
Ölkəmizdə aqrar sahə, o cümlədən üzümçülüklə bağlı qəbul edilən qanun və proqramlar artıq öz nəticəsini verməkdədir. Belə ki, 2010-cu ilin statistik məlumatlarına əsasən, Azərbaycanda üzümün əkin sahəsi ötən illərə nisbətən xeyli artaraq 15,4 min hektar, ishehsal həcmi isə 129,5 min ton olmuşdur. Hər il 100 hektarlarla müasir tipli üzüm bağları salınır.
Yeni qəbul olunmuş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" respublikamızda üzümçülük sahəsində dövlət siyasətini və strategiyasını formalaşdıracaq, tədbirlərin uğurla həyata keçirilməsini, müvafiq təşkilatların bu sahədəki işlərinin koordinasiyasını və sürətləndirilməsini təmin edəcəkdir. Qəbul olunmuş Dövlət Proqramı üzümçü mütəxəssislərin və üzümçülüklə məşğul olan sahibkarların sevincinə səbəb olmuş, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına əhəmiyyətli təsir etmişdir.
Dövlət Proqramında respublikamızda müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin inkişafını təmin etmək məqsədilə yeni üzümlüklərin salınması, süfrə və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, tinglik təsərrüfatlarının yaradılmasının və üzümçülük təsərrüfatları üçün əsas və köməkçi materialların istehsalının dəstəklənməsi, üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması, üzümçülüyün və şərabçılığın elmi təminatının və kadr potensialının gücləndirilməsi, üzüm istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, üzüm və şərabçılıq məhsullarının emalı müəssisələrinin fəaliyyətinin bərpası və yeni belə müəssisələrin yaradılmasının və üzüm məhsullarının "plantasiya-istehlakçı" sxemi ilə satışının stimullaşdırılması, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi məqsədi ilə anbar şəbəkələrinin və saxlama kameralarının tikintisinin dəstəklənməsi, üzüm və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin artırılması və ixracının stimullaşdırılması, üzüm və şərabçılıq məhsulları üzrə daxili bazarın haqsız rəqabətdən qorunması, üzüm və şərabçılıq məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi və onların istehsalı ilə bağlı sahələrin inkişafının dəstəklənməsi kimi vəzifələr müəyyənləşdirilmişdir. Bizcə, Azərbaycanda üzümçülük və şərabçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq və Dövlət Proqramını uğurla həyata keçirmək üçün əsas diqqəti aşağıdakı məsələlərə yönəltmək vacibdir.
Yeni üzümlüklərin salınması zamanı torpaqların düzgün seçilməsinə, üzüm sortlarının ərazinin torpaq-iqlim şəraitinə uyğun olub-olmamasına, tənəklərin su və qida maddələri ilə tam həcmdə təmin olunmasına diqqət yetirmək, üzümlüklərdə intensiv becərmə texnologiyalarını tətbiq etmək lazımdır. Üzümlüklərdə sort qarışığına yol verilməməsinə, bitkinin böyümə gücünə və məhsuldarlığına görə dayaq sisteminin seçilməsinə, kolun gücündən səmərəli istifadə edilməsinə də diqqət yetirilməlidir. Üzüm bağları salınarkən əkin materialının keyfiyyətini yoxlamaq lazımdir. Son zamanlar Fransa, İtaliya, Gürsüstan və digər ölkələrdən respublikamıza calaq üzüm əkin materialı (əsasən tinglər) gətirilir. Bu tinglərin bizim şəraitə uyğunlaşma prosesi çox ləng gedir, gözlənilən məhsuldarlığı əldə etmək mümkün olmur. Bundan başqa, üzümlüklərdə karantin xəstəliklərinin yayılması təhlükəsi yaranır. Gəncə-Qazax zonasında yayılmış bakterial xərçəng xəstəliyi buna misaldır. Odur ki, xaricdən gətirilən tinglər xüsusi laboratoriyalarda yoxlamadan keçirilməlidir. Bu işlər ciddi mütəxəssis nəzarəti altında olmalıdır.
Xaricdən ting gətirmək sahibkarlara olduqca baha başa gəlir. Respublikaya ilbəil xarici mənşəli tinglərin gətirilməsi yerli sortların sıxışdırılması ilə nəticələnir. Digər tərəfdən, çox vaxt virus xəstəliklərinin daşıyıcısı olan xarici əkin materialı yerli sortların həmin xəstəliklərə yoluxmasına təhlükə yaradır. Yaranmış problemi həll etmək üçün müasir texnologiyaların tətbiqini təmin edən avadanlıqla təchiz olunmuş calaq emalatxanalarının və əsasən rayonlaşdırılmış yerli üzüm sortlarından ibarət tinglik təsərrüfatlarının təşkil edilməsi vacibdir. Respublikanın torpaq-iqlim şəraitinə uyğun olan yerli üzüm sortlarından calaq edilmiş tinglərin istehsalını genişləndirmək və xarici mənşəli üzüm tinglərinin idxalının azalmasına və sort probleminin tənzimlənməsinə nail olmaq mümkündür. Hazırda Azərbaycan üzümçüləri bir sıra problemlərlə üzləşirlər. Bunlardan başlıcası əkin materialıdır. Yeni üzümlüklərin salındığı bir vaxtda respublikada ixtisaslaşmış tinglik təsərrüfatlarının olması vacibdir. "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndində göstərildiyi kimi, "calaqaltı və calaqüstü anaclıqların yaradılması üçün xəstəliklərə və zərərvericilərə davamlı əkin materialları müvafiq elmi-tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi-tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tingçilik təsərrüfatlarında istehsal olunur". Qanunun bu tələbinə riayət edərək, özəl üzümçülük təsərrüfatlarını yerli şəraitə uyğun olan, yüksək keyfiyyətli calaq üzüm əkin materialı ilə təmin etmək üçün AzETÜŞİ-nin əməkdaşları Abşeron rayonu ərazisindəki kolleksiya bağında tingçilik işinə başlamışlar. İnstitut alimlərinin müxtəlif calaqaltıların öyrənilməsi üzrə apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın torpaq-iqlim şəraitinə uyğun calaqaltı istehsal etmək üçün fillokseraya davamlı altı Amerika sortu seçilmişdir. Bu sortlardan calaqaltı anaclıqlar salmaqla yaxın iki-üç il müddətində calaq olunmuş əkin materialı istehsalına nail olmaq mümkündür.
Yeni salınacaq üzüm bağı üçün tələb olunan dəmir-beton və sinklənmiş məftilə olan tələbatın ödənilməsi də çox vacibdir. Üzümçülüyün inkişaf etdirildiyi illərdə dəmir-beton dirəklər istehsal edən çoxsaylı müəssisələr fəaliyyət göstərirdi. Hazırda dəmir-beton dayaqlara olan tələbatı nəzərə alaraq həmin müəssisələrin fəaliyyəti bərpa edilməlidir.
Ölkədə üzümçülüyün məqsədyönlü inkişafının təmin edilməsində üzüm sortlarından ibarət genofondun olduqca böyük əhəmiyyəti vardır. Üzümçülükdə genofond kolleksiyalar formasında yaradılır. Vaxtilə ölkəmizin müxtəlif regionlarında ampeloqrafik kolleksiya bağları mövcud idi. Hazırda kolleksiyaların əksəriyyəti baxımsızlıq ucbatından yox olmaq həddindədir. Vəziyyəti nəzərə alaraq institumuzun əməkdaşları Abşeron rayonu şəraitində Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş üzüm sortlarından 15 hektar sahədə kolleksiya bağı salmışlar. Kolleksiya bağında respublikanın üzüm genofondunun əsasını təşkil edən 320 yerli və introduksiya olunmuş süfrə və texniki istiqamətli üzüm sortları, fillokseraya davamlı Amerika mənşəli calaqaltılar, həmçinin yabanı üzümün xəstəlik-zərərvericilərə qarşı davamlı formaları becərilir.
Respublikada üzümün mildiu, oidium, salxım yarpaqbükəni, tor gənəciyi kimi xəstəlik və zərərvericiləri hər il üzümlüklərə külli miqdarda ziyan vurur. Mübarizə tədbirlərinin vaxtında aparılmaması məhsulun 80-90 faizinin məhv olması ilə nəticələnir. Ona görə də xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılmasına və mübarizə üçün ən səmərəli kimyəvi preparatların seçilməsinə xüsusi diqqət yetirilməlidir. Yaxşı olardı ki, bu işdə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun alimlərinin və mütəxəssislərin tövsiyələrindən istifadə edilsin. Zəhərli kimyəvi maddələrin tətbiqini azaltmaq üçün davamlı yeni seleksiya sortlarının yaradılmasına xüsusi diqqət verilməlidir. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda alimlərin səyi nəticəsində üzümün xəstəlik və zərərvericilərinə qarşı davamlı yeni seleksiya sortları yaradılmışdır. Bunlardan beynəlxalq prizlərə layiq görülmüş Azəri və Göygöl üzüm sortları xəstəlik və zərərvericilərə davamlı ən qiymətli sortlar kimi təsdiq edilmiş və rayonlaşdırılmışdır.
Aparılan elmi-tədqiqat işləri nəticəsində məlum olmuşdur ki, Azərbaycan şəraitində 1 hektardan yığılan 80 sentner üzüm məhsulu ilə torpaqdan 100 kq azot, 30 kq fosfor, 100 kq kalium, 100 kq kalsium, 60 kq maqnezium xaric olunur. Üzümün yaşıl orqanları da torpaqdan müəyyən qədər mineral maddələr çıxarırlar. Nəzərdə tutulan kimyəvi maddələrlə yanaşı yeni tərtib olunmuş torpaq texnoloji xəritələri əsasında üzvi gübrələrin və yaşıl sidratların verilməsi vacibdir.
Respublikaya mineral gübrələrin gətirilməsi üçün Aqrolizinqlərin fəaliyyəti daha da gücləndirilməlidir. Mövcud üzümlüklər və başqa kənd təsərrüfatı sahələrini üzvi və mineral gübrələrlə təmin etmək üçün istehsal müəssisələrinin bərpa edilməsinə və yeni texnologiya ilə təchiz olunmasına diqqət yetirilməlidir.
Üzümçülüyün yüksək səviyyədə inkişafına nail olmaq üçün onun ayrılmaz hissəsi olan şərabçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirmək lazımdır.
Respublika iqtisadiyyatının inkişafı üçün ekoloji cəhətdən təmiz və dünya bazarında rəqabətə cavab verə bilən keyfiyyətli şərab, konyak, şampan istehsalı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda istehsal olunan şərabçılıq məhsullarının keyfiyyətini beynəlxalq standartlara çatdırmaq, onların dünya bazarında layiqli yer tutmasına zəmin yaratmaq üçün zavodlar yeni texnoloji avadanlıqla təchiz olunmalıdır. Son illər qırmızı və ağ süfrə şərablarının istehsalına daxili və xarici bazarın tələbatı çox böyükdür. AzET Üzümçülük və Şərabçılıq İnstitutunda bu məqsədlə geniş tədqiqatlar aparılır. Aparılan hesablamalardan aydın olmuşdur ki, şərabın xammal kimi yox, son məhsul kimi satışı respublikaya iki dəfədən çox gəlir gətirir.
İstehsalatda tələb olunan spirt rektifikatın, köməkçi materialların və yeni avadanlıqların alınması və alkoqollu içkilərin ixracını artırmaq üçün xarici investorların bu işə cəlb olunması vacibdir. Artıq bir neçə ildir ki, Azərbaycanın şərabçılıq məhsulları bazarında bəzi neqativ hallar müşahidə edilir. Bunlardan başlıcası ölkəyə xaricdən keyfiyyətsiz alkoqollu içkilərin idxal edilməsidir. Daxili bazara yol tapmış mənşəyi məlum olmayan etil spirtindən hazırlanan araq və digər surroqatlar əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır. Belə bir şəraitdə daxili bazarın yerli istehsalçıların dəstəklənməsi yolu ilə tənzimlənməsi dövlətin bir nömrəli vəzifəsinə çevrilmişdir. Bununla əlaqədar olaraq ölkədə məqsədyönlü dövlət proqramları işlənib hazırlanmalı, qiymətqoyma, kreditvermə və vergiödəmə sistemləri təkmilləşdirilməli, lisenziya və sertifikatlaşdırma qaydalarına yenidən baxılmalıdır.
Xalqımızın milli sərvəti olan üzümçülük və şərabçılığın inkişaf etdirilməsi üzümçülük və şərabçılıq üzrə elmi kadrların hazırlanması və onların ixtisaslarının artırılması ümumdövlət və xalq mənafeyi baxımından mühüm əhəmiyyətli məsələlərdən biridir.
Azərbaycanın təbii-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilərək istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu isə öz növbəsində üzüm və şərabçılıq məhsullarının ixracının artırılmasına, idxalın əvəzləşdirilməsinə şərait yarada bilər.
Üzümçülük və şərabçılıq sahəsinin yüksək səviyyədə inkişaf etdirilməsinə nail olmaq üçün aşağıdakı məsələlər tezliklə öz həllini tapmalıdır:
- Xaricdən gətirilən tinglər, calaqaltı və calaqüstü materiallar sanitariya ekspertizasından keçirilməli, yerli şəraitə uyğunlaşması elmi əsaslarla öyrənilməlirdir. Gələcəkdə müxtəlif xəstəlik mənbələri olan əkin materiallarının respublika ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə alim və mütəxəssislərin bu işə cəlb edilməsi məqsədəuyğundur;
- laboratoriya şəraitində aparılmış tədqiqatların nəticəsi yarımistehsal qurğularında sınaqdan keçirilməli və müxtəlif texnoloji təlimatlar, normativ sənədlər və texniki şərtlərin parametrləri müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq elmi-tədqiqat işlərinin genişləndirilməsi üçün AzETÜŞİ-nin nəzdində eksperitmental təcrübə zavodunun yaradılması məqsədəmüvafiq olardı;
- respublikada peşəkarlardan ibarət müstəqil dequstasiya komissiyasının yaradılması və neytral laboratoriyanın təşkili, Azərbaycana idxal olunan, eləcə də ölkədə istehsal olunan şərabçılıq məhsullarının obyektiv qiymətləndirilməsi üçün çox vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2002-ci il tarixli 199 saylı qərarına əsasən şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydaları müəyyən olunmuşdur;
-AzETÜŞİ-də aparılan elmi-tədqiqat işlərini genişləndirmək üçün institutun laboratoriyaları qabaqcıl texnologiyaların tətbiq edilməsinə imkan verən müasir texnoloji avadanlıqla təchiz olunmalıdır. Laboratoriyalar yenidən qurulmalı, yüksək effektli foto və elektron kompyuter cihazları, reaktiv və avadanlıqlarla təchiz edilməlidir.
Bakıda və Azərbaycanın digər şəhərlərində şərab muzeylərinin yaradılması, üzümçülük və şərabçılığın tarixinə dair mühazirələrin oxunması, dequstasiya və sərgilərin təşkil olunması məqsədəuyğundur. Təbii üzüm şərablarının insan orqanizmi üçün faydası barədə təbliğat işlərinin aparılması, reklam kampaniyasının gücləndirilməsi də ölkədə şərab istehsalının artırılmasını sürətləndirərdi.
Üzümçülüyün və onun emal sənayesinin inkişaf etdirilməsi üçün özəl fermer təsərrüfatlarının və emal müəssisələrinin kreditləşməsinə köməklik etmək, aqrar bölmədə təhsil, elm və məsləhət, məhsulun keyfiyyətinə nəzarət və onların təhlükəsizliyi məsələləri həll olunmalıdır.
Respublikada üzümçülük və şərabçılığın müasir səviyyədə elmi əsaslarla inkişaf etdirilərək vahid pəncərə sisteminə keçirilməsi, daxili bazarın qorunması, xarici bazarın tələbatının öyrənilməsi, üzümçülük təsərrüfatları ilə emal müəssisələri arasında əlaqələrin qurulması üçün Kənd Təsərrüfatı Nazirliyininin tabeçiliyində departamentin yaradılması və Azərbaycan şərablarının reklamı və satışı ilə məşğul olan assosiasiya və şirkətlərin yaradılması məqsədəuyğundur. Azərbaycanda üzümçülük və şərabçılığı dirçəltmək üçün bir neçə siyasi xarakterli məsələlər dövlət səviyyəsində həll edilməlidir. Məlumdur ki, sovet dövründə Rusiyanın Moskva, Sankt-Peterburq, Şaxta, Kemerovo, İrkutsk, Bratsk, Rostov, Kazan və digər şəhərlərdə Azərbaycanın tabeliyində olan şərab zavodları Azərbaycanın vəsaiti hesabına tikilmişdi və respublikadan göndərilən xammal hesabına fəaliyyət göstərirdi. Xammal çatışmadığına görə həmin zavodlar bu gün demək olar ki, fəaliyyətsizdir. Dövlətlərarası saziş bağlayaraq bu zavodların hüquqi statusunu müəyyənləşdirməklə müştərək müəssisələr yaradıb xarici ölkələrdə Azərbaycan şərablarının sərbəst satışını təşkil etmək çox vacibdir.
Bazar iqtisadiyyatı şəraitində yüksək keyfiyyətli şərabların istehsalı ilə yanaşı, alkoqolsuz məhsulların istehsalına xüsusi əhəmiyyət verilməlidir. Respublikada qurudulmuş üzüm istehsalı üçün bütün imkan və şərait vardır. Özəl təsərrüfatlarda yüksək gəlir əldə etmək üçün kişmiş, mövüc, şirə, şərbət, bəhməz, mürəbbə, kompot, abqora, marinad və s. məhsulların istehsalı xalqımızın milli mentalitetinə uyğun olaraq istehlak tələbatının ödənilməsinə şərait yaradar. Əhalinin təzə üzümə olan tələbatını ödəmək məqsədilə ən tez və ən gec yetişən üzüm sortlarından ibarət yeni üzüm bağlarının salınması, saxlama kameralarının tikilməsi məqsədə müvafıqdir. Ətraf mühitin ekstremal şəraitinə davamlı və yüksək keyfiyyətli sabit məhsul alınmasını təmin edən yeni texniki və süfrə üzüm sortları yaradılmalı və istehsalata tətbiq edilməlidir. Sortun bioloji xüsusiyyətləri və zonaların torpaq-iqlim şəraiti nəzərə alınmaqla üzümün optimal becərmə texnologiyası xəstəlik və zərərvericilərdən səmərəli mühafizə sistemi işlənib hazırlanmalıdır;
Dünya bazarının tələbatına cavab verən yeni markalı yüksək keyfiyyətli şampan, konyak, kaqor, nektar tipli və qırmızı süfrə şərablarının texnologiyası işlənib hazırlanmalı, zonalar üzrə üzümün üzvi və mineral gübrələrə olan tələbatı müəyyənləşdirilməlidir.
Üzümün uzun müddət səmərəli saxlanması və qurudulması texnologiyası işlənib hazırlanmalıdır. Yuxarıda qeyd edilən məsələlərin əksəriyyəti Dövlət Proqramında əksini tapmışdır. Dövlət Proqramının məqsəd və vəzifələri üzümçülük və onun emal sənayesinin qarşısında duran elmi, təcrübi, iqtisadi, institusional və təşkilatı problem və istiqamətləri tam əhatə etdiyindən heç şübhəsiz, ölkədə üzümçülüyün inkişafını stimullaşdıracaqdır.
Ümidvarıq ki, Dövlət Proqramı üzümçülük və şərabçılıq sahəsinin sürətli inkişafına təkan verəcək, üzümün genetik ehtiyatlarının qorunması, toplanılması, səmərəli istifadəsi və əsasən qiymətli yerli üzüm sortlarından əkin materialı istehsal edən tinglik təsərrüfatlarının yaradılması kimi təxirəsalınmaz tədbirləri də ön plana çəkəcəkdir. Bununla yanaşı, Dövlət Proqramının uğurlu icrasının nəticəsində əhalinin təzə və quru üzümə, o cümlədən digər üzüm və şərabçılıq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödəniləcək, yeni üzümçülük təsərrüfatlarının, üzümün emalı, o cümlədən əsas və köməkçi materiallar istehsal edən müəssisələrin yaradılması nəticəsində yeni iş yerləri açılacaq, respublika əhalisinin, xüsusilə də kənd əhalisinin iqtisadi vəziyyəti daha da yaxşılaşacaqdır. Proqramda nəzərdə tutulan "tingçilik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi" vəzifəsinin həyata keçirilməsi nəticəsində yerli ting istehsalına nail olunması milli valyutanın xaricə axınının qarşısını alacaq, ekoloji üzümçülüyün inkişafına təkan verəcək və yerli üzüm genofondunun artırılmasına şərait yaradacaq. Ümumiyyətlə, "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafında mühüm mərhələ olacaqdır.
Tariyel PƏNAHOV,
Azərbaycan Elmi-Tədqiqat
Üzümçülük və
Şərabçılıq İnstitutunun
direktoru, texnika elmləri üzrə
fəlsəfə
doktoru, Beynəlxalq
Üzümçülük və
Şərabçılıq
Akademiyasının həqiqi üzvü
Xalq qəzeti.- 2012.- 10 yanvar.- S. 7.