Neft strategiyası Azərbaycanın iqtisadi qüdrətini artırır

 

Ötən ilin əvvəllərindən həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı davam etmiş, ölkəmiz regionda lider mövqeyini qoruyub saxlamışdır. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji və nəqliyyat layihələrinin fəal iştirakçısına çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası daha da sürətlənmiş, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamışdır. Bütövlükdə isə 2011-ci ildə tarixi müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası ötən dövr ərzində böyük inkişaf yolu keçmiş, sosial-iqtisadi həyatın bütün sahələrində yüksək nailiyyətlər əldə etmişdir.

 

Azərbaycan Respublikasının iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil artmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının müstəsna rolu olmuşdur. Təsadüfi deyil ki, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 7 ölkəsini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi"nin imzalanmasına həsr olunmuş mərasimdə ümummilli liderimiz Heydər Əliyev demişdir: " Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq".

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu teni neft strategiyasının düzgünlüyünə tam əmin olan transmilli şirkətlər Azərbaycanın karbohidrogen ehtiyatları ilə zənginliyini, habelə ictimai-siyasi sabitliyi nəzərə alaraq ölkəmizin neft sənayesinə investisiya yatırmağı qətiləşdirdilər. "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın qapıları xarici sərmayədarların üzünə açıq elan olundu, ölkəmizə sərmayə axını ilbəil artdı. Təkcə onu demək kifayətdir ki, 1994-2010-cu illər ərzində ölkəmizin neft-qaz sektoruna 40 milyard dollara yaxın sərmayə yönəldilmişdir. Bunun da nəticəsində ölkəmizin neft sənayesinin infrastruktur imkanları xeyli dərəcədə artdı, Azərbaycan dünyanın potensial neftqaz ixrac edən dövlətinə çevrildi.

Azərbaycanda neftin sənaye üsulu ilə çıxarılmasına başlandığı vaxtdan 160 ildən artıq müddət ötsə də, ehtiyatlar hələ tükənməyib. Belə ki, mütəxəssislərin qənaətinə görə, ölkəmizin təsdiq olunmuş karbohidrogen ehtiyatları şərti yanacaqla 4,2 milyard ton, proqnoz karbohidrogen resusları isə 10 milyard ton həcmindədir. Bu da xarici neft şirkətlərinin ölkəmizin neft-qaz sektoruna marağını getdikcə artırır. Elə ötən illər ərzində ölkəmizin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsinə dair hasilatın pay bölgüsü tipli 33 saziş imzalanması da məhz bu artan marağın nəticəsidir.

"Əsrin müqaviləsi" çərçivəsində həyata keçirilən iri miqyaslı tikinti-quraşdırma işləri nəticəsində Azərbaycanın neft sənayesinin infrastruktur imkanları xeyli artmış, Xəzər dənizində dünya standartlarına cavab verən 5 hasilat və 2 texniki-təchizat platforması inşa edilərək istismara verilmişdir. Bundan əlavə, xam neftin sahilə nəqlini təmin etmək məqsədilə sualtı boru kəmərləri çəkilmiş, Səngəçal terminalı genişləndirilmişdir. 2005-ci ilin fevral ayında "Azəri" yatağının mərkəzi hissəsinin istismara daxil edilməsi ilə ölkəmizdə böyük neft hasilatına başlanılmışdır. Ölkəmizdə neftin və qazın hasilatı sahəsində ilbəil rekord göstəricilər əldə olunur. Məlumat üçün bildiririk ki, "Əsrin müqaviləsi" çərçivəsində ilkin neftin hasil olunduğu 1997-ci ilin noyabr ayından ölkə üzrə neft istehsalı sürətlə inkişaf etmiş, təxminən 5,6 dəfə artaraq 9 milyon tondan 2010-cu ildə 50,7 milyon tona çatmışdır. Ötən ilin yanvar-noyabr aylarında ölkəmizdə neft hasilatı 42 milyon 205,8 min ton təşkil etmişdir. Bütövlükdə isə 1997-ci ildən indiyədək "Əsrin müqaviləsi" çərçivəsində təqribən 270 milyon ton neft hasil olunmuşdur.

İndi Azərbaycan özünün neft ehtiyatlarını dünya bazarına çıxarmaq üçün alternativ ixrac marşrutlarından istifadə edir. İlk illərdə Azərbaycan nefti Bakı-Novorosiysk və Bakı-Supsa kəmərləri ilə dünya bazarına çıxarılsa da, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istifadəyə verildikdən sonra neft ixracının həcmi kəskin şəkildə artdı. Yeri gəlmişkən, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin ideyası ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Kəmərin təməli 2002-ci il sentyabr ayının 18-də ulu öndər Heydər Əliyevin iştirakı və xeyir-duası ilə qoyulmuşdur. 2005-ci il may ayının 25-də ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin iştirakı ilə Səngəçal terminalında kəmərə ilk neftin vurulmasına başlanılmışdır. Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri isə iqtisadi səmərəsinə və rentabelliyinə görə daha çox seçilir, indi Azərbaycan neftinin əksər hissəsi məhz bu kəmərlə ixrac olunur. Təkcə onu demək kifayətdir ki, 2006-cı ilin iyul ayında istismara verilən kəmərlə ötən ilin üçüncü rübünün sonunadək 172 milyon ton xam neft Ceyhanda1660 tankerlə dünya bazarına çıxarılmışdır.

Burada bir məqama diqqət yetirmək zərurəti yaranır. Vaxtilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti işləmiş İlham Əliyevin dediyi kimi, neft bizim üçün məqsəd deyil, ölkəmizin qarşıya qoyduğu məqsədlərə çatması üçün bir vasitə rolunu oynadı. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı təmin olundu, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün geniş imkanlar yarandı. Ümummilli liderimiz Heydər Əliyevin 12 il əvvəl təsis etdiyi Azərbaycan Respublikasının Dövlət Neft Fondu ölkəmizin karbohidrogen ehtiyatlarından əldə olunan gəlirlərin bugünkü və gələcək nəsillərin firavanlığının təminatına yönəldilməsi qərara alındı. Yeri gəlmişkən, ötən illər ərzində Dövlət Neft Fonduna 64 milyard dollar vəsait daxil olmuşdur. Həmin vəsaitin 30 milyard dolları bir sıra ümummilli layihələrin reallaşdırılmasına, eləcə də xalqın həyat səviyyəsinin yüksəldilməsinə sərf olunmuşdur. Belə ki, ötən illər ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasına Dövlət Neft Fondundan 21 milyard manat vəsait transfer edilmişdir. Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin payının maliyyələşdirilməsi üçün adı çəkilən fonddan 250 milyon dollar vəsait ayrılmışdır. Azərbaycanın su sektorunun inkişaf etdirilməsi məqsədilə də fondun vəsaiti hesabına mühüm layihələr reallaşdırılmışdır. Elə bir il əvvəl istifadəyə verilmiş Oğuz-Qəbələ-Bakı su kəməri də məhz Azərbaycanın neft strategiyasının təntənəsi idi. Xatırladaq ki, adı çəkilən layihənin maliyyələşdirilməsi üçün Neft Fondundan 755 milyon manat vəsait xərclənmişdir. Hazırda reallaşmaqda olan Samur-Abşeron kanalı layihəsi də fondun vəsaiti hesabına maliyyələşdirlir. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üçün Dövlət Neft Fondundan 700 milyon manata qədər vəsait ayrılmışdır. Həmçinin ölkəmizdə məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması da Dövlət Neft Fondundan ayrılmış 1 milyard manat vəsait hesabına başa gəlmişdir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin ötən ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu vacib məqama toxunan Prezident İlham Əliyev demişdir: "Əldə olunan bütün gəlirlər şəffaf şəkildə qorunur, saxlanılır, idarə olunurindiki mərhələdə ölkəmizin inkişafı ilə bağlı layihələrə yönəldilir. Gələcək mərhələdə, növbəti ildən başlayaraq maliyyə resurlarımızı şaxələndirmək üçün biz bu vəsaitdən müxtəlif ölkələrdə müxtəlif layihələrə investisiya şəklində də istifadə edəcəyik". Göründüyü kimi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla reallaşdırılması ölkəmizin maliyyyə imkanlarının xeyli genişlənməsinə səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, Azərbaycan artıq investisiya cəlb edən ölkədən investisiya yönəldən dövlətə çevrilmişdir. Azərbaycanın qardaş Türkiyə, Gürcüstan və digər ölkələrdə reallaşdırdığı iri infrastruktur layihələri də dövlətimizin iqtisadi qüdrətinin əyani təcəssümüdür.

Yeni neft strategiyasının uğurları ölkə iqtisadiyyatının strukturunun dəyişməsinə imkan yaratmışdır. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Artıq neftdən əldə olunan gəlirlər iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına yönəldilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf dinamikası getdikcə artır. Təkcə onu demək kifayətdir ki, ötən ilin doqquz ayı ərzində ölkə üzrə ümumi daxili məhsul istehsalı 0,5 faiz artsa da, qeyr-neft iqtisadiyyatında bu rəqəm 8,2 faiz təşkil etmişdir. Hesabat dövründə ölkənin qeyri-neft sənayesində isə 9,2 faizlik artım qeydə alınmışdır. Göründüyü kimi, artıq keçid iqtisadiyyatını uğurla başa vurmuş Azərbaycan üçün indi əsas prioritet istiqamət iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdan, qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdən ibarətdir.

Bir neçə il əvvəl Azərbaycan iri neft həcmlərinin dünya bazarına çıxarılması üçün alternativ ixrac marşrutlarına nail olmaqla neft ixrac edən dövlətlərin sırasına qoşulmuş, dünya ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verməyə başlamışdır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan enerji təhlükəsizliyi məsələlərinə nail olmuşbu gün başqa ölkələrin enerji təhlükəsizliyi üçün fəaliyyət göstərir. Bu, ölkəmizə həm siyasi, həm də iqtisadi dividentlər gətirir, bizim üçün yeni imkanlar açır. Təsadüfi deyil ki, Xəzərin enerji resurslarına, Azərbaycanın karbohidrogen ehtiyatlarına beynəlxalq maraq getdikcə güclənir. İndi ölkəmiz bir çox enerji layihələrinin mərkəzinə çevrilməklə, həm də regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfələr verir.

Azərbaycanın regional mövqeyinin getdikcə artmasının bir mühüm səbəbi də ölkənin malik olduğu zəngin qaz potensialıdır. Dünyada təbii qaza olan tələbatın xüsusilə yüksəldiyi son illərdə Azərbaycan özünü beynəlxalq birliyə etibarlı qaz istehsalçısı və ixracatçısı kimi təqdim edə bilmişdir. 2004-2010 cu illərdə ölkə üzrə qaz hasilatı 5,2 dəfə artırılaraq 5 milyard kubmetrdən 26,3 milyard kubmetrə çatdırılmışdır. 2011-ci ildə isə Azərbaycanda qaz hasilatı 27,9 milyard kubmetrə çatdırılmışdır. Yeri gəlmişkən, ölkəmizdə böyük qaz hasilatının əsası isə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməyə daxil edilməsi ilə qoyulmuşdur. 2006-cı ilin sonlarında "Şahdəniz"yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasilata başlanıldığı gündən indiyədək yataqdan 31,7 milyard kubmetrə yaxın təbii qaz və 8,5 milyon tondan çox kondensat çıxarılmışdır. Artıq beş ilə yaxındır ki, Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan və digər Şərqi Avropa ölkələrinə qaz ixrac edir. Yeri gəlmişkən, indi Azərbaycan çoxşaxəli enerji və nəqliyyat infrastrukturuna malikdir. Artıq ölkəmizin karbohidrogen ehtiyatları yeddi neftqaz kəməri ilə müxtəlif istiqamətlər üzrə Avropadünya bazarlarına çatdırılır.

Hazırda "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasilata başlamaq istiqamətində mühüm tədbirlər həyata keçirilir. Məlum olduğu kimi, bu mərhələ çərçivəsində il ərzində 16 milyard kubmetr "mavi yanacağın" hasilatı nəzərdə tutulur. Xatırladaq ki, bu, hazırda dünyaAvropa ölkələrinin təbii qaza getdikcə artmaqda olan tələbatın ödənilməsində mühüm amil rolunu oynayır. Məhz buna görədir ki, indiyədək "Şahdəniz" qazının alınması ilə bağlı Azərbaycana 20-dək xarici şirkət müraciət etmişdir. Son zamanlar Azərbaycanda yeni qaz yataqlarının kəşfi isə ölkəmizin təbii qazla zəngin bir ölkə olduğunu bir daha təsdiq edir. İndi Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Bu isə hazırda dünya miqyasında olduqca yüksək rəqəmdir və ölkəmizin zəngin potensialını əks etdirir. "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində, eləcə də "Ümid" və "Abşeron" yataqlarından hasil olunacaq qaz ehtiyatları isə öz növbəsində Azərbaycanın gələcək iqtisadi inkişafının təminatına, ölkəmizin ixrac imkanlarının daha da artmasına səbəb olacaqdır. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev demişdir: "Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəli aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz, şübhəsiz, daha da artacaqdır". Yeri gəlmişkən, Azərbaycanın qaz bazarına beynəlxalq marağın getdikcə artması tranzit məsələsini getdikcə aktuallaşdırır. Tranzit məsələsinin həlli isə öz növbəsində Azərbaycan qazının satışı üçün yeni bazarların aşkara çıxarılmasını təmin edəcəkdir.

Yeri gəlmişkən, Azərbaycanın neft strategiyası çərçivəsində həyata keçiriləcək tədbirlər nəticəsində 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyard kubmetrə şatdırılacağı gözlənilir. Bu isə ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına səbəb olacaq.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 10 yanvar.- S. 1.