XXI əsrin
geosiyasəti: əsas trendlər və geosiyasi perspektivlər
"Geosiyasət"
termini artıq 100 ildən çoxdur ki, mövcuddur. Əslində,
geosiyasət ölkə siyasətinin (əsasən xarici siyasətin)
coğrafi amillərə əsasən müəyyənləşdirilməsini
nəzərdə tutan siyasi konsepsiyadır.
Elm kimi geosiyasət nəyi və
necə öyrənir: yanaşmalar və mülahizələr
Son
onilliklər ərzində dünya çoxqütblü və
çoxşaxəli, qlobal dünya siyasəti çoxsahəli
olduğu kimi, geosiyasət də mürəkkəb və
çoxşaxəli bir elm sahəsinə çevrilib.
Müasir geosiyasət hadisələrin inkişafını
ayrı-ayrı ölkələrin və blokların
maraqlarını əks etdirən qlobal, regional, subregional və
ölkədaxili səviyyələrdə təhlil edir. Yeni
şəraitin təsiri ilə dünya daim dəyişir. Yeni
elementlər coğrafi amilləri ləğv etmir, əksinə,
onlara qoşularaq müasir dünyanın geosiyasi modelini
formalaşdırır.
Elm kimi geosiyasətin tarixi və taleyi paradoksaldır. Bir tərəfdən,
o, adi məhfuma çevrilib və müasir siyasətdə
çox geniş istifadə olunur. Geosiyasi
jurnallar və institutların sayı artır. Bu elm sahəsinin yaradıcılarının əsərləri
təkrar-təkrar nəşr olunur, yeni kitablar və dərs
vəsaitləri işıq üzü görür, konfranslar,
simpoziumlar keçirilir, elmi assosiasiyalar yaradılır.
Bununla belə, geosiyasət hələ də qəbul
olunmuş şərti elmlər sırasına çıxa
bilməyib. Alman Ratsel, isveçli Çellen və xüsusən
də ingilis Makinderin geosiyasət haqqında ilk əsərləri
elmi ictimaiyyət tərəfindən son dərəcədə
pis qarşılanıb. Erkən pozitivizmin
hipertənqidi ruhunu mənimsəmiş klassik elm geosiyasətin
həddən artıq ümumiləşdirməyə meyilli
olduğunu əsas gətirərək, onun sadəcə
"şarlatanlığ"ın bir növü olduğunu
iddia edirdi.
Elm kimi geosiyasətin acı taleyi müəyyən
baxımdan problemin siyasi tərəfi ilə əlaqəli
olub. Təsdiq
olunub ki, Üçüncü Reyxin hərbi cinayətləri,
işğalçılıq siyasəti, müharibələr,
deportasiyalar və s. nəzəri baxımdan, əhəmiyyətli
dərəcədə alman geosiyasətçilər tərəfindən
hazırlanıb. Guya onlar Hitler rejimini psevdoelmi
baza ilə təmin ediblər (burada bir vaxtlar Fürerə
kifayət qədər yaxın olan alman geosiyasətçisi
Karl Haushofer nəzərdə tutulurdu).
Bununla belə, nəzəri baxımdan alman geosiyasəti
anqlo-sakson (Makinder, Mehen, Spaykmen), fransız (Vidal dö la
Blaş) geosiyasətindən, həmçinin, rus "hərbi
coğrafiyası"ndan (Milyutin, Snesarev) heç nə ilə
fərqlənmirdi. Burada fərq bu elm sahəsinə tamamilə
adekvat və məntiqi cəhətdən uyğun olan
Haushoferin xüsusi baxışlarında deyil, geosiyasi müddəaların
həyata keçirilmə üsullarında idi. Bundan başqa, Almaniyanın 1930-40-cı illər
üçün beynəlxalq siyasəti Haushoferin ideyaları
ilə kəskin ziddiyyət təşkil edirdi. Berlin-Moskva-Tokio oxu üzrə "kontinental blok"
əvəzinə SSRİ-yə hücum, Lebensraum doktrinası
- "həyat məkanı" konsepsiyasının
(Şmittin "xalqların hüquqları" nəzəriyyəsi
üslubunda) orqanisistik nöqteyi-nəzərdən izahı əvəzinə
isə vulqar millətçilik və imperializm. Bunu da deyək ki, Haushofer məktəbi və onun
"Zeitschrift für Geopolitik" jurnalı heç vaxt rəsmi
nasist sisteminin ünsürləri olmayıb. "Mühafizəkar inqilabçılar" adlanan
digər intellektual qrupları kimi, bu məktəb də,
Üçüncü Reyxdə ikimənalı həyat
sürürdülər. Onlara sadəcə
dözürdülər, həm də bu dözüm mövcud
siyasi şəraitə uyğun dəyişirdi. Bununla belə, geosiyasətin tarixən
sıxışdırılmasının başlıca səbəbi,
onun beynəlxalq siyasətin əsas mexanizmlərini
açıq şəkildə göstərməsi olub. Halbuki, müxtəlif rejimlər çox vaxt bunu
üstüörtülü bəyanatlar və abstrakt ideoloji
sxemlərin arxasında gizlətməyə
çalışıb. Bu baxımdan
marksizmlə (sırf elmi, analitik hissəsi ilə) paralellər
aparmaq olar. Marks istehsal münasibətlərinin
əsl mahiyyətini və onların tarixi formasiyalarla əlaqələrini
üzə çıxardığı kimi, geosiyasət də
xarici siyasət diskursunun tarixi rolunu aşkara çıxararaq
beynəlxalq, dövlətlər və millətlərarası
münasibətlərə təsir göstərən real
tarixi vasitələri nümayiş etdirir. Bununla belə, əgər marksizm klassik iqtisadi tarixin
təkrar gözdən keçirilməsidirsə, geosiyasət
beynəlxalq münasibətlər tarixinin yenidən
baxılmasını nəzərdə tutur. Sonuncu mülahizə isə, cəmiyyyətin geosiyasətçi-alimlərə
qarşı ikili münasibətlərini izah etmiş olur.
Elmi cəmiyyət onlara sərt tənqidlə
yanaşaraq, inadla öz sıralarına buraxmaq istəmir.
Hökumət dairələri isə əksinə,
beynəlxalq strategiyanın hazırlanmasında geosiyasi
hesablamalardan fəal istifadə edirlər. İlk
geosiyasətçilərdən biri olan, bu elm sahəsinin
yaradıcısı ser Helford Makinder də bununla
rastlaşıb. Onun ideyaları elmi dairələrdə
qəbul olunmasa da, Makinder XX əsrin birinci yarısında
İngiltərə siyasətinin formalaşmasında bilavasitə
iştirak edib. Onun əsasını qoyduğu
İngiltərənin beynəlxalq strategiyasının nəzəri
əsasları əsrin ortalarında ABŞ tərəfindən
mənimsənildi və sonradan Makinderin ABŞ-dan olan (daha
geniş mənada, atlantist) davamçıları tərəfindən
inkişaf etdirildi. Fikrimizcə, marksizmlə
aparılan paralellər uğurlu alınıb. Hər hansı bir üsul müxtəlif qütblər
tərəfindən mənimsənilə bilər.
Məsələn, marksist təhlili həm kapital
nümayəndələri, həm də azad əmək
uğrunda mübarizə aparanlar üçün eyni dərəcədə
əhəmiyyətlidir. Geosiyasət də həmçinin: nəhəng imperiya
nümayəndələri bu elmdən ərazini əldə
saxlamaq və işğalçılıq siyasəti həyata
keçirmək üsullarını öyrənirsə,
onların əleyhdarları burada, "milli azadlıq"
inqilabi nəzəriyyəsinin konseptual prinsiplərini
tapırlar. Misal üçün, Mərkəzi
Avropa ölkələrinin zəifləməsi və
Almaniyanın tabe edilməsi məqsədini güdən Versal
sülh müqaviləsi Makinder geosiyasi məktəbinin nailiyyətlərindən
biri hesab olunur. Makinder məktəbinin alman
nümayəndəsi K.Haushofer isə eyni zəminə əsaslanaraq
"Avropanın azadlığı" ideyasına tam zidd olan
nəzəriyyə irəli sürdü. Bu,
Versal qərarlarına tam əks olan və yaranmaqda olan
milli-sosialist ideologiyasının əsasını təşkil
edən bir nəzəriyyə idi.
Beləliklə, son mülahizələr göstərir
ki, geosiyasət klassik elmlər sırasına qəbul olunmasa
da, praktiki cəhətdən çox səmərəli təsirə
malikdir. Onun əhəmiyyəti isə, müəyyən
baxımdan hətta bir çox şərti elmləri də
üstələyir. Bütün bunlara
baxmayaraq, hazırda geosiyasət elmi tədricən özünə
müvafiq status qazanmaqdadır. Lakin bu proses də asan
başa gəlmir. Belə ki, termin qeyri-peşəkarlar
tərəfindən geniş istifadə olunduqca, biz hər
addımda "geosiyasət" məfhumunun dəyişik mənaları
ilə rastlaşırıq. Artıq əsas
diqqət bu elmin yaradıcılarının inkişaf etdirdikləri
tam və qlobal mənzərədən, xüsusi regional məqamlar,
yaxud geoiqtisadi sxemlərə keçir. Bununla
da, geosiyasi dualizm, strategiyalar rəqabəti, sivil fərqliliklər
kimi sübutsuz olaraq əsas götürülən müddəalar
ya nəzərə alınmır, ya gizlədilir, ya da
ümumiyyətlə rədd edilir. Hər
hansı digər bir elmdə analoji faktlara rast gəlmək bir
o qədər də inandırıcı deyil. Məsələn,
görəsən klassik fizikanın "kütlə",
"enerji" və "təcil" kimi
anlayışları aradan götürülə, alimlər tədricən
cazibə qanununu rədd edə, sonda isə Nyuton sadəcə
"mifik qəhrəman", yaxud "şübhəli dini mövhumatçı"
kimi qələmə verilə bilərmi? Geosiyasət elmində
isə, məhz bu proses baş verir.
Son illərdə dünyada, bir vaxtlar qadağan
olunmuş geosiyasət mövzusuna olan ictimai maraq
artmaqdadır.
Artıq bu mövzuda bir çox kitablar, həmçinin,
dövri və elmi nəşrlərdə çoxsaylı məqalələr
nəşr olunub. İndi "geosiyasət"
termininə cəmiyyətin bütün təbəqələrində
daha tez-tez rast gəlinir.
Bununla belə, bu elm sahəsində münasibətlər
də birmənalı deyil. Geosiyasətin rolu və
məqsədi müxtəlif cür qiymətləndirilir.
Bəzi mütəxəssislər bu elmi təkcə
daxili deyil, həm də xarici problemlərin həlli vasitəsi
hesab edirlər. Digərləri isə məsələyə
daha təmkinlə yanaşaraq, geosiyasətin məntiq dairəsində
istifadəsinə tərəfdar çıxırlar. Nəhayət, üçüncü qrup mütəxəssislər,
onu yanaşma kimi tükənmiş hesab edirlər. Onların fikrincə, geosiyasət əsasında
yaradılmış konsepsiyalar sadəcə mücərrəd
mühakimələrdir.
Müvafiq yanaşmalar çoxluğu özü də
xüsusi diqqətə layiqdir. Bu mövzu ətrafında
düşüncələrə əsas verən digər bir
amil isə kədərli tarixi təcrübədir. Belə ki, Almaniyanın 1930-40-cı illər təcrübəsi
göstərir ki, geosiyasətin nəzəri aspektləri bəşəriyyət
üçün böyük faciələrə səbəb
olan alman işğalları üçün əsas kimi
istifadə olunub.
Sözsüz ki, geosiyasət intellektual yanaşma tərzidir. Bütün elm
sahələri kimi o da təsadüfən yaranmayıb. Onun formalaşması müəyyən mühitin və
hər şeydən öncə, insanın geotarixi
şüurunun inkişafının ayrılmaz hissəsidir.
Müasir dünyada geosiyasi yanaşma zəruri
hal almışdır.
Dünyanın geosiyasi mənzərəsi:
Azərbaycanın baxışlarında
Professor
Novruz Məmmədovun ikicildlik "Geosiyasətə
giriş" əsərini ("Azərbaycan" nəşriyyatı,
2011-ci il) geosiyasətin hərtərəfli
öyrənilməsinə həsr edilmiş fundamental nəşrlərə
aid etmək olar. O, geosiyasətin bir elm sahəsi kimi ortaya
çıxardığı məlumatlar toplusu, yaxud təcrübədə
öz yaşarılığını sübut etmiş nəzəriyyə
və doktrinalar xülasəsi olmaqla yanaşı, həm də
əsas geosiyasi proqnozlar, həmçinin dəfələrlə
forma, məzmun və elmi-nəzəri üslüb
aparatını dəyişmiş inkişaf yolunun analizini əks
etdirir. S.Kohenin ardınca, geosiyasət tarixinin
"üçdalğalı" mərhələlərə
bölünməsindən uğurla istifadə olunması və
artıq dördüncü-informativ inkişaf
dövrünün müəyyən edilməsi, müəllifə
dünya geosiyasət təfəkkürünün təkamül
prosesini "canlı" şəkildə göstərmək
imkanı verib. Bununla bərabər, N.Məmmədovun
hazırda məlum olan bütün doktrina və nəzəriyyələri
elmi səviyyədə təhlil edib, ümumiləşdirməsi
və onları anlaşıqlı dildə izah etməsi
bütün bunları oxucular üçün asan
başadüşülən edir.
Geosiyasəti etno-milli, dini, mədəni və digər
sosial proseslərin fiziki-coğrafi və siyasi-coğrafi
xüsusiyyətlərini öyrənən bir elm sahəsi kimi
göstərən müəllif, əsas diqqəti onun baza
müddəalarına, xüsusən də, məkan üzərində
nəzarət probleminə yönəldir. N.Məmmədov
məhz sözügedən amili bu elm sahəsi
üçün əsas hesab edir. Bu
nöqteyi-nəzərdən yanaşdıqda klassik geosiyasət
"yaşama məkanı" uğrunda mübarizə elmi
kimi görünür. Bunun kuliminasiya
nöqtəsi isə iki dünya müharibəsi olmuşdur.
XX əsrin ikinci yarısında nüvə
silahı və "soyuq müharibə"
anlayışının meydana gəlməsi geosiyasətin
yeni xüsusiyyətlərini ortaya çıxarmış
oldu. Burada yeni məqsədlərin reallaşması,
terminoloji vahidlərin yenilənməsi və klassik siyasətin
əsaslarının köklü təftişə məruz
qalması prosesi baş verdi. Təftiş geosiyasətinin diqqəti, bəşəriyyət
üçün təhlükə doğuran nüvə
müharibəsinin real olduğu bir dövrdə təhlükəsizliyin
təminatına yönəldildi. Bir vaxtlar
mövcud olan "müharibə geosiyasəti" gözlənilmədən
"dünyada sabitliyin təminatı üzrə geosiyasət"ə
çevrilmiş oldu.
Kitabın "Geosiyasətin nəzəri əsasları"
adlı birinci cildi geosiyasi fikrin ən qədim dövrlərdən
indiyədək keçdiyi yolu əks etdirən sistemləşdirilmiş
istorioqrafik səciyyə daşıyır. Bu fəsil nəzəri
girişdən başlanır. Giriş
özlüyündə həm müəllifin elmi mövqeyi, həm
də kitab üçün ikiqat əhəmiyyət
daşıyır. Əsas xüsusiyyətlərdən
biri isə ayrı-ayrılıqda verilmiş müəllif
mülahizələrindən sonra geosiyasətin elmi tərifinin
verilməsidir. Bu cür giriş kitabın
əsas fəsilləri üçün əsl açar rolunu
oynayır. Kitabda 4 əsas fəsil var.
Bu fəsillərdə materiallar tarixi
ardıcıllıqla şərh olunur. Geosiyasi
ideyalar, nəzəriyyələr, nümunələr və
modellər qısa formada olsa da şəxsiyyətlərə
uyğun şəkildə sıralanır. Burada geosiyasi coğrafiya, müxtəlif məktəblər
(ABŞ, fransız, yapon, rus və d.), regional cərəyanlar
və ayrı-ayrı xadimlərin baxışları aydın
şəkildə tədqiq edilir.
"Müasir geosiyasi proseslər" adlanan ikinci cilddə
müəllifin diqqəti müasir dövrün geosiyasi proseslərinə
yönəlib.
Burada ABŞ-ın müasir dünyada şəksiz
lider rolu oynamaq səyləri ilə bilavasitə əlaqəli
olan müasir geosiyasi proseslərdə bu super dövlətin
yeri və rolu tədqiq edilir. Cilddə Qərbi
və Şərqi Avropada, həmçinin, Baltik regionunda cərəyan
edən geosiyasi proseslərə önəmli yer
ayrılıb. SSRİ-nin
dağılmasından sonra əhəmiyyətli dəyişikliklərə
məruz qalmış Rusiyanın yeni geosiyasətinə həsr
edilmiş bölməsi də böyük maraq doğurur.
Sürətli iqtisadi inkişaf müqabilində
yaşadığımız yüzillikdə ciddi geosiyasi
reallığa çevrilən və gələcəkdə Qərb
dünyası ilə ciddi rəqabət apara biləcək Cənubi
və Cənub-Şərqi Asiyada, xüsusən Çin,
Hindistan, Yaponiya, Cənubi Koreya, Asiya-Sakit okean bölgəsinin
digər ölkələrindəki geosiyasi proseslərə həsr
edilən bölmə xüsusi maraq doğurur. Kitabın
Yaxın və Orta Şərqə, bu regionda baş verən və
aparıcı dövlətlərə - Türkiyə,
İran, Səudiyyə Ərəbistanı, İsrailə
sirayət edən geosiyasi transformasiyalara həsr olunmuş səhifələri
xüsusi aktuallıq daşıyır. Kitabda
bu regionda cərəyan edən qızğın hadisələrin
müasir dünyanın əsas geosiyasi güc paylanmasına
necə təsir edə biləcəyi əks etdirilib. Kitabda, həmçinin, Afrika və Latın
Amerikasında mövcud geosiyasi reallıqlar da
işıqlandırılıb.
(ardı var)
Kamal ADIGÖZƏLOV,
Bakı Dövlət Universiteti
diplomatiya
və müasir inteqrasiya prosesləri
kafedrasının doktorantı
Xalq qəzeti.- 2012.- 11 yanvar.- S. 2.