Geoloji irsimizi gələcək
nəsillər üçün qoruyub saxlayaq
Mədəni və təbii irs
hər bir xalqın ayrılıqda deyil, ümumilikdə bütün
bəşəriyyətin qiymətli və əvəzolunmaz sərvəti
sayılır. Bu irsə daxil olan
obyektlərin aşkar edilməsi,
onların lazımi səviyyədə mühafizəsi,
qorunması və tanıdılmasını təmin etmək
məqsədi ilə YUNESKO-nun üzvü olan dövlətlər
1972-ci ildə "Ümumdünya Mədəni
və Təbii İrsinin Mühafizəsi
üzrə Konvensiya"nı qəbul etdilər. Azərbaycan
Respublikası da dövlət müstəqilliyini
bərpa etdikdən sonra 1993-cü ildə
sənədi təsdiq edərək həmin konvensiyaya
qoşulmuşdur.
Konvensiyada
qarşıya qoyulan vəzifələri həyata keçirmək
məqsədilə 1991-ci ildə Fransanın Din şəhərində
"Yerin yaddaşı bizim əlimizdədir"
şüarı ilə I Beynəlxalq simpozium
keçirilmiş və bununla da ümumdünya geoloji irsinin
qorunub saxlanılması istiqamətində aparılan məqsədyönlü
və planlı işlərin əsası qoyulmuşdur. Daha
sonralar bu hərəkat geniş vüsət alaraq, bir çox
regionları və dünya ölkələrini əhatə
etmişdir. Avropada bu proses Köln (AFR) şəhərində
1993-cü ildə təsis olunmuş Geoloji İrsin
Qorunması üzrə Avropa Assosiasiyası (ProGEO) tərəfindən
əlaqələndirilir. Təəssüflər olsun ki,
hazırda Azərbaycan bu prosesdən kənarda qalıb. Geoloji
irsin qorunub saxlanılması üzrə ölkədaxili fəaliyyət
beynəlxalq səviyyədə qəbul olunmuş meyarlarla hələ
də uyğunlaşmır, baxmayaraq ki, Azərbaycan ərazisindəki
qırx geoloji obyekt "təbiət abidəsi" rəsmi
statusu almaqla 1982-ci ildən dövlət tərəfindən
qorunur, 50 nəhəng palçıq vulkanı isə 2008-ci
ildən etibarən fəaliyyət göstərən Bakı
və Abşeron yarımadası palçıq
vulkanlarının dövlət təbiət qoruğunun
mühafizəsi altındadır. Bu siyahıda olan obyektlərdən
bəzilərinin antropogen amillərin təsiri altında məhv
olmaq qorxusu vardır, altı obyekt isə Ermənistan tərəfindən
işğal olunmuş ərazidə yerləşir və
onların taleyi məlum deyildir.
Azərbaycan Respublikasının ərazisi Alp-Himalay qırışıqlıq qurşağı Qafqaz seqmentinin şərq hissəsini əhatə edərək, litoloji-stratiqrafik kəsilişləri, deformasiyaları və geoloji inkişaf tarixləri ilə bir-birindən fərqlənən geoloji struktur və landşaftların müxtəlifliyi ilə səciyyələnir. Bir çox hallarda bu forma və landşaftlar yerli, regional və hətta qlobal səviyyəli nadir geoloji abidələr (geosaytlar) olaraq beynəlxalq, o cümlədən ekoloji turizm obyektləri sırasına daxil edilə bilər ki, bu da öz növbəsində regionların sosial-iqtisadi inkişafına təkan verməklə yanaşı, əhalinin həmin obyektlərin mühafizəsi və turizm biznesinə qoşulması yolu ilə yerli icmaların davamlılığının təmin edilməsində mühüm rol oynaya bilər.
Nadir geoloji obyektlərə qarşı dünya təcrübəsində tətbiq edilən əsas yanaşma onların qorunub saxlanılması və uzunmüddətli istifadəsinə yönəldilmiş inzibati, elmi, maarifləndirici və digər tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu məqsədə nail olmağın əhəmiyyətini dərk edən Azərbaycan höküməti AMEA Geologiya İnstitutunun təşəbbüsü ilə işlənilib hazırlanmış "Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər üzrə Tədbirlər Planı"nı 2008-ci ilə təsdiq etmişdir. Milli planda qarşıya qoyulan əsas məqsəd nadir geoloji, geomorfoloji və hidrogeoloji təbii obyektlərin inventarizasiyası ilə yanaşı, onların qorunması, hazırki və gələcək nəsillərin tələbatlarını təmin edən davamlı istifadəsinə yönəldilmiş tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi üzrə təkliflərin verilməsindən ibarətdir. Bu tədbirlər sırasında geoparkların yaradılması məsələsi prioritet təşkil edir. Belə ki, geoparklar geoloji irsin bütün müxtəlifliyini, yəni stratiqrafik, paleontoloji, struktur-geoloji və ya tektonik, geoloji-geomorfoloji, vulkanik (palçıq vulkanizmi də daxil olmaqla), mineraloji, filiz-petroqrafik, hidrogeoloji, hidroloji və tarixi-geoloji xüsusiyyətlərini əks etdirmək imkanına malikdir.
Son üç il ərzində Geologiya İnstitututu tərəfindən tədbirlər planının həyata keçirilməsi çərçivəsində geoloji irs abidələrinin inventarlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, göstəricilərinə görə beynəlxalq meyarlara uyğun gələn və geoloji-irsi obyektlər kimi səciyyələnə bilən 300-dən artıq obyekt öyrənilmişdir. Geokonservasiya sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri yaradılmışdır: ötən il Geologiya İnstitutu kollektiv üzv kimi Geoloji İrsin Qorunması üzrə Avropa Assosiasiyasına qəbul edilmiş, institutun tədbirlər planının reallaşdırılmasına cəlb olunmuş əməkdaşları Kamenets-Podolsk (Ukrayna) və Sankt-Peterburqda keçirilən beynəlxalq elmi-praktiki konfranslarda iştirak etmişlər. Növbəti ildə geoloji irsin obyektlərinin inventarizasiyalaşdırılması üzrə işləri sona çatdırmaq planlaşdırılır. Əlavə olaraq, Azərbaycan ərazisinə xas olan nadir geoloji formaların rəngarəngliyini özündə əks etdirən milli geoparkların yaradılması mümkünlüyü nöqteyi-nəzərindən yekun materialların məqsədli təhlili aparılacaqdır. Toplanmış ilkin məlumatları nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmək olar ki, Böyük və Kiçik Qafqaz, Abşeron yarımadası və Naxçıvan MR ərazilərində geoparkların yaradılması üçün real imkanlar vardır və burada nadir və tək-tək rast gələn təbii geoloji obyektlərlə yanaşı, bioloji müxtəliflik və təbii irs abidələrinin yığcam şəkildə yerləşdiyi sahələr mövcuddur ki, onlar mühafizə olunan ərazi statusunu almaq üçün əhəmiyyətli potensiala malikdirlər. Belə ərazilərdə geoparkların yaradılması təşəbbüsü Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi və dayanıqlığının təmin edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir.
Hal-hazırda Geologiya İnstitutunda ilk milli geoparkın yaradılmasına aid təklif hazırlanır və o, bizim fikrimizcə, aşağıdakı əsas meyarlara uyğun gəlməlidir: eksklüzivlik, poligenlik və ya poliformluq, inkişaf etmiş infrastruktura, davamlılıq. Eksklüzivlik anlayışı geopark üçün seçilmiş ərazidə mövcud olan geoloji obyektlərin yalnız ölkənin geoloji landşaftına məxsus olduğunu və dünyanın başqa regionlarında oxşarı olmadığını özündə əks etdirir. Poligenlik və ya poliformluq anlayışı geopark ərazisində genezisi, morfologiyası və formalaşma vaxtına görə fərqlənən geoloji obyektlərin yerləşməsini nəzərdə tutur. Geoparkın ərazisində inkişaf etmiş infrastrukturun mövcudluğu maliyyə və maddi investisiya qoyuluşlarının və obyektin istifadəyə veriməsi üçün tələb olunan müddətin minimuma endirilməsini, həmçinin onun turizm biznesi üçün cəlbedici olduğunu və kapital qoyuluşlarının qısa müddət ərzində geri qaytarılmasını təmin edir. Nəhayət, geoparkın fəaliyyət davamlılığı onun istismarı üçün tələb olunan ixtisaslaşmış kadr potensialının və yerli iqtisadi ehtiyatların mövcudluğu, həmçinin ərazidə yerli icmanın maraqları ilə uyğunlaşan məhdud iqtisadi fəaliyyətin aparılması ilə müəyyən olunur.
Abşeron yarımadasında yerləşən və sahəsi 50 kvadratkilometr olan Qırməki geosaytı yuxarıda göstərilən meyarlara tamamilə cavab verir və ərazisində bir neçə nadir geoloji obyektin yerləşməsi ilə səciyyələnir. Zəngin landşaft formaları və rəngarəng yarımsəhra bitki örtüyünə malik olan Qırməki palçıq vulkanı, geoloji kəsilişində çoxsaylı qır və bitum laylarının olduğu qədim (aşağı pleystosen - 600-700 min il öncə) dəniz terrası, antiklinal qalxımın yuyulmuş tağında özünəməxsus erozion landşaft yaradan və məhsuldar qatın neftlə doymuş stratotip kəsilişinin yer səthinə çıxdığı Qırməki dərəsi, təbii yanar qazın tektonik çatlarla dərindən yer üzərinə sızdığı Yanardağ hündürlüyü, nəhayət, XVIII-XIX əsrlədə neftin əllə hasil olunduğu qədim neft quyuları kimi abidələr bu geosaytın həqiqətən ilk milli geopark şəklində seçilməsini labüd edir.
Qırməki geosaytı Azərbaycanda geoparklar şəbəkəsinin yaradılması və onların idarə olunması üsullarının işlənilib hazırlanması və həyata keçirilməsi sahəsində əsas təcrübə poliqonu olacaqdır.
Tələt KƏNGƏRLİ,
AMEA Geologiya İnstitutunun
Geotektonika və regional geologiya
şöbəsinin rəhbəri,
geologiya-mineralogiya
elmləri doktoru,
Vaqif İBRAHİMOV,
innovasiya layihələrinin
koordinasiyası şöbəsinin
rəhbəri, texnika elmləri
namizədi
Xalq qəzeti.- 2012.- 12 yanvar.-S. 5.