İmtahanların obyektivliyi təmin olunur

 

Son illər ölkəmizdə ali təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir, tədris müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatının daha da yaxşılaşdırılması üçün müvafiq işlər görülür. Bütün bunlar isə, heç şübhəsiz, təhsil və tədris şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Hazırda isə ölkənin bütün ali məktəblərində qış imtahan sessiyasının qızğın çağıdır. Xatırladaq ki, bir neçə ildir ki, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya edilməsi ilə əlaqədar olaraq bütün imtahanlar yeni, mütərəqqi prinsiplər əsasında aparılır. Bu da öz növbəsində tələbələrin biliklərinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradır.

 

Azərbaycanın ən qocaman ali təhsil müəssisələrindən sayılan, ölkə məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna yeri olan Dövlət Pedaqoji Universitetində bu baxımdan həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Artıq 5 ilə yaxındır ki, universitetin əyani şöbəsində tələbələr kredit sistemi əsasında təhsil alırlar. Həmin tələbələr bütün imtahanları test üsulu ilə verirlər. Ötən tədris ilindən etibarən qiyabi şöbədə də imtahanların test üsulu ilə aparılmasına başlanılmışdır. Qiyabi şöbənin üç, dörd və beşinci kurslarında təhsil alan tələbələr üçün isə imtahanlar çoxballı və ənənəvi sistemlə aparılır. Onu da deyək ki, kredit sistemi artıq özünü tam doğrultmuş və imtahanların test üsulu ilə aparılması tələbələrin dərin razılığına səbəb olmuşdur.

Universitetin tədris-metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyev bildirdi ki, bir neçə ildir, ADPU-da tələbələrin biliklərinin düzgün qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə semestr və buraxılış imtahanları yeni üsulla, informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla keçirilir. Bu məqsədlə universitetdə beş kompyuter imtahan zalı yaradılmışdır. Həmin zallarda yerləşdirilmiş 180 kompyuter vasitəsilə gün ərzində 1400 nəfər tələbə imtahan verə bilir. İmtahanlara nəzarəti gücləndirmək məqsədilə bütün zallarada xüsusi kameralar quraşdırılmışdır.

Sonra dosent N.Hacıyevlə birlikdə imtahanların keçirildiyi bir neçə zala baş çəkib proseslə əyani tanış olduq. Universitetin dördüncü mərtəbəsindəki imtahan zallarında tarix fakültəsi qiyabi şöbəsinin dördbeşinci kurs tələbəri yazılı imtahan verirdilər. Bütün zallarda imtahan prosesinə nəzarəti gücləndirmək məqsədilə kamera quraşdırılmışdır. Həmin zallarda keçirilən imtahanlara ixtisasca kimyaçı olan fəlsəfə doktoru Rəhimə Məmmədova rəhbərlik edirdi. Rəhimə xanım bildirdi ki, nəzarətçilərin qeyri-ixtisas müəllimləri arasından seçilməsində əsas məqsəd imtahanlara mümkün müdaxilə hallarının qarşısını almaqdan ibarətdir. 74 nəfər tələbənin tarix fənnindən imtahan verdiyi ayrı-ayrı zaldakı nəzarətçilər: Nərminə Həsənova, Sevda Bayramova, Sevinc Ələkbərova, Gülbəniz Vəlibəyova və Sevinc Rəhimova da qeyri-ixtisas müəllimləri idilər.

Daha sonra birinci mərtəbədə yerləşən kompyuter zallarında test üsulu ilə keçirilən imtahanların gedişi ilə tanış olduq. İmtahan-nəzarət qrupunun rəhbəri Qulaməli Babaşovkoordinator rəhbər Məsmə İsmayılova imtahan prosesinə ciddi nəzarət edirdilər. Dosent Q.Babaşov bildirdi ki, hər bir imtahan zalında bir saat ərzində 180 tələbə imtahan verir. Hər bir tələbəyə imtahan verdiyi fəndən 5 cavab variantından ibarət 25 sual təqdim olunur. Tələbənin düzgün cavablandırdığı hər bir sual 2 balla qiymətləndirilir. Beləliklə də, tələbənin imtahanqabağı topladığı balla imtahanın nəticəsi toplanaraq yekun qiymət müəyyənləşdirilir. Yeri gəlmişkən, imtahan qaydalarının tam gözlənilməsi, baş verə biləcək neqativ halların qarşısının vaxtında alınması, eləcə də tələbələrin ərizə və şikayətlərinin operativ şəkildə araşdırılıb cavablandırılması məqsədilə universitet rəhbərliyinin müvafiq əmri ilə 9 nəfərdən ibarət "qaynar xətt" yaradılmışdır. Tarix elmləri doktoru, Əməkdar elm xadimi, professor Süleyman Məmmədovun rəhbərlik etdiyi "qaynar xətt"in tərkibinə universitetin ən nüfuzlu professor və müəllim heyəti daxil edilmişdir. Bundan əlavə, bütün fakültələrdə münaqişə komissiyaları fəaliyyət göstərir.

Professor Süleyman Məmmədov dedi: - Artıq bir neçə ildir ki, universitetimizdə bütün imtahanlar tam obyektiv və şəffaf keçirilir, heç bir neqativ hala yol verilmir. İndi burada, sözün əsl mənasında, biliyin yeganə meyar olduğuna əmin olan tələbələrimiz imtahanlara daha böyük səy və həvəslə hazırlaşırlar. Universitetimizin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədovun 29 dekabr 2011-ci il tarixli əmri ilə yaradılmış "qaynar xətt"in normal fəaliyyəti üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. "Qaynar xətt"in sədri və üzvləri yazılı və test imtahanlarının keçirildiyi zalları gəzir, prosesdən əvvəl tələbələrlə lazımi söhbətlər aparır, onlara qərargahın, eləcə də ərizə və şikayət qutularının yerləri barədə məlumat verirlər. Tələbələrə imtahanların gedişi zamanı baş verə biləcək neqativ hallar barədə dərhal "qaynar xətt"ə məlumat vermələri, həmçinin şikayət və təkliflərini imtahan zallarının qarşısında qoyulmuş xüsusi qutular vasitəsilə çatdırmaları tövsiyə olunur. Eyni zamanda, onlara imtahan qaydalarına tam əməl etmələri də ətraflı izah edilir. Mənə elə gəlir ki, bütün bunların nəticəsidir ki, qış imtahan sessiyasının başlandığı gündən indiyədək "qaynar xətt"ə heç bir şikayət daxil olmamışdır. Əminəm ki, imtahan sessiyasının sonunadək də bu belə davam edəcək. Yeri gəlmişkən, son zamanlar şikayətlərin məzmunu tam dəyişib. İndi "qaynar xətt"ə daxil olan tək-tək şikayətlər də neqativ, xoşagəlməz hallarla bağlı deyil, yalnız imtahan suallarının tərtibi ilə əlaqədar meydana çıxan müəyyən anlaşılmazlıqlardan ibarət olur. Onu da deyim ki, "qaynar xətt"ə daxil olan bütün ərizə və şikayətlər çevikoperativ şəkildə araşdırılıb dərhal cavablandırılır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 12 yanvar.- S. 6.