İlham ƏLİYEV: Xaçmaz Azərbaycanın
ən gözəl şəhərlərindən birinə
çevrilib
Azərbaycan öz dövlət
müstəqilliyini elan etdiyi vaxtdan keçən 20 il ərzində
həqiqətən son dərəcə coşqun, dinamik və
hərtərəfli inkişaf yolu keçmişdir. Müstəqilliyimizin
20 illiyini bayram edərkən təbiidir ki, hər birimiz
qeyri-ixtiyari də olsa dönüb geriyə, keçilən
yola, görülən işlərə, əldə olunan
uğurlara nəzər salmalı olduq. Tam səmimi olaraq, həm
də vətəndaş qüruru ilə deməliyəm ki,
uğurların, dəyişiklik və yeniliklərin
miqyası o qədər genişdir ki, onları sadalamaqla bitən
deyil. Onu də nəzərə alaq ki, bütün bu
uğurlar ölkəmizin Ermənistanla müharibə vəziyyətində
olduğu, bir milyondan çox insanın qaçqın və
köçkün taleyi yaşadığı bir şəraitdə
qazanılıb.
Diqqəti
cəlb edən odur ki, Bakı ilə yanaşı,
respublikanın digər şəhər və rayonları da
eyni dərəcədə hərtərəfli və sürətli
inkişaf içindədir. Vətənimizin şimal
qapısı olan Xaçmaz rayonu deyilənlərə bariz
nümunədir. Son illər regionların inkişafı
Dövlət proqramının uğurla həyata keçirilməsi
sayəsində Xaçmaz, sözün əsl mənasında,
böyüyərək, inkişaf edərək şimal
bölgəsinin bir növ mədəni mərkəzinə
çevrilib.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə qəbul
edilən 2009-2013-cü illəri əhatə edən Dövlət
Proqramına uyğun olaraq, hazırda Xaçmaz rayonunda sənaye
və kənd təsərrüfatı istehsalının
genişləndirilməsi, yol təsərrüfatının əsaslı
şəkildə yenidən qurulması, elektrik, istilik, qaz və
su təchizatının yaxşılaşdırılması,
səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin
tikintisi və bərpası istiqamətində ardıcıl və
təsirli tədbirlər həyata keçirilməkdədir.
Görülən tədbirlərin nəticəsidir ki, son iki
il ərzində Dövlət Proqramına uyğun olaraq rayonda
4500-dən çox yeni iş yeri
açılmışdır ki, bunun da 2500-dən çoxu
daimi iş yerləridir. Əvvəlki illərdə olduğu
kimi, hesabat ili olan 2011-ci ildə də ümumi daxili məhsul
istehsalı, adambaşına düşən pul gəlirləri,
o cümlədən işçilərin orta aylıq əmək
haqqı, əsas kapitala yönəldilən investisiyaların
həcmi və mənzil tikintisi sahəsində yüksək artım
tempi müşahidə olunmuşdur.
Respublikanın
ən iri kənd təsərrüfatı rayonlarından biri
olan Xaçmazda təkcə son üç ildə taxıl əkini
sahələri 7197 hektar, meyvə bağlarının ümumi
sahəsi 3858 hektar, digər bitkilərin əkin sahəsi 500
hektardan çox artmışdır. Ötən il taxıl əkini
sahələrinin hər hektarından 25,3 sentner olmaqla, 80174 ton
taxıl məhsulu toplanmışdır. Bitkiçilik məhsulları
istehsalını artırmaq məqsədilə rayonda daha bir
neçə toxumçuluq təsərrüfatı
yaradılmışdır. Hazırda Xaçmazda 3 dövlət
və 5 özəl toxumçuluq təsərrüfatı fəaliyyət
göstərir ki, onlar da ötən il ümumilikdə 3437 ton
yüksək məhsuldarlıqlı buğda, 418 ton arpa, 5,3
ton tərəvəz toxumu istehsal etmişdir. Rayonda meyvə
bağlarının sahəsi genişləndirilərək 13
min hektara çatdırılmış, kənd təsərrüfatı
məhsullarının saxlanması məqsədilə
Çarxı kəndində Xaçmaz Təchizat Bazası
üçün 10 min tonluq anbar tikilərək istifadəyə
verilmişdir. Ötən il rayonun Yergüc, Köhnə Xudat
və Ağaşirinoba kəndlərində ümumi tutumu 2
min ton olan soyuducu anbarlar fəaliyyətə
başlamışdır. Daha bir ədəd soyuducu anbar isə
Xudat şəhərində tikilərək istifadəyə
verilmişdir. Hazırda Sahibkarlığa Yardım Milli
Fondunun maliyyə dəstəyi ilə Hülövlü kəndində
2 min tonluq tutumu olan daha bir soyuducu anbar tikilməkdədir.
İndi
Xaçmazın 20 il əvvəlki sosial-mədəni mənzərəsini
göz önünə gətirmək tək mənim
üçün yox, elə xaçmazlıların
özü üçün də çox müşkül
bir işdir. Çox da uzağa getməyək. Cəmisi 7-8-il
bundan öncə orada abad bir meydan, nümunəvi bir park,
normal şəkildə qızdırılan bir məktəb və
ya uşaq baxçası, 4-5 nəfər qonaq
qarşılamaq üçün orta səviyyəli şəraiti
olan bir otel var idimi?! Elektrik enerjisi və qaz təchizatı ilə
bağlı çox ciddi problemlər yaşanmaqda idi.
Xaçmazın nəinki kəndlərində, hətta rayon mərkəzində
bəzən günlərlə işıq olmurdu. Qaz təchizatı
ilə bağlı çoxlu narazılıqlar vardı. Az
qala bütün rayon rəhbərliyi istehlak olunan elektrik
enerjisi və qazın pulunun toplanması ilə məşğul
olurdusa da nəticələr əsla
yaxşılaşmırdı. Sosial problemlər və
işsizlik ucbatından xaçmazlıların bir qismi öz
el-obasından uzaq düşmüşdü. Bir daha təkrar
edirik ki, bütün bunlar cəmi 7-8-il bundan əvvələ
aid olan yaxın keçmişin reallıqları idi.
Şükürlər olsun ki, o həyəcanlı və
problemli illər artıq keçmişdə qalıb. Bu
gün Xaçmaz və Xudat şəhərləri ilə
yanaşı, rayonun 51 kəndinə və 2 qəsəbəsinə,
bütövlükdə 23500 abonentə təbii qaz verilir.
Ötən il istifadə olunan qazın dəyəri abonentlər
tərəfindən 102 faiz ödənilib.
Bəli,
indi Xaçmaz 7-8-il öncə gördüyümüz şəhər
deyil. Görkəmli elm, mədəniyyət, ədəbiyyat və
dövlət xadimləri, xalq qəhrəmanlarının abidələrinin
ucaldıldığı geniş və baxımlı meydanlar,
park və seyrəngahlar, abad küçə və prospeklər,
bölgənin qədim tarixindən, dövlətçilik ənənələrindən
xəbər verən, bu tarixi özündə yaşadan nadir
eksponatların qorunub saxlanıldığı və
nümayiş etdirildiyi çoxsaylı muzeylər, yeni tikilən
və hər biri müasirliklə milli memarlıq ənənələrinin
sintezinin gözəl nümunəsi olan fərdi və ictimai
binalar Xaçmaza həqiqətən çox yaraşır.
Xaçmazlılar
məmnundurlar ki, doğma şəhərlərinin
simasını müəyyən edən bu mühüm obyektlərin
əksəriyyətinin açılış mərasimində
Prezident İlham Əliyev şəxsən iştirak edib.
Ölkə rəhbəri sonuncu dəfə 2011-ci il sentyabr
ayının 23-də Xaçmazda olarkən də rayonda
aparılan tikinti, abadlıq və yenidənqurma işlərinin
gedişi ilə yaxından maraqlanmış və bir sıra
çox mühüm sosial obyektlərin
açılışında iştirak etməklə sakinlərin
sevincinə sevinc qatmışdır. Müasir dünya
standartları səviyyəsində əsaslı şəkildə
yenidən qurulan Heydər Əliyev Mərkəzi və tam mənada
yenidən qurularaq daha da zənginləşdirilmiş Şəxsiyyətlər
muzeyi növbəti dəfə cənab Prezident tərəfindən
məmnunluqla ziyarət edilmişdir. Xaçmazda olarkən
Prezident İlham Əliyev əsaslı təmir və bərpadan
sonra yenidən istifadəyə verilmiş mərkəzi rayon xəstəxanasının,
şahmat məktəbinin, xalça muzeyinin, uşaq və gənclər
kitabxanalarının, habelə Müdafiə Sənayesi
Nazirliyinin ən müasir texnologiyalara əsaslanan Xaçmaz
kondensator zavodunun açılışında da iştirak
etmişdir.
Prezident İlham Əliyev Xaçmaz səfəri çərçivəsində, həmçinin "Bakı" prospekti boyunca 5 hektar ərazidə yeni yaradılmış Heydər Əliyev seyrəngahı, orada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin şərəfinə ucaldılmış bulaq kompleksləri və hələlik heç yerdə analoqu olmayan "Samovar" kompleksində olmuş, Bakı-Xudat magistral yolu üzərində piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə tikilmiş yerüstü piyada keçidləri və Heydər Əliyev prospektinin girişində yeni istifadəyə verilmiş möhtəşəm "Giriş qapısı" kompleksi ilə də tanış olmuşdur.
Etiraf edim ki, çox yüksək zövqlə, vətəndaş və mütəxəssis sevgisi ilə inşa edilmiş bu obyektlərin hər biri Xaçmazı həqiqətən tanınmaz dərəcədə dəyişmişdir. Bütün bunları hələlik görmək fürsəti olmayanlara bildirim ki, təkcə "İlham Bulağı kompleksi"nə 3 ədəd şəlalə və 48 ədəd fəvvarə daxildir. Nadir bəzək ağacı və kolları, habelə al-əlvan işıqlandırma vasitələri ilə bəzədilən kompleksin mərkəzindəki bulağın hündürlüyü 15 metrdir.
Ötən ilin may ayında istifadəyə verilmiş "Heydər Bulağı kompleksi" də öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Kompleks ərazisində 21 metr hündürlüyə malik bulaq, 3 ədəd şəlalə və 80 ədəd fəvvarə quraşdırılıb. Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin mozaika üslubunda işlənmiş portretləri kompleksi daha da möhtəşəm edib.
Xaçmaz şəhərində inşa edilmiş yeraltı və yerüstü piyada keçidlərindən də xüsusi bəhs etməyə dəyər. Oxuculara artıq məlumat verildiyi kimi, bir neçə il öncə akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin qarşısında ilk yeraltı piyada keçidi inşa edilib. Hansı ki bu keçid özünün kamil memarlıq həlli baxımından son vaxtlar Bakıda tikilən yeni yeraltı keçidlərdən belə geri qalmır. Daha iki piyada keçidi ötən il Bakı şossesi üzərində inşa olunub. Məlumat üçün bildirək ki, avtomobillərin çox yüksək hərəkət intensivliyi olan bu ərazidə tez-tez ölümlə nəticələnən ağır qəzalar baş verirdi. Hazırda daha bir yerüstü piyada keçidi rayon mərkəzi xəstəxanası qarşısında tikilməkdədir.
Rayon ictimaiyyəti nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev Xaçmazda görülən işləri yüksək qiymətləndirərək demişdir: "Xaçmaz Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilib və burada görülən işlərə böyük məhəbbətlə, zövqlə yanaşılıb".
Xaçmazda artıq neçə illərdir ki, ardıcıl və sistemli olaraq, özü də fasiləsiz şəkildə həyata keçirilən genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri çox ciddi plan əsasında aparılır. Xaçmazlılar 2012-ci ilə də çox fəal başlayıblar. Hazırda ümummilli lider Heydər Əliyevin adını daşıyan seyrəngah və prospektdə, Olimpiya İdman Kompleksində, "Çənlibel" seyrəngahında, N.Nərimanov küçəsindəki yerüstü keçidin inşasında və bir sıra başqa obyektlərdə qızğın iş gedir. Müsbət haldır ki, rayonun uşaqdan böyüyədək demək olar ki, hər bir sakini abadlıq və quruculuq hərəkatında bu və ya digər formada iştirak edir. Adamlar bir-bir, iki-bir gəlir, baxır, rəy və mülahizələrini bildirir və ən başlıcası, hərə əli yetən, gücü və imkanı çatan məsələlərdə yardımçı olmağa cəhd edir. Bir sözlə, bu gün Xaçmazda az qala hər kəs doğma diyarın inkişafında bu və ya digər formada iştirak etmək istəyindədir.
Təbiidir ki, belə bir sağlam və işgüzar mühitin formalaşması xeyli dərəcədə icra başçısı Şəmsəddin Xanbabayevin timsalında rayon rəhbərliyinin hər gün təmasda olduğu çoxsaylı insanlara təlqin etdiyi şəxsi nümunə sayəsində mümkün olmuşdur. Hamı şahiddir ki, icra başçısı gün ərzində, demək olar ki, bütün tikintilərdə, abadlıq və quruculuq işləri gedən yerlərdə ən azı bir neçə dəfə olur, işlərin gedişi ilə maraqlanır, konkret layihələrin icrasına bilavasitə özü nəzarət edir. O, tikintidə çalışan hər bir ustanı, hər bir fəhləni, hər bir mexanizatoru şəxsən tanıyır və adı ilə çağırır. İş prosesində formalaşan bu qarşılıqlı hörmət və etimad mühiti son nəticədə başlanılan bütün layihələrin nəzərdə tutulan müddətdə və yüksək keyfiyyətlə başa çatdırılması üçün etibarlı təminata çevrilir.
Mən Şəmsəddin müəllimi artıq xeyli vaxtdır ki, yaxından tanıyıram və onun ömür yolu barədə də kifayət qədər məlumatım var. Bilirəm ki, o, ulu öndər Heydər Əliyev idarəçilik məktəbində yetişərək püxtələşən peşəkar, yaradıcı və işinə son dərəcə məsuluyyətlə yanaşan bir kadrdır. Şəmsəddin müəllimin kabinetdə oturmaqla heç arası yoxdur. Onu günün hansı vaxtı axtarsanız yeni tikintilərdə taparsınız. Səhərlər evdən birbaşa tikintiyə, axşamlar da tikintidən birbaşa evə. Başqa sözlə, rayonun ağsaqqalı gənclik həvəsi ilə işləməkdə, sözün əsil mənasında, ətrafındakı insanlara da nümunədir.
Biz "Çənlibel" seyrəngahına gələndə icra başçısı müavinləri və aidiyyatı qurumların rəhbərləri ilə birlikdə orada idi. Beş hektarlıq sahənin, demək olar ki, hər qarışında qızğın iş gedirdi. Şəmsəddin müəllim isə ətrafına toplaşmış insanlara layihə barədə məlumat verirdi: -Bura Xaçmaz şəhərinin girəcəyidir. Biz istəyirik ki, rayonumuzun qonaqları ərazimizə qədəm qoyduqları elə ilk andan onlarda yaxşı təəssürat formalaşsın. Hər kəs hiss eləsin ki, bura igidlər, qəhrəmanlar diyarıdır. Xaçmazda Babəkin, Koroğlunun, Şah İsmayıl Xətainin abidələrini məhz bu məqsədlə ucaltmışıq. Xalq qəhrəmanı Koroğlunun "Çənlibel"dəki yeni abidəsinin hündürlüyü 16 metr olacaqdır. Abidənin ətrafındakı seyrəngah qısa vaxt ərzində şəhərimizin ən abad və baxımlı guşələrindən birinə çevriləcəkdir. Burada gözəl fəvvarə və çarhovuzlar tikiləcək. Kompleks bütövlükdə Azərbaycanın xəritəsini əks etdirəcək. Bu işlərlə yanaşı, seyrangaha bitişik ərazidəki şəhər qəbiristanlığının ətrafına milli memarlıq üslubunda işlənmiş günbəzləri olan hasar çəkiləcəkdir. Qəbiristanlığın yanındakı təbii bulaq abadlaşdırılaraq üzərində günbəz ucaldılacaqdır. Hazırda "Çənlibel" və Heydər Əliyev seyrəngahları arasındakı yol qovşağı - dairədə daha bir möhtəşəm saat kompleksi tikilməkdədir.
Bu gün rayonda görülən bütün işlər ölkəmizin şimal qapısı olan Xaçmazın daha nurlu sabahına hesablanıb. Başqa sözlə, rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin səyləri və şəxsi nümunəsi sayəsində xaçmazlılar cari və kosmetik xarakterli işlərə vaxt və para sərf etməyi çoxdan unudublar.
Q.CƏFƏROĞLU
Xalq qəzeti.- 2012.- 12 yanvar.- S. 5.